Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1267/2020 24.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “orderin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə iddiaçının nümayəndəsi X3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş üzrə iddiaçı Departament, iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 6 saylı yataqxana binasının 3 saylı mənzilinə (bundan sonra – mübahisəli mənzil) dair Cavabdeh1 qanunsuz olaraq əldə etdiyi orderin etibarsız hesab edilməsi, ailə üzvləri ilə birlikdə mənzildən istifadə hüquqlarının itirilməsi və qanunsuz hərəkətlərin qarşısının alınaraq dövlət mənzil fonduna aid yaşayış sahəsindən cavabdehlərin və qeyrilərinin çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu, Ramiz Quliyev küçəsi, 6 saylı ünvanda yerləşən yataqxana binası dövlət mənzil fonduna daxil edilməklə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Vətəndaş Cavabdeh1 xx.xx.2019-cu il tarixli, Q-19 saylı ərizə ilə Departamentə müraciət edərək, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 6 saylı yataqxana binasının 3 saylı otağında yaşadığını bildirərək sənədləri təqdim etmədən onunla həmin mənzilə dair kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Aparılan araşdırma zamanı Cavabdeh1 ailə üzvlərinin 4 nəfərdən ibarət olmasına baxmayaraq, guya ona Bakı “Radioquraşdırma” İB-i tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 0007 saylı orderlə Xətai rayonu, Ramiz Quliyev küçəsi, 6 saylı ünvanda yerləşən yataqxana binasında yaşayış sahəsi 82,3 kv.metr, 4 otaqlı 3 saylı mənzil verilmişdir. Bütün hallarda yataqxanada ailələrə yaşamaq üçün 2 otaqdan artıq verilə bilməz, 2 otaq müstəsna hallarda verilir. Lakin göstərilən səbəbdən Cavabdeh1la kirayə müqaviləsinin bağlanmasından imtina edilməsinə baxmayaraq, o, lazım olan sənədləri təqdim etmək əvəzinə, həmin tələblə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Cavabdeh1 iddia ərizəsinə əlavə etdiyi şəxsiyyət vəsiqəsinin verilmə tarixi xx.xx.2014-cü ildir. 3 saylı otağa dair Cavabdeh1 verilmiş orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Belə ki, “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh1 adına orderin verilməsi təsdiq olunmadığından və adambaşına düşən mənzil normasından 3,5 dəfə artıq yaşayış sahəsi verildiyindən həmin order mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq əldə edilmişdir. Ona görə də Cavabdeh1 əldə etdiyi order etibarsız hesab edilməli, özü və ailə üzvlərinin mənzildən istifadə hüquqlarının itirilməsi və qanunsuz hərəkətlərin qarşısı alınaraq onlar dövlət mənzil fonduna aid yaşayış sahəsindən çıxarılmalıdırlar. İddia əsasında icraatı başlanmış mülki işə baxmış Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsini qət etmişdir. İş üzrə iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işə birtərəfli baxmış, iddia tələbi üzrə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçı Departamentin nümayəndəsi X6 apellyasiya baxışında iştirak edərək şikayətin dəlillərini müdafiə etdi və şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsi X2 mübahisənin təmsil etdiyi qurumun maraqlarına toxunmadığı üçün məhkəmənin mülahizəsinə əsasən həll edilməsini xahiş etdi. İş üzrə cavabdehlər, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslər BŞİH, “Üfüq” İstehsalat Birliyi “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 xx.xx.1972-ci il tarixdən xx.xx.1992-ci il tarixinə kimi və xx.xx.1993-cü il tarixdən xx.xx.2007-ci il tarixinə kimi “xxxxxxxxxxxxxxxxxxxxxxnda” fəaliyyət göstərmişdir. Cavabdeh1 Bakı “Radioquraşdırma” İB-nin müdiriyyəti və HİK-in 41 saylı protokolu ilə rəsmiləşdirilmiş xx.xx.2004-cü il tarixli birgə qərarına əsasən xx.xx.2004-cü il tarixdə 0007 saylı order verilmiş, Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində yerləşən 6 saylı binada 1-ci giriş, 2-ci mərtəbəsindəki yaşayış sahəsi 82,3 kv.metr olan 4 otaqlı 3 nömrəli mənzil sahəsini tutmaq hüququ verilmişdir. Sultanov Sövlət Beybut oğlu və X4 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, Cavabdeh1 1985-ci il tarixdən 4 nəfər ailə üzvü ilə birlikdə onlarla qonşuluqda ünvan 1 mənzil 3 ünvanında yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər ona aid əmlakla birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliyinin, habelə Bakı, Gəncə, Şirvan və Tərtər Rayon İcra Hakimiyyətlərinin balansına verilmişdir. Həmin sərəncamla Xətai rayonu, Ramiz Quliyev küçəsi, 6 saylı ünvanda yerləşən yataqxana binası Bakı Şəhər İcra Hakimiyyətinin balansına, Bakı ŞİH-nin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə isə iddiaçının balansına verilmişdir. Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 6-cı maddəsinə görə, yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Həmin Məcəllənin 33-cü maddəsinin birinci hissəsinə görə, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Məcəllənin 48-ci maddəsinə görə, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Məcəllənin 51-ci maddəsinin 1-ci hissəsinə görə, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Məcəllənin 107-ci maddəsinin 2-ci bəndinə görə, yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Göstərilən qanunvericilik müddəalarından da göründüyü kimi, yataqxanalarda yaşayış sahəsinin verilməsi üçün yeganə əsas şəxsin müəssisənin, idarənin və təşkilatın işçisi olması ilə bağlıdır. Belə olan halda, müəssisə, idarə və təşkilatda işləyən işçi iş dövründə mənzil şəraitinin yaxşılaşdırmağa ehtiyacı olan şəxs kimi iş yeri üzrə uçota alınır və ona müdiriyyət tərəfindən order verilir. Göstərilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Radioquraşdırma” zavodunda uzun illər çalışdıqları üçün onlara il öncə iki otaqdan ibarət yaşayış sahəsi verilmiş və onlar mənzil növbəsinə alınaraq onlara mənzil verilməsi nəzərdə tutulmuşdur. Cavabdehlərə veriləcək mənzil 9 mərtəbəli binada olması planlaşdırılsa da, bina 7 mərtəbəyə qədər inşa edilmiş və son iki mərtəbəsinin tikintisi dayandırılmışdır. Belə olan halda növbədə olan vətəndaşlar öz vəsaitləri hesabına qalan iki mərtəbəni inşa etdirmək qərarına gəlmiş və müəyyən tədbirlər görmüşlər. Cavabdehlərin inşa işlərində iştirak etmək üçün kifayət qədər vəsaitlərinin olmaması səbəbindən onlar mənzil növbəsindən imtina etmişlər və bunun müqabilində yataqxanada daha iki otaqla təmin olunmuşlar. İş üzrə cavabdehlər uzun illər ərzində sözügedən ünvanda fasiləsiz yaşamış, kommunal xərcləri ödəmiş və qeyd edilən yaşayış sahəsinə sahibliyi həyata keçirmişlər. Məhkəmə hesab edir ki, cavabdehlərə sözügedən orderin verilməsi xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda sadalanan müddəalarına uyğun olmuş və orderin etibarsız hesab edilməsinə əsas olan hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Mübahisəli mənzil cavabdehə mənzilə şəraitinin yaxşılaşdırılması üçün verilmişdir və müəssisə tərəfindən o, mənzil növbəsinə daxil edilmiş və növbəlilik qaydasında mənzillə təmin olunmuşdur. Cavabdehə mənzil müvafiq həmkarlar ittifaqının qərarı əsasında verilmiş və həmin qərar mübahisələndirilməmişdir. Bundan başqa, Məhkəmə qeyd edir ki, həmin Məcəllənin 49-cu maddəsinin 2-ci abzasına görə, orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir və müvafiq ərizənin verilib-verilməsindən asılı olmayaraq mübahisəyə tətbiq edilməlidir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 15 il, iddiaçının mübahisəli otaqların yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 5 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Nəhayət Məhkəmə hesab edir ki, iddiaçı Departament iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdehlər qismində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 göstərmiş, tələbini onlara qarşı yönəltmişdir. Orderi vermiş hüquqi şəxs isə baxılan iş üzrə yalnız mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. Halbuki birinci instansiya məhkəməsinə təqdim olunmuş sənədlərdən də görünür ki, mübahisələndirilən order “Radioquraşdırma” Zavodu tərəfindən verilmiş, onun rəhbəri tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, orderin və onun verilməsinə əsas olmuş qərar cavabdehlərə mübahisəli otaqlara köçüb yaşamaq hüququ versə də, orderin qanuniliyinə (etibarlı olub-olmadığına) cavab verməli olan əsas şəxs məhz xxxxxxxxxxxxxxxxxxxxxxdur. MPM-nin 54.1-ci maddəsinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. MPM-nin 54.2-ci maddəsinə görə, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə eyni zamanda, iddianın qalan hissəsi ilə bağlı qeyd edir ki, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcud olmadığından, həmçinin cavabdehlər onlara qanuni əsaslarla verilmiş yaşayış sahəsində qanunvericiliyin onlara tanıdığı hüquqlardan istifadə etməklə yaşadıqlarından Rayon Məhkəməsi iddianı qalan hissədə də rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-1267/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1267/2020
24.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver