Məhkəmə qərarları › İş №2(103)-129/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-129/2025

18.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-129/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X7, Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə Hamlet oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1804/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. 14 saylı Notariat ofisinin 8İ-23854 saylı, xx.xx.2022-ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzil(lər) Səbail rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında hərrac təşkilatçısı "xxxx" MMC tərəfindən satışa çıxarılmışdır. Əmlakın ilkin satış qiyməti 350.000 manat məbləğində olmuşdur. Keçirilmiş hərraclar baş tutmadığı üçün əmlak “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı təklif edilmiş, sonuncu da öz növbəsində təklifi qəbul edərək mübahisəli əmlakı 223.125 manat məbləğinə əldə etmiş və və bu barədə "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli, 147/23 saylı Açıq hərracın yekunu haqqında protokol imzalanmışdır. Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzillər üzərində mülkiyyət hüququ DƏDKR PHŞ tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən tanınmışdır (Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixli: xx.xx.2023-cü il).

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzilindən onlara məxsus əşyalarla birlikdə çıxarılmaları, mənzilin boşaldılması və cavabdehlərin həmin mənzillərdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli 3M-1104 saylı kredit müqaviləsinə əsasən İddiaçı X3 340.000 manat məbləğində borc pul vermişdir. xx.xx.2021-ci il tarixli 3M-1105 saylı İpoteka müqaviləsinə əsasən X6 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzil(lər) Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə bağlanmış 3M-1104 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. AZ-İİ seriyalı 204649 saylı ölüm haqqında şəhadətnamədə qeyd edildiyinə əsasən X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan qızı Cavabdeh1 olmuşdur və o, miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnaməyə əsasən verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X3 verilmiş **********84-05101- 093020 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 171 kv.m. olan mənzildən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi **********1170501 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69b saylı evin 33, 34, 35 saylı mənzili(lər) ipoteka ilə yüklü olmuşdur. 14 saylı Notariat ofisinin 8İ-23854 saylı, xx.xx.2022-ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra qeydinə əsasən Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzilə(lər) tutma yönəldilməsi haqqında icra qeydi aparılmış, icra qeydində tələbkara ödənilməli olan cəmi məbləğin 340.025 manat olduğu göstərilmişdir. 14 saylı Notariat ofisinin 8İ-23854 saylı, xx.xx.2022-ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzilə(lər) Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən satılması məqsədi ilə hərrac təşkilatçısı "xxxx" MMC-də satışa çıxarılmışdır. Əmlakın ilkin satış qiyməti 350.000 manat olmuş, keçirilmiş hərraclarda satılmadığı üçün əmlak İpoteka Haqqında qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı tərəfindən 223.125 manat məbləğinə alınmış və və bu barədə "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli, 147/23 saylı açıq hərracın yekunu haqqında protokol imzalanmışdır. Bundan sonra İddiaçı müraciəti əsasında Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzillər üzərində mülkiyyət hüququ DƏDKR PHŞ tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən tanınmışdır (Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixli: xx.xx.2023-cü il). Lakin bununla belə keçmiş mülkiyyətçi Cavabdeh1 və yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən həmin ünvanda qeydiyyatda olan Cavabdeh2 mənzil üzərində mülkiyyət hüquqlarına hörmətlə yanaşmırlar və evi mülkiyyətçiyə təhvil verməkdən imtina edirlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində İddiaçı mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1804/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlərin mənzilə sahiblik hüququ yoxdur, ona görə ki, cavabdehlərin mənzilə əşya hüququndan doğan heç bir haqqı qalmadığından onların mənzili öz təsir dairəsində saxlayıb orada əşyaların olması hüquqən tanınan sahiblik haqqı deyil, hüquqla qorunmayan faktiki vəziyyətdir. Eyni zamanda hazırkı işdə cavabdehlərin mübahisəli mənzilə nə kirayə, nə əvəzsiz istifadə, nə də, sair müqavilələrdən irəli gələn sahiblik hüququ təsbit edilməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respulikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

7. Cavabdeh1 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1804/2023 saylı iş üzrə 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

8. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən 18 oktyabr 2023- cü il tarixli, 2(009)-1804/2023 saylı qətnamədən görünür ki, məhkəmə sadəcə olaraq qanunun normalarını sadalamış, lakin hazırkı hala onların tətbiqini heç cür izah etməmiş və mövqeyini əsaslandırmamışdır. Bu baxımdan, hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi məhkəmə aktının qanuni və əsaslı olması ilə bağlı tələblərə də cavab verməməklə, məhkəmə nəinki tətbiq edilməli olan hüquq normasını düzgün müəyyənləşdirməmişdir, həm də mülki mühakimə icraatının fundamental və başlanğıc prinsiplərini pozmuşdur. Bundan əlavə məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzil(lər) Səbail rayon İcra və Probasiya şöbəsi tərəfindən satılması məqsədi ilə hərrac təşkilatçısı "xxxx" MMC-də satışa çıxarılmışdır. Əmlakın ilkin satış qiyməti 350.000 manat olmuş, keçirilmiş hərraclarda satılmadığı üçün əmlak İpoteka Haqqında qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı tərəfindən 223.125 manat məbləğinə alınmış və bu barədə "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2023- cü il tarixli, 147/23 saylı açıq hərracın yekunu haqqında protokol imzalanmışdır. Bundan sonra İddiaçı müraciəti əsasında Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzillər üzərində mülkiyyət hüququ DƏDKR PHŞ tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən tanınmışdır. Hazırda tərəfindən sözügedən mənzillərə dair Bakı Hərrac Mərkəzi" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 147/23 saylı açıq hərracın yekunu haqqında protokol tərəfindən mübahisələndirilmiş və iş məhkəmənin icraatındadır. Eyni zamanda müvəqqəti təminat tədbiri olaraq mübahisələndirilən mənzillər üzərində hər hansı hərəkətin edilməsinin qadağan edilməsinə dair ərizəsi məhkəmənin qərardadı ilə təmin edilmişdir. Lakin buna baxmayaraq məhkəmə qeyd edilən halları nəzərə almamış və nəticədə qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Bundan əlavə onu da qeyd etmişdir ki, mərhum atası X6 İddiaçı borc olaraq aldığı 340.000 manat məbləğində pulun hamısını iddiaçıya qaytarmış, lakin məsuliyyətsizlik edib, kredit və ipoteka müqavilələrini ləğv etdirməmiş, eyni zamanda iddiaçı borc müddətindən xeyli müddət keçməsinə baxmayaraq, bir dəfə də olsun atası vəfat edənə qədər borcunu tələb etməmişdir. Lakin atası vəfat etdikdən sonra hazırda əlavə olaraq yenidən borcunu tələb edir. Onu da qeyd etmişdir ki, həmin kredit və ipoteka müqavilələri də tərəfindən mübahisələndirilmişdir. Qeyd edir ki, məhkəmə onu məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırmamış, onun xəbəri və məlumatı olmadan işə baxaraq öz qanunsuz qətnaməsini qəbul etmişdir.

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 13.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 14.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 15.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin Cavabdeh1 münasibətdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının 16.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

17.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

18.14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 19.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 20.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 21.139-1.1.2-ci və 139-1.1.3-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı əsas hesab olunur. 22.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 23.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 25.404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 26.414.1 və 414.2-ci maddələrinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 27.425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 28.560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 29.560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. 30.567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 31.570.1.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. 32.575-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. 33.576-cı maddəsinə əsasən, əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər. 34.646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

35. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

36.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

37. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 38.218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

39.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. 40.Göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, iş materiallarında olan bildirişlərdən göründüyü kimi cavabdehi məlumatlandırmaq məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər apellyatorun hazırda müraciət etdiyi apelyasiya şikayətində qeyd edilən ünvana göndərilmişdir. Beləliklə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etmədiyi müəyyən edilmişdir. 41.Belə olan halda kollegiya cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi arqumentini əsassız hesab edir. Belə ki, tərəf lazımi qaydada xəbərdar edildiyi halda heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədikdə məhkəmənin işə tərəfsiz baxması Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi baxımından ədalətli məhkəmə baxışına təminat hüququna zidd deyildir. Çünki, məlumatlı olduğu halda məhkəmə iclasına gəlməməsinin məsuliyyətini cavabdehin özü daşıyır və bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. 42.Bundan başqa mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 14 saylı Notariat ofisinin 8İ-23854 saylı, xx.xx.2022-ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzil(lər) Səbail rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında hərrac təşkilatçısı "xxxx" MMC tərəfindən satışa çıxarılmışdır. Əmlakın ilkin satış qiyməti 350.000 manat məbləğində olmuşdur. Keçirilmiş hərraclar baş tutmadığı üçün əmlak “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı təklif edilmiş, sonuncu da öz növbəsində təklifi qəbul edərək mübahisəli əmlakı 223.125 manat məbləğinə əldə etmiş və və bu barədə "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli, 147/23 saylı Açıq hərracın yekunu haqqında protokol imzalanmışdır. Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzillər üzərində mülkiyyət hüququ DƏDKR PHŞ tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən tanınmışdır (Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixli: xx.xx.2023-cü il).

43. Göründüyü kimi iddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus yaşayış sahəsindən əvvəlki mülkiyyətçinin və onunla yaşayan digər şəxslərin çıxarılması və s. barədədir. İddiaçı tələbinin əsası kimi mübahisəli mənzil(lər)i qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərrac vasitəsilə əldə etməsinə, mənzil(lər) üzərində mülkiyyət hüququnun qeydə alınmasına, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər hansı hüquqi əsas olmadan mənzili tərk etməmələrinə istinad etmişdir.

44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı cavabdehlərin çıxarılmasını istədiyi daşınmaz əmlakın mülkiyyətçisidir, onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

45. Belə ki, mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.

46. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

47. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər.

48. Beləliklə də, iddiaçı cavabdehlərin çıxarılmasını istədiyi mənzilin mülkiyyətçisidir, onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Buna baxmayaraq cavabdeh iddiaçının mülkiyyət hüququnu sərbəst surətdə həyata keçirməsinə məhdudiyyətlər yaradır, bu isə qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir.

49. Belə ki, Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır.

50. Göründüyü kimi, iddianın təmin olunmaması Mülki Məcəllənin 140, 148.2 və 149.2ci maddələrinin tələblərinə açıq-aşkar zidd sayılardı. Çünki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

51. Halbuki iş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, X1 cavabdehlər "xxxx" MMC-yə, Səbail rayon İcra Şöbəsinə və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzillərinin hərracda satılmasına dair İddiaçı ilə "xxxx" MMC arasında keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2023-cü il tarixli, 147/23 saylı protokolun etibarlılığını mübahisələndirmiş, iddianın əsassız olmasını təsbit etmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1247/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi də qanuni qüvvəsini almışdır.

52. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətlinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.

53. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

54. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1804/2023 saylı, 18 oktyabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar