Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1285/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Mehti oğlunun cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 noyabr 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün, cavabdehin vəkili (nümayəndəsi) Nümayəndə2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh QSC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh QSC-də işlədiyi müddətdə düçar olduğu "xxxx" xəstəliyi ilə əlaqədar qəbul etdiyi dərmanlar nəticəsində onda əmələ gəlmiş "xxxx" xəstəliyi ilə bağlı əmək qabiliyyətini tamamilə itirdiyinə görə və həmin xəstəliyin adı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “peşə xəstəlikləri” siyahısında olduğunu nəzərə alaraq, düçar olduğu "xxxx" xəstəliyi peşə xəstəliyi hesab edilməklə iddiaçıya 20.05.2001-ci il tarixdən başlayaraq vurulmuş zərərin əvəzi kimi növbə rəisi vəzifəsində işlədiyi vaxt aldığı əmək haqqının (artırmalar nəzərə alınaraq) mövcud qanunvericiliyinə uyğun olaraq pul vəsaiti şəklində hər ay iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 01.04.1998-ci il tarixdə cavabdeh QSC-nin 25.03.1998-ci il tarixli 100/QK saylı əmri ilə metropolitendə növbə rəisi vəzifəsinə qəbul edilmiş, 20.05.2001-ci il tarixdə xəstəliyi ilə əlaqədar öz xahişi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci bəndinə əsasən işdən azad edilmişdir. 2001-ci ilin fevral ayında metropolitenin “Sahil” stansiyasında növbə rəisi kimi işdə olarkən başının arxa hissəsinin tükləri qəfildən tökülmüşdür. İddiaçı güclü həyəcan və stress keçirərək həkimə müraciət etmişdir. 26.02.2001-ci il tarixdə həkimin müayinəsindən sonra iddiaçıya "xxxx" diaqnozu qoyulmuş və uzun müddətli müalicə zərurəti yaranmışdır. Bundan sonra başının və qaşlarının bütün tükləri tökülməyə başlamışdır. Həmin vaxtdan etibarən iddiaçı müxtəlif müalicə müəssisələrində müalicə almağa başlamış, qısa müddət ərzində müalicənin müsbət nəticəsi olsa da, sonradan əmələ gələn tüklər bədəninin bütün yerlərində tam tökülərək sona çatmışdır. Müalicənin 1-2 ayında ayaqları ağrımağa başlamışdır. Bu diaqnozun müalicəsi üçün bütün dərmanlar hormonal dərmanlar olduğu üçün nəticədə qara ciyəri, mədəaltı vəzi və ürəyi ağrımağa başlamışdır. Ümumilikdə bədəninin digər orqanları da ağrımağa başlamışdır, belə ki, nevroz xəstəliyinə tutulmuşdur, o cümlədən gözləri zəifləməyə başlamışdır, başında ağrılar güclənərək diz qapaqlarında bərk ağrılar əmələ gəlmişdir. Hal-hazırda isə dırnaq sədəfləri ovxalanıb tökülür. 2001-ci ilin fevralından indiyə kimi iddiaçı müalicə alır, həkimlər tərəfindən yazılmış reseptlər əsasında dərmanlar qəbul edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin 18.09.2015-ci il tarixli 389MEŞ saylı ekspert rəyində qeyd edilmişdir: “Ə.M.Mehdiyev peşə fəaliyyətində əmək funksiyalarını yerinə yetirərkən "xxxx" xəstəliyinə düçar olmuşdur”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat verilməsi barədə 15.07.2019-cu il tarixli tibbi arayışına əsasən iddiaçıya qaraciyərin serozu diaqnozu ilə 2-ci dərəcəli əlillik verilmişdir. İddiaçı həm də müharibə veteranıdır. İddiaçının səhhətindəki problemlər iş yerində olduğu zaman baş vermiş zəlzələdən sonra yaranmış, zəlzələ vaxtı iddiaçı işlədiyi qapalı mühitdə, yer səthində istifadə edilən maddələrin və elektromaqnit sahəsinin tamlığının pozulması, bu pozuntunun isə işlədiyi mühitdə naməlum təsirinin nəticəsində xəstəliyinin əmələ gəlməsi sürətlənmiş və fəsadları özünü daha aşkar surətdə büruzə vermişdir. Belə ki, iddiaçının bədəninin bütün nahiyələrində dəri epidermisində qabarıq dəyişikliklər səhhətində ağır nəticələrə səbəb olmuşdur. İddiaçının xəstəliyi peşə xəstəlikləri siyahısına daxil deyil, lakin xəstəliyinin etiopatogenizi də bu günədək bəlli deyil. Cavabdeh QSC iddiaçıda yaranmış xəstəliyin Metropolitendə işlədiyi dövrdə meydana gəlməsinin etiraf etməsinə baxmayaraq, xəstəliyinin yaranma səbəbinin müəyyən edilməsinin mümkün olmadığını bildirmiş, metropolitendən təqaüdə çıxması ilə bağlı hüquqlarının reallaşdırılması üçün digər dövlət orqanlarına müraciət etməsini tövsiyə etmişdir. Cavabdeh QSC-də işlədiyi müddət ərzində əmək qabiliyyətinin itirilməsinə gətirib çıxaran xəstəliyinin əmələ gəlməsi, inkişafı və ağırlaşmasında zərərli, toksiki maddələrin rolunun müəyyən olunmasına köməklik göstərilməsi ilə əlaqədar bir sıra yüksək instansiya orqanlarına müraciət etmiş, lakin müsbət nəticəsi olmamışdır. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 18.11.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində iddiaçı əlavə olaraq qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh QSC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qətnamənin əsaslarına və məzmuna uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, cavabdeh QSC tərəfindən iddiaçıya ünvanlanmış 16.03.2015-ci il tarixli məktubun surətindən görünür ki, xəstəliyi metropolitendə işlədiyi dövrdə meydana gəlməsinə baxmayaraq metropolitendəki işi ilə bağlı olmamışdır. Bunu dəfələrlə ona (iddiaçıya) təqdim etdikləri sənədlərdə də müəyyən etməsi mümkündür. Xəstəliyin yaranma səbəbinin müəyyən edilməsi mümkün olmadığı və həmin xəstəliyin peşə xəstəlikləri siyahısında olmadığı üçün peşə xəstəliyi nəticəsində metropolitendən təqaüdə çıxması ilə bağlı ona köməklik etmələri mümkün deyildir. Bu səbəbdən təqaüdə çıxması ilə bağlı hüquqlarını reallaşdırmaq üçün digər dövlət orqanlarına müraciət etmək tövsiyə olunur. Məhkəmə Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin 389MEŞ saylı, 19.08.- 18.09.2015-ci il tarixli rəyindən görünür ki, İddiaçı 2001-ci ildən hal-hazırki vaxtadək tüklərin tam tökülməsi, dırnaq sədəflərinin kövrəkləşməsi və ovxalanıb tökülməsi qazanılmış "xxxx" xəstəliyindən əziyyət çəkir. İddiaçı peşə fəaliyyətində əmək funksiyalarını yerinə yetirərkən "xxxx" xəstəliyinə düçar olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının arayışdan görünür ki, İddiaçı İİ qrup əlilidir (diaqnoz: “qaraciyərin sklerozu ilə birgə qaraciyər fibrozu; qara ciyər hüceyrə çatışmamazlığı; xroniki durğunluq splenomeqaliyası; xroniki durğunluq splenomeqaliyası”). Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4107/2016 №-li iş üzrə qəbul etdiyi 16.09.2016-cı il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “tutulmuş olduğu xəstəliyin peşə xəstəliyi olmasının müəyyən edilməsi və vurulmuş maddi zərərin ödənilməsi tələbi barədə” iddia ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Rayon Məhkəməsinin 27.11.2015-ci il tarixli qətnaməsi (İş № 2(006)- 3269/2015) ilə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 21.04.2016-cı il tarixli qətnamə (İş № 2(103)-1367/2016) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.09.2016-cı il tarixli qərarından həmçinin görünür ki, həmin qərarla, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.04.2016-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qərardad həmçinin görünür ki, həmin mülki işə apellyasiya qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən təyin edilmiş əlavə məhkəmətibbi ekspertiza tədqiqatının nəticəsi ilə verilmiş 69/KEŞ saylı, 19.02.2016-cı il tarixli rəylə müəyyən edilmişdir ki, İddiaçı 1998-ci il tarixdən başlayaraq metropolitendə sahə rəisi vəzifəsində işlədiyi dövrdə, yəni 2001-ci ilin fevral ayında növbə rəisi kimi işdə olarkən tüklərin tökülməsi, dırnaq sədəflərinin kövrəkləşməsi və ovxalanıb tökülməsi xəstəliyinə düçar olmuş və əziyyət çəkdiyi "xxxx" xəstəliyi diaqnozu ilə əlaqədar mütəmadi olaraq tibbi müayinə və müalicələr almışdır. Ə.Mehdiyevin əziyyət çəkdiyi "xxxx" xəstəliyi Nazirlər Kabinetinin 16.03.1993-cü il tarixli 146 №-li, 14.01.2002-ci il tarixli 7 №-li qərarları ilə təsdiq edilmiş “Peşə xəstəlikləri siyahısında” peşə xəstəliyi kimi qeydiyyata alınmayıb və bu xəstəlik peşə xəstəliyi hesab edilmir. "xxxx" xəstəliyinin peşə xəstəliyi olmaması və həmin xəstəliyin etiopatomorfologiyası Ə.Mehdiyevin işlədiyi dövrdə düçar olduğu bu xəstəliyin onun peşə fəaliyyəti nəticəsində və ya əmək funksiyalarını yerinə yetirərkən baş verməsinin inkar edilməsinə əsas verir. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı hazırda onda peşə xəstəliyi olan "xxxx" xəstəliyinin olmasını və peşə xəstəliyə cavabdeh QSC-də işlədiyi zaman tutulmuş "xxxx" xəstəliyindən müalicə ilə bağlı qəbul etdiyi dərman preparatları səbəbindən yoluxmasına istinad edir. Lakin göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə iddiaçının "xxxx" xəstəliyinə düçar olması səbəbinin cavabdeh QSC-nin təqsiri nəticəsində baş verməsi müəyyən olunmamışdır. Mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 1099-cu maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (maddə 1099.1.). Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (maddə 1099.2.). Göründüyü kimi, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, vurulmuş ziyana görə cavabdeh QSC məsuliyyət daşımır. Çünki məhkəmə araşdırması ilə iddiaçıda yaranmış xəstəliyin peşə xəstəliyi olmadığı, həmçinin xəstəliyin yaranmasında QSC-nin qanunazidd əməlinin olması müəyyən edilməmişdir. Başqa sözlə, iddia əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Mehti oğlunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1285/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1285/2022
21.01.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver