Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1278/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5444/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi və miras qoyanın vərəsəsi kimi tanınması fakının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi babası, X14 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakı (Sallaqxananı) faktiki olaraq qəbul etdiyi və miras qoyanın vərəsəsi kimi tanınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5444/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Nilufər Cəfərli) ilə ərizə təmin edilməmişdir. Ərizəçi qətnamədən apellyasiya şikayəti vermişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi, miras əmlak onun babasına məxsus olmuş, onun vəfatından sonra həmin sallaqxananı atasının qəbul etdiyini, 2006-cı ildə atasının vəfat etdiyini, üç qardaş və bir bacısı olduğunu, digər bacı və qardaşlarının da onun mirası qəbul etməsinə etiraz etmədiklərini, bir qardaşının xəstəliyi səbəbindən məhkəmələrə gələ bilmədiyini bildirdi, eyni zamanda da qeyd etdi ki, həmin sallaqxana sovetlər vaxtı dövlət tərəfindən istifadə olunmuş, lakin həmin sahənin müsadirə edilməsi, eləcə də hansı təşkilatın balansında olması barədə dəqiq məlumatı yoxdur. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı ərizədə işə onun iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: Bakı şəhəri 17 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, imtina qərarındandan görünür ki, Ərizəçi babasından qalmış miras əmlakın faktiki qəbuluna və vərəsəliyin qəbuluna dair heç bir sənəd olmadığından vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. 300666 nömrəli doğum haqqında şəhadətnaməmim surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə doğulmuş, atası X2, anası isə X8r. Azərbaycan Respublikası Dövlət Arxivinin 71-14 nömrəli, xx.xx.2018-ci il tarixli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1937-cü ilə dair Bakı şəhəri Maştağa qəsəbəsi üzrə doğum haqqmda bərpa kitablarmda 1921-c ilin İİ yarımilliyində doğulan Həsənov Hacıbala (sənəddə olduğu kimi) H.Dadaş (sənəddə olduğu kimi) oğlunun təvəllüdü qeyd olunur. Atas H.Dadaş Həsən oğlu, anası Səriyyə Abasqulu qızı olması qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 3-48-TA/2-H-00313/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, xx.xx.2023-cü il tarixli ərizəyə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə “Bakı quberniya idarəsi” fondunun 1905-ci ilə dair “Sallaqxananın tikilməsi barədə" sənədlərindən məlum olur ki, 16 avqust 1905-ci il tarixli qərara əsasən X18 adına Maştağa kəndində sallaqxananın inşa edilməsinə icazə verilmişdir. Həmçinin “Bakı qradonaçalnikinin dəftərxanası” fondunun Bakı vergi idarəsinin Maştağa kənd sakinlərindən 1910-cu ilə dair vergi yığımı sənədlərində Maştağa kənd icmasının kənd sakinlərindən töycü vergisi, torpaq rüsumu və hərbi vergi tutulması barədə 30 iyun 1911-ci ilə dair qərarından məlum olur ki,X18 Maştağa kəndində evi olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-İİ 412268 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1921-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə, 1016 nömrəsi ilə qeydə alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-İ 196239 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə, 704 nömrəsi ilə qeydə alınmışdır. Evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Məlakə Əjdər qızı xx.xx.1948-ci il tarixdə nikaha daxil olmuşlar, 184-80 nömrəsi ilə qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-İ 545800 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə, 233 nömrəsi ilə qeydə alınmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1951-ci il tarixdə X9 doğulmuşdur, atası X2, anası isə X8r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1954-cü il tarixdə doğulmuş, atası X2, anası isə X8r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1962-ci il tarixdə doğulmuş, atası X2, anası isə X8r. Doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1964-cü il tarixdə doğulmuş, atası X2, anası isə X8r. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X9 (ərizəçinin qardaşı) bildirdi ki, o və digər qardaş bacıları da həmin əmlakın qardaşı tərəfindən miras əmlak kimi qəbul edilməsinə etiraz etmirlər, atası da həmişə deyirdi ki, ora onun atasının olub. Sovet vaxtı ora müsadirə olunub, həmin vaxtlar insanları öz mülklərinə buraxmırdılar, sovetlər vaxtı ora şirniyyat yeri kimi işlədilirdi. Atasının ölümündən sonra müəyyən səbəblərdən işlədə bilməyiblər, hazırda qapısı bağlıdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X4 (ərizəçinin bacısı) da digər şahidin bildirdiklərini təsdiq edərək qardaşının ərizəsinin təmin edilməsini xahiş etdi. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə; 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Apellyasiya Məhkəməsinin baxışının hədləri: Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Hüquqi dəyərləndirmə: Məhkəmə kollegiyası gəlmiş tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə görə məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd edilən Məcəllənin 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Ərizəni təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, X23 ərizəçinin babası olmuşdur. Mülki iş matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçinin babasın 1905-ci il tarixdə Maştağa qəsəbəsində Sallaqxana tikilməsinə icazə verilmişdir. Ərizəçinin babası xx.xx.1921-ci il tarixdə vəfat etmişdir. Hazırda ərizəçi məhkəməyə müraciət edərək babasından miras qalmış əmlakın faktiki qəbul edilməsini məhkəmədən xahiş etsədə, ərizəçi miras əmlakı olan sallaqxananın nə onun tərəfindən, nədəki babası öldükdən sonra ərizəçinin atası tərəfindən qəbul edilməsini təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən, məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. Bundan başqa məhkəmə ərizənin “miras qoyanın vərəsəsi kimi tanınması faktının müəyyən edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, hazırkı işdə ilk öncə miras qoyanın vərəslərinin (həmçinin ərizəçinin atası da daxil olmaqla) dairəsi müəyyən edilməli, yəni miras əmlakının ərizəçinin atası tərəfindən qəbul edilməsi halı müəyyən edilməli, bundan sonra ərizəçinin atasından qalmış əmlak üzrə miras qoyanın vərəsəsi olması müəyyən edilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin miras əmlakı faktiki qəbul etməsi halı mülki iş üzrə təqdim edilmiş sənədlərdən sübuta yetirilmədiyindən ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında ərizəçi sovetlər vaxtında həmin sahədən rəsmi təşkilatların istifadə etdiyini, şahidlər isə həmin tikilinin Sovet hakimiyyəti dövründə müsadirə olunduğunu bildirmişdir. Demək ki, hazırkı halda ərizəçi tərəfindən miras əmlak kimi istinad edilən tikilinin- əmlakın kimə məxsus olmasına dair mübahisənin olduğu müəyyən olunur. Yuxarıda qeyd edilən normalardan da müəyyən olunduğu kimi məhkəmələr tərəfindən xüsusi icraat qaydasında mübahisəsiz işlərə baxılır. Belə olan halda bəlli olur ki, birinci instansiya məhkəməsi hüquq haqqında mübahisə mövcud olmasını lazımi qaydada araşdırmamış və hazırkı məsələyə xüsusi icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. Nəticə Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5444/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Eyni zamanda da ərizəçiyə hazırkı məsələ ilə bağlı iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10, 263-264, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5444/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, ərizə baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, o, hazırkı məsələyə dair iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2(103)-1278/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1278/2025
25.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver