Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1288/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3828/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7.297 manat əsas borc, 500 manat hüquqi yardım xərci və 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı MMC-yə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-dən 5.000 manat mənəvi zərər, 5.000 manat əsassız iddia verdiyi üçün, 1.000 manat vəkil xərci, 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(006)- 3828/2021 saylı qərardadı ilə ilk iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3828/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək göstərmişdir ki, qətnamə qanunsuz və əsassızdır, belə ki, cavabdeh iddiaçının əsassız kommunal borc tələbinə görə iztrab keçirmiş, vaxtını bu məsələlərin həll edilməsinə sərf etmişdir. Məhkəmə buna heç münasibət bildirməmiş, maddi və prossesual hüquq normalarını pozmuşdur. Bu səbəbdən, qətnamənin iddia tələbinin rədd olunan hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Hazırkı işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən şikayətə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: İddiaçı MMC (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7.297 manat əsas borc, 500 manat hüquqi yardım xərci və 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(006)- 3828/2021 saylı qərardadı ilə ilk iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən qarşılıqlı iddia tələbi hissədə tam yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Kollegiya qeyd edir ki, iddiaçı qarşılıqlı iddia tələbində yeganə əsas kimi İddiaçı MMC-nin ona qarşı olan ilkin iddia tələbi ilə məhkəməyə müraciət etməsinə istinad etmişdir. Yuxarıda qeyd edilən normalardan da göründüyü kimi, məhkəməyə müraciət etmək bütün fiziki və hüquqi şəxslərin Konstitusiyada da təsbit olunmuş hüququ olduğundan, qarşılıqlı iddia tələbi əsassızdır, bu səbəbdən də rayon məhkəməsi qarşılıqlı iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Hər hansı əks yanaşma Konstitusiyada təsbit olunmuş fundamental hüquq kimi məhkəməyə müraciət hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olardı. Cavabdehin iddiasının, eləcə də apellyasiya şikayətinin dəlilləri əslində MPM-in 120ci maddəsinin (məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər) tətbiqi üçün əsas ola bilərdi, lakin hazırkı halda həmin maddənin də tətbiqi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, qarşılıqlı iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3828/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1288/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1288/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver