Məhkəmə qərarları › İş №2(103)-1287/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1287/2024

22.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1287/2024 22.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə mülki iş üzrə (Açar sözlər: iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4815/2021 saylı, xx.xx.2023cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan övladları 24 avqust 2007-ci il təvəllüdlü X4 və 06 iyun 2011-ci il təvəllüdlü X2 ilə birlikdə cavabdeh ilə birgə nikah dövründə tikdikləri və əsaslı təmir etdikləri ünvan 1 ünvanında inşa olunan özbaşına tikilmiş 5 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(011)-4815/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı yetkinlik yaşına çatmayan övladları 24 avqust 2007-ci il təvəllüdlü X4 və 06 iyun 2011-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanında inşa olunan özbaşına tikilmiş 5 otaqlı fərdi yaşayış evinə köçürülməsi, cavabdehlərdən 10 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(011)-4815/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2022-ci il tarixli 2(103)-3871/2022 saylı qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-4815/2021 saylı, 22 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Sözügedən qətnamədən Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 20 sentyabr 2022-ci il tarixli 2(102)-4906/2022 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3871/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçı hazırda ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4815/2021 saylı 22 iyun 2021-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, 01 aprel 2023-cü il tarixdə icra sənədində qeyd olunan ünvana icra məmurlarının köməyi ilə köçürülmüşdür. Lakin 10 sentyabr 2023-cü il tarixdə evə gedərkən mənzildə pakistan vətəndaşlarının olduğunu görmüş və soraqlaşma nəticəsində müəyyən etmişdir ki, borclu şəxs özünə aid hissədə mənzili pakistan vətəndaşlarına kirayə verib. Onlar da iddiaçının yaşamaq hüququna maneə yaradırlar.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4815/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4815/2021 saylı 22 iyun 2021-ci il tarixli icra sənədi yenidən icraya yönəldilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, hazırkı tələb üzrə qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmiş, icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğundan icra məmuru tərəfindən 15 avqust 2023-cü il tarixdə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən hazırkı mülki işin icrası barədə materiallar tələb edilmiş, Xətai rayon İcra şöbəsinin təqdim etdiyi məktuba əsasən bildirilmişdir ki, arxiv sənədləri pərakəndə vəziyyətdə olduğundan icra sənədini aşkar etmək mümkün olmamışdır. Məhkəmə iclasında tərəfin verdiyi izahatlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında mənzillə bağlı olan mübahisə davam etməkdədir və məhkəmənin mənzilə köçürülmə ilə bağlı qətnaməsinin icrasında çətinliklər mövcuddur. Odur ki, qətnamə yenidən icraya yönəlməlidir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

8. Həmin qərardaddan Cavabdeh1 şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(011)- 4815/2021 saylı qərardadının ləğv edilməsi və ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı qanunsuz və əsassızdır. Məhkəmə qərarında qeyd edilmişdir ki, “iş materiallarından görünür ki, hazırkı tələb üzrə qətnamə öz qanuni qüvvəsini almış və icraya yönəldilmiş, icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğundan icra məmuru tərəfindən 15 avqust 2023-cü il tarixdə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin, məhkəmə qərarında qeyd edilmişdir ki, “məhkəmə tərəfindən hazırkı mülki işin icrası barədə materiallar tələb edilmiş, Xətai rayon İcra şöbəsinin təqdim etdiyi məktuba əsasən bildirilmişdir ki, arxiv sənədləri pərakəndə vəziyyətdə olduğundan icra sənədini aşkar etmək mümkün olmamışdır. Məhkəmə iclasında tərəfin verdiyi izahatlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında mənzillə bağlı olan mübahisə davam etməkdədir və məhkəmənin mənzilə köçürülmə ilə bağlı qətnaməsinin icrasında çətinliklər mövcuddur. Qanunda icra sənədinin yenidən icraya yönləndirilməsinin konkret halları nəzərdə tutulmuşdur ki, hazırkı iş üzrə də belə bir hal yoxdur və mövcud olması təsdiqlənmir. Məhkəmə iddiaçının (tələbkarın) ərizəsində göstərilən və faktlarla sübut olmayan halları əsas götürərək ərizəni təmin etmişdir. Halbuki, İddiaçı evdə yaşamaq hüququ pozulmamışdır, onun həmin evdə yaşamasına maneə yoxdur. Həyətin və evin giriş açarı İddiaçı vardır, ona ayrılmış otağa şəxsən kilid vurmuş və açarı özüylə aparmışdır. Dəfələrlə İddiaçı orda olmuş, hətta çəkiliş belə aparmış və bu vaxta qədər də onun həmin evdə yaşamasına maneə törədilməmişdir. Lap əvvəldən İddiaçı o evdə yaşamaqdan imtina edərək, oranı icra məmuruyla birgə baxışdan sonra könüllü olaraq tərk etmişdir. Bütün yuxarıda qeyd edilənləri əsas götürərək hesab edir ki, ərizənin təmin edilməsi barədə qərardad ləğv edilməlidir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4815/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli 2(011)- 4815/2021 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətin rədd edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli 2(011)-4815/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

14. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 73.1. Tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. Maddə 73.2. Borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda, icra hərəkətləri hal şahidlərinin iştirakı ilə həyata keçirilir, habelə icra məmuru müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir. Tələbkarın yaşamasına (olmasına) borclu tərəfindən maneçilik törədildikdə, icra məmuru bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Maddə 73.3. Tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Maddə 73.4. Tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. Maddə 73.5. Tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Maddə 73.6. Tələbkarın yaşamasına (olmasına) maneçilik törədən şəxs icra sənədində göstərilən borclu şəxs olmadıqda, icraat təzələnə bilməz. Bu halda köçürülmə haqqında məsələ məhkəmə qaydasında həll olunur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və İddiaçı ərizəsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir.

16. Belə ki, birinci instansiya məhkəməsi qərardadını əsaslandırarkən ona istinad etmişdir ki, tərəflər arasında mənzillə bağlı olan mübahisə davam etməkdədir və məhkəmənin mənzilə köçürülmə ilə bağlı qətnaməsinin icrasında çətinliklər mövcuddur. Odur ki, qətnamə yenidən icraya yönəlməlidir

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı ərizəsində qeyd edir ki, mənzilə köçürüldükdən sonra cavabdehin mənzili pakistanlılara kirayəyə verdiyini görmüşdür, onlar da iddiaçının yaşamasına maneçilik törədirlər.

18. “İcra haqqında” Qanunun tələbinə görə tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə icra sənədi üzrə icraat təzələnməli, maneçilik törədən şəxs icra sənədində göstərilən borclu şəxs olmadıqda köçürülmə haqqında məsələ məhkəmə qaydasında həll olunmalıdır. §14

19. Birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin edilsə də, İddiaçı mənzilə köçürülməsinə həqiqətən də maneənin törədilməsi, maneənin kim tərəfindən törədilməsi üzrə heç bir araşdırma aparılmamışdır.

20. Bundan başqa, hazırki ərizəyə icra qaydasında, yoxsa mülki işin davamı olaraq baxılmalı olmasına da aydınlıq gətirilməmişdir.

21. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməklə, iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4815/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə icra sənədinin yenidən icraya göndərilməsi ilə bağlı İddiaçı ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar