Məhkəmə qərarları › İş №2(103)-1265/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1265/2023

03.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1265/2023 03.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Bakı şəhər 15 saylı notariat kontoruna qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi cəlb edilməklə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab ediməsi, miras qalmış əmlak üzərində vərəsələrin paylarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh7 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Bakı şəhər 15 saylı notariat kontoruna qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi cəlb edilməklə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab ediməsi, miras qalmış əmlak üzərində vərəsələrin paylarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2076/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Naxçıvan şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş 04 yanvar 1983-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 nikaha daxil olmuşdur.

2. 11 iyul 2002-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 11 iyul 2002-ci ildə kəskin ürək damar çatmamazlığından vəfat etmişdir.

3. 30 iyul 2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh6 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 49,95 kv.m olan 3 otaqlı mənzildən olan pay verilmişdir. Şəhadətnamədə həmçinin qeyd edilmişdir ki, vəfat etmiş X1 vərəsələri ünvan 1 ünvanında yaşayan qızı Cavabdeh6 və Cavabdeh5dur.

4. Cavabdeh6 və Cavabdeh5 tərəfindən 15 nömrəli notariat kontoruna ünvanlanan ərizədə qeyd edilir ki, X2 rəhmətə gedib. Onun adına ünvan 1-də yerləşən qeydiyyatda olduğu 3 otaqlı mənzil qalmışdır, mənzilə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş edir. Uzun müddətdir ki, İddiaçı xəbəri yoxdur. Bu günə kimi onlara, nə mənzil haqlarında, nə də ki maliyyə köməkliyi dəyməmişdir.

5. 04 iyun 2014-cü il tarixli mənzil bağışlama müqaviləsindən görünür ki, Cavabdeh5 Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən verilmiş reyestr kit. № 1113, səhifə 167143, qeydə alma, № 30/2073, xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə və DƏDRX Bakı şəhəri Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 11/4042 nömrəli arayışına əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 60.95 kv.m yaşayış sahəsi - 45.95 kv.m olan 3 otaqlı mənzilin ona məxsus payını Cavabdeh7 bağışlamışdır.

6. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1-də yerləşən mənzil Cavabdeh7 adına rəsmiləşdirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Bakı şəhər 15 saylı notariat kontoruna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi cəlb edilməklə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab ediməsi, miras qalmış əmlak üzərində vərəsələrin paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh6 və Cavabdeh5 Bakı şəhəri 15 saylı dövlət notariat kontoru tərəfindən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, mənzil 61-ə dair, eləcə də Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 manat 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 (iki min) manat pula dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, İddiaçı qeyd olunan mənzildə və bank hesablarında olan pulda 5/8 pay hüququnun tanınması, ünvan 4-nin birgə nikah dövründə satın alınmış hesab edilməsi və Çimnaz Hacıyevaya aid edilən mənzilin 1\2 hissəsi üzrə vərəsələrin paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Naxçıvan şəhərində X2 ilə rəsmi qaydada nikaha daxil olaraq ailə qurmuşdur. Nikaha daxil olarkən Çimnaz Hacıyevanın birinci nikahdan X5 adlı oğlan övladı olmuşdur. Birgə nikahda 1983cü ildə Cavabdeh6 və 1985-ci ildə Cavabdeh5 adlı övladları olmuşdur. 1992-ci ildə iddiaçı arvadı və uşaqları ilə birgə Naxçıvan şəhərindən ünvan 3 ünvanda olan 3 otaqlı mənzili satın almış və 2003-cü ilə qədər iddiaçı həmin mənzildə yaşamışdır. Həmin mənzilə xx.xx.2000-ci ildə X1 mülkiyyət hüquqları rəsmi qaydada qeydiyyata alınmışdır. Həmin mənzillə yanaşı xx.xx.1994-cü ildə X3 ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında iddiaçı ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 29.70 kv.m olan mənzili 300.000 (üç yüz min) manata almışdır. Həmin mənzil xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçərək iddiaçının adına rəsmiləşdirilmişdir. Bununla bağlı xx.xx.1995-ci ildə 108 nömrəli reystr kitabında 16222 saylı səhifədə qeydə alma 30, 1941 nömrəli qeydiyyat aparılmışdır. 1997-ci ildə Yüksəl Babayev Cavabdeh2 ilə rəsmi qaydada nikaha daxil olmuşdur. Həmin vaxt yaşayış yerləri olmadığı üçün iddiaçı ona məxsus ünvan 4-də Yüksəl Babayevə arvadı ilə birlikdə müvəqqəti olaraq yaşamağa icazə vermişdir. Çimnaz Hacıyeva xx.xx.2002-ci il tarixdə vəfat etdikdən sonra cavabdehlər Cavabdeh6 və Cavabdeh5 Cavabdeh1na yalan məlumat verərək ataları İddiaçı haqqında uzun müddət məlumatlarının olmadığını bildirmişlər. Halbu ki anaları Çimnaz Hacıyevə xx.xx.2002-ci ildə vəfat edəndən İddiaçı onlarla birlikdə mübahisəli mənzildə yaşamış, yalnız Çimnaz Hacıyevanın ölümünün 1 il dönümü yas mərasimindən sonra aralarında yaranmış mübahsədən sonra evdən çıxmışdır. Bundan cəmi 4-5 gün sonra, yəni xx.xx.2003-cü il tarixdə cavabdehlər qeyd olunan ərizə ilə notariusa müraciət etmişlər. İddiaçı 1998-ci ildən bu günə qədər hazırda istifadə etdiyi “050 677 3329” saylı mobil nömrəni işlədir, 1992-ci ildən 2018-ci ilə qədər Bakı şəhəri 3 saylı şəhər Klinik xəstəxanasında cərahiyyə şöbəsində cərrah kimi işləmişdir. Hər iki cavabdeh bunları bildikləri halda yalan məlumat verərək iddiaçının harada yaşaması barədə məlumatlı olmadıqlarını bildirmişlər. Bundan başqa ünvan 4-də (özlərinin yaşadıqları Naxçıvanski küçəsi, ev 28 yan yana olan binadır), yaşayan ögey qardaşları olan Yüksəl Babayevin mövcudluğunu da gizlətmişlər. Beləliklə cavabdehlər Cavabdeh6 və Cavabdeh5 birgə nikah dövründə satın alınmaqla birgə mülkiyyət hesab edilən Bakı şəhəri Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, mənzil 61 İddiaçı mülkiyyət hüququnu pozmaqla yanaşı həm də mülkiyyətin digər yarısında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin alınmasında da saxtakarlığa yol vermişlər.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2076/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski küçəsində yerləşən 30 saylı evin 117 saylı mənzilinin İddiaçı ilə X1 birgə nikah dövründə satın alınmış əmlakı hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərcləri qismində İddiaçı tərəfindən çəkilmiş 105 manat xərcin ona aid edilməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iddiaçının iddia tələbinin “Cavabdeh6 və Cavabdeh5 Bakı şəhəri 15 saylı dövlət notariat kontoru tərəfindən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, mənzil 61-ə dair, eləcə də Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 man 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 (iki min) manat pula dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin mənzildə və bank hesablarında olan pulda 5/8 pay hüququnun tanınması” hissəsinə münasibətdə mübahisənin müəyyən olunmuş hallarına qiymət verməklə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hazırki iş üzrə Cavabdeh7 vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlamışdır. Məhkəmə bununla bağlı ilk öncə bildirir ki, iddiaçı tərəfindən 10 illik ümumi iddia müddəti ötürülsə də, hazırki mübahisə üzrə əqdlərin etibarsızlığına dair bir illik kəsici müddət tətbiq edilməlidir. Belə ki, iddiaçı iddia tələbində mirasın qəbulu və şəhadətnamələrin etibarsızlığını mübahisələndirmişdir. Hansı ki, kəsici müddət məhkəmə tərəfindən tətbiq edilir və şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İddiaçı məlum miraslara dair cavabdehlər Cavabdeh6 və Cavabdeh5 adına xx.xx.2003-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini bilməli və bununla da həmin şəhadətnamənin onun maraqlarını pozduğunu güman etsə və ya güman etməli olsa da, həmin vaxtdan 1 ildən artıq müddətyəni təxminən 18 ilə yaxın müddət keçdikdən sonra hazırkı iddianı qaldırmışdır. İddiaçı bununla bağlı daha öncə məlumatı olmamasını, mənzilin onun adına qeydiyyata alınmasını ehtimal etməsini, 2022-ci ilin aprel ayından sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən cavab məktubu aldıqdan sonra məlumatı olduğunu bildirsə də, məhkəmə bu dəlilləri ağlabatan və inandırıcı hesab etməmişdir. Belə ki, Çimnaz Hacıyeva xx.xx.2002-ci il tarixdə vəfat etmiş və iddiaçının bildirdiyinə görə bundan sonra 1 il ərzində mübahisəli mənzildə yaşamış, eyni zamanda həmin ünvanda yaşayan qonşuları ilə də əlaqədə olmuşdur. Həmçinin, onun müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi barədə isə qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmiş, bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda iddiaçı miras qoyan X1 ölümü barədə məlumatlı olması ilə həmin şəxsin mirasını qəbul etmək üçün notariat orqanına qanunla müəyyən edilmiş 3 ay müddət çərçivəsində müraciət etməli olduğunu bilməli olmuşdur. Buna baxmayaraq, həmin şəxs indiyədək miras qoyan X1 mirasları ilə bağlı notariat orqanına müraciət etməmiş və 6 aylıq müddəti də ötürmüşdür. Hansı ki, Mülki Məcəllədə vərəsənin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilməsi, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilməməsi nəzərdə tutulmuşdur. Bundan əlavə iddiaçı həmin mənzilidə bir il ərzində yaşasa da mənzili faktiki cəhətdən ələ keçirməmiş və ona sahib durmamış, əksinə həmin vaxtdan tərk edib kirayədə yaşamağa başlamışdır. İddia tələbinin “İddiaçı ünvan 4-nin Çimnaz Hacıyevaya aid edilən mənzilin 1\2 hissəsi üzrə vərəsələrin paylarının müəyyən edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-3141/2022 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzilin İddiaçıla arvadının birgə nikah dövründə satın alındığı üçün birgə mülkiyyət hesab edilməklə Çimnaz Hacıyevanın ölümündən sonra mənzildə ona aid hissəsi üzərində mülkiyyət hüquqlarının onun vərəsələri olan əri İddiaçı və övladlarına, o cümlədən oğlu Yüksəl Babayevə keçmişdir. Yüksəl Babayev və onun ailəsi həmin dövrdə mübahisəli mənzildə yaşadığından sonuncu miras əmlakın ona aid hissəsini faktiki qəbul etmişdir. 2004-cü ildə Yüksəl Babayev vəfat etdikdən sonra onun mübahisəli mənzildə əmlak üzərində olan hüquqları arvadı cavabdeh Lalə Məmədovaya, övladları cavabdehlər Cavabdeh3 və Cavabdeh4 keçmişdir. Nəticədə cavabdehlər Lalə Məmədova, övladları Cavabdeh3 və Cavabdeh4 hazırki vaxtadək mübahisəli predmet olan mənzildə yaşamaqla miras əmlakı faktiki qəbul etmişlər və onların həmin əmlak üzərində mülkiyyət hüquqları olduğu üçün heç kim əmlak üzərində olan mülkiyyət hüquqlarından məhrum edilə bilməz. Həmin qətnamədən tərəflər şikayət vermədikləri üçün qətnamə qanuni qüvvəsini almışdır. Bu qətnamədə iddiaçı vərəsə kimi qeyd edilsə də, o, həyat yoldaşı ilə birgə nikah dövründə əldə edilmiş əmlak, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzilinin vəfat etmiş həyat yoldaşı Çimnaz Hacıyevanın payı olan 1\2 hissəsindəki miras payının qəbul etməsinə dair notariat ofisinə qanunla müəyyən edilmiş müddət ərzində ərizə verməmiş, həmin əmlakı faktiki qəbul edərək ona sahiblik etməmişdir. Bu mənzil onun adına qeydiyyata alınmasına baxmayaraq mənzilin özünə aid hissəsini də istifadə etməmiş, onun saxlanma xərclərində iştirak etməmişdir. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin “ünvan 4-nin birgə nikah dövründə satın alınmış hesab edilməsi” hissəsi ilə bağlı bildirir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 3141/2022 saylı qətnaməsi nəticəsində İddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzil birgə nikahda satın alınmış əmlak hesab olunmaqla onların birgə mülkiyyətləri olmuşdur. Belə ki, mənzilin iddiaçı ilə onun həyat yoldaşı X1 birgə nikahda olduqları dövrdə xx.xx.1994-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satın alındığı müəyyən edilmişdir. Belə olan təqdirdə iddia tələbi bu hissədə təmin edilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2, 1246, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2076/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsi Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, mənzil 61-yə aid hissədə iddiaçının bir illik kəsici müddətin tətbiq edilməklə iddia tələbini vermək hüququnun olmasını qeyd etməklə ehtimala əsaslanmaqla iddiaçının cavabdehlər Cavabdeh6 və Cavabdeh5 adına xx.xx.2003-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini bilməli və bununla da həmin şəhadətnamənin onun maraqlarını pozduğunu güman etsə və ya güman etməli olsa da, həmin vaxtdan 1 ildən artıq müddət yəni təxminən 18 ilə yaxın müddət keçdikdən sonra hazırkı iddianı qaldırdığına əsaslanıb iddiaçının bu barədə yalnız 2022-ci ilin aprel ayından sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylıƏrazi İdarəsi tərəfindən cavab məktubu aldıqdan sonra məlumatı olduğunu ağlabatan və inandırıcı hesab etməmişdir. Bununla yanaşı cavabdehlərin vərəsəlik hüququ haqında şəhadətnamələri almaq notariat ofisində verdikləri iddiaçının itkin düşməsi haqqında ərizələrinə tənqidi yanaşmamış, iddiaçının mərhum arvadı Çimnaz Hacıyevanın xx.xx.2002-ci il tarixdə vəfat etməsindən sonra mübahisəli mənzildə yaşamaqla faktiki olaraq miras əmlakı qəbul etməsini nəzərə almamış, həmin müdət ərzində mənzilin kommunal ödənişlərini icra etdiyi, vergi və bələdiyyə ödənişlərini etməsini nəzərdən qaçıraraq miras əmlakı faktiki olaraq qəbul etməsə də məhkəmə iddiaçının həmin mənzilidə bir il ərzində yaşasa da mənzili faktiki cəhətdən ələ keçirmədiyi və ona sahib durmadığını qənaətinə səhvən gəlmişdir. Məhkəmə həmçinin iddia tələbinin Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, mənzil 117-yə adi hissədə qismən təmin etməklə həmin mənzilin birgə nikah dövründə əldə edildiyini təsdiqləsə də həmin mənzilin 1/2 hissəsinə dair vərəsələrin paylarının müəyyən edilməsini ümumən araşdırmamış və iddia tələbini təmin etməmişdir. Halbuki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-3141/2022 sayl qətnaməsi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzilin İddiaçıla arvadının birgə nikah dövründə satın alındığı üçün birgə mülkiyyət hesab edilməklə Çimnaz Hacıyevanın ölümündən sonra mənzildə ona aid hissəsi üzərində mülkiyyət hüquqlarının onun vərəsələri olan əri İddiaçı və övladlarına, o cümlədən oğlu Yüksəl Babayevə keçmişdir. Yüksəl Babayev və onun ailəsi həmin dövrdə mübahisəli mənzildə yaşadığından sonuncu miras əmlakın ona aid hissəsini faktiki qəbul etmişdir. 2004-cü ildə Yüksəl Babayev vəfat etdikdən sonra onun mübahisəli mənzildə əmlak üzərində olan hüquqları arvadı cavabdeh Lalə Məmədovaya, övladları cavabdehlər Cavabdeh3 və Cavabdeh4 keçmişdir. Nəticədə cavabdehlər Lalə Məmədova, övladları Cavabdeh3 və Cavabdeh4 hazırki vaxtadək mübahisəli predmet olan mənzildə yaşamaqla miras əmlakı faktiki qəbul etmişlər və onların həmin əmlak üzərində mülkiyyət hüquqları olduğu üçün heç kim əmlak üzərində olan mülkiyyət hüquqlarından məhrum edilə bilməz. Hazırki iddia tələbi ilə də məhz vərəsələrin paylarının müəyyən edilməsi iddia tərəfindən xahiş edilsə də məhkəmə iddia tələbini həmin hissədə araşdırmamış, yalnız iddiaçının miras əmlaka dair hissədə nə faktiki, nə də hüquqi yolla mirası qəbul etmədiyini bildirərək iddiaçıya aid hissədə iddia tələbinin təmin etməmiş, digər vərəsələrə aid hissədə payların müəyyən edilməsini araşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən İddiaçı çıxış edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, 1991-ci ildə 3 otaqlı mənzil alıblar. Həmin zaman orada erməni yaşayırdı. Ona 16000 verib ki, çıxıb getsin. Naxçıvandakı ev 1992-ci ildə satılmışdır. Həmin pula heç bir mənzil alınmamışdır. 4000 ABŞ dollara 1 otaqlı mənzil öz adıma öz pulu ilə alıb. 61 saylı mənzili 1992-ci ildə alıblar. Onlar qeydiyyata düşmək istəyəndə onlara bildirmişdilər ki, onlar Ermənistandan yox, Naxçıvandan gəliblər. Erməni ilə onlar ev dəyişməyiblər. Sisiyandaki evi yoldaşının atası ona bağışlamışdır. Çimnazın atası dünyasını dəyişəndə onu Sisiyandan gətirib Naxçıvanda dəfn etdirmişdir. Sənəddə qeyd edilmişdir ki, guya ki, erməni Sisiyandakı evinə gedəcəkdi.

16. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə çıxış edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, mənzil 61-də iddiaçının yoldaşı dünyasını dəyişdikdən sonra həmin mənzildə 1 il yaşamışdır. Xanımın vəfatından 1 ildən sonra iddiaçı oradan söz-söhbətlər olduğuna görə köçmüşdür. 1 həftə sonra övladları Cavabdeh6 və Cavabdeh5 notariusa müraciət etmişlər ki, ataları itkin düşmüşdür. Ögey qardaşları Yüksəl Babayev də mirasın açılması zamanı dəvət edilməyib. İddiaçı düşünmüşdür ki, xanımın vəfatından sonra ev ona qalacaq. Yalnız mənzillə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmiş və alınmış xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olmuşdur ki, Bakı şəhəri Nizami rayonu, Naxçıvanski küçəsi, 28 saylı evdə olan 61-ci mənzillə bağlı xx.xx.2003-cü il tarixdə Bakı şəhər 15 saylı notariat kontorunun 2V-131 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmiş və mənzil başqa şəxslərin adına qeydiyyata alınmışdır. Daha sonra iddiaçı ailə həyatı qurmuşdur. Qonşular da şahid olublar ki, iddiaçı xanımın vəfatından sonra 1 il orada yaşayıb. Çimnaz xanımın yazdığı ərizə 1992-ci ildə yazılıb lakin saxtakarlıq edilərək 1989-cu ildə yazıldığı qeyd edilib. İddiaçının ərizəni yazma səbəbi qeydiyyata düşmək üçün olmuşdur. Faktiki dəyişdirmə olmayıb. Erməni 16.000 pulu alıb getmişdir. Naxçıvandakı ev satılıb, iddiaçı öz adına üzərinə əlavə pul qoyaraq mənzil almışdır.

17. Məhkəmə iclasında iştirak edən Cavabdeh7 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirir ki, iddiaçı xanımın vəfatından sonra evi tərk edib getmiş, daha sonra qayıtmamışdır. Qızının nişanında, toyunda iştirak etməyib. Övladları ilə maraqlanmayıb. Bakı şəhəri Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, 61 saylı mənzildə olan payını Anar qaynı Cavabdeh7 bağışlamışdır. Həmin mənzil Solmaz xanımın Naxçıvandakı birinci evliliyi zamanı əldə edilmiş mənzildir. Həmin zaman iddiaçı yox idi. Solmaz xanımın yoldaşı dünyasını dəyişdikdən sonra iddiaçı ilə ailə həyatı qurmuşdur. Bu mənzil Solmaz xanım və onun keçmiş yoldaşı ilə birgə nikah dövründə əldə edilmişdir. İş materiallarında olan sənədlərdən aydın olur ki, Çimnaz xanımın atası Sisiyandakı evi qızına bağışlayır, notariat qaydada bağışlanma təsdiqlənir və Bakı şəhəri Nizami rayonunda olan mənzillə Sisiyandakı ev dəyişdirilir. Birinci instansiya məhkəməsində iddiaçıya verdiyi suala cavab olaraq Naxçıvandakı evin satıldığını və Bakıdakı mənzilin alındığını bildirmişdir. İddia müddəti ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razıdır. İddiaçı tərəfin gətirdikləri dəlillər əsassızdır, fərziyyələrə əsaslanır.

18. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

19. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsində qeyd edilir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. (Maddə 1133.2)

20. Məcəllənin 1134.1-ci maddəsində qeyd edilir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. (Maddə 1146)

21. Məcəllənin 1147.1-ci maddəsində qeyd edilir ki, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. (Maddə 1147.2)

22. Məcəllənin 1159.1.1-ci maddəsində qeyd edilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. (Maddə 1160)

23. Məcəllənin 1243.1-ci maddəsində qeyd edilir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (Maddə 1243.2) Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. (Maddə 1243.3)

24. Həmin Məcəllənin 1246-cı maddəsində qeyd edilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

25. Məcəllənin 1248.1-ci maddəsində qeyd edilir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. (Maddə 1248.2)

26. Məcəllənin 1273-cü maddəsində qeyd edilir ki, mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Məcəllənin 1273-1-ci maddəsində qeyd edilir ki, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.

27. Məcəllənin 1321-ci maddəsində qeyd edilir ki, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. (Maddə 1321.2)

28. Məcəllənin 1321.3-cü maddəsində qeyd edilir ki, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. (Maddə 1322)

29. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsində qeyd edilir ki, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Qanunun 58-ci maddəsində qeyd edilir ki, Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

30. Həmin Qanunun 59-cu maddəsində qeyd edilir ki, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilir ki, “...Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.”

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin iddia tələbinin təmin edilməyən hissədə ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını iddia tələbinin rədd edilən hissəsində iddiaçıya münasibətdə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Nizami Rayon Məhkəməsinin e-2(007)- 2076/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

36. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçıla Çimnaz Hacıyeva xx.xx.1983cü ildə nikaha daxil olmuşlar. Nikaha daxil olanadək Çimnaz Hacıyevanın birinci nikahından Yüksəl Babayev adlı övladı var idi. İddiaçıla Çimnaz Hacıyevanın birgə nikahından isə Sevinc və Anar adlı övladları dünyaya gəlmişdir.Çimnaz Hacıyeva 2002-ci ildə vəfat etmişdir. X10 Məmmədova ilə ailə qurmuş, onların Simarə və Leyla adlı övladları olmuşdur. Yüksəl Babayev 2004-cü ildə vəfat etmişdir. Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzil 1994-cü ildə alınmışdır. Həmin mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir.

37. İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)3141/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi, mənzildən köçürülmə tələbinə dair ilkin, Cavabdeh2 İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Qətnamə ilə müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzil İddiaçıla Çimnaz Hacıyevanın birgə nikahda olduqları dövrdə əldə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisə predmeti olan əmlak İddiaçıla Çimnaz Hacıyevanın birgə mülkiyyəti hesab edilməlidir. 2002-ci ildə Çimnaz Hacıyeva vəfat etdiyindən mübahisəli əmlakın ona məxsus hissəsi üzərində mülkiyyət hüquqları onun vərəsələri olan əri İddiaçı və övladlarına, o cümlədən oğlu Yüksəl Babayeva keçmişdir. Yüksəl Babayev və onun ailəsi həmin dövrdə mübahisəli mənzildə yaşaydığından məhkəmə hesab edir ki, o, miras əmlakın ona aid hissəsini faktiki qəbul etmişdir. 2004-cü ildə Yüksəl Babayev vəfat etdikdən sonra isə onun əmlak üzərində olan hüquqları arvadı Cavabdeh2, övladları Leyla və Simarəyə keçmişdir. Nəticədə sonuncular mənzildə yaşamaqla miras əmlakı faktiki qəbul etmişlər və onların həmin əmlak üzərində mülkiyyət hüquqları vardır.

38. İş materialları ilə o cümlədən müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, 61 saylı mənzil isə Çimnaz Hacıyevanın adına qeydiyyata alınmışdır. 30 iyul 2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin görünür ki, Cavabdeh6 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 49,95 kv.m olan 3 otaqlı mənzilə, eləcə də Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 man 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 (iki min) manat pula dair miras payı müəyyən olunmuşdur. Cavabdeh5 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 60.95 kv.m yaşayış sahəsi - 45.95 kv.m olan 3 otaqlı mənzilin ona məxsus payını bacısı Sevincin həyat yoldaşı Cavabdeh7 bağışlamışdır.

39. İş materiallarında olan, o cümlədən məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanksi küçəsi, ev 28, 61 mənzilə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilən Nizami rayonu xalq deputatları soveti icraiyyə komitəsinin 13 dekabr 1989-cu il tarixli qərarından müəyyən olunur ki, 61 saylı mənzil İddiaçıla Çimnaz Hacıyevanın birgə nikahda olduqları dövrdə əldə edilsə də, birgə gəlirlər hesabına əldə edilməmişdir.

40. Birinci instansiya məhkəməsində X6 şahid qismində ifadəsində bildirmişdir ki, əvvəl ünvan 5 ünvanında yaşamışdır. Onlar Tofiq həkimlə qonşu olmuşlar. Çimnaz xanım rəhmətə gedəndə dəfn prosesindən 3 və 7 veriləndə iştirak etmişdir. Tofiq həkim həyat yoldaşı rəhmətə gedəndən 1 il sonra yenidən evlənmiş və evlənəndən sonra 61 saylı mənzildən çıxmışdır. Bu barədə onu görməyə getdiyi zaman Tofiq həkim özü demişdir.

41. Məhkəmə kollegiyası işə baxan rayon məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, İddiaçı Çimnaz Hacıyevadan miras qalan əmlakı faktiki olaraq qəbul etmişdir. Belə ki, İddiaçı Çimnaz Hacıyevanın ölümündən sonra 61 saylı mənzildə qısa müddətə yaşaması şahid ifadəsi ilə təsdiq olunmuşdur. Buna baxmayaraq, Cavabdeh6 və Cavabdeh5 tərəfindən 15 nömrəli notariat kontoruna ünvanlanan ərizədə qeyd edilir ki: “X2 rəhmətə gedib. Onun adına ünvan 1-də yerləşən qeydiyyatda olduğu 3 otaqlı mənzil qalmışdır, mənzilə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş edir. Uzun müddətdir ki, İddiaçı harada yaşamağından xəbəri yoxdur. Bu günə kimi onlara, nə mənzil haqda, nə də ki maliyyə köməkliyi dəyməmişdir. Əgər gələcəkdə mənzildən vərəsəlik payı tələb edərsə məhkəmə qaydasında bərpa edər”.

42. O cümlədən, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzil İddiaçı mülkiyyətindədir. Qanuni qüvvəsini almış Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)3141/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzil İddiaçıla Çimnaz Hacıyevanın birgə mülkiyyəti olmuşdur. Göründüyü kimi Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzilin 1\2 hissəsi Çimnaz Hacıyevanın miras kütləsinə daxildir. Məhkəmə kollegiyası qeyd edir ki, 1\2 hissəsi Çimnaz Hacıyevanın miras kütləsinə daxil olan mənzil İddiaçı mülkiyyətindədir və İddiaçı mənzilin miras kütləsinə dair hissəsindən imtina etməmişdir.

43. Bundan əlavə, işə baxan rayon məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 354.2ci maddəsinə əsasən əqdin etibarsızlığına dair 1 illik kəsici müddət tətbiq edilməldir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan rayon məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Çünki, Mülki Məcəllənin həmin normasında şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur.

44. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

45. Beləliklə, müəyyən olunur ki, Çimnaz Hacıyevadan miras qalan əmlakın dairəsinə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzilin 1\2 hissəsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanksi küçəsi, ev 28, 61 mənzil, Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 man 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 (iki min) manat pul daxildir. Çimnaz Hacıyevanın vərəsələri isə onun əri İddiaçı və övladları Yüksəl Babayev (o, miras açıldıqdan sonra 2004-cü ildə vəfat etmişdir), Cavabdeh5 və Cavabdeh6dır. 46.İş materialları ilə müəyyən olunur ki, Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 man 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 (iki min) manat məbləğində pul İddiaçıla Çimnaz Hacıyevanın birgə nikahda olduqları dövrdə əldə edilmişdir. 47.Qeyd edildiyi kimi Cavabdeh5 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 60.95 kv.m yaşayış sahəsi - 45.95 kv.m olan 3 otaqlı mənzilin ona məxsus payını bacısı Sevincin həyat yoldaşı Cavabdeh7 bağışlamışdır. İddiaçı iddia ərizəsində bağışlama müqaviləsinin ləğvini məhkəmədən xahiş etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 60.95 kv.m yaşayış sahəsi - 45.95 kv.m olan 3 otaqlı mənzilin Cavabdeh6 əldə etdiyi pay hissəsində miras payı müəyyən edilməlidir. 48.Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2076/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, mənzil 61-ə dair, eləcə də Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 manat 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 (iki min) manat pula dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, 61 saylı mənzilin Cavabdeh5 və Cavabdeh6 adına qeydiyyata alınmasına dair Bakı şəhər İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən verilmiş 30/2073 saylı ,xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsi ləğv edilməli, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzilin 1\2 hissəsi üzrə 1\4 hissədə və Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, 61 saylı mənzilin Cavabdeh6 əldə etdiyi pay hissəsində 1\4 hissədə, Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 manat 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 (iki min) manat pul məbləğində 5\8 hissədə miras payı müəyyən edilməlidir.

49. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2076/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, mənzil 61-ə dair, eləcə də Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 manat 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 (iki min) manat pula dair verilmiş xx.xx.2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin. Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, 61 saylı mənzilin Cavabdeh5 və Cavabdeh6 adına qeydiyyata alınmasına dair Bakı şəhər İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən verilmiş 30/2073 saylı, xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsi ləğv edilsin. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzilin 1\2 hissəsi üzrə 1\4 hissədə və Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, 61 saylı mənzilin Cavabdeh6 əldə etdiyi pay hissəsində 1\4 hissədə, Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 manat 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 (iki min) manat pul məbləğində 5\8 hissədə miras payı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar