Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1270/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri X3 və X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(009)-834/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********9 saylı əmrinin etibarsız hesab olunması, cavabdehlə bağlanmış əmək müqaviləsinin bərpa olunması və işlədiyi müddət üçün əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(009)-834/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Əmək və ƏSMN yanında DT SE və RXnin Respublika Əlillərin Bərpa - Mərkəzinin Tibbi -Sosial Reabilitasiya Şöbəsində 06.02 2001-ci ildən qüsursuz olaraq baş həkimlə münasibətləri pozulana kimi, son iş gününə kimi qusursuz işləmişdir. Həmişə rəhbərliyin və kollektivin hörmətini qazanmışdır, təltiflərlə mükafatlandırılmış, müalicə olunan daimi əlil xəstələr arasında böyük hörmət qazanmışdır. Onun işgüzarlığı nəzərə alınaraq 0,5 ştat vahidi palata üzrə tibb bacısı vəzifəsindən 1,0 vahidi tibb bacısı vəzifəsinə irəli çəkilmişdir. Belə ki, çalışdığı tibb müəsisəsinə Ləman Mürsaqulova (hazırda tutduğu vəzifədən nöqsanlarına əsasən azad olunub) baş həkim təyin olunduqdan sonra onunla münasibətləri əmək haqqından qanunsuz pul tələb etməsi, qanunsuz hərəkətdən razılaşmaması, barəsində aidiyyəti orqanlara şikayət etməsi səbəb olmuşdur. Bundan sonra, Ləman Mürsaqulova onun pul toplamaq göstərişlərini müəssisədə icra edən baş tibb bacısı Gülşən Nağıyevanın təşkilatçılığı ilə müəsisədə ona qarşı qarayaxma kompaniyasına başlamışdır. Bundan sonra ona töhmət verdirilmişdir. O, həmin töhmət barədə yalnız işdən qovulduqda məlumat almışdır. Bu barədə ona heç kəs heçnə deməmişdir. Baş həkim, Ləman Mürsaqulova da ondan sonra işdə yol verdiyi nöqsanlara görə işdən qovulmuşdur. Məhkəmə bu halları araşdırmamış və hüquqi qiymət verməmişdir. Məhkəmə yalnız barəsində verilmiş töhmətə və sonradan təşkil olunmuş kompanıya ilə tərtib olunmuş ərizəyə əsaslanaraq qanunsuz və əsasız qətnamə qəbul etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı əlilliyi olan şəxslərə vurulmalı olan iynələri və dərmanları daha ucuz qiymətə olanlarla dəyişdirirdi. Bu barədə həkimin və digər şəxslərin izahatları vardır. Bundan başqa, həkimlərin də ondan narazılığı var idi, heç bir həkim iddiaçı ilə xəstəyə baxmağa getmək istəmirdi. Ona görə də rayon məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 oğlu da apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında xəbərdar edilmiş İddiaçı ərizə ilə müraciət edərək hazırda uşağının ağır xəstə olduğuna görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin müraciətində göstərdiyinə dair ərizəsinə sübut əlavə edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Respublika X5 Tibbi-Sosial Reabilitasiya şöbəsinda palata üzrə tibb bacısı vəzifəsində çalışan İddiaçı əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin xx xxxxxxx 2019-cu il tarixli, **********6 saylı əmri ilə töhmət verilməsinə baxmayaraq, o, verilmiş intizam tənbeh tədbirindən heç bir nəticə çıxarmamış, nizam-intizam qaydalarını pozmağa, iş fəaliyyətində ciddi nöqsanlar buraxmağa davam etmişdir ki, bu da Respublika Əlillərin Bərpa Mərkəzində işləyən həkim-fizioterapevt Sevil Məmmədova, həkim-teropevt Arifə Bağırova, baş tibb bacısı Gülşən Nağıyeva tərəfindən Respublika X5 baş həkiminə ünvanlanmış ərizələrdə öz əksini tapmışdır. Bununla əlaqədar olaraq, İddiaçı tərəfindən əmək funksiyalarının icrasında nöqsanlara yol verildiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X2 Komitəsinə müraciət olunmuş və sonuncu özünün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramovaya ünvanlanmış 23 saylı, xx.xx.2019-cu il tarixli məktubunda Respublika X5 Tibbi-Sosial Reabilitasiya şöbəsinda palata üzrə tibb bacısı vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı ilə əmək müqaviləsinin xitam edilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d)dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 186.3-cü maddəsinə əsasən bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmuşdur. Əvvəla ona görə ki, iddiaçının göstərdiyi dəlillər iş materialları ilə hər hansı bir formada təsdiq edilmir. Cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkardır. İddiaçı onun qanunsuz və əsassız olaraq işdən çıxarıldığına dair istər birinci, istərsə də apellyasiya instansiya məhkəməsinə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də istinad etdiyi halları sübuta yetirəcək hər hansı bir mötəbər dəlil göstərməmişdir. Əksinə cavabdeh tərəfindən təqdim edilən, əmək vəzifələrinin kobud pozulmasını təsdiq edən sübutları ümumiyyətlə təkzib etməmişdir. Belə ki, iddiaçı xəstələrin iynələrini və dərmanlarını vaxtında vurmadığına və vermədiyinə, eləcə də xəstələrə verilən bahalı dərmanları götürüb, yerinə ucuz dərmanlar vurmasına dair hallara şikayətində ümumiyyətlə münasibət bildirməmişdir. Göründüyü kimi, məhz iddiaçı əmək funksiyasının yerinə yetirilməsi ilə əlaqədar Əmək Məcəlləsinin bir sıra müddəalarına riayət etməli olduğu halda bunu etməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş və mülki işin materiallarına əlavə edilmiş sübutlar iddiaçı tərəfindən əmək funksiyalarının yerinə yetirmədiyni və vəzifə borcunu kobud şəkildə pozduğunu bilavasitə təsdiq edir. Həmin halları təkzib edən sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İkincisi, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işəgötürən tərəfindən həmkarlar ittifaqı üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməlidir. Həmin əsasla əmək müqaviləsini ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Çünki, bu əsasla işçinin əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatının razılığının alınması qanunvericiliyin imperativ tələbidir. İşdən də göründüyü kimi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Bakı şəhəri üzrə X2 Komitəsi iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən qabaqcadan razılığını vermişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirdiyi hissədə nəticə etibarı ilə düzgün olduğundan yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(009)- 834/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1270/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1270/2021
01.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver