Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1265/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdeh – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv ediməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.01.2018-ci il tarixdə MTK-nın mühasibatlığına mühasib vəzifəsinə işə qəbul olunduğunu, 28.01.2021-ci il tarixinədək həmin vəzifədə işlədiyini, işlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəldiyini, verilmiş tapşırıqları dərhal və lazımi qaydada yerinə yetirdiyini, əmək və icra intizamına ciddi şəkildə riayət etdiyini, işəgötürən tərəfindən hər hansı intizam məsuliyyətinə cəlb edilmədiyini, müxtəlif idarə və təşkilatlarda mühasib, baş mühasib və maliyyə sektorunun müdiri vəzifələrində çalışmaqla mühasibatlıq sahəsində 38 il ardıcıl staja malik olduğunu, buna baxmayaraq MTK tərəfindən tutduğu mühasib ştatının ixtisar edilməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə 28 yanvar 2021-ci il tarixli 05/k saylı əmrlə xitam verildiyini, işlədiyi ştat vahidinin ixtisarının aparılmasının hansı zərurətlə əlaqədar olduğu barədə tam və hərtərəfli bir maliyyə - iqtisadi əsaslanmanın nə ona təqdim olunduğunu, nə də belə bir əsaslanmanın əmək kollektivinin müzakirəsinə buraxılmadığını, tutduğu vəzifə üzrə ştatın ixtisarı aparılarkən işçilərin peşəkarlıq səviyyəsinin nəzərə alınmadığını və onun həmin təşkilatda digər bir işlə təmin olunmasına heç bir təşəbbüs göstərilmədiyini, ştatı ixtisar edilməmişdən əvvəl mühasibatlıq şöbəsinə əlavə iki mühasib ştatı verilməklə həmin şöbəyə iki yeni işçinin götürüldüyünü, MTK-nın mühasibatlığında işləyən işçilərin daha yüksək peşəkarlığa malik olanının müəyyən edilməsi və onun işdə saxlanması üçün müvafiq attestasiya komissiyasının təşkil edilmədiyini, bununla da Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinin kobud şəkildə pozulduğunu irəli sürmüş, buna görə də Heydər Əliyev adına MTK-nın 28.01.2021-ci il tarixli 05/k saylı əmrinin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığı, sübutlara düzgün hüquqi qiymət vermədiyi, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, iddia müddətini cəmi 1 gün ötürmüş olmasını nəzərə almadığı, həmin müddətin bərpası barədə vəsatətini əsassız olaraq təmin etmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh müəssisənin nümayəndəsi isə ştatları ixtisar etməyin işəgötürənin hüququ olduğunu bildirməklə şikayətin əsassız olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni yalnız iddiaçının iddia müddətini ötürmüş olması qənaəti ilə əsaslandırmaqda səhvə yol vermiş, tərəflərin istinad etdikləri sübutları ümumiyyətlə tədqiq etməyərək onlara qiymət verməmiş, nəticəsini işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Kollegiya bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunaraq iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına görə iddiaçı, 04.01.2018ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı müddətli əmək müqaviləsi əsasında mühasib vəzifəsinə işə qəbul olunmuş, MTK-nın 28 yanvar 2021-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Həmin əmrə əsas təşkil edən “Bəzi ştatların ixtisarı haqqında” 05.02.2020-ci il tarixli 12 saylı əmrdə göstərilmişdir ki, MTK-nın Maliyyə şöbəsinin yeni əsasnaməsinin təsdiqlənməsi nəzərə alınaraq Kompleksin mühasibatlığının mühasib ştatı (1 vahid 1414 manat aylıq əmək haqqı ilə) ixtisar edilsin, əmrin məzmunu İddiaçı nəzərinə çatdırılsın və o, 4 təqvim həftəsi qabaqcadan xəbərdar edilməklə ixtisar 05 mart 2020-ci il tarixindən həyata keçirilsin. İş materiallarından aydın olur ki, İddiaçı 27.02.2020-ci il tarixdə MTK-nın direktoruna ərizə ünvanlayaraq sözügedən əmrlə tanış olduğunu bildirməklə 04.01.2019- 04.01.2020-ci il dövrü üçün istifadə etmədiyi 24 günlük əmək məzuniyyətindən istifadə etmək hüququnun təmin olunmasını və ixtisarla bağlı xəbərdarlıq müddətinin məzuniyyət günləri qədər uzadılmasını xahiş etmiş, onun bu xahişi təmin edilərək 27.02.2020-ci il tarixli 13/k və 21 saylı əmrlərlə İddiaçı 03.04.2020-ci il tarixinədək əmək məzuniyyəti verilmiş, habelə ixtisarla bağlı xəbərdarlıq müddətinin məzuniyyət günləri qədər uzadılması nəzərdə tutulmuşdur. İş materiallarından həmçinin aydın olur ki, 01.04.2020-ci il tarixdə İddiaçı MTK rəhbərliyinə elektron ərizə ünvanlayaraq ölkə ərazisində koronavirus infeksiyasının yayılması ilə əlaqədar barəsində verilmiş 05.02.2020-ci il tarixli 12 saylı əmrin ləğv olunmasını xahiş etmiş, cavabdeh müəssisə onun bu xahişini də təmin edərək Kompleksin iş rejiminin bərpa olunmasınadək ixtisar müddətinin uzadılmasına qərar verilmiş, 24.09.2020-ci il tarixində İddiaçı işə çıxmış, 25.09.2020-ci il tarixdə 47/k saylı əmrlə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş, bununla bağlı məlumat www.e-gov.az portalına yerləşdirilmişdir. Bununla belə işin materiallarından görünür ki, İddiaçı 23.10.2020-ci il tarixində cavabdeh müəssisəyə məktub ünvanlayaraq 25.09.2020-ci il tarixdə (əmək müqaviləsinə xitam verildiyi gün) ona 14 günlük xəstəlik vərəqəsi açılmış olduğu barədə məlumat vermiş, müəssisə bu halı nəzərə alaraq məsələnin necə həll olunmasının məqsədəuyğun olacağı haqqında məlumat verilməsi xahişi ilə X2 müraciət ünvanlamış, Müfəttişliyin cavabı alındıqdan sonra 07.01.2021-ci il tarixli 06 saylı əmrlə 25.09.2020-ci il tarixli 47/k saylı əmr ləğv olunmuş və əmək müqaviləsinin ləğv edildiyi gündən portalda qeydiyyata alındığı günə kimi əmək haqqının hesablanması, habelə vəzifəsinin icrasına başlaması nəzərdə tutulmuş, 28.01.2021-ci il tarixdə 05/k saylı əmrlə onun əmək müqaviləsinə növbəti dəfə xitam verilmiş, son haqq-hesabı yenidən hesablanmış və əmək kitabçasında müvafiq qeydlər aparılmış, 29.01.2021-ci il tarixdə əmrin surəti və digər sənədlər İddiaçı ev ünvanına çatdırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən cavabdeh müəssisə tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən, işəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Məcəllənin 77-ci maddəsinə görə isə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının, ştatının ixtisarı həyata keçirilərkən ixtisasının və peşəkarlıq səviyyəsinin nəzərə alınmadığı arqumentinə münasibətdə kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinə görə, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir və işdə saxlanılma üstünlüyü hüququna sahib olan şəxslərin seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının işlədiyi vəzifə tək ştat vahidi olmaqla ümumiyyətlə ləğv edilmiş və artıq belə bir ştat olmadığından işəgötürənin işçilər arasında seçim etmək imkanı da olmamışdır. Kollegiya onu da qeyd edir ki, iddiaçı, Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan olunan işçilər kateqoriyasına da aid olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə görə, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Cavabdeh müəssisənin nümayəndəsinin iddia tələbinə etirazın dəlili kimi irəli sürdüyü, iddiaçının iddia müddətini ötürmüş olması arqumentini isə kollegiya əsassız hesab edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; Mülki Məcəllənin 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əmək müqaviləsinə 28 yanvar 2021-ci il tarixdə xitam verilmiş, bununla bağlı müvafiq sənədlər ona 29 yanvar 2021-ci il tarixdə çatdırılmışdır. İş materiallarından aydın olur ki, iddiaçı iddia ərizəsini 02 mart 2021-ci il tarixdə məhkəməyə ünvanlamış (poçta vermiş) beləliklə də müəyyənləşdirilmiş iddia müddətini sadəcə 1 (bir) gün ötürmüşdür. Konstitusiya Məhkəməsi E. Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçı müvafiq müddəti 1 (bir) gün ötürmüş olsa belə, ağlabatan mühakimə əsasında bunun üzrlü səbəblərlə bağlı olduğu qəbul edilməlidir. Xüsusilə qeyd olunmalıdır ki, iddia müddətinin 1 (bir) gün ötürülmüş olması arqumentinin – hətta bu arqument qəbul edilmiş olsaydı belə - onun iddiasının rədd edilməsi üçün yeganə əsas hesab edilməsi ədalətsiz və lazımi əsasa söykənməmiş olardı. Azərbaycan Respublikası MPM-nın 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2869/2021 saylı iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv ediməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbləri təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1265/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1265/2022
13.01.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver