Məhkəmə qərarları › İş №2(103)-1275/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1275/2021

17.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1275/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “X1 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh “X1 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “əmrin ləğv edilməsi, işə bərpa və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdeh “X1 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2020-ci il tarixli, 460 nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə təchizat üzrə mütəxəssis vəzifəsinə işə bərpa olunması barədə qətnamə qəbul etmənizi xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, bu günə qədər qanunvericiliklə nəzərdə tutulmuş sənədlər, o cümlədən işdən azad olunmaq haqqında əmr və son-haqq hesaba dair sənədlər rəsmi olaraq iddiaçıya təqdim olunmamışdır. İşəgötürən tərəflər arasında bağlanmış əmək müqaviləsinin 1.4-cü bəndinin və ƏM-in 53-cü maddəsinin tələblərini pozmuş, işçini müqavilədə və qanunvericilikdə nəzərdə tutlmuş qaydada rəsmi olaraq xəbərdar etmədən əmək müqaviləsinə xitam vermişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdə qeyd edilmişdir ki, tutduğunuz vəzifə üzrə peşəkarlıq səviyyəniz aşağıdır. Hansı ki, peşəkarlıq səviyyəsi ümumiyyətlə cavabdeh tərəfindən bildiriş yazılarkən qiymətləndirilməmişdir. İşə qəbul edilərkən iddiaçı iki müsabiqədən keçmişdir. Birinci müsabiqə onun əmək funksiyaları ilə bağlı olmuş, ikinci müsabiqə cavabdehin kadrlar idarəsi tərəfindən aparılmış və məqbul hesab olunduğundan işə qəbul edilmişdir. İşlədiyi bu qısa müddət ərzində ona müxtəlif işlər həvalə edilmiş və həmin işlərin öhdəsindən iddiaçı yüksək peşəkarlıqla gəlmişdir. Bu işlərdən 1700-dən çox elektron məktub qəbul edilmiş, araşdırılmış və özünün vəzifə səlahiyyətlərinə aid 60-dan çox məktuba cavab hazırlanaraq verilmiş, əmək funksiyalarının həyata keçirilməsi üçün 27 sualdan ibarət test imtahanı vermiş və 100% nəticə almış, 5 Yül Gömrük Bəyannamələri üzrə əməliyyatları uğurla həyata keçirmiş və sair. Təsadüfü deyil ki, onun rəhbəri olan Federico Maiocchi tərəfindən bütün aidiyyatı şəxslərə ünvanlanan və iddiaçıya təqdim edilmiş xasiyyətnamədə bildirmişdir ki, təəssüflər olsun ki, iqtisadi məhduyyiətlərə görə (layihənin gözlənilməz təxirə salınması) biz təşkilatımızı yenidən qurmalı və İddiaçı kimi əməkdaşımızı kənarlaşdırmalıyıq. Xasiyyətnamədən göründüyü kimi, iddiaçının işdən kənarlaşdırılmağının əsası onun peşəkarlıq səviyyəsi deyil, işlədiyi təşkilatın yenidən qurulmasıdır. Faktiki olaraq iddiaçı ixtisar olunarq işdən azad olunmuşdur. Əgər belə olmasaydı, ona müsbət xasiyyətnamə verilməz və işdən azad olunmasının halları qeyd olunardı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi isə, şikayətə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş faktiki hallarına görə, xx.xx.2019-cu il tarixli, EA1227-168593 saylı əmək müqaviləsinə əsasən, İddiaçı “X1” Şirkətinin Azərbaycan Respublikasındakı filialına təchizat üzrə mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilənin 1.1-ci və 1.4-cü maddələrinə əsasən, əmək müqaviləsi müddətli bağlanmışdır. İşin ilk 3 ayı sınaq müddəti sayılır. Sınaq müddəti ərzində istənilən tərəf müqaviləyə xitam vermə haqqında digər tərəfə 3 gün əvvəl bildiriş göndərməklə əmək müqaviləsini ləğv edə bilər. xx.xx.2020-ci il tarixli Sınaq müddətinin qiymətləndirilməsi formasının “işçi tərəfindən göstərilən texniki bacarıqların qısa təsviri” hissəsində işçi İddiaçı barəsində qeyd olunmuşdur ki, tabeliyində olduğu şəxsin göstərişlərinə uyğun olaraq verilən göstərişlərə əməl edilməsində və tapşırıqların yerinə yetirilməsində çətinliklər; sistemin bütün məntiqinin və əsasının dəfələrlə izah edilməsinə baxmayaraq iş sisteminin effektivliyini sorğulaması; texniki bilik və təcrübəsinin şirkətin poçt sifarişləri fəaliyyətinin həcmi ilə uyğun gəlməməsi; həddən artıq reaksiya verməsi və impulsivlik, komandaya uyğunlaşmaqda çətinlik; tərcümeyi-halda təqdim etdiyi və əvvəlki iş təcrübəsi ilə bağlı verdiyi məlumatlarla bağlı şübhələr. xx.xx.2020-ci il tarixli, TO-168593-460 saylı əmrlə isə İddiaçıla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən həmin tarixdən xitam verilmişdir. Hazırda iddiaçı, onunla bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən əvvəlcədən xəbərdarlıq edilmədən və formal olaraq peşəkarlıq səviyyəsinin aşağı olması səbəbilə sınaq müddətində xitam verilməsinin ƏM-in və aralarındakı müqavilənin tələblərinə zidd olduğunu bildirərək, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsini, işə bərpa edilməsini və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsini tələb edir. Cavabdeh isə, iddiaya etiraz edərək bildirir ki, əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı iddiaçıya 3 gün əvvəlcədən xəbərdarlıq edilmiş və buna səbəb onun peşəkarlıq səviyyəsinin aşağı olması olmuşdur. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları qeyd edilmiş və bu əsaslardan biri kimi də tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsi halı nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Göründüyü kimi, qanunverici, işəgötürən tərəfindən əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi əsaslarından biri kimi həm də işçinin sınaq müddəti ərzində özünü doğrultmamasını nəzərdə tutmuş və sınaq müddətinin anlayışını və bu müddət ərzində tərəflər arasındakı münasibətlərin tənzimlənmə mexanizmini aşağıdakı qaydada müəyyən etmişdir. ƏM-in 51-ci maddəsinə əsasən, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Baxılan işdən görünür ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə 3 ay sınaq müddəti nəzərdə tutulmaqla müddətli əmək müqaviləsi bağlanılmış və müqavilənin 1.4-cü bəndində işəgötürənin sınaq müddətində işçini bu barədə 3 gün əvvəlcədən xəbərdar etməklə əmək müqaviləsinə xitam verməsi imkanı nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixdə qiymətləndirici tərəfindən işçinin fəaliyyəti qiymətləndirilmiş və onun texniki bilik və bacarıqlarının tutduğu vəzifəyə uyğun olmaması barədə rəy verilmişdir. Həmin gün işəgötürən tərəfindən işçiyə onunla bağlanılmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı bildiriş göndərilmiş və bundan 3 gün sonra, yəni xx.xx.2020-ci il tarixli əmrlə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “d” bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən xitam verilmişdir. Göründüyü kimi, işəgötürən tərəfindən qeyd olunan əsasla (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri və tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin şərtləri yerinə yetirilmiş və bu barədə əsaslandırılmış əmr verilmişdir. Kollegiya onu da qeyd edir ki, iddiaçı apelyasiya şikayətində onunla bağlanmış əmək müqaviləsinə layihənin təxirə salınması, dolayısı ilə də ixtisara düşməsi səbəbilə xitam verildiyini bildirsə də, bununla bağlı iş materiallarına əlavə etdiyi sənəd mötəbər hesab edilmir. Çünki, qeyd olunan sənəddən (səh.66) onun imzalandığı görünsə də, “X1 B.V” Şirkətinin möhrü ilə təsdiq edilməmiş və sənədin əks olunduğu işəgötürənə aid blank digər blank nümunələri ilə eynilik təşkil etməməklə həqiqiliyi şübhə doğurmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsi, iddianı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-952/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar