Məhkəmə qərarları › İş №2(103)-1274/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1274/2020

16.01.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1274/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Elşən Cələddin oğlu Kazımov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, Ərizəçi X1, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin nümayəndəsi X2 iştirakı ilə Ərizəçi X1 maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(001)- 74779/2019 saylı qətnaməsi ilə ərizə təmin edilərək, Ərizəçi xx.xx.1980-xx.xx.1993-cü il tarixdə (xx.xx.1984-xx.xx.1986-ci il tarixlərində həqiqi hərbi xidmət dövrü nəzərə alınmaqla) Kəlbəcər rayonu, 31 saylı Yol-İstismar İdarəsində bulldozer sürücüsü köməkçisi və sürücü vəzifələrində işləyərək əmək stajına malik olması faktının müəyyən edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Ərizəçi X3 maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, ərizəçi X3 xx.xx.1980-ci il tarixdən Kəlbəcər rayonu, 31 saylı Yol-İstismar İdarəsində bulldozer sürücüsünün köməkçisi kimi işlə təmin olunmuş və xx.xx.1980-ci il tarixdən sürücü kimi fəaliyyətini davam etdirmişdir. xx.xx.1984-cu il tarixdən xx.xx.1986-ci il tarixinə qədər həqiqi hərbi xidmətdə olmuş və sonra yenidən həmin idarədə xx.xx.1993-cü ilə qədər sürücü vəzifəsində çalışmışdır. Məlum hadisələrlə bağlı 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşmüş və ona hüquq müəyyənedici sənədləri orda qalmışdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon Şöbəsinə əmək pensiyası təyin edilməsi barədə müraciət etsə də, şöbə tərəfindən verilmiş cavabla əmək kitabçası olmadığı üçün həmin illərə görə pensiya hesablanması mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü ilə qədər Kəlbəcər rayonu, 31 saylı Yol-İstismar İdarəsində bulldozer sürücüsü köməkçisi və sürücü kimi işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən ərizə yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2019-cuil tarixli qətnaməsindən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon Şöbəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış və işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin, şikayətlə razılaşmayaraq rədd olunasını xahiş edən ərizəçinin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMF yanında DSMF Binəqədi rayon şöbəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Ərizəçinin xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü ilə qədər Kəlbəcər rayonu, 31 saylı Yol-İstismar İdarəsində bulldozer sürücüsü köməkçisi və sürücü vəzifələrində işləməsini təsdiq edən sənədi (əmək kitabçasını) şöbəyə təqdim edilmədiyindən əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İş materiallarında olan Azəriittifaq Bakı Biznes və Kooperasiya kolleci tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 112 nömrəli arayışdan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün Ərizəçi həqiqətən Bakı “Gənc Kooperator” Tədris-Ticarət birliyinin Bakı Biznes və Kooperasiya Kollecinin 2 nömrəli yataqxanasında (Azadlıq pr 161A, otaq 407) ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş hərbi biletin surətindən görünür ki, X4 xx.xx.1984-cü il tarixdə Kəlbəcər rayon hərbi komissarlığından hərbi xidmətə çağrılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X5 ərizəçinin xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü ilə qədər Kəlbəcər rayonu, 31 saylı Yol-İstismar İdarəsində bulldozer sürücüsü köməkçisi və sürücü vəzifələrində işləməsini təsdiq etmişdir. Həmçinin M.Gülməmmədov özünə aid əmək kitabçasını məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2 və 307.2.5-ci maddələrinə görə, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə uyğun olaraq məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 13.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.4-cü bəndinə əsasənƏmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. İşin hallarından müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1980-xx.xx.1993-cü il (xx.xx.1984xx.xx.1986-ci il tarixlərində həqiqi hərbi xidmət dövrü nəzərə alınmaqla) tarixdə Kəlbəcər rayonu, 31 saylı Yol-İstismar İdarəsində bulldozer sürücüsü köməkçisi və sürücü vəzifələrində işləmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi xx.xx.1980-xx.xx.1993-cü il (xx.xx.1984xx.xx.1986-ci il tarixlərində həqiqi hərbi xidmət dövrü nəzərə alınmaqla) tarixdə Kəlbəcər rayonu, 31 saylı Yol-İstismar İdarəsində bulldozer sürücüsü köməkçisi və sürücü vəzifələrində işləməsi faktını müəyyən etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar