Məhkəmə qərarları › İş №2(103)-1266/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1266/2022

22.02.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1266/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh Kayman adalarının "X4" Şirkətinin Filialının nümayəndəsi X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Kayman adalarının Cavabdeha qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2(006)-3894/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Kayman adalarının Cavabdeha qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin onun işdən azad olunması barədə 03 mart 2020-ci il tarixli 02X-OK nömrəli əmrinin ləğv edilməsi və əvvəlki işinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1997-ci ildən cavabdeh şirkətdə çalışmış, son 15 ildə şirkətdə müxtəlif rəhbər vəzifələrdə, o cümlədən 2016-cı ilin may ayından şirkətin baş mexaniki vəzifəsində işləmişdir. İşlədiyi dövrdə şirkətin daxili qaydalarına əməl etmiş, rəhbərliyin tapşırıqlarını və digər istehsalat öhdəliklərini vaxtında və texniki təhlükəsizlik qaydalarına uyğun şəkildə yerinə yetirmişdir. İşlədiyi müddət ərzində rəhbəri olduğu sahələrdə istehsalat qəzalarına yol verməmiş, bütün işlərin texniki təhlükəsizlik norma və qaydalarına uyğun şəkildə yerinə yetirilməsinə çalışmışdır. Lakin 2020-ci ilin fevral ayının 10-da başqa departamentin (şöbənin) istismarında olan neft qızdırıcısının demontajı zamanı naməlum səbəblərdən qaz partlayışı olmuş və onun rəhbəri olduğu şöbənin nəzdindəki təmir sexinin qaynaqçısı xəsarət almışdır. Bununla bağlı şirkət rəhbəri V.O.Davlyatovun 03 mart 2020-ci il tarixli 02X-OK nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad olunmuşdur. O barəsində olan əmri qanunsuz hesab edir. Çünki hadisədə onun təqsiri olmamış, əmək funksiyalarını pozmamış, barəsində obyektiv araşdırma aparılmamışdır. Bakı şəhəri Nəsmi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2(006)- 3894/2020 saylı qətnaməsi ilə iddia rədd olunmuşdur. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(103)-2541/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin olunaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 03 mart 2020-ci il tarixli 02X-OK nömrəli əmri iddiaçıya aid hissədə ləğv edilmiş, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli 2(102)- 5356/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya qaydasında təkrarən işə baxılarkən məhkəmə kollegiyasının iclasında cavabdehin və üçüncü şəxsin nümayəndələri hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə teleqram ünvanlayaraq hazırkı işlə bağlı vəkilin iş materialları ilə tanış olması üçün məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, məhkəmə kollegiyası iddiaçının vəsatətini əsassız hesab edərək Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2(006)-3894/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, 10 fevral 2020-ci il tarixdə saat 15:40 radələrində “Karasu” əməliyyat şirkətinin cari təmir sexində elektrik qaz qaynaqçısı vəzifəsində işləyən X3 iş zamanı xəsarət alması ilə nəticələnən bədbəxt hadisə sexin ərazisində yerləşən YQ- 2M (PP-2M) markalı yol qızdırıcısının ilanvari borusunda yaranmış nasazlığı aradan qaldırmaq məqsədilə qızdırıcının qabaq köynək hissəsində yerinə yetirilən qazla kəsmə zamanı əmələ gəlmiş partlayış nəticəsində baş vermişdir. Əmək Müfəttişliyinin 12 fevral 2020-ci il tarixli əmri ilə hadisənin araşdırılması üçün təhqiqat komissiyası yaradılmış və müvafiq təhqiqat aktı tərtib edilmişdir. Əmək Müfəttişliyinin təhqiqat aktında hadisənin baş verməsinə səbəb olaraq, bir sıra işçilərin, o cümlədən şirkətin baş mexaniki vəzifəsində işləyən İddiaçı nəzarətsizliyi göstərilmiş və qeyd olunmuşdur ki, şirkətin baş mexaniki şirkətin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Baş mexanikin vəzifə təlimatı”nın 2-ci (Vəzifə öhdəlikləri) bölməsinin 10-cu (avadanlığın təmiri və istismarı zamanı təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə nəzarət edir) və 24-cü (avadanlığın təmiri və onların işlək vəziyyətdə qalmasını həyata keçirən şirkətin bölmələrinin işlərinə rəhbərlik edir) abzaslarının tələblərinə əməl etməmişdir (4.1-ci bənd). X5 Xidməti tərəfindən tərtib olunmuş 28 fevral 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola və 11 mart 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən, iddiaçının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsi ilə (əməyin mühafizəsi qaydalarının pozulması) inzibati xəta haqqında protokol tərtib olunmuş və o, inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə edilmişdir. İnzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı qrafasında İddiaçı protokolda qeyd edilənlərlə razı olduğunu bildirməsi qeyd olunmuşdur. Şirkətin rəhbəri V.O.Davlyatov tərəfindən verilmiş 03 mart 2020-ci il tarixli 02X-OK nömrəli əmrə əsasən, bir sıra işçilərlə bağlanmış əmək müqavilələrinə, o cümlədən iddiaçı ilə bağlanmış 11 aprel 2016-cı il tarixli 0109 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 04 mart 2020-ci il tarixdən xitam verilmişdir. “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 29 aprel 2020-ci il tarixli qərara əsasən, baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Qərarın məzmunundan görünür ki, cinayət işi üzrə icraata xitam verilməsinin səbəbi baş vermiş hadisə ilə əlaqədar qüvvədə olan normativ aktların tələblərinin pozulmasının müəyyən edilməməsi olmuşdur. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2021-ci il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir. Belə ki, işə bundan əvvəl baxan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən Ali Məhkəmə istinad olunan qərarında göstərmişdir ki, ......apellyasiya instansiyası məhkəməsi cinayət təqibini həyata keçirən orqanın iş üzrə icraata xitam verilməsinə dair qərarda ifadə etdiyi mövqeyi və həmin araşdırma üzrə verilmiş ekspertiza rəyində müəyyən olunmuş nəticəni mötəbər (həlledici) sübut kimi qəbul etmiş, iş üçün əhəmiyyətli olan digər sübutlara ümumiyyətlə qiymət verməmişdir. Halbuki iş üzrə mübahisələndirilən əmrin verilməsinə əsas məhz baş vermiş bədbəxt hadisənin təhqiqat aktı olmuşdur. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda cinayət hadisəsinin olmadığı barədə ibtidai araşdırma orqanının gəldiyi nəticə ümumiyyətlə hadisənin baş verməməsi anlamına gəlmir. Həmin qərarda ifadə edilmiş mövqe cinayət işinin mövcudluğunu, həmin icraatda təqibin davam etdirilməsini istisna etsə də, mülki və ya əmək münasibətləri daxilində araşdırmanın aparılmasını və həmin qanunvericilik sahələrinin tələblərinə uyğun hüquqi nəticələrin tətbiqini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işəgötürən bu bəndin “a”-“ç” bəndlərində göstərilən hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. Həmin Məcəllənin 70-ci maddəsinə görə işəgötürən tərəfindən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. 2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır 3. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. 4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. 5. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Beləliklə, iş materiallarına əlavə edilmiş təhqiqat aktından və inzibati xəta haqqında protokoldan görünür ki, şirkətdə istehsalatda bədbəxt hadisə baş vermiş və bu qəza iddiaçı tərəfindən ona həvalə edilmiş işin lazımınca yerinə yetirilməməsi səbəbindən olmuşdur. Nəticədə iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan cinayət işinin icraatına xitam verilməsi barədə qərarda cinayət hadisəsinin olmadığı barədə ibtidai araşdırma orqanının gəldiyi nəticə ümumiyyətlə hadisənin baş verməməsi anlamına gəlmir. Həmin qərarda ifadə edilmiş mövqe cinayət işinin mövcudluğunu, həmin icraatda təqibin davam etdirilməsini istisna etsə də, mülki və ya əmək münasibətləri daxilində araşdırmanın aparılmasını və həmin qanunvericilik sahələrinin tələblərinə uyğun hüquqi nəticələrin tətbiqini istisna etmir. Belə ki, baxılan iş üzrə istehsalatda qəzanın baş verdiyi, həmin hadisə nəticəsində bir nəfər işçinin xəsarət aldığı və işəgötürənin hadisə ilə bağlı zərərə məruz qaldığı işin mübahisə olunmayan hallarıdır. Bunlarla yanaşı, iddiaçı tərəfindən öz əmək funksiyalarını yerinə yetirərkən istehsalatda qəza törətməsi, eyni zamanda müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirən hüquqazidd hərəkətlər hesab edilməlidir. İş materiallarına əlavə edilmiş xəstəxana qəbzlərindən də görünür ki, həmin bəxbəxt hadisə zamanı xəsarət almış X3 müalicə xərcləri işəgötürən tərəfindən çəkilmişdir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2(006)- 3894/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar