Məhkəmə qərarları › İş №2(103)-1267/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1267/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1267/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3881/2023 nömrəli 15 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cinayət işinin başlanmasının rədd edilməsinə dair Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsinin xx.xx.2021-ci il tarixli qərarında Cavabdeh izahat verərək bildirmişdir ki, 2019-cu ilin iyul ayının 29-da qızı Təhməzova X2 zorla döyərək qaçırmışdır. Buna görə Sabunçu RPl-də CM-nin 144.2.3 və 144.2.4-cü maddəsinə əsasən cinayət işi başlanılmış, hazırda iş Ağır Cinayətlərə dair məhkəməyə təsdiq olunaraq göndərilmişdir. Sabuncu RPİ-də istintaq aparılarkən Elturanın valideyini Emil adlı şəxs onlarla dəfələrlə danışıqlar aparmışdır. Sonucu danışıq zamanı razılığı gəlmişlər ki, Elturan istintaqda törətdiyi əməli etiraf edəcək ki, gələcəkdə onun qızı Humayın adı ləkələnməsin və bundan sonra onlar istintaqa şikayətləri olmaması barədə ərizə ilə müraciət edəcəklər. Müstəntiq isə maddənin qeyd hisəsinə əsaslanıb işə xitam verəcək. Bundan başqa həmin ərəfələrdə onun qızı Humay psixoloji sarsıntı keçirdiyi üçün o, həmin işlə bağlı qızının müayinə və müalicəsinə külli miqdarda pullar xərcləmişdir. Həmin pulları təqsirləndirəndən tələb etmək üçün mülki iddia ərizəsi yazmışdır ki, məhkəməyə versin, Emil və onun yanında olan onlara ağsaqqallıq edən Samir adlı şəxs ondan bu iddiayaya ehtiyac olmadığını deyərək xahiş etmişlər ki, mülki iddia qaldırmasın. Bunun müqabilində Emil qızına dəymiş zərərin qismən ödənilməsi üçün təzminatın yerinə 2020-ci ilin aprel ayında Nizami rayon ərazisində vəkil Ənnağının işlədiyi vəkillər binasında ona pul verib bildirmişdir ki, qalan pulları isə bir neçə gündən sonra ödəyəcək. Emil yalan yerə ondan şikayət edib ki, guya o, barışıq ərizəsi verəcək, o da oğlunun həbsdən azad edəcəkdir. Həmin işdə zərər çəkmiş onun qızı Humaydı. O, Humayı müalicə etdirir, təzminatla bağlı iddia vermək istəmişdir. Həmin təzminatdan qismən Samir ona verib. Həmin sözügedən puldan Ənnağı Məmmədliyə verilməyib, ümumiyətlə Ənnağıya heç bir pul verilməyib, pulu Samir ona vermişdir. Bundan başqa Emil və Samir ona bildirmişlər ki, o, müstəntiqdən şikayət etsin ki, guya müstəntiq onlardan 60000 pul istəyir. O, qətiyyən şikayət etməyəcəyini demişdir. Həmin şikayəti də onun adından etmişlər ki, gələcəkdə onun guya dırnaq arası müstəntiq və onlarla əlbir olduğunu desinlər, bu günki kimi başqa üsullardan isdifadə edib ondan şikayət etsinlər və uşaqları təmizə çıxarsınlar. Onun üçün də onu bu gün şərləyib ona qismən vermiş olduğu təzminatdan şikayət edir ki, guya o, ondan şikayətçi olmayacaqları üçün həmin pulu götürmüşdür. O, təkrar təzminatı ilə bağlı mülki qaydada iddia vermişdir, əlavə olan pullarıda qızının müalicəsinə sərf edilməsi üçün ondan alacaq. Sözü gedən puldan Ənnağı Məmmədliyə onlar tərəfindən heç bir məbləğdə pul verilməyib.

2. Sözügedən qərarda X10 izahat verərək bildirmişdir ki, o, İddiaçı oğlu Elturan Daşdəmirovun və qeyrilərinin CM-nin 144.2.3 və 144.2.4-cü maddəsi ilə təqsirli bilindiyi cinayət işinin istintaqı zamanı və hazırda Bakı Ağır Cinayətlər məhkəməsindən cinayət işi üzrə zərərçəkmiş Humay Təhməzovanın nümayəndəsi kimi iştirak edir. İddiaçı ilə onun qohumu Samir adlı şəxsin xahişi ilə Humay Təhməzovanın anası Tamam Təhməzova-Novruzovanın iştirakı ilə görüşmüşdür. X1 vurulmuş zərərin qismən ödənilməsi üçün pul vermişdir. Onlar pulu Tamama vermişlər. Hazırda Emilin oğlu məhkəmə məsuliyyətinə verildiyi üçün və Humay Təhməzova şikayətçi olduğuna görə qisas almaq məqsədi ilə böhtan xarakterli məlumatlarla şikayət etmişlər. İstintaq orqanı Elturanın cinayət törətməsinə dair təkzib edilməz sübutlarla ittiham vermişdir. Pulla bağlı narazılıq varsa mülki qaydada məhkəməyə müraciət edə bilər. İddiaçı müraciətində göstərdikləri tam yalan və böhtandır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 manat pulun və ödənilmiş 130 manat dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, oğlu X6 cavabdehin qızı X8 ilə bir-birlərini sevmişlər, 2019-cu ilin iyul ayında evlənmək məqsədi ilə bir-birlərinə qoşulub qaçmışlar. Daha sonra Humay Təhməzova anasının diqtəsi ilə oğlu Elturan Daşdəmirovdan şikayətçi olmuşdur. Buna görə də, oğlu Elturan Daşdəmirov barəsində CM-nin 144-cü maddəsinə görə cinayət işi başlanmışdır. Hal-hazırda həmin cinayət işinə Bakı Apellyasiya Məhkəməsində baxılmaqdadır. Cinayət işinin ibtidai istintaqı dövründə o, Cavabdeh ilə görüşüb, niyə qızı Humay Təhməzovanın oğlundan şikayət etdirdiyini soruşmuşdur. Tamam xanım bildirib ki, ona 10 min verdiyi təqdirdə, o, qızının oğlundan şikayətinin olmadığı, oğlu ilə barışdığı barədə istintaq orqanına Humay Təhməzovanın ərizə verəcək, şikayətini geri götürəcək. O, oğlunun həbs edildiyi üçün çıxılmaz vəziyyətdə olduğu üçün oğlu Elturanın tezliklə azadlığa qovuşması üçün, məcbur olub Cavabdeh ilə belə bir razılığa gəlmişdir ki, o, Cavabdeh onun tələb etdiyi 10.000 manat pulu verir, əvəzində isə onun qızı X11, onun oğlu X6 barəsində Sabunçu Rayon Polis idarəsinə vermiş olduğu şikayət ərizəsini geri götürəcək və istintaq orqanına Elturan Daşdəmirovla barışdığı barədə, Elturan Daşdəmirovdan hər hansı şikayət və tələbinin olmaması barədə ərizə verəcəkdir. Cavabdeh ilə bu barədə razılaşandan sonra, o, Cavabdeh ilə aralarında olan həmin razılaşmalarına əsasən, 10 min manat pulu ona vermişdir. Lakin, Cavabdeh müxtəlif səbəblərlə (gah xəstəliyi ilə əlaqədar, gah işinin olması ilə əlaqədar və s.), Humay Təhməzovanın oğlunun Elturan Daşdəmirovla barışdığı, ondan şikayət və tələbinin olmaması barədə ərizəni istintaq orqanına təqdim etməyi ləngidirdi. Bununla əlaqədar o, Nizami Rayon prokurorluğuna şikayət etmişdir. Həmin şikayət ərizəsinə əsasən xx.xx.2021-ci il tarixli HK1-1664 saylı “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar” qəbul edilmişdir. Həmin polis araşdırması zamanı verdiyi izahatında Cavabdeh ondan 10 min manat pul aldığını etiraf etmişdir. Daha sonra, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olanda, hətta ondan sonra da Cavabdeh barışıq ərizəsi verəcəklərini bildirmişdir, ərizə verməsini isə müxtəlif bəhanələrlə uzatmışdır, əvvəlcə Elturanın məhkəməyə etirafedici ifadələr verməsini istəmiş, sonra COVİD-19 pandemiyasını bəhanə edərək evdən çıxa bilmədiklərini bildirmiş, sonra isə əlavə 30 min pul da tələb etmişdir. O, Cavabdeh bildirmişdir ki, artıq 10 min pul vermiş, bunun əvəzində isə o, qızının oğlu ilə barışması barədə ərizə verməli olruğu halda, bunu etməmişdir. Cavabdeh da Humayın, Elturanla barışdığı və ondan şikayətinin olmaması barədə ərizə verəcəyini vəd etmişdir. Bakı Apellyasiya Məhkəməsində 1(103)-23/2023 saylı cinayət işi ilə əlaqədar 14 oktyabr 2022-ci il tarixli məhkəmə iclasında Humay Təhməzova qəti olaraq bildirmişdir ki, o, oğlundan şikayətçidir və barışmaq fikri yoxdur. Beləliklə xx.xx.2022-ci il tarixində ona aydın olmuşdur ki, Cavabdeh aralarında olan şifahi razılaşmanın şərtlərini pozmuşdur. O, oğlunun həbsdə olması və ailəliklə çətin vəziyyətdə olduğuna görə, Cavabdeh onunla şifahi barışıq razılaşmasını icra edəcəyinə səmimiyyətlə inanmışdır. Lakin, Cavabdeh razılaşmalarının şərtlərini yerinə yetirməyibdir. Cavabdeh ondan aldığı 10 min manat pulu səbəbsiz yerə almış, mənimsəmişdir. Yəni, öhdəliyini icra etməyən Cavabdeh həm də əsassız varlanmışdır.

5. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 öz ifadəsində göstərmişdir ki, onunla Elturan Daşdəmirovun ailəsi arasında hansısa bir pul müqabilində onun şikayəti geri götürməyə dair razılığ əldə olunmamışdır. O, yalnız Daşdəmirov Elturanın törətmiş olduğu cinayət əməlinin məhkəmədə etiraf edəcəyi halda onu bağışlayacağını bildirmişdir. Elturalı ailəsi onunla danışıb razılığa gəlmək üçün onun anası, hazırki mülki iş üzrə iddiaçı olan Cavabdehı dəfələrcə yığmışdır. Qeyd edilən 10000 manat olan pul məbləği onun məhkəməyə mənəvi zərərin ödənməsinə dair iddia verilməməsi üçün X3 dayısı Samiq tərəfindən onun vəkili Ənnağı müəllimə ödənmiş, Ənnağı müəllim isə pul məbləğinin ona çatdırılması üçün anası Tamam xanıma vermişdir. Həmin pul ona çatdırılmışdır və pulu ona hazırki mülki iş üzrə iddiaçı deyil də, ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi üçün verilmişdir. Elturan Daşdəmirovun atası və dayısı ilə onun öz xahişi ilə anansı Cavabdeh danışmışdır. Belə ki, o, baş verən hadislərədən həm də pisxoloji sarsıntı keçirdiyi üçün təqsirləndirilən şəxs və onun ailəsi ilə danışmışdır. Mənəvi zərərə görə pulun verilməsini o, tələb etmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 sentyabr 2023-cü il tarixli 2(008)-3881/2023 nömrəli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia təmin edilməmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfin, habelə şahid X5 məhkəmə iclasında vermiş olduğu izhatdından görünür ki, qeyd edilən pul məbləği X14 tərəfindən Cavabdeh deyil, X7 verilmişdir. Bu hal bir daha onunla öz təsdiqini tapır ki, qeyd edilən pul məbləği İddiaçı oğlunun ailəsinin 10000 manat pulu məhz cinayət işi üzrə zərərçəkmiş şəxs olan Təhmazova Humayın vəkilinin ofisində verilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbi əsl olan cavabdehə qarşı irəli sürülmədiyindən təmin edilə bilməz.

8. Bundan başqa məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirərərk qeyd etmişdir ki, məhkəmə nə qədər hesab edir ki, iddia tələbi doğru cavabdehə qarşı irəli sürülməmişdir, iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməsi zərurəti aradan qalxmışdır.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 385.1, 881.1, 1091.1, 1092.1, Mülki Prosessual Məcəllənin 82.4, 14.2, 77.1, 119.1, 107, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərlə əsaslandırılmış və göstərilmişdir ki, cavabdeh həqiqətən də iddiaçıdan 10000 manat almışdır, iddiaçı cavabdehə verdiyi 10000 manatın bir hissəsini qaynı Samiq İmanovdan alıb cavabdehə vermişdir. Şahid qismində dindirilmiş Humay Təhməzova mülki işin nəticəsində maraqlı şəxsdir və anası ilə birlikdə hərəkət edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. Cavabdehin nümayəndəsi-vəkili ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

20. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

21. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

28. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

29. Göründüyü kimi iddiaçının oğlu cavabdehin qızını qaçırmış və başlanılmış cinayət işi çərçivəsində iddiaçı oğlu barəsində verilmiş şikayətin geri götürülməsi üçün 10000 manat pul vermişdir.

30. Hazırki tələbində iddiaçı həmin pulu cavabdehə verdiyini bildirərək, şikayət geri götürülmədiyi üçün pulun geri qaytarılmasını xahiş etmişdir.

31. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş cavabdehin qızı Humay Təhməzova göstərmişdir ki, 10000 manat olan pul məbləği onun məhkəməyə mənəvi zərərin ödənilməsinə dair iddia verilməməsi üçün X3 dayısı Samiq tərəfindən onun vəkili Ənnağı müəllimə ödənmiş, Ənnağı məllim isə pul məbləğinin ona çatdırılması üçün anası Tamam xanıma vermişdir. Həmin pul ona çatdırılmışdır və pulu ona hazırki mülki iş üzrə iddiaçı deyil, ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi üçün verilmişdir.

32. Göründüyü kimi cavabdehin qızı Humay Təhməzova hazırki mübahisə predmeti olan pul məbləğinin anası tərəfindən ona çatdırıldığını bildirmişdir.

33. Belə olan halda məhkəmə də hazırki iddianın tələbə cavab verməli olmayan şəxsə qarşı qaldırıldığı nəticəyə gəlmişdir.

34. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir.

35. İddiaçının hazırda tələb etdiyi 10000 manat məbləğində pul nəticə etibarı ilə Humay Təhməzovaya çatdırıldığı (özünün etirafı) üçün hazırki tələb üzrə cavab verməli olan şəxs Humay Təhməzova olduğundan, iddiaçı həmin pulun ona geri qaytarılmasını müvafiq olaraq Humay Təhməzovadan tələb edə bilər.

36. Həmçinin nəzərə alınmalıdır ki, 10000 manat pul Humay Təhməzovanın zərər çəkmiş şəxs olduğu cinayət işi üzrə razılıq əldə olunması məqsədilə verilmişdir və nəzərdə tutulan razılıq da məhz Humay Təhməzovanın iradəsinə bağlı olmuşdur. Hazırda, nə qədər ki, Humay Təhməzova həmin pulu aldığını etiraf edir, deməli həmin pulla bağlı qaldırılmış iddiaya da məhz o, cavab verməlidir.

37. İddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3881/2023 nömrəli iş üzrə 15 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar