Məhkəmə qərarları › İş №2(103)-1290/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1290/2021

02.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1290/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili X1, Cavabdeh “X9” Şirkətinin Azərbaycan Filialınnın etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3529/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “X9” Şirkətinin Azərbaycan Filialına qarşı “işə bərpa tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “X9” Şirkətinin Azərbaycan Filialının xx.xx.2020-ci il tarixli 02X-OK nömrəli əmrinin onun əmək müqaviləsinə xitam verilməsi hissəsində ləğv edilməsi və “Kirayə təmir sexi”nin rəisi vəzifəsinə işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının əmək münasibətlərinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi, “Kirayə təmir sexi”nin rəisi vəzifəsinə işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2008-ci ildən “X10” Şirkətinin Azərbaycan Filialında işləməyə başlamışdır. 12 il qüsursuz işləmişdir. Bu 12 il ərzində heç bir töhmət almamış, 2018-ci ilin dekabr ayında “X10” Şirkətinin Azərbaycan Filialının rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. “X9” Şirkətinin Azərbaycan Filialının xx.xx.2020-ci il tarixli 02X-OK nömrəli əmri ilə onunla və digər 4 işçi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. “X10” Şirkətinin Azərbaycan Filialının xx.xx.2020-ci il tarixli 02X-OK nömrəli əmri ləğv edilməlidir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə qızdırıcının ilanvari borusunda yaranmış nasazlığın aradan qaldırılması üçün şirkətin “Neftin hazırlanması və nəqli sexi”nin rəisi Şaiq Vəliyev nasos stansiyaları üzrə böyük usta Qüdrət Əhmədova tapşırıq vermişdir. Q.Əhmədov müəyyən işlər gördükdən sonra hazırlıq işlərinin başa çatması barədə Ş.Vəliyevə məlumat vermişdir. Ş.Vəliyev qızdırıcının yanına gəlmiş və nasos stansiyaları üzrə böyük usta Q.Əhmədovun, mühəndis V.Abıyevin və onun iştirakı ilə qaz ölçən cihazla qızdırıcının və ilanvari borunun daxilində qaz mühitinin olub-olmaması yoxlanılmış və cihaz qeyd edilən hissələrdə qaz mühitinin olmamasını göstərmişdir. Bu səbəbdən də Ş.Vəliyev Q.Əhmədova mexaniki işlərin başlanmasına icazə vermişdir. Q.Əhmədov mexaniki işlərin başlanması üçün iş yerini mühəndis V.Abıyevə təhvil vermişdir. Q.Əhmədov onun yanına gələrək təmir işlərinin aparılması üçün hazırlıq işlərinin başa çatdırılmasını bildirərək işin görülməsinə cavabdeh şəxslər tərəfindən imzalanmış “Partlayış və partlayış təhlükəli obyektlərdə od təhlükəli işlərin yerinə yetirilməsinə icazənamə”ni ona təqdim etmişdir. İcazənamədə xeyli cavabdeh şəxslərin imzası olduğu üçün icazənamənin əməyin mühafizəsi və texniki təhlil şöbəsinin nümayəndəsi ilə də razılaşdırıldığını hesab etdiyi üçün baş mexanik Rasim Bağırova telefon vasitəsilə məlumat vermiş və R.Bağırov odlu işlərin görülməsinə icazə vermişdir. “X10” Şirkətinin Azərbaycan Filialının “Cari təmir sexi”ndə elektrik qaz qaynaqçısı peşəsində çalışan X12 qaynaq işlərini aparmağa başlamışdır. Müəyyən işlər görüldükdən sonra partlayış baş vermiş və X12 partlayış nəticəsində xəsarət almışdır. Bundan sonra onların əmək müqaviləsinə xitam verilmişdir. Bu hadisənin baş verməsində onun günahı yoxdur. O, qaynaq işlərinin başlanmasına razılıq aldıqdan sonra işə başlanılmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3529/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi İddiaçı cavabdeh “X10” Şirkətinin Azərbaycan Filialına qarşı “işə bərpa” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi iş üzrə qərar qəbul edərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uygun olmamışdır. Məhkəmə iş üzrə tərəfindən təqdim olunmuş, işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən sübutları nəzərə almamış cavabdehin mülahizələrinə əsaslanaraq maddi və prossesual hüquq normalarını düzgün tətbiq etməyərək səhv qərar qəbul etmişdir. Baş vermiş hadisədə onun hansı nəzarətsizliyə yol verməyi qeyd olunmamışdır. Məhkəmə onun işçinin xəsarət almasında təqsirinin olubolmamasını, təqsirinin hansı sübutlarla təsdiq olunmasını müəyyən etməmiş, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən baş vermiş hadisə ilə bağlı tərtib edilmiş tədqiqat aktına, cavabdehin mülahizələrinə əsaslanaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Tərəfindən işə bərpa tələbi irəli sürmək üçün Əmək Məcəlləsində müəyyən olunmuş prossesual müddət ötürülməmişdir. Məhkəmə iclası zamanı iddia ərizəsinin xx.xx.2020-ci il tarixdə sadə məktubla poçta təqdim etməyi barədə zərf məhkəməyə təqdim olunmuşdur. Zərfin üzərində olan və tarix qeyd olunan möhürdə qeyd olunan tarix öz əksini tapmışdır. İddia tələbinin hansı səbəbdən xx.xx.2020-ci il tarixdə Səbail Rayon Məhkəməsinə təqdim edilməsi ona məlum deyil. Lakin məhkəmə qeyd olunan poçt zərfini nəzərə almamış, bu barədə qətnamədə heç bir qeydiyyat aparmamışdır. Cavabdeh təşkilat Əmək Məcəlləsinin 187.1-ci maddəsinin tələblərini pozaraq ondan izahat almamış və ya bu barədə heç bir akt tərtib etməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3529/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi və vəkili X8 verilmiş apelyasiya şikayətini müdafiə etdiklərini bildirərək, iddia ərizəsinə göstərdiklərinə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdilər, həmçinin apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3529/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında cavabdeh “X9” Şirkətinin Azərbaycan Filialınnın etibarnamə əsasında nümayəndəsi Nümayəndə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3529/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. İddiaçının apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, “X9” Şirkətinin Azərbaycan Filialının rəhbərinin xx.xx.2020-ci il tarixli 02X-OK nömrəli əmrinin surətindən görünür ki, Filialda işləyən İddiaçı ilə bağlanmış xx xxxxx 2016-cıil tarixli 1157 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx xxxx 2020-ci il tarixdə xitam verilmişdir. Həmin əmrin əsası kimi aşağıdakılar qeyd olunmuşdur: xx xxxxxx 2020-ci il tarixdə saat 15:40 radələrində Kayman Adalarının Cavabdehın (bundan sonra “Şirkət”) Cari təmir sexində elektrik qaz qaynaqçısı vəzifəsində işləyən X6 iş zamanı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. Qeyd olunan hadisə istehsalat xarakterli olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli 27 №-İi qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarına müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə (bundan sonra “Əmək müfəttişliyi”) 04 2/086 №-li 10.02.20-ci il tarixli məktubla dərhal məlumat verilmişdir. Əmək müfəttişliyinin xx xxxxxx 2020-ci il tarixli, **********9 nömrəli əmri ilə hadisənin araşdırılması üçün təhqiqat komissiyası (bundan sonra “Təhqiqat komissiyası”) yaradılmışdır. Təhqiqat komissiyası tərəfindən hadisə hərtərəfli araşıdırmış və nəticədə müvafiq təhqiqat aktı tərtib edilərək təsdiq edilmişdir. Təhqiqat aktı Şirkətə xx xxxx 2020-ci il tarixində **********2 №-li məktubla rəsmi qaydada təqdim edilmişdir.Təsdiq edilmiş təhqiqat aktına əsasən hadisənin baş verməsinə səbəb olaraq təhqiqat aktının 4.1-ci bəndinə əsasən Şirkətin baş mexaniki X4, 4.2-ci və 4,6-cı bəndlərinə əsasən mühəndis X7, 4.3-cü və 4.6-cı bəndlərinə əsasən neftin hazırlanması və nəqli sexinin rəisi Şaiq Rasim, oğlu Vəliyevin, 4,4-cü və 4.6-cı bəndlərinə əsasən neftin hazırlanması və nəqli sexinin nasos stansiyaları üzrə böyük ustası X2 cavabdehliyini, 4.5-ci bəndinə əsasən kirayə (cari)-təmir sexinin rəisi İddiaçı nəzarətsizliyi göstərilmiş və beləliklə adıçəkilən işçilər, Özlərinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və bundan əlavə təqsirli hərəkətləri, (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi ilə əmək vəzifələrinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşlar. Bundan əlavə baş vermiş hadisənin araşdırılması, səbəbinin təhqiq edilməsi və gələcəkdə bu kimi halların qarşısının alınması məqsədi ilə Şirkət rəhbərinin 02/L №-li xx xxxxxx 2020-ci il tarixli əmri ilə Şirkət rəhbərinin sədrliyi ilə Şirkət üzrə daxili komissiya (bundan sonra “Daxili komissiya”) yaradılmışdır. Daxili komissiyanın xx xxxxxx 2020-ci il tarixli aktına əsasən hadisənin baş verməsinə əsas verən yuxarıda adları çəkilən işçilərdən əlavə Şirkətin hasilat üzrə vitseprezidenti Vladimir Navozovun, Neftin hazırlanması, təhvili və satışı şöbəsinin meneceri X3 və İstehsalatın operativ idarə edilməsi üzrə X11 Adıgözəl oğlunun öz əmək funksiyalarına laqeyd yanaşmaları ilə vəzifə təlimatlarının tələblərini, əmək və icra intizamım pozduqları müəyyən edilmişdir. İş materiallarında olan, xx xxxxxxx 2008-ci il tarixli, 0507456saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı “X9” Şirkətinin Azərbaycan Filialının rəhbərinin xx.xx.2020-ci il tarixli 02X-OK nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən şirkətdə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə tərtib edilmiş “Təhqiqat aktı”ndan görünür ki, Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən “X10” şirkətinin Azərbaycan Respublikasındakı filialının baş mexaniki X4, 4.2-ci və 4.6-cı bəndlərinə əsasən mühəndis X7, 4.3-cü və 4.6-cı bəndlərinə əsasən neftin hazırlanması və nəqli sexinin rəisi Şaiq Rasim oğilu Vəliyevin, 4.4-cü və 4.6-cı bəndlərinə əsasən neftin hazırlanması və nəqli sexinin nasos stansiyaları üzrə böyük ustası X2 cavabdehliyinə, 4.5-ci bəndinə əsasən kirayə (cari)-təmir sexinin rəisi İddiaçı nəzarətsizliyini müəyyən etmişdir. İş materiallarında olan, Şirvan şəhər prokurorluğunun müstəntiqi Anar İsgəndərli tərəfindən qəbul edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında 29 aprel 2020-ci tarixli qərarın surətindən görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən “Qarasu Əməliyyat Şirkətində” elektrik-qaz qaynaqçısı işləyən 1974-cü il təvəllüdlü X6 şirkətin X15 Kompleks hazırlanması sexində X16 Parkında yerləşən Yol qızdırıcısının təmiri zamanı xəsarət alması hadisəsi cinayət əlamətlərini əks etdirmədiyindən, baş vermiş hadisə cinayət hadisəsi olmadığından xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsilə başlanılmış cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu məcəllənin 70-ci maddəsinin ”ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalçı, əmək və icra intizamının normal ahəngini pozmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvülərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hası formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin “ç” bəndinə əsasən işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi zamanı yaranan fərdi əmək mübahisələrin həlli Əmək Məcəlləsi ilə nizama salınır. Həmin Məcəllənin 292-ci maddəsinin 1-ci bəndinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Bu maddənin 2-ci bəndinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Bundan başqa işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh “X9” Şirkətinin Azərbaycan Filialınnın etibarnamə əsasında nümayəndəsi Nümayəndə xx xxxxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi 1 aylıq müddəti ötürülməklə verildiyinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən İddiaçı bildirmişdir ki, iddia müddətinin bərpası barədə ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş və iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. İş materiallarından isə görünür ki, İddiaçı Nəsimi Rayon Məhkəməsinə iddia müddətini ötürməklə müraciət etmiş, həmçinin müddətin bərpası barədə ərizədə həmin müddətin 3 ay ötürülməsinin hansı üzürlü səbəbdən olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi İddiaçı işə bərpa olunması barədə iddia ərizəsini məhkəməyə iddia müddətini ötürməklə vermişdir. Belə ki, İddiaçı apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə vaxtında iddia ərizəsi ilə müraciət etdiyini bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəçə kollegiyasına təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin iddia müddətini tətbiq edilməsi barədə ərizəsini nəzərə almaqla tələb üzrə iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. X13 Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin İddiaçı apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3529/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3529/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar