Məhkəmə qərarları › İş №2(103)-1283/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1283/2025

21.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1283/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(008)-4793/2024 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh MMC-yə qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Krokus” MMC tərəfindən zəbt olunan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimalşərq hissəsində yerləşən onlara məxsus ümumillikdə 4800 kv.m torpaq sahəsinin, o cümlədən X2 aid 1200 kv.m torpaq sahəsinin, İddiaçı2 oğlna aid 1200 kv.m torpaq sahəsinin, İddiaçı4 aid 1200 kv.m torpaq sahəsinin, Əli-zadə Haci İlqar oğluna aid 1200 kv.m torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(008)-4793/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 361.1-ci madəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. İddiaçı isə apellyasiya şikayətini qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) əməl etmədən vermişdir. Belə ki, iddiaçı Əlavə 2-də nəzərdə tutulmuş qrafalara istinad etməmişdir. Formanın 6-cı bəndində maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində qeyd olunmuşdur ki, bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. İddiaçı maddi hüquq norması qrafasına düzgün əməl etməmiş, qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərməmiş, göstərilməli olan maddi hüquq normasının qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verməmişdir. Bundan əlavə Formanın 7-ci bəndində prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində qeyd olunmuşdur ki, bu hissədə şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. İddiaçı tərəfindən prosessual hüquq norması qrafasında MPM-nin 77.1, 14.2, 217.4 və 76.1-ci maddələrinə istinad olunsa da, həmin normaların düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeyini aydın şəkildə ifadə edən izah verilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş formada verilmədiyindən qeyri-mümkün hesab edilməlidir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 363, 366, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(008)-4793/2024 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, ağlabatan müddətdə, hüquqdan suiistifadə hallarına yol verilmədən yenidən apellyasiya şikayəti ilə müraciət oluna bilər. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar