Məhkəmə qərarları › İş №2(103)-1271/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1271/2022

05.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1271/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair 2(011)-2645/2019 saylı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 18 iyun 2006-cı il tarixli 105 saylı müqaviləyə əsasən, satıcı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935A ünvanında tikiləcək yeni hündürmərtəbəli binanın 2-ci blokunda 3-cü və 4-cü mərtəbələrdə yerləşən, sahələri 57,47 kv.metr olan 2 ədəd 1 otaqlı mənzilləri alıcıya təhvil verməyi, alıcı həmin mənzilləri qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Mənzillərin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir.

2. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2006-cı il tarixli müqaviləyə əsasən, satıcı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935A ünvanında tikiləcək yaşayış binasının 2-ci blokunda 2-ci mərtəbədə yerləşən, sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzili alıcıya təhvil verməyi, alıcı həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən həmin mənzilin dəyəri tam ödənilmişdir.

3. "xxxx" MMC-nin direktoru Kazım-zadə Kazım Ələsgər oğlu dələduzluq edib həmin yaşayış binasında eyni mənzilləri bir neçə şəxsə satdığına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu səbəbdən yaşayış binasının tikintisinin tamamlanması Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-yə həvalə edilmişdir.

4. xx.xx.2013-cü ildə "xxxx" MMC "xxxx" MMC ilə İddiaçı arasında olan 105 saylı, xx.xx.2006-cı il tarixli müqavilədən İqbal Cəfərova keçid müqaviləsi” adlanan müqavilə əsasında Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 29/35 A ünvanında yerləşən 12 mərtəbəli yaşayış evinin 2-ci blok, 3-cü mərtəbəsində ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzil X1.

5. İddiaçı cavabdehlər "xxxx" MMC və X3 qarşı xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935A ünvanında tikiləcək yeni hündürmərtəbəli binanın 2-ci blok, 3-cü və 4-cü mərtəbələrində sahələri 57,47 kv.metr olan 2 ədəd 1 otaqlı mənzillərin ona təhvil verilməsi və həmin mənzillərə dair istifadə hüququnun tanınması barədə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" Şirkətinə (MMC-yə) və X3 qarşı müqavilənin etibarsız hesab edilməsi, müqavilə üzrə əldə edilmiş daşınmaz əmlakların təhvil verilməsi və mənzillərə istifadə hüquqlarının tanınması tələbinə dair iddiası təmin edilərək cavabdehlər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri Gəncə prospekti, 2935 “A” ünvanında yerləşən yaşayış binasının 2-ci blok 3-cü mərtəbəsində olan 1 otaqlı 101 saylı mənzilinin və 2-ci blok 4-cü mərtəbələrindəki ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzilinin iddiaçıya təhvil verilməsi və həmin mənzillərə dair iddiaçının istifadə hüquqlarının tanınması qət edilmişdir.

7. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 30 mart 2015-ci il tarixli aktdan görünür ki, İddiaçı təhvil verilməli olan mənzillərdə başqa şəxslər yaşadığından və onların mənzildən çıxarılması barədə məhkəmə qərarı olmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə əlaqədar verilmiş icra sənədinin icrası mümkün olmamışdır.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935 “A” saylı evin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 57,47 kvadrat metr olan 1 otaqlı mənzildən çıxarılması, mənzilin özünün sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehə verilmiş mənzil binanın ikinci mərtəbəsində, ona verilmiş mənzil isə üçüncü mərtəbədə yerləşdiyi halda, cavabdeh mərtəbələri səhv salaraq ona məxsus olan mənzildə məskunlaşmışdır. İddiaçı həmin binanın üçüncü və dördüncü mərtəbələrində yerləşən iki mənzili almış, dördüncü mərtəbədə yerləşən mənzil MTK tərəfindən qanunsuz olaraq İqbal Cəfərov adlı şəxsə satıldığına görə o həmin müqavilənin etibarsız hesab edilməsi, hər iki mənzilin MTK tərəfindən ona təhvil verilməsi və mənzillər üzərində istifadə hüququnun tanınmasını xahiş etmiş, onun iddiası təmin edilmişdir. Sonradan dördüncü mərtəbədə yerləşən mənzili başqa şəxsə satmış, üçüncü mərtəbədə yerləşən mənzilə isə mütəmadi baş çəkmişdir. 2018-ci ilin fevral ayında Cavabdeh onun mənzildə olmamasından istifadə edərək üçüncü mərtəbədə yerləşən mənzilin qıfılını sındıraraq mənzilə daxil olmuş və orada məskunlaşmışdır. Cavabdehdən mənzili boşaltmağı tələb etsə də, nəticəsi olmamışdır.

10. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının ona məxsus mənzilə heç bir aidiyyatı yoxdur. Onun mənzili binanın 2-ci yaşayış mərtəbəsində yerləşir, onun nömrəsi 94-dür. Binanın birinci iki mərtəbəsi qeyri-yaşayış mərtəbələridir, binanın ümumi 3-cü mərtəbəsi birinci yaşayış mərtəbəsidir. Beləliklə, yaşayış mərtəbələri binanın ümumi 3-cü mərtəbəsindən başlanır. Onun mənzili binanın ümumi 4-cü mərtəbəsində, yəni 2-ci yaşayış mərtəbəsindədir. İddiaçının mənzili isə onun mənzilindən bir mərtəbə yuxarı, yəni binanın ümumi 5-ci mərtəbəsində yerləşir və həmin mənzilin nömrəsi 101-dir. Onunla bağlanmış müqavilədən də görünür ki, onun mənzili binanın 2-ci mərtəbəsindədir. İddiaçı ilə bağlanmış müqaviləyə əsasən ona məxsus mənzil binanın 3-cü mərtəbəsindədir. Beləliklə, onun 94 saylı mənzili və Məlikovanın 101 saylı mənzili eyni mənzil deyil, ayrı-ayrı mənzillərdir.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli 2(011)-2645/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935 “A” saylı evin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 57,47 kvadrat metr olan 1 otaqlı mənzilindən çıxarılması və həmin mənzilin iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması qət edilmişdir. (hakim Sərdar Mehrəliyev)

12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935A ünvanında tikiləcək yeni hündürmərtəbəli binanın 2-ci blokunun 3-cü və 4-cü mərtəbələrində sahələri 57,47 kv.metr olan 2 ədəd 1 otaqlı mənzillərin alqı-satqısına dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli 105 saylı müqavilənin bağlanması, mənzillərin müqavilə ilə nəzərdə tutulmuş qiymətinin alıcı tərəfindən tam olaraq ödənilməsi, Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-1342/2016 saylı mülki iş üzrə təqdim olunmuş ekspert rəyi ilə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935A ünvanında inşa olunan yaşayış binasında binanın layihəsinə və mövcud vəziyyətinə əsasən yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzillərin binanın 2 qeyri-yaşayış mərtəbəsinin üzərindən başladığının müəyyən edilməsi, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli 179 saylı müqavilə əsasında alıcıya verilməsi nəzərdə tutulan mənzilin 2-ci mərtəbədə yerləşməsi, bununla da, cavabdeh tərəfindən iddiaçıya məxsus mənzilin qanunsuz və əsassız olaraq zəbt edilməsi müəyyən olunmuşdur.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8, 521-ci, Mülki Prosessual Məcəllənin 2.1, 4.1, 14.2, 77.1, 78.1, 80, 81, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli 2(103)- 323/2020 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli 2(011)- 2645/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Şərafət Məmmədova) Kassasiya instansiyası məhkəməsində birinci icraat

16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 2(102)- 363/21 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. (hakimlər – İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov)

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 may 2021-ci il tarixli 2(103)- 4005/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli 2(011)-2645/2019 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı Cavabdeh qarşı cavabdehin mənzildən çıxarılması, mənzilin özünün sahibliyinə və istifadəsinə qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov)

Kassasiya instansiya məhkəməsindəki ikinci icraat

19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5330/2021 nömrəli iş üzrə 11 noyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4005/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. (hakimlər Ələsgər Əliyev sədrlik edən və məruzəçi, Mehparə Əhmədova və İsmayıl Xəlilov)

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

21. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ona məxsus mənzilə heç bir aidiyyatı yoxdur. Onun mənzili binanın 2-ci yaşayış mərtəbəsində yerləşir, onun nömrəsi 94-dür. Binanın birinci iki mərtəbəsi qeyri-yaşayış mərtəbələridir, binanın ümumi 3-cü mərtəbəsi birinci yaşayış mərtəbəsidir. Beləliklə, yaşayış mərtəbələri binanın ümumi 3-cü mərtəbəsindən başlanır. Onun mənzili binanın ümumi 4-cü mərtəbəsində, yəni 2-ci yaşayış mərtəbəsindədir. İddiaçı mənzili isə onun mənzilindən bir mərtəbə yuxarı, yəni binanın ümumi 5-ci mərtəbəsində yerləşir və həmin mənzilin nömrəsi 101-dir. Onunla bağlanmış müqavilədən də görünür ki, onun mənzili binanın 2-ci mərtəbəsindədir. İddiaçı ilə bağlanmış müqaviləyə əsasən ona məxsus mənzil binanın 3-cü mərtəbəsindədir. Beləliklə, onun 94 saylı mənzili və İddiaçı 101 saylı mənzili eyni mənzil deyil, ayrı-ayrı mənzillərdir. Onu da məlumat üçün bildirir ki, İddiaçı ona binanın 4-cü yaşayış mərtəbəsində (faktiki olaraq binanın ümumi 6-cı mərtəbəsində) məxsus olmuş mənzili başqa şəxsə satmışdır. Birinci instansiya məhkəməsi heç bir əsas olmadan nəzərə almamışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2013-cü il tarixli 2(011)-4102/2013 saylı qətnaməsi ilə İddiaçı "xxxx" Şirkətinə qarşı onların binalarında 101 saylı mənzilə və onun üzərindəki mənzilə mülkiyyət hüququnun tanınması barəsində iddiası təmin edilməmişdir. Hakim bu qətnamənin surətini işə əlavə etmək üçün iddiaçıdan tələb etməmişdir. Məhkəmə həmçinin onu da nəzərə almamışdır ki, 27 dekabr 2012-ci il tarixdə Məlikova ilə "xxxx" Şirkəti arasında barışıq sazişi bağlanmışdır. Həmin sazişin şərtlərinə əsasən şirkət Məlikovaya 34000 manat ödəməni yerinə yetirdiyi halda, iddiaçı (Məlikova) şirkətə (cavabdehə) qarşı 2 mənzilə sahiblik hüququ barədə iddiadan imtina etmişdir. Qeyd olunan sazişin mətnində əlavə olaraq qeyd olunmuşdur ki, göstərilən məbləğdən əlavə 4000 manat pul Məlikovaya ödənilmişdir. Birinci instansiya məhkəməsi həmin sazişlə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3966/2012 saylı iş üzrə məhkəmə aktlarını də əsassız olaraq tələb etməmişdir. Xüsusən bildirir ki, o, özünə məxsus 94 saylı mənzil Mülki Məcəllənin həmin dövrdə qüvvədə olmuş redaksiyada 178.8-ci maddəsinə əsasən mülkiyyət hüququnu əldə etmişdir

Apellyasiya şikayətinə qarşı etiraz

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

24. Cavabdeh ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Yuxarıda qeyd olunanlar əsasən, mübahisəli mənzilin maraqlarına toxunulan şəxsin mülkiyyətində və sahibliyində olunması müəyyən edilmişdir; bu isə o deməkdir ki, mülkiyyətçi sahib olduğu əmlaka dair sərbəst şəkildə sərəncam verə bilər və həmin əmlakdan istifadə edə bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı apellyasiya şikayətində cavabdeh qətnamənin ləğv edilib, iddianın rədd edilməsini xahiş etdiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.

28. İş materiallarından görünür ki, İddiaçı "xxxx" MMC ilə bağladığı 18 iyun 2006-cı il tarixli 105 saylı müqaviləyə əsasən, MMC tərəfindən Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935A ünvanında tikiləcək yeni hündürmərtəbəli binanın 2-ci blokunda 3-cü və 4cü mərtəbələrdə yerləşən, sahələri 57,47 kv.metr olan 2 ədəd 1 otaqlı mənzil, Cavabdeh isə həmin MMC ilə bağlanmış 14 noyabr 2006-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935A ünvanında tikiləcək yaşayış binasının 2-ci blokunda 2-ci mərtəbədə yerləşən, sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzil təhvil verilməlidir. İddiaçı izahatından görünür ki, həmin binanın 4-cü mərtəbəsində yerləşən mənzili o başqa şəxsə satmış, hal-hazırda mübahisə 3-cü mərtəbədə yerləşən mənzillə bağlı yaranmışdır. Mübahisənin yaranma səbəbi mənzillərin yerləşdiyi mərtəbələrin layihəyə uyğun olmaması ilə bağlıdır. Bununla bağlı iş materiallarında ekspert rəyləri vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ekspert rəyi ilə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935A ünvanında inşa olunan yaşayış binasında binanın layihəsinə və mövcud vəziyyətinə əsasən yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzillərin binanın 2 qeyri-yaşayış mərtəbəsinin üzərindən başladığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 yanvar 2020-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935 “A” ünvanında yerləşən mövcud binaya dair "xxxx" MMC-nin adına tərtib olunmuş layihəyə əsasən binanın yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzillər binanın 2 qeyri-yaşayış mərtəbəsinin üzərindən (+0.000 səviyyəsindən) başlayaraq yerləşir. Layihəyə əsasən iddiaçıya məxsus Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935 “A” saylı evin, 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 57,47 kvadrat metr olan 1 otaqlı mənzilin, hal-hazırda cavabdehin faktiki yaşadığı mənzil olduğu müəyyən edilmişdir. Layihəyə əsasən iddiaçıya məxsus mənzil Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935 “A” saylı evin 2-ci blok 3-cü mərtəbəsində, cavabdehə məxsus mənzil isə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935 “A” saylı evin 2-ci blok 2-ci mərtəbəsində yerləşir. Mülki işə təkrar apellyasiya icraatı zamanı baxılarkən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsinin iştirakı ilə mübahisəli mənzilə yerində baxış keçirilmişdir. Yerində baxış zamanı müəyyən edilmişdir ki, binanın layihəsində iki qeyri-yaşayış sahəsi və 12 yaşayış mərtəbəsi nəzərdə tutulduğundan binanı tikən şirkət 3-cü qeyri-yaşayış mərtəbəsinin bir hissəsini yaşayış mərtəbəsi edərək mənzillərə bölmüş və həmin mərtəbə 1A mərtəbəsi adlandırılmışdır. Yuxarıda əlavə tikilmiş 2 yaşayış mərtəbəsi isə 12A və 12B mərtəbələri adlandırılmışdır. Binanın yaşayış sahələri faktiki olaraq 4-cü mərtəbədən başlayır. Belə ki, 3-cü mərtəbə qeyri-yaşayış sahəsi kimi tikilsə də, onun bir hissəsi yaşayış sahəsi kimi mənzillərə bölünərək satılmışdır. Qeyri-yaşayış sahəsinin 3-cü mərtəbəsinin bir hissəsi mənzillərə bölündüyündən və 1-ci mərtəbədən 12-ci mərtəbəyə kimi mənzillər artıq satılıdığından həmin mərtəbə 1A mərtəbəsi adlandırılaraq satılmışdır. Binaya kənardan baxdıqda cavabdehin yaşadığı mənzilin binanın qeyri-yaşayış sahələrindən yuxarıda ikinci mərtəbədə yerləşdiyi görünür. Yerində baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil təmir olunmuşdur, həmin mənzildə Cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh həmin mənzildə yaşaması binanı idarə edən “Xətai-6” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 08 may 2019-cu il tarixli arayışı ilə də təsdiq olunur. Cavabdeh yaşadığı çoxmənzilli binanın idarə edilməsi ilə bağlı edən “Xətai-6” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti ilə 18 noyabr 2017-ci il tarixli müqavilə imzalamışdır. “Xətai-6” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən verilmiş 05 avqust 2019-cu il tarixli A-17/2019 saylı arayışdan görünür ki, Cavabdeh yaşadığı mənzil 94 saylı olmaqla binanın ikinci mərtəbəsində, İddiaçı məxsus mənzil isə 101 saylı olmaqla binanın üçüncü mərtəbəsində yerləşir. Cavabdeh yaşadığı mənzilin aşağısında 1-ci mərtəbədə X2 məxsus 87 saylı mənzil, ondan aşağı 1A saylı mərtəbədə isə X4 məxsus 87A saylı mənzil yerləşir. Binanın 8-ci mərtəbəsində Abbasov X5 məxsus 136 saylı mənzil vardır. X10 məxsus mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarış və texniki pasport verilmişdir. Mənzilin texniki pasportunda da mənzilin 8-ci mərtəbədə yerləşməsi qeyd olunmuşdur. Yerində baxış zamanı mənzillərin “Xətai-6” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən verilmiş 05 avqust 2019-cu il tarixli A-17/2019 saylı arayışda qeyd olunan mərtəbələrdə yerləşməsi müəyyən olunmuşdur. İş materiallarında olan ekspert rəyləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin rəylər mənzilin eskiz layihəsinə uyğun verilsə də, mənzillərin faktiki yerləşmə vəziyyətini əks etdirmir. Buna görə də kollegiya həmin ekspert rəylərini iddia tələbinin əsası kimi istinad edilən halı təsdiq edən sübut kimi qəbul etmir. Göründüyü kimi, tərəflər arasında mübahisə məhz tikinti şirkətinin layihədən kənara çıxması nəticəsində yaranmışdır. Qüvvədə olan məhkəmə qətnaməsinə əsasən, "xxxx" Şirkəti Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935A ünvanında tikiləcək yaşayış binasının 2-ci blokunda 2-ci mərtəbədə yerləşən, sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzili İddiaçı təhvil vermək öhdəliyi daşıyır və bu öhdəliyi icra etməyə borcludur. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ona təhvil verilməli olan mənzilin məhz Cavabdeh yaşadığı mənzil olmasını sübut edə bilmədiyinə görə iddia tələbi əsassızdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli 2(011)-2645/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma, mənzilin iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş 5 manat pul iddiaçıdan alınıb cavabdehə ödənilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar