Məhkəmə qərarları › İş №2(103)-1289/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1289/2023

24.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1289/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, e-2(011)-2114/2022 saylı qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Əmək Müqaviləsi” ilə işçi pərakəndə satış departamenti əsas iş yeri, kassir vəzifəsində işə qəbul edilmişdir. İşçi mağazada pul vəsaitlərinin müştərilərdən kassaya qəbul etmək, pul vəsaitlərinin xəzinədarlığa təhvil vermək və kassada müştərilərə xidmət göstərmək funksiyalarının icrasını öhdəsinə götürmüşdür. Cavabdeh MMC və İddiaçı arasında həmçinin xx.xx.2020-ci il tarixli “Tam maddi məsuliyyət haqqında müqavilə” də imzalanmışdır. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə uyğun olaraq Əmək Məcəlləsinin 71.2-ci maddəsi ilə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı İnsan Resursları bölmə rəhbəri İ.Aydınov tərəfindən verilmiş iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli 2863k nömrəli əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, iddiaçı Cavabdeh MMC-nin pərakəndə satış departamentində kassir vəzifəsinə işə bərpa edilməyi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdə Cavabdeh MMCnin pərakəndə satış departamentinə kassir vəzifəsinə işə qəbul edilmişdir. Bir müddət əvvəl, yəni xx.xx.2021-ci il tarixində iddiaçını əsassız bəhanə gətirərək işdən azad etmişdirlər. İddiaçı işdən azad edilməyi barədə xx.xx.2021-ci il tarixli 2863k nömrəli əmrdə qeyd edilmişdir ki, əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən və 72-ci maddəsinin “f” bəndinə əsasən xitam verilmişdir. Lakin iddiaçı işdə heç bir nöqsana yol verməmiş və nümunəvi işçi olmuşdur. O, həqiqətən də qanunsuz və əsassız olaraq işdən çıxarılmışdır. Buna görə də, iddiaçı ilkin olaraq mübahisənin mediasiya prosesində həll edilməsi üçün mediasiya şürasına müraciət etmişdir. Lakin mediasiya prosesində cavabdehin nümayəndəsi iddiaçının işə bərpa edilməyi üçün razılığa gəlmədiyi üçün X8 sonra prosesi davam etdirmək mümkün olmamış və iddiaçıya X8 sonra X22 bilməməsi barədə arayış verilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə görə dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələr yerinə yetirilməlidir. Cavabdeh MMC iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə müvafiq olaraq xitam verilmişdir. Lakin iddiaçı iş vaxtı ərzində inzibati xəta və ya cinayət törətməmişdir. Bekə ki, iddiaçı tərəfindən inzibati xəta və ya cinayət törədilsəydi barəsində ya inzibati protokol tərtib edilər və ya o, cinayət məsuliyyətinə cəlb edilərdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, e-2(011)-2114/2022 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-nin xx.xx.2021ci il tarixli, 2863K saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də pərakəndə satış departamentinə kassir vəzifəsinə (tutduğu əvvəlki vəzifəsinə) bərpa edilməsi, Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, Cavabdeh MMC-dən 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 70, 72, 296 və 300-cü maddələri ilə əsaslandıraraq, göstərmişdir ki, qanunvericinin tələbinə əsasən, işçi iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verdikdə işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilər. Hazırkı mübahisədən isə müəyyən olunur ki, iddiaçı tərəfindən iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verilməsi halı mövcud olmamışdır. Belə olan halda, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə müvafiq olaraq həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əsassız olmuşdur. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə qiymət verərək hesab etmişdir ki, ərizə əsassızdır. Belə ki, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, iddiaçının 1 aylıq iddia müddətini ötürməsinə istinad edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarından müəyyən edilir ki, iddiaçı onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə məktubu xx.xx.2021-ci il tarixdə almışdır, lakin əmək müqaviləsinə xitam verilməsi barədə əmri və əmək kitabçasını o, xx.xx.2021-ci il tarixdə almışdır. Daha sonra iddiaçı ilkin mediasiya sessiyasında iştirak ilə bağlı xx.xx.2021-ci il tarixli məktubla cəmiyyətə müraciət etmiş və xx.xx.2021-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə ilkin mediasiya sessiyaları keçirilmişdir. Hazırkı iddia tələbi üzrə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdən hesablanmalı, mediasiya prosesinin tətbiqi ilə əlaqədar müddətin axımı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək dayandırılmış hesab edilməlidir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək müəyyən edilməlidir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə yuxarıda müəyyən edilmiş iddia müddətini ötürmədən xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Odur ki, Cavabdeh MMC-nin nümayəndəsinin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi təmin edilməməlidir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdehin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə sistəmdə **********072457 nömrəli “Bazarstore Super Kart” bonus kartı iləbağlı uyğunsuzluqlar nəticəsində, həmçinin müştərilərin şikayətləri əsasında müəyyən olundu ki, İddiaçı dəfələrlə həmin kartın istifadəsi ilə bağlı pozuntulara yol verərək, sözügedən kartı dəfələrlə müştərilənin alış-verişində istifadə etmiş, nəticədə X1 hesabına bonus məbləğlərin toplanmasına və həmin şəxs tərəfindən xərclənməsinə şərait yaradaraq, bilərəkdən müştərilərin və MMC-nin hüquqlarını kobudcasına pozmuşdur. Məhkəməyə təqdim edilmiş Excell faylda mövcud olan kart hərəkətindən görünür ki, kartın sahibi X10r və müxtəlif tarixlərdə dəfələrlə ayrı ayrı müştərilərin alış-verişində istifadə edilmişdir. xx.xx.2021-ci il tarixində iddiaçı özü də bunu etiraf edərək, izahatında qeyd edilən nişanlısı olan şəxsin qohumları tərəfindən müxtəlif vaxtlarda bonus məbləğlər topladığını və xərclədiyini qeyd etmişdir. Kassirlərə bir müştərinin bonus kartından başqa müştərinin və ya öz xeyrinə istifadə edilməsinə yol verilməməsi, bonus kartı olmayan müştəriyə ilk növbədə kartının olub olmamasının soruşulması, müştəridə kart olmadığı halda isə yeni müştəri kartının verilməsinin təklif edilməsi qaydaları dəfələrlə izah edilmiş və işə başlamazdan əvvəl bütün işçilər bu barədə təlimatlandırılmışdırlar. Bu barədə iddiaçı işə qəbul olarkən MMC-nin İnsan Resursları əməkdaşları tərəfindən, habelə işə başlayarkən Şəki mağazasının müdiri Samir Babayev, müdir müavinləri, mağazanın əlaqəli digər personalları (xəzinədarlar, kassirlər) habelə müştəri xidmətləri tərəfindən təlimatlandırılmışdır. Həmin pozuntular öz növbəsində bir müştərinin qazanacağı bonus məbləğinin başqa bir müştərinin kartına daxil edilməsi, kartı olmayan müştərilərə kart açmayaraq, onların bonus məbləğlərinin kassirlərin öz kartlarına və ya öz yaxın qohumlarının, tanışlarının bonus kartlarına vurulması və sonradan istifadəsi kimi bir çox halları ehtiva edir. Həmin hallar da bəzi şəxslərin (müştərilərin, kassirlərin və s.) əsassız varlanmasına, müştərilərin haqlı etirazlarına səbəb olaraq, onlara birbaşa olaraq maddi ziyan vurulmasına, müştərilərin Cavabdeh-a inamının qırılmasına, Cavabdeh MMC-nin işgüzar nüfuzunazərər dəyməsinə, həmçinin müəssisəmizin iş ahənginin pozulmasına və nəticədə MMC-nin pərakəndə satış sektorunda nüfuzunun azalmasına səbəb olur. Bonusları başqa şəxslərin bonus kartlarına yüklənmiş müştərilər zaman-zaman bu halları aşkar etdikdə haqlı olaraq birbaşa Cavabdeh MMC-dən onlara dəymiş zərərin kompensasiya edilməsini, başqa sözlə, etdikləri alış verişlərin məbləğlərinə uyğun bonusların onlara geri qaytarılmasını tələb edirlər. Müştərilərin tələbləri əsasında isə Cavabdeh MMC onlara dəymiş ziyanı kompensasiya edir. Beləliklə, kassirlərin etdiyi uyğunsuzluqlar yekunda Cavabdeh MMC-yə həm maddi, həm də mənəvi ziyan dəyməsinə səbəb olur. Bununla da, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş, habelə işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəymişdir. Bundan başqa, İddiaçı müştəri bonuslarını bir bonus kartına toplaması və xərcləməsi halı özlüyündə inzibati xəta tərkibi yaratmaqdadır. Belə ki, bu hərəkətlə iddiaçı başqa müştərilərin bonus məbləğlərini mənimsəməklə xırda talama əməlinə yol vermişdir. Habelə, toplanmış bonuslardan kassirin sonradan istifadə imkanı istisna edilmirdi. Belə ki, kassir əməkdaşlar başqa birinin adına rəsmiləşdirilməmiş kartları istənilən birinin adına rəsmiləşdirə və bonuslardan istədiyi şəxsin xeyrinə, habelə öz xeyrinə istifadə edə bilər. Lakin Cavabdeh MMC tərəfindən işçilərin işdən çıxarılmasından əlavə həm də inzibati məsuliyyətə cəlb edilməməsi üçün humanizm mövqeyindən çıxış edərək faktlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmamışdır. Göründüyü kimi iddiaçının MMC ilə bağladığı əmək müqaviləsinə xitam verilməsi üçün kifayət qədər əsaslar mövcud olmuşdur. İddiaçı 1 təqvim ayı müddəti ötürərək məhkəməyə müraciət etmişdir: Belə ki, İddiaçı xx.xx.2020-ci il tarixində əmək müqaviləsi ilə işə qəbul edilmiş və xx.xx.2021-ci il tarixində 2863K nömrəli əmrlə işdən azad edilmişdir. xx.xx.2021-ci il tarixində mediasiya prosesinin tətbiqi ilə bağlı MMC-yə müraciət etmişdir. Həmin tarixlər arasında 9 gün müddət ötürülmüşdür. Mediasiya sessiyası xx.xx.2021-ci il tarixində yekunlaşmışdır. İddiaçı isə xx.xx.2021-ci il tarixində məhkəməyə iddiaərizəsi ilə müraciət etmişdir. Həmin aralıqda isə iddiaçı 23 gün müddət ötürmüşdür. Toplamda isə 32 gün müddət keçmişdir ki, bununla da qanunla müəyyən edilmiş bir təqvim ayı müddəti ötürmüşdür. İddiaçı bonus kartından istifadə ilə bağlı əmək funksiyasını kobud şəkildə pozduğu üçün işəgötürənin qanunla qorunan mənafelərinə ziyan dəymişdir. Belə ki, kassir bonus kartındakı pulu mənimsəyərək, işəgötürənə əmək kollektivinə, habelə müştərilərə ziyan vuraraq, müştərilərin bonus kartlarına daxil olacaq vəsaitləri dəfələrlə mənimsəmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Ancaq məhkəmə cavabdehin təqdim etdiyi CD diskdə olan sübutu tədqiq etməmiş, sübutun qəbul edilməsindən də imtina etməmişdir. Məhkəməyə **********072457 nömrəli “BazarstoreSuper Kart” bonus kartının hərəkəti ilə bağlı sübut (CD diskdə) təqdim edilmiş, iddiaçının yol verdiyi uyğunsuzluqlar həmin sübutda ətraflı təsvir olunmuşdu. Lakin Xətai Rayon Məhkəməsi tərəfindən incələnməmiş, araşdırılmamışdır. Bu sübutun araşdırılması həyata keçirilsəydi, məhkəmə görərdi ki, iddiaçı tərəfindən həqiqətən də bonus məbləğləri mənimsənib və Cavabdeh MMC-yə, o cümlədən müştərilərə maddi ziyan vurulub. İş üzrə bütün faktiki halların məhkəmə tərəfindən aydınlaşdırılmamasıMPMin 385.1.2- cimaddəsinə əsasən məhkəmə aktının apellasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Xətai Rayon Məhkəməsinə təqdim etiyimiz sənədlərə (1093№-li ödəniş tapşırığı, iddia müddətinin tətbiqi ilə bağlı vəsatət və s.) kifayət qədər lazımi hüquqi qiymət verilməmişdir: Belə ki, iddia müddətinin tətbiqi ilə bağlı vəsatət verməyimizə və vəsatətdə müddətin ötürüldüyünü sənədlərlə sübut etməyimizə baxmayaraq Xətai Rayon Məhkəməsi iddia müddətinin axımı ilə bağlı sənədlərə ötəri yanaşaraq müddətin ötürülmədiyi qənaətinə gəlmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasından iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsini yalnız əmrin qanunsuz hesab edilməklə iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində yoxlanılması təşkil edir. Apellyator məhkəmə məsrəfləri ilə bağlı qətnaməni mübahisələndirmədiyindən həmin hissədə qətnamə yoxlanılmır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi: 16-cı maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə ağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər: 71-ci maddəsinin İİİ bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin “f” bəndinə əsasən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi - işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 296-cı maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı və Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə “Əmək Müqaviləsi” bağlamış və həmin müqaviləyə əsasən işçi pərakəndə satış departamenti əsas iş yeri, kassir vəzifəsində işə qəbul edilmişdir. İşçi mağazada pul vəsaitlərinin müştərilərdən kassaya qəbul etmək, pul vəsaitlərinin xəzinədarlığa təhvil vermək və kassada müştərilərə xidmət göstərmək funksiyalarının icrasını öhdəsinə götürmüşdür. Eyni tarixdə Cavabdeh MMC və İddiaçı arasında “Tam maddi məsuliyyət haqqında müqavilə” də imzalanmış və bu müqaviləyə əsasən tərəflər aşağıda şərtlər barəsində razılaşmışdırlar: - İşəgötürən əmək funksiyalarının icrasını təmin etmək məqsədilə İşçinin istifadəsində daşınar əmlak, nəqliyyat vasitələri, maşın-mexanizlər, qurğu və avadanlıqlar, pul vəsaitləri və sairə digər maddi sərvətlər (bundan sonra Əmlak) verməyi və həmin əmlakları ona etibar etməyi, işçi isə onun istifadəsində və etibarına verilən əmlakı qəbul etməyi, yalnız əmək funksiyalarının icrası üçün istifadə etməyi və verildiyi andakı vəziyyətinə uyğun olaraq gələcəkdə qoruyub saxlamağa öz öhdəsinə götürür; - İşçinin vəzifələri aşağıdakılardır: - İşəgötürən tərəfindən əmək münasibətləri prosesində ona etibar edilmiş əmlakı qoruyub saxlamlı və həmin əmlakdan isitfadə olunaraq görüləcək işi düzgün, layigincə və vicdanlı bir şəkildə yerinə yetirməli; - ona etibar edilmiş əmlakın və həmin əmlakla görüləcək işlərin tam qeydinə qalmalı, həmçinin, işəgötürənə heç bir səbəb üzündən ziyan vurmamalı və bu cür ziyan vurula bilməsi ehtimalına qarşı profilaktik tədbirlər həyata keçirməli, - işəgötürənə və ya işlədiyi sahədəki rəhbər şəxsinə vaxtlıvaxtında öhdəsinə olan əmlakların təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə əmlakın salamatlığı üçün yaranan təhlükəli vəziyyətin səbəblərini aydınlaşdırmalı; - işçinin istifadəsinə verilən, həmçinin, iş yerində ümumi istifadədə olan digər əmlaklarla ehtiyatlı və səliqəli davranmalı, onların düzgün istifadə qaydalarına riayət etməli, itməsinə, zədələnməsinə, məhv olmasına, natamam olmasına şərait yaradan şəkildə istifadəyə yol verilməməsini təmin etməməli, bu sahədə səhlənkarlığa və digər formada ehtiyatsızlığa yol verməməli; - ona etibar edilmiş əmlakın, görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada sənədləşməməsini tərtib edib rəhbərliyinə təqdim etməli; - ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməlidir; - işçi bu müqavilənin 2-ci bəndi ilə nərərdə tutulan öhdəliklərini pozduqda və Əmək Məcəlləsinin 199-cu maddəsi üzrə qanunazidd hərəkətləri törətdiyi hallarda ona etibar edilmiş əmlaka dəymiş ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; - ziyanın vurulma faktı və məbləği işəgötürən və ya onun müvafiq qaydada səlahiyyət verdiyi şəxs və ya qurum tərəfindən əmlakın ziyan vurulduqdan sonrakı faktiki vəziyyəti əsasında, həmçinin, qanunvericiliklə nəzərdə tutulmuş hallarda müvafiq dövlət orqanı tərəfindən aşkarlanır, hesablanır və İşçi tərəfindən qəbul edilir. İş materiallarında olan Cavabdeh MMC-nin alış-veriş təlimatının surətindən görünür ki, kassa personalı öz kassalarından alış-veriş edə bilməz. İş materiallarında olan X14, X18, X15 və X11 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, akt tərtib edilir ondan ötrü ki, həqiqətən Cavabdeh MMC-nin Pərakəndə Satış Departamentində kassir vəzifəsində işləyən İddiaçı nişanlışına məxsus olan **********072457 bonus kartı müxtəlif tarixlərdə digər müştərilərin alışverişlərində istifadə edərək karta bonuş məbləğlər toplamış və daha sonra həmin məbləği xərcləmişdir. İş materiallarında olan X12 Cavabdeh MMC-nin Baş direktoru X25 ünvanlanmış xx.xx.2021-ci il tarixli xidməti məlumatınını surətindən görünür ki, Cavabdeh MMC-nin Pərakəndə satış departamentində kassir vəzifəsində işləyən İddiaçı nişanlısına məxsus olan **********2457 bonus kartı müxtəlif tarixlərdə digər müştərilən alış-verişlərində istifadə ediərək karta bonus məbləğlər toplamış və daha sonra məbləği xərcləmişdir. Bu halın qanunvericiliyə zidd olmasını nəzərə alaraq bu haqda müvafiq tədbir görməyi xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli X26 tərəfindən Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlanmış təqdimatın sürətindən görünür ki, Cavabdeh MMC-nin Pərakəndə satış departamentində kassir vəzifəsində işləyən İddiaçı nişanlısına məxsus olan **********072457 bonus kartı müxtəlif tarixlərdə digər müştərilənin alış-verişlərində istifadə edərək karta bonus məbləğlər toplamış və daha sonra həmin məbləği xərcləmişdir. Bununla əlaqədar olaraq, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinin tələblərini pozması səbəbi ilə 70-ci maddənin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi tələbini Həmkarlar İttifaqı Komitəsində müzakirəyə çıxarmağı xahiş etmişdir. İş materiallarında olan X3, X13, X7, X16, X20 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh MMC-nin Pərakəndə satış departamentində kassir vəzifəsində işləyən İddiaçı xx.xx.2021-ci il tarixdə baş tutan Həmkarlar İttifaqı Komitəsinin yığıncağına qatılmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İddiaçı izahatının surətindən görünür ki, onun kassasına nişanlı olduğu şəxsin qohumları gəlmiş və onlar İddiaçı nişanlı olduğu şəxsin kartına vurmağı demişlər. O da, həmin karta müştərinin yəni qohumlarının mallarını vurmuşdu. Həmin gün nişanlısı olan şəxsin bonusundan onun razılığı ilə istifadə etmişdi. O, nişalandığı zamandan nişanlısının qohumları iddiaçının kassasına gəlir və bonusları onun kartına vurdururdular. Gün ərzində bir neçə dəfə də nişanlısı olan şəxs kassasına gəlir öz kartından istifadə edir, aldığı məhsullarda. Düzdü, iddiaçıya deyilib ki, qohumları onun kassasında keçməsin, lakin, həmin şəxslər hələ onun qohumları deyil. O, həmin şəxslər evli olsaydı düzgün olmazdı. İddiaçı bu halın bir daha təkrarlanmayacağına söz vermişdir. İş materiallarında olan Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin Ümumi Yığıncağının 21 nömrəli xx.xx.2021-ci il tarixli Protokolunun surətindən görünür ki, yığıncaqda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndini rəhbər tutaraq, xx.xx.2021-ci il tarixindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qanuna uyğun hesab edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 2863k nömrəli əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə uyğun olaraq Əmək Məcəlləsinin 71.2-ci maddəsi ilə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixindən Cavabdeh MMC ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Ona əmək kitabçasını təhvil almaq üçün Cavabdeh MMC-nin baş ofisinə dəvət etmişdirlər. Həmin məktuba əlavə edilmiş xəbərnamələrin surətindən görünür ki, iddiaçı məktubu xx.xx.2021-ci il tarixində almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 1093 nömrəli Ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh MMC tərəfindən işçilərinə 5180,23 manat məbləğində, o cümlədən İddiaçı 299,40 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 2021-006837 nömrəli X8 sonra X22 bilməməsi barədə Arayışdan görünür ki, arayış İddiaçı nümayəndəsi X9 və Cavabdeh MMC-nin nümayəndəsi X5 xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilmiş, lakin tərəflər X8 sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. Məhkəmə kollegiyası qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Cavabdehin əmrinin məzmununa əsasən iddiaçı tərəfindən iş yerində inzibati xətaya yol verildiyi üçün o Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndində nəzərdə tutulan pozuntuya yol verməsi onunla bağlanmış əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə əsas olmuşdur. Apellyasiya şikayətində apellyator həmçinin işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş, habelə işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyməsini də qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəfindən **********072457 nömrəli “Bazarstore Super Kart” bonus kartından İddiaçı dəfələrlə istifadəsi ilə bağlı pozuntulara yol verməsi dəlilləri ilə bağlı qeyd edir ki, əvvəla iddiaçıya istinad olunan pozuntu nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir. İkincisi də Kollegiya hesab edir ki, iddiaçının yol verdiyi sözügedən pozuntu, yəni **********072457 nömrəli “Bazarstore Super Kart” bonus kartından dəfələrlə istifadə etməsi işəgötürənin mənafeyinə ciddi xələl gətirən pozuntu kimi qiymətləndirilə bilməz. Belə ki, xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4 məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə 2020-ci ildən cavabdeh müəssisədə kassir kimi fəaliyyət göstərən, ötən müddət ərzində hər hansı intizam tənbehi almayan iddiaçının yol verdiyi iddia olunan pozuntuya görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntunun - əgər pozuntu hesab edilsə belə xarakterinə adekvat olmamışdır. Üçüncüçü isə məhkəmə kollegiyası hesab edir ki,hazırki iş üzrə iddiaçının sözügedən kartı dəfələrlə müştərilənin alış-verişində istifadə etməsi kimi hərəkəti ilə başqa müştərilərin bonus məbləğlərini mənimsəməklə xırda talama əməlinə yol verməsi ilə bağlı barəsində inzibati məsuliyyətə cəlb edilmə ilə əlaqədar müvafiq protokol və ya qərar olmadığı halda cavabdehin əmrində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanarkən Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndini rəhbər tutmaqda haqlı olmamışdır. Belə ki, kollegiyanın qənaətinə görə iş vaxtı ərzində işçinin bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi tərtib edilmiş müvafiq protokol və ya qəbul edilmiş müvafiq qərarla təsdiqlənir. Qanunvericinin tələbinə əsasən, yalnız bu halda, yəni, işçi iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi müvafiq protokol və ya qərarla öz təsdiqini tapdığı təqdirdə işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilər. Cavabdehin öz işçiləri olan X14, X18, X15 və X11 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli Akta və X12 Cavabdeh MMC-nin Baş direktoru X25 ünvanlanmış xx.xx.2021-ci il tarixli xidməti məlumatına istinad edərək iddiaçının iş vaxtı ərzində bilavasitə iş yerində özünun etirazında və apellyasiya şikayətində göstərdiyi kimi inzibati xətaya yol verməsi qənaətinə gəlməsi düzgün olmamışdır və buna görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, hazırkı mübahisə üzrə iddiaçı tərəfindən iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verilməsi halı mövcud olmamışdır. Belə olan halda, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə müvafiq olaraq həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əsassız olmuşdur. Beləlliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Belə ki, məhkəmənin müəyyən etdiyi kimi iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmışdır. Bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiqi ilə bağlı dəlillərinə qiymət verərək hesab edir ki, məhkəmənin iddiaçının iddia müddətini ötürmədən xx.xx.2021-ci il tarixdə hazırkı iddia ərizəsi ilə müraciət etməsinə dair nəticəsi düzgün olmuşdur. Belə ki, iş materiallarından görünür ki iddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakı ilə bağlı xx.xx.2021-ci il tarixli məktubla cəmiyyətə müraciət etmiş və xx.xx.2021-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə ilkin mediasiya sessiyaları keçirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hazırkı iddia tələbi üzrə iddia müddətinin axımının xx.xx.2021-ci il tarixdən hesablanmalı olması, mediasiya prosesinin tətbiqi ilə əlaqədar müddətin axımı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək dayandırılmış hesab edilməsi və beləliklə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia müddətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək müəyyən edilməli olması qənaətinə gəlmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, e-2(011)-2114/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar