Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1281/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Elmar Eldar oğlu Rəhimovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Ağakişi oğlu və onun nümayəndəsi X1, Cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-ın nümayəndəsi X11 və Azərbaycan Respublikası Dövlət X5 və Texnologiya və Rabitə İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2928/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı Ağakişi oğlu və onun nümayəndəsi X7 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Ağakişi oğlu cavabdeh AR Dövlət Neft Şirkəti SOCAR-a qarşı işə bərpa və ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, 2007-ci ilin aprel ayında nümunəvi tələbi kimi ARDNŞnin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə, informasiya texnologiyaları üzrə mühəndis kimi işə götürülmüşdür. İşlədiyi 2007-2012-ci illərdə hər il bir dərəcə yüksələrək 9-cu dərəcədən 13-cü dərəcəyə kimi yüksəlmiş, 5 illik iş stajı dövründə hər il daha yüksək vəzifələrdə işləmişdir. iddiaçı iş yerində əsassız təzyiqlərə məruz qaldığını, bu səbəbdən hətta polisə müraciət etdiyini bildirmişdir. Bu səbədən də onu üzrsüz səbədən iş buraxmaya görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70- ci maddəsinin ç bəndi ilə qərəzli olaraq işdən kənarlaşdırmışlar. Bütün bunlarla yanaşı dəfələrlə müraciət etməsinə baxmayaraq, işlədiyi müəssisə tərəfindən ona əmək kitabçası təqdim edilməmiş, hüquqları kobud şəkildə pozulmuşdur. Yaşadığı stress, mənəvi iztirablar sağlamlıq vəziyyətinin pisləşməsinə səbəb olmuş, cavabdeh tərəfindən ona həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən, ona aid sənədlərin ARDNŞ-nin İTRİ-dən alınmasına və Azərbaycan Respublikası ƏM-nin guya 70-ci maddəsinin ç bəndi ilə əmək kitabçasına əsassız yazılan maddənin ləğv olunmasına və onu işinə bərpa edərək sadaladığı və ondan asılı olmayan səbəblərə görə məcburi işburaxmaya görə ala bilmədiyi əmək haqqını, haqq hesabını, ona dəymiş bu kimi maddi zivana görə 99.000 (doxsan doqquz min) manat və bir ayda sağlamlığına və keçdiyi müayinələrə görə dəyən ziyan görə 12.000 (on iki min) manat və pozulmuş digər hüquqlarına görə və ona dəymiş mənəvi zivana görə isə 100000 (yüz min) manat və ödənilməmiş Məcburi Dövlət Sosial Sığorta təminatlarının (haqlarının)hər birinin düzgün tam ödənilməsi haqqında və hüquqi xidmətə görə 1000 (bir min) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat, ARDNŞ-dən və ARDNŞ-nin, İTRİ-dən müştərək qaydada tutularaq İddiaçı Agasirin oğluna ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2928/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Ağakişi oğlu cavabdehlər AR Dövlət Neft Şirkəti SOCAR və AR Dövlət X5 və Texnologiya və Rabitə İdarəsinə qarşı, üçüncü şəxs Əmək və X9 Nazirliyinin 3 saylı region üzrə Əmək Müfəttişliyi cəlb edilməklə işə bərpa və ziyanın ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı Ağakişi oğlu və onun nümayəndəsi X7 birgə apellyasiya şikayəti verərəkBakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)- 2928/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbini tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin məzmuna uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı Ağakişi oğlu və onun nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-ın nümayəndəsi X11 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı Ağakişi oğluna məxsus əmək kitabçası iddiaçının ünvanına göndərilsə də, geri qayıtmışdır. Ona görə də hal-hazırda idarənin arxivində saxlanılır. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət X5 və Texnologiya və Rabitə İdarəsinin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2928/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki,iş materiallarında olan xx.xx.2007-ci il 278 №-li tarixli əmək müqaviləsindən görünür ki, AR Dövlət X5 və Texnologiya və Rabitə İdarəsinin rəisi X3 ilə İddiaçı arasında 1 il müddətinə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2009-cu il tarixli, 633 №-li əmək müqaviləsindən görünür ki, AR Dövlət X5 və Texnologiya və Rabitə İdarəsinin rəisi X3 ilə İddiaçı arasında 1 il müddətinə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan AR Dövlət X5 və Texnologiya və X15 müqaviləsinin bağlanması haqqında 47/k saylı xx xxxxx 2007-ci il tarixli əmrdən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2007-ci il tarixdən informasiyanın qəbulu, emalı və ötürülməsi xidmətinə 9 dərəcəli mühəndis vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan AR Dövlət X5 və Texnologiya və Rabitə İdarəsinin başqa işə keçirilmə haqqında 168/k saylı xx xxxxxx 2009-cu il tarixli əmrdən görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinin tələblərinə riayət edilməklə İnformasiya Texnologiyaları və X12 sistem təminatı sahəsində mühəndis vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən verilmiş izahatdan görünür ki, xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində işdə olmadığını etiraf etmiş və qeyd edilən halın üzrlü hesab edilməsini xahiş edərək, belə hallara bir daha yol verməyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş AR Dövlət X5 və Texnologiya və Rabitə İdarəsinin 4- 1/k saylı xx xxxxx 2012-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə heç bir səbəb olmadan iş günü işə gəlməməsi səbəbindən xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2007-ci il 278 №-li tarixli əmək müqaviləsi və əmək müqaviləsinin bağlanması haqqında 47/k saylı xx xxxxx 2007-ci il tarixli əmr ilə informasiyanın qəbulu, emalı və ötürülməsi xidmətinə 9 dərəcəli mühəndis vəzifəsinə qəbul edilmişdir. xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinin tələblərinə riayət edilməklə İnformasiya Texnologiyaları və X12 sistem təminatı sahəsində mühəndis vəzifəsinə təyin edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə heç bir səbəb olmadan iş günü işə gəlməməsi səbəbindən xitam verilmişdir, bu səbəbdən də İddiaçı işə bərpa, maddi və mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər: Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Məhkəmə haqlı olaraq işə bərpa barədə iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir. Belə ki ilk növbədə iddiaçı tərəfindən əmək müqaviləsinə əsassız və qərzəli olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini mübahisələndirmiş və işə bərpa edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş izahatla sübut olunur ki, İddiaçı xx.xx.2012- xx.xx.2012-ci il tarixlərində işdə olmadığını etiraf etmiş və izahatını şəxsən öz imzası ilə imzalamışdır. İddiaçının digər tələbi ona məcburi işburaxmaya görə ala bilmədiyi əmək haqqını, haqq hesabını, ona dəymiş bu kimi maddi zivana görə 99.000 (doxsan doqquz min) manat və bir ayda sağlamlığına və keçdiyi müayinələrə görə dəyən ziyan görə 12.000 (on iki min) manat və pozulmuş digər hüquqlarına görə dəymiş maddi ziyanın ödənilməsidir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçının işə bərpa barədə iddia tələbi təmin edilmədiyindən, onun məhrum edildiyi vəsait də məcburi işburaxmaya görə maddi itki hesab edilə bilməz. Odur ki, məhkəmə iddiaçının maddi ziyan tələblərini əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Məhkəmə həmçinin iddiaçının mənəvi zərər tələbi ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X16 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X16 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və X16 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərini nəzərə aldıqda görünür ki, hazırkı iddia üzrə cavabdehlərin hər hansı hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, iddiaçı əmək qanunvericiliyində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv olunmasını qadağan edən hallara dair məhkəməyə hər hansı sübutlar təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən kollegiya apellyasiya şikayətində qeyd olunanları qanuni və ədalətli məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2928/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı Ağakişi oğlu və onun nümayəndəsi X7 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2928/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Elmar Rəhimov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1281/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1281/2020
22.01.2020 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver