Məhkəmə qərarları › İş №2(103)-1274/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1274/2025

25.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1274/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhəri 268 nömrəli Xüsusi Təhsil Cavabdehə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və sair tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 noyabr 2024-cü il tarixli qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri üzrə Təhsil İdarəsinin verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X6 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla Cavabdeh arasında bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə Cavabdeh üzrə verilmiş xx.xx.2024-ci il tarixli əmrin ləğv edilməsi, onun əvvəlki işinə - həmin Cavabdeh ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi buraxdığı iş günlərinə görə əmək haqqının Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh xx.xx.2005-ci il tarixdən xx.xx.2012-ci il tarixədək evdə fərdi təhsil müəllimi, xx.xx.2012-ci il tarixdən isə ibtidai sinif müəllimi vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixli əmrlə təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Halbuki iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunduğu işçilərin dairəsinə daxildir. Belə ki, iddiaçının ailəsi özü də daxil olmaqla 6 nəfərdən ibarətdir. İddiaçının anası X7 və övladı- xx.xx.2001-ci il təvəllüdlü X3 birinci dərəcə müddətsiz əlildirlər. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 77 nömrəli sərəncamına əsasən, iddiaçı övladının qəyyumu təyin edilmişdir. Eyni zamanda iddiaçının anası Simuzər Fərəcova da xx.xx.2019-cu il tarixdən müddətsiz 1-ci qrup əlildir. Bu barədə ona Dövlət Sosial Müdafiə Fondu tərəfindən xx.xx.2019-cu il tarixində 024160 nömrəli əlillik vəsiqəsi də verilmişdir. Lakin iddiaçının himayəsində birinci dərəcə əlilliyi olan şəxslər olduğu halda, onunla bağlanmış “Əmək müqaviləsinə” əsassız olaraq xitam verilmişdir. İddiaçının anasının və övladının daimi qulluğa ehtiyacları var, bu səbəbdən də iddiaçı sertifikasiyaya lazımi səviyyədə hazırlaşa bilməmişdir. Lakin cavabdeh tərəf bunu nəzərə almamışdır. b) iş üzrə tərəflərin mövqeyi barədə məlumat

3. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə baxışı iclasında iştirak edərək, Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa və əsaslarına uyğun izahat vermişdir.

4. Cavabdeh iddiaya etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. İddia tələbi əsassız olduğu üçün rədd edilməlidir.

5. İşə baxmış Rayon Məhkəməsi tərəfindən mübahisə predmeti barəsində müstəqil iddia irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin iddia qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı iki dəfə sertifikasiya imtahanında iştirak etmiş və uğur qazanmamışdır. Bu səbəbdən iddiaçı ilə bağlanmış “Əmək müqaviləsi” qanunun tələbinə uyğun olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. İddia əsassızdır. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi haqqında Cavabdeh üzrə verilmiş xx.xx.2024-cü il tarixli, 268 nömrəli əmrinin ləğv edilməsini, iddiaçının əvvəlki işinə - Cavabdeh ibtidai sinif müəllimi vəzifəsinə işə bərpa edilməsini, iddiaçıya xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının işəgötürən Cavabdeh tərəfindən hesablanmaqla ödənilməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırda iddiaçının işdən çıxarılmasına səbəb olmuş hal (sertifikasiyadan təkrar keçməmə) ilə qoruma altına alınmış hal (öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxs(lər)in olması) arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilmişdir. Belə səbəbli əlaqənin mövcudluğunun sübut edilməməsi halında Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad edilməklə işəgötürənin hüquqlarının məhdudlaşdırılması əmək münasibətlərində bərabər olmayan mühit yaratmış olur. Lakin baxılan iş üzrə iddiaçının sertifikasiyadan təkrar keçə bilməməsinin, əlilliyi müəyyən edilmiş ailə üzvlərinə qulluq etməsi ilə birbaşa bağlılığı vardır. Belə ki, iddiaçının öhdəsində bu kateqoriyaya aid bir deyil, iki şəxsin, onlardan biri – iddiaçının oğlunun başbeynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində dərin ağıl zəifliyi, kobud nitq və davranış pozuntuları diaqnozu ilə qulluq və müalicə tələb edən və kənar şəxsin himayəsinə ehtiyacı olan şəxs olması bu qənaətə gəlməyə əsas verir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi qanunsuz olmuşdur. e) apellyasiya şikayəti barədə məlumat

8. Üçüncü şəxs olan İdarə həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

9. İddiaya etirazın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, sertifikasiya imtahanının keçirilməsində əlilliklə bağlı hər hansı bir güzəşt nəzərdə tutulmamışdır. Rayon Məhkəməsinin qətnaməsi qeyri-obyektiv olmaqla, məhkəmə qərarında göstərilmiş nəticə işin faktiki hallarına uyğun deyildir, işə baxılarkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyindən irəli gələn maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. f) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

10. Üçüncü şəxs olan İdarənin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

11. Apellyasiya baxışında iştirak edən iddiaçı, habelə apellyasiya baxışının əvvəlki iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) şikayətə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər.

12. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olsa da, apellyasiya baxışı iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

13. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, iddiaçının adına olan “Əmək kitabçasından”, Cavabdeh üzrə verilmiş xx.xx.2005-ci il tarixli, 32 saylı və xx.xx.2024-cü il tarixli, 67 saylı əmrindən görünür ki, iddiaçı xx.xx.2005-ci il tarixdən Cavabdeh evdə fərdi təhsil müəllimi vəzifəsinə təyin edilmiş, xx.xx.2012-ci il tarixdən ibtidai sinif müəllimi vəzifəsinə keçirilmişdir. Onunla bağlanmış “Əmək müqaviləsi” xx.xx.2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan keçməməsi səbəbindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir.

16. İddiaçının şəxsi elektron kabinetindən götürülmüş çıxarışdan görünür ki, o, təkrar sertifikasiya ilə bağlı xx.xx.2024-cü il tarixdə keçirmiş imtahanda 27 bal toplamışdır.

17. İşdə olan sənədlərdən görünür ki, iddiaçının ailə tərkibi 5 nəfərdən ibarətdir: anası X7, əri X4, övladları X1, X3 və X5. İddiaçının anası Simuzər Fərəcova və xx.xx.2001-ci il təvəllüdlü övladı Nazim Cəfərquliyev İ qrup əlildirlər.

18. Bakı Şəhəri Nəsimi RİH başçısının 77 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamından görünür ki, iddiaçı, xx.xx.2001-ci il təvəllüdlü övladı Nazim Cəfərquliyevin üzərində qəyyum təyin edilmişdir.

19. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair portaldan çıxarılmış xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, iddiaçının övladı Nazim Cəfərquliyev İ dərəcəli əlildir. Əlillik səbəbi: TSEK-ə göndəriş zamanı diaqnoz XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz F72.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Başbeynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində dərin ağıl zəifliyi. Kobud nitq və davranış pozuntuları. Psixotik daxil olmalarla. Kənar şəxsin himayəsinə ehtiyacı var. Ağırlaşma F02.8* Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya. Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində dərin ağıl zəifliyi. Kobud nitq və davranış pozuntuları. Psixotik daxil olmalarla. Kənar şəxsin himayəsinə ehtiyacı var. Ağırlaşma F06.8 Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozğunluqlar. Baş-beynin üzvi xəstəliyi (travma mənşəli )nəticəsində dərin ağıl zəifliyi. Kobud nitq və davranış pozuntuları. Psixotik daxil olmalarla. Kənar şəxsin himayəsinə ehtiyacı var. Ağırlaşma F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində dərin ağıl zəifliyi. Kobud nitq və davranış pozuntuları. Psixotik daxil olmalarla. Kənar şəxsin himayəsinə ehtiyacı var Ağırlaşma F72.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu., Başbeynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində dərin ağıl zəifliyi. Kobud nitq və davranış pozuntuları. Psixotik daxil olmalarla. Kənar şəxsin himayəsinə ehtiyacı var. Yanaşı xəstəliklər G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları. Yanaşı xəstəliklər F48 Digər neqativ pozğunluqlar.

20. Yuxarıda qeyd edilənlər, o cümlədən iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinin” xx.xx.2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan keçməməsi səbəbindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə ləğv edilməsi iş üzrə tərəflər arasında mübahisə doğurmur. Qeyd edilən əmrin əsaslılığı ilə bağlı isə iş üzrə tərəflərin mövqeyi, işin həlli ilə bağlı Rayon Məhkəməsinin mövqeyi və apellyatorun Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəyə dair mövqeyi yuxarıda göstərilmişdir.

21. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinə görə, Azərbaycan Respublikasında dövlət Cavabdehqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər (bənd 1). “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır (bənd 2).

22. Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

23. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

24. Məcəllənin 79-cu maddəsinin 1-ci bəndinə görə, işəgötürən tərəfindən öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

25. Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

26. Qeyd edilən maddi hüquq normalarının tələblərindən görünür ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2024-cü il tarixli 2(102)-929/2024 nömrəli qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. Bu işçini imtiyazlı edən sağlamlıq imkanı məhdud olan anaya qulluq, onun sosial, tibbi və digər təminat altına alınan hüquqlarının təmin edilməsi ilə bağlı olmalıdır. İşçinin Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydaları”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2024-cü il tarixli qərarında təsbit edilmiş hüququ mövqeyə görə, işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən Əmək Məcəlləsinin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır.

29. İş materiallarından göründüyü kimi, iddiaçının işdən çıxarılmasına səbəb olmuş sertifikasiyadan təkrar keçməmə halı ilə qoruma altına alınmış hal (öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxs(lər)in olması) arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilir. İddiaçının öhdəsində bu kateqoriyaya aid iki şəxs vardır. İddiaçının oğlunun baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində dərin ağıl zəifliyi, kobud nitq və davranış pozuntuları diaqnozu ilə qulluq və müalicə tələb edən və kənar şəxsin himayəsinə ehtiyacı olan şəxs olması müəyyən olunur.

30. Belə olan, himayəsində İ qrup əlil iki ailə üzvü olan iddiaçının həmin ailə üzvlərinə qulluq göstərməsi səbəbindən sertifikasiya ilə bağlı imtahana yüksək qaydada hazırlaşmaq üçün imkanının olmaması ağlabatandır və üzürlü hal kimi qəbul edilməlidir.

31. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının işləmiş olduğu Bakı Şəhəri 268 saylı Cavabdeh xüsusi təhsil ocağı olmaqla orada xüsusi qayğıya ehtiyacı olan, əqli məhdudiyyətli uşaqlar təhsil alırlar, hansı ki iddiaçının himayəsində olan oğlu daha ağır diaqnozlu məhdudiyyətli şəxs olmaqla onun himayəsindədir və belə olan halda analoji sağlamlıq pozuntulu uşağı olan valideyn olaraq və təqdim edilmiş sertifikatlara əsasən müvafiq sahə üzrə təlimlərdə iştirak edərək kifayət qədər ixtisasa yiyələnməklə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla rəftar etmə və öyrətmə qabiliyyəti şübhə doğurmayan müəllimin – iddiaçının sertifikasiyadan təkrar keçməməsi əsası ilə onunla bağlanmış “Əmək müqaviləsini” ləğv etməyə nə dərəcədə zərurət olması işdən məlum deyil. Halbuki məlumdur ki, bu tipli Cavabdehlərdə tam sağlam uşaqların təhsil aldığı Cavabdehlər üçün nəzərdə tutulan tədris proqramından fərqli proqram tədris edilməklə, uşaqların daha çox müəyyən vərdişlərə yiyələnməsi və müəyyən davranışları qavraması proqramın əsas özəyini təşkil edir.

32. Bundan əlavə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində göstərilir ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi qeyd edilən norma imperativ xarakter daşımır, yəni, Təhsil İdarəsi tərəfindən işçinin uzun müddət (19 il) eyni müəssisədə qüsursuz çalışaraq onun 12 ilini ibtidai sinif müəllimi olaraq işləməsi, əsasən də xüsusi qayğıya ehtiyacı olan uşaqlarla kifayət qədər təcrübəsinin olması nəzərə alına bilərdi.

33. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinin” ləğv edilməsi zamanı əmək qanunvericiliyinin tələbləri pozulduğundan iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin gəldiyi nəticə düzgündür. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. h) apellyasiya baxışının nəticəsi

34. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

35. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. Məhkəmə həmçinin bildirir ki, üçüncü şəxs olan İdarənin apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

37. İşdə iştirak edən digər şəxslər tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından, həmin şəxslər hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.

38. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 noyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan Bakı şəhəri üzrə Təhsil İdarəsi hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar