Məhkəmə qərarları › İş №2(103)-1287/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1287/2020

30.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1287/2020 30.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh vəkili X5 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehqarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Atçılıq” yaşayış massivində, 49-cu küçədə yerləşən 300 kv.m torpaq sahəsində inşa edilmiş yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 21 iyun 2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, nikahlarından 05 noyabr 2005-ci il tarixdə Nuray, 24 fevral 2012-ci il tarixdə Nigar adını verdikləri uşaqları dünyaya gəlmiş, ailə qurduqdan sonra ilk dövrdə müvəqqəti olaraq anasının evində yaşamış, 2008-ci ildə Binə qəsəbəsinin Atçılıq Sovxozu adlanan ərazisindən 300 kv.m torpaq sahəsi alıb orada özlərinə yaşayış evi tikdirməyə başlamış, ev 2016-cı ilin iyun ayında tamamilə yaşayış üçün yararlı vəziyyətə gətirildikdən sonra ailəsi ilə, yəni cavabdeh və 2 azyaşlı uşağı ilə birlikdə həmin evə köçmüşlər. Həmin yaşayış evini təxminən 6-7 ilə tikdirmiş, yaşayış evi tikilib başa çatdıqdan sonra evə qaz, su və elektrik xətti çəkilmiş, evin bütün mühəndiskommunikasiya təminatı sistemlərinə dair müqavilələr cavabdehlə bağlanmış, ailə 4 nəfərdən ibarət olduğuna görə cavabdehlə qaza, suya, elektrik enerjisinə dair müqavilələr bağlanan zaman ailə tərkibi kimi dörd nəfər göstərilmişdir. Yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənəd olmasa da, ev onların yaşayış yeri kimi Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin Binə qəsəbə nümayəndəliyində qeydə alınmış, zəruri olan bütün arayışları da Binə qəsəbə nümayəndəliyindən almış, hətta evə mühəndiskommunikasiya təminatı sistemləri çəkilən zamanda da ailə tərkibi barədə arayışlar Xəzər Rayon İcra Hakimiyyətinin Binə qəsəbə üzrə nümayəndəliyi tərəfindən verilmişdir. Ailəsi ilə birlikdə həmin evə köçdükdən sonra cavabdehlə mehriban yaşamış, ailədə olan bəzi narazılıqlara baxmadan ailə münasibətlərini qoruyub saxlamış, heç bir zaman ailəsinin nə vaxtsa dağılacağını düşünməmişdir. Lakin cavabdehin əvvəlcədən planlaşdırdığı kimi 29 mart 2019-cu il tarixdən ailələri heç bir səbəb olmadan dağılmış, cavabdeh onunla yaşamaq istəmədiyini bildirərək, onu evə buraxmamışdır. Belə ki, o, 03 dekabr 2018-ci il tarixdən başlayaraq Qusar rayonunda yerləşən oteldə işləmiş, həftədə 1-2 gün evə gəlib evdə qalmış, hər ay aldığı əmək haqqını gətirib iddiaçıya vermişdir. Hətta 2019-cu ilin Novruz bayramı günü də evə gəlmiş, onlar birlikdə bayramı keçirmiş, sonra isə cavabdehə işə getməli olduğunu və 29 mart 2019-cu il tarixdə qayıdacağını, həmin tarixdə əmək müqaviləsinin vaxtı bitdiyinə görə daha işə getməyəcəyini bildirmiş, 29 mart 2019-cu il tarixdə isə evə gəldiyi zaman, evin qapılarının kilidli olduğunu, kilidlərinin dəyişdirildiyini, işıqlarının sönmüş olmasını görmüşdür. Cavabdehlə əlaqə saxlayıb bu barədə ondan məlumat almaq istədikdə, cavabdeh onunla yaşamaq istəmədiyini, artıq başqasını istədiyini bildirmişdir. Cavabdehin artıq başqasını istədiyi barədə dediyi sözlərindən əsəbiləşib, onunla olan nikahının pozulması üçün sənədləri toplamağa başlamış, 10 may 2019-cu ildə Qeydiyyat Şöbəsindən nikahları barədə arayış aldıqda arayışda aralarındakı nikahın 20.02.2019-cu il tarixdə ləğv edilməsini öyrənmişdir. Məlum olmuşdur ki, bir yerdə ailə kimi yaşamalarına baxmayaraq, cavabdeh 21 fevral 2017-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla arasında olan nikahın ləğv edilməsini tələb etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, nikahlarının pozulması, birgə nikahdan olmuş azyaşlı övladlarının analarının yanında qalması, ondan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün 21 fevral 2017-ci il tarixindən başlayaraq hər ay hər uşağa 137 manat olmaqla cəmi 274 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin 17 may 2019-cu il tarixdən azyaşlı qızı - 05 noyabr 2005-ci il təvəllüdlü X6 onunla onun anasının yaşadığı evə gəlmiş, anasının onu döydüyünə görə anasının yanına qayıtmaq istəmədiyini bildirmiş, bundan sonra onunla qalmışdır. Beləliklə cavabdeh 29 mart 2019-cu il tarixdən onu öz yaşadığı evə buraxmır, hal-hazırda o, azyaşlı qızı 05 noyabr 2005-ci il təvəllüdlü qızı Nurayla birlikdə anasının evində yaşayır. Ona məxsus həmin yaşayış evi onların birgə yaşamaları üçün inşa edilmiş, qanunla müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən, yaşamaq üçün hər cür şəraiti olan, 200 kv.m ümumi sahəsi olan yaşayış evidir və həmin evə köçüb yaşamağı üçün heç bir texniki maneə yoxdur. Həmin evə buraxılmasa da, əmlakı orada qalmış, daimi yaşayış yeri hesab edilən həmin mənzildən məhrum olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv, iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaçının ev üzərində heç bir subyektiv hüququnun olmadığı, evin iddiaçının vəsaiti hesabına tikilmədiyi, evin anası X1 məxsus olduğu, iddiaçı ilə 2016-cı ilin iyun ayından faktiki olaraq ayrıldıqları və onun mübahisəsi gedən evdə heç bir zaman yaşamadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, təmsil etdiyi şəxs 2008-ci ildə iddiaçı ilə birgə vəsaiti hesabına Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küçəsi Dalan 1-də gəlin köçdüyü 14 saylı evin həyətyanı torpaq sahəsində - qaynanası X2 məxsus evə bitişik özlərinə daimi yaşamaq üçün iki otaq və mətbəxdən, dəhlizdən ibarət yaşayış sahəsini tikib təmir işlərini aparmış, həyətində hamam-tualet və hasar inşa etmişlər. Bu evi tikilənə qədər qaynanasına məxsus evin iki otağı iddiaçı ilə onun istifadəsində olmuş, sonradan qaynanası öz evinin otağının birini onlardan geri aldığından araya divar hörmüş və bir otaq istifadələrində qalmışdır. Bu evlərinə ayrıca qaz, su və elektrik xətti çəkmiş, onun həyətyanı sahəsində sosial və ailə mühiti yaratmaqla, illərlə kommunal ödənişlər etmişlər. Tərəflərin Əmircan qəsəbəsində daimi yaşayış yerləri olan bu evlərində qızları Nigar doğulmuş və digər qızları Nurayla birlikdə boya-başa çatmışlar. İddiaçı ailədə əsassız mübahisələr apararaq qız uşaqlarının qarşısında cavabdehin qadınlıq ləyaqətini alçaldan hərəkətlərə yol verdiyindən, nalayiq küçə söyüşləri söydüyündən, əsəbi halda əlinə keçən əşyaları sındırıb-dağıtdığından, onunla, uşaqları ilə kobud davrandığından, cavabdehə işgəncələr verdiyindən, dəfələrlə döyərək bədən xəsarətləri yetirdiyindən münasibətləri pozulmuş, ailələri 2016-cı ilin iyun ayından dağılmışdır. İddiaçı guya 2016-cı ilin iyun ayında cavabdehlə və 2 azyaşlı uşağı ilə birlikdə mübahisəli evə köçməsi və həmin evə köçdükdən sonra onunla mehriban yaşaması barədə məhkəməyə verdiyi məlumatlar həqiqətə uyğun deyil - yanlış məlumatlardır. Həmin vaxtdan cavabdeh iddiaçı ilə faktiki ayrılmış, aralarında etibarlı ailə münasibətləri mövcud olmamışdır. Cavabdeh daimi yaşayış yeri olan öz evindəki cehiz əşyalarının bir hissəsini mübahisələndirilən evə gətirə bilmişdir, qalan əmlakları hələ də Əmircan qəsəbəsindəki evlərində iddiaçının istifadəsindədir. Birgə nikah dövründə tikdikləri həmin yaşayış evi də hazırda İddiaçı istifadəsində, sahibliyindədir. 2017-ci ilin fevral ayının 15-16-da Fərzəli cavabdehlə ərarvad münasibətlərinə son qoyduğuna və boşanmaq istədiyinə görə uşaqları ilə görüşmək adı ilə əsəbi halda mübahisəli evə həyət hasarını aşmaqla gəlib onu amansızcasına döyərək bədən xəsarətləri yetirmiş, polis işçiləri tərəfindən iddiaçı Maştaga qəsəbəsindəki Ruhi-Əsəb Dispanserində müalicə olunmaq üçün yerləşdirilmişdir. Fərzəli tərəfindən döyüldükdən sonra cavabdeh 21 fevral 2017-ci il tarixdə boşanma tələbi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 06 iyul 2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin əsassız olduğunu bildirərək və iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimi zamanı səhvə yol vermiş, tərəflər arasında mübahisəli evlə bağlı münasibətin 2009-cu ildən əvvəl yarandığı kimi səhv nəticəyə gələrək, tətbiq edilməməli olan normanı tətbiq etmiş, həmçinin iddiaçını özbaşına tikili olan həmin evə istifadə hüququ olan şəxs kimi qiymətləndirmişdir; halbuki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin müəyyən olunmuş hallarına əsasən, İddiaçı ilə X3 21 iyun 2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 05.11.2005-ci il tarixdə Nuray, 24.02.2012-ci il tarixdə Nigar adını verdikləri uşaqları dünyaya gəlmiş, ailə qurduqdan sonra bir müddət Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küçəsi Dalan 1-də iddiaçının anasına məxsus evin həyətyanı torpaq sahəsində inşa etdikləri evdə yaşamış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, cavabdehlə nikahda olduğu dövrdə - 2008-ci ildə - Binə qəsəbəsinin Atçılıq Sovxozu adlanan ərazisindən 300 kv.m torpaq sahəsi alıb orada özlərinə yaşayış evi tikdirməyə başlamış, ev 2016-cı ilin iyun ayında tamamilə yaşayış üçün yararlı vəziyyətə gətirildikdən sonra cavabdeh və 2 azyaşlı uşağı ilə birlikdə həmin evə köçmüşlər; lakin münasibətləri pozulduqdan sonra iddiaçı onu həmin evə buraxmır. Cavabdeh həmin evin anasına məxsus olduğunu irəli sürməklə iddiaya etiraz edir; onun bildirməsinə görə anası Binə qəsəbəsinin Atçılıq Sovxozu adlanan ərazisindən 300 m2 torpaq sahəsini Şahin adlı şəxsdən 2010-cu ildə almış, 2016-cı ildə orada ev tikmiş, iddiaçı evin tikintisində iştirak etməmiş və orada ümumiyyətlə yaşamamışdır. İş materiallarına əlavə edilmiş Binə qəsəbə nümayəndəliyinin 20.05.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh hal-hazırda yaşadığı ev Binə qəsəbəsi, “Atçılıq” yaşayış massivində yerləşən 49-cu küçədədir və evə ünvan verilməmişdir. Həmin evin reyestrdə qeydə alınmamış əmlak (özbaşına tikili) olduğu işin mübahisələndirilməyən halıdır; bununla yanaşı iş materiallarından aydın olur ki, evin qazla və suyla təmin olunması üçün cavabdehlə “Azəriqaz” İB arasında 27 may 2019-cu il tarixdə, “xxxx” ASC ilə 20.10.2015-ci il tarixdə müqavilələr bağlanmış, müqavilələrdə Cavabdeh ailə tərkibinin 4 nəfərdən ibarət olduğu göstərilmişdir. Kollegiya hesab edir ki, mübahisə predmeti olan evə dair bağlanmış kommunal müqavilələrdə kommunal xidmətləri alacaq olan ailənin 4 nəfərdən ibarət olaraq göstərilməsi, ağlabatan mühakimə əsasında iddiaçının da orada yaşamış olması nəticəsinə gəlməyə əsas verir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, iş materiallarından, torpaq sahəsini cavabdehin anasına satmış şəxs kimi təqdim olunan Şahin Əliyevin müvafiq etibarnaməni 27.08.2019-cu il tarixdə verdiyi aydın olur; bu hal isə cavabdehin arqumentlərinin inandırıcılığını şübhə altına alır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, sonradan cavabdeh orada yaşamasına maneə yaratmışdır. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin mübahisəsi gedən ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Kollegiya həmçinin hesab edir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə kollegiya, iddiaçının da cavabdehlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə, onun mübahisəli evə köçürülməsini qanunamüvafiq hesab edir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən göstəriş yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüquqlarının tanınması ilə nəticələnmir. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri cavabdehlərdən alınaraq iddiaçıya ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorların özlərinə aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2243/2019 saylı iş üzrə 20 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunsun. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Atçılıq” yaşayış massivində 49cu küçədə yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar