Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1276/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 2(011)-8191/2019 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş idarəsinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 01.08.1970-ci ildən 25.02.1992-ci il tarixinə kimi Xankəndi rayonu Həsənabad kəndində ət tədarükü kombinatında çoban işləməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 1992-ci ildə yaşayış yerini məcburi tərk etdiyinə görə ona məxsus olan bütün sənədlər Xocalı şəhərində qalmış, buna görə də müvafiq faktı məhkəmədən kənar qaydada təsdiq etmək və pensiya almaq imkanından məhrum olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 2(011)- 8191/2019 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. Həmin qətnamədən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş idarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, işdə kifayət qədər sübutlar olmadığı halda, məhkəmə cəmi bir şahidin ifadəsinə əsaslanaraq iddianı təmin etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 avqust 2020-ci il tarixli 2(103)-6121/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, ərizə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2021-ci il tarixli 2(102)-5502/2021 saylı qərarı ilə həmin qətnamədən Ərizəçi kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 avqust 2020-ci il tarixli 2(103)-6121/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Apellyasiya icraatı zamanı işə təkrarən baxılarkən maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, ərizəçi isə şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 2(011)-8191/2019 saylı qətnaməsi ləğv edilməli, ərizənin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, Ərizəçi apellyasiya icraatı zamanı təkrarən işə baxılarkən məhkəmə iclasında verdiyi izahatında Xankəndi ət tədarükü kombinatında çoban olmaqla yanaşı, eyni vaxtda başqa funksiyaları da yerinə yetirdiyini, kombinatda muzdla işlədiyini, kombinatda işlədiyi illəri dəqiq xatırlamadığını göstərmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 oktyabr 2015ci il tarixli 2(001)-12835/2015 saylı qətnaməsindən görünür ki, X2 əmək stajına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizəsi ilə bağlı həmin məhkəmədə mülki işə baxılarkən Ərizəçi ifadəsində 1971-ci ildən 1988-ci ilədək Xankəndi ət tədarükü kombinatında fəhlə, sonra isə elektrik qaynaqçısı işlədiyini göstərmişdir. Halbuki, Ərizəçi hazırkı iş üzrə ərizəsində 01.08.1970-ci ildən 25.02.1992-ci il tarixinə kimi Xankəndi rayonu Həsənabad kəndində ət tədarükü kombinatında çoban işləməsini göstərmişdir. Ərizəçi təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər də ifadələrində onun Xankəndi ət tədarükü kombinatında konkret hansı vəzifədə və konkret hansı illərdə işlədiyini göstərməmişlər. Belə ki, şahid X3 ifadəsində Ərizəçi Xankəndi ət tədarükü kombinatında müxtəlif işlərdə işlədiyini, suvaq və hörgü işləri gördüyünü bildirmiş, onun kombinatda hansı illərdə işlədiyini bilmədiyini göstərmişdir. Digər şahid Musəvi Əzimov da Ərizəçi həmin kombinatda 1970-1992-ci illərdə çoban işləməsini konkret təsdiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ərizəçi 01.08.1970-ci ildən 25.02.1992-ci il tarixinə kimi Xankəndi rayonu Həsənabad kəndində ət tədarükü kombinatında çoban işləməsini sübut edə bilməmişdir. Ərizəçi izahatı və məhkəməyə təqdim etdiyi şahidlərin ifadələri mötəbər olmamaqla onun 01.08.1970-ci ildən 25.02.1992-ci il tarixinə kimi Xankəndi rayonu Həsənabad kəndində ət tədarükü kombinatında çoban işləməsi barədə nəticəyə gəlməyə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: Yenə həmin Məcəllənin 389-cu maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş idarəsinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 2(011)- 8191/2019 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1276/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1276/2022
01.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver