Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1272/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X3, Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5035/23 saylı iş üzrə 05 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Sabunçu rayon, Zabrat qəsəbəsi, İstixana kombinatı, ev 35, 9 saylı mənzil (bundan sonra - mübahisəli mənzil) cavabdehin atası X4 istifadəsinə order əsasında verilmişdir. X10 xx.xx.2005-ci il tarixdə vəfat etdikdən sonra həmin evdə oğlu X8, qızı Cavabdeh və arvadı X5 yaşamışdır. 2005-ci ildə X8 ilə İddiaçı rəsmi nikaha girərək həmin evdə yaşamamağa başlamışlar. İddiaçı qeyd edilən mənzilə 2008-ci il tarixdə rəsmi qeydiyyata düşmüşdür. 2012-ci il tarixdə Elnur Rəhimov və İddiaçı arasındakı nikah pozulmuş və iddiaçı həmin mənzili tərk etmişdir. Nikah pozularkən uşaqlardan biri atanın, digəri isə ananın yanında saxlanılmışdır.
2. X8 xx.xx.2020-ci ildə, X6 isə xx.xx.2023-cü il tarixdə ölmüşdür.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2006-cı il təvəllüdlü qızı X9 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, nikah pozulduqdan sonra həmin evdə aralarında mübahisələr olmuş və nəticədə onları evdən çıxarmışlar. Təxminən 2016cı ildə onlar barışmışlar, həmin mənzildə 1 ilə yaxın müddətdə yaşamışlar. Sonradan həmin mənzildə yenidən mübahisələr başlamış və yenidən onlar ayrılmışlar. Yenidən onlara həmin ünvanda yaşamağa imkan verilmədiyi üçün onlar başqa mənzildə müvəqqəti məskunlaşmışlar. Hazırda yaşamağa yeri yoxdur. Bu günə qədər həyat yoldaşının bacısı olan cavabdeh onlar həmin evdə yaşamağa imkan verməyib. Evsizdir və yaşamağa yeri yoxdur. O və (qanun üzrə nümayəndə olduğu) xx.xx.2006-cı il təvəllüdlü qızı X1 mənzildə qeydiyyatdadırlar. Odur ki, həmin mənzilə məhkəmə qaydasında köçürülməyinə zərurət meydana gəlmişdir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-5035/23 saylı iş üzrə 05 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli) iddia rədd edilmişdir.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı sözügedən mənzildə 2008-ci il tarixdən rəsmi qeydiyyatda olsa da o 2012-ci il tarixdə tərəflər arasında bağlanmış nikah pozulduğu tarixdən də əvvəl sözügedən mənzili tərk edərək başqa ünvanda 10 ildən çox müddətdə yaşamışdır. Hazırda iddiaçını sözügedən mənzilə köçməsinə əsas olan biləcək hər hansı bir hal olmadığından iddia tələbi rədd edilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2, 228.5-ci, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı verilmiş etirazda apellyasiya şikayətinin rədd olunması və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı və nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
12. Cavabdeh və nümayəndəsi (vəkili) isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
14. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunu
15. Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı həmin apellyasiya şikayətinə münasibətdə tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, maddi hüquq normaları düzgün tətbiq olunmadığından apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır.
19. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
20. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli mənzil iddiaçının qaynatası X7 342 nömrəli order əsasında verilmiş, sonuncunun mənzil üzərində xüsusi mülkiyyət hüququ rəsmi reyestrdə qeydə alınmamışdır. İddiaçı icarədarın oğlu mərhum Elnur Rəhimovla 2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin vaxtdan mübahisəli mənzildə yaşamış və xx.xx.2008-ci il tarixdə həmin mənzilə qeydiyyata düşmüşdür. 2012-ci il tarixdə tərəflər arasında bağlanmış nikah pozulmuş, iddiaçı həmin mənzili tərk etmiş, başqa ünvanda 10 ildən çox müddətdə yaşamışdır. Mübahisəli mənzil əvvəllər olduğu kimi hazırda da dövlət mənzil fondunun balansındadır.
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etsə də həmin hallara uyğun gələn maddi hüquq normalarını deyil, Mülki Məcəllənin 228.2, 228.5-ci maddələrini tətbiq etməklə səhvə yol vermişdir.
22. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı icarədarın oğlu mərhum Elnur Rəhimovla 2006-cı ildə rəsmi nikaha daxil olmuş və həmin vaxtdan mübahisəli mənzildə yaşamışdır. Yəni, mübahisəli hüquq münasibəti 2006-cı ildə yaranmışdır.
23. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
24. 2009-cu il oktyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideyinləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
25. Həmin Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birdikdə yaşayan ailə üzvlərinin razılığı ilə arvadını (ərini), uşaqlarını, valideyinlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi- büluğa çatmayan uşaqların öz valideyinlərinin yanına köçürülmüsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən orada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
26. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ailə üzvü kimi mübahisəli mənzilə köçüb yaşasa və sonradan qeydiyyata alınsa da, 2012-ci ildə mərhum Elnur Rəhimovla nikahı pozulduqdan sonra mənzili tərk etmiş və bir daha geri qayıtmamışdır. İddiaçı 2016-cı ildə keçmiş əri ilə barşdığını və bundan sonra daha bir ildə mübahisəli mənzildə yaşadığını, lakin cavabdeh tərəfindən orada yaşamağına maneçilik törədildiyindən mənzili tərk etdiyini göstərsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir.
27. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
28. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
29. Kollegiya hesab edir ki, iddiaçı 2012-ci ildə mübahisəli mənzili tərk etdikdən sonra daimi yaşamaq üçün başqa ünvana köçüb getmiş və mübahisəli mənzillə əlaqəsini (bağını) kəsmişdir. İddiaçı könüllü olaraq daimi yaşamaq üçün başqa ünvana getdiyi üçün mübahisəli mənzildən istifadə hüququnu itirmişdir. O, cavabdeh tərəfindən mənzilə buraxılmaması barədə bildirsə də bunu sübut edə bilməmişdir. İşdən göründüyü kimi, iddiaçı keçən 10 il ərzində mənzilə köçürülmə barədə məhkəmədə iddia qaldırmamışdır.
30. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» iş üzrə ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir.
31. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddianın əsaslılığı ilə bağlı hissədə əsassız sayır və hesab edir ki, həmin dəlillər iddianın təmin olunması üçün əsas ola bilməz. Lakin maddi hüquq normaları düzgün tətbiq olunmadığından Məhkəmə kollegiyası qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını düzgün sayır.
32. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386).
33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 385.1.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.