Məhkəmə qərarları › İş №2(103)-1292/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1292/2024

29.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1292/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3454/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Havryenko Tetianaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu M.Rüstəmov küçəsi 12 saylı evin 111 saylı mənzilin ½ hissəsinə dair 5 saylı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 2V-96 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında Cavabdeh1 adına olan Çıxarışın, sözügedən mənzilin ½ hissəsinə dair 5 saylı “ASAN Xidmət”mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 2V-639 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 2V-203 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında Havrylenko Tetiananın adına olan Çıxarışın ləğv edilməsi, anası X3 vəfatından sonra miras qalmış əmlakına, o cümlədən Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 12 saylı evin 111 saylı mənzilə dair onun vərəsəlik hüquqularının tanınması və vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3454/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3454/2023 saylı qətnaməinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3454/2023 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddətin bərpası barədə ərizə ilə birlikdə xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron qaydada daxil olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3454/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3454/2023 saylı qətnaməsindən şikayət verilməsi üçün buraxılmış müddətin bərpası barədə İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasından imtina olunmaqla, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı məhkəməyə şikayət verərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3454/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə onun cavabdehlər Cavabdeh1 və Tetıana Havrylenkoya qarşı iddia tələbi rədd edilmişdir. Onun hüquqlarını məhkəmədə Vəkil1 müdafiə etmişdir və ona etibarnamə vermişdir. O, işi ilə əlaqədar olaraq xarici ölkəyə getmiş və məhkəmədə baxılan mülki işi ilə bağlı bütün səlahiyyətləri Vəkil1 etibar etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli qətnaməsindən Vəkil1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Lakin onun fəaliyyətinin dayandırılmasına görə işə vəkil Nümayəndə cəlb edilmişdir və onun vəkil orderi apellyasiya şikayətinə əlavə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3454/2023 saylı qərardadı ilə onun nümayəndəsi Vəkil1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli apellyasiya şikayəti və əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardadda göstərilir ki, "apellyasiya şikayəti İddiaçı adından Nümayəndə tərəfindən verilmiş, lakin apellyasiya şikayətinə Nümayəndəun səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Bundan əlavə apellyasiya şikayətində şikayət verən şəxsin nümayəndəsi qismində X5 göstərilməklə, şikayət onun tərəfindən imzalanmış, lakin X2 apellyasiya şikayəti vermək səlahiyyətini təsdiq edən vəkil orderi əlavə edilməmişdir.” Hal-hazırda Azərbaycan Respublikasının X1 konsulu tərəfindən Nümayəndəun səlahiyyətini təsdiq edən etibarnamə tərtib edilmişdir. Lakin artıq məhkəmə qətnaməsindən apellyasiya şikayətin verilməsi üçün müəyyən edilmiş bir aylıq prosessual müddət buraxılmışdır. Bunun da səbəbi onun şəxsən özünün Bakı şəhərində olmaması və onun nümayəndəsi X2 fəaliyyətinin dayandırılması ilə izah olunur. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. O, buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmiş və göstərmişdir ki, müəyyən edilmiş müddətin buraxılması ondan asılı olan səbəblərə görə olmayıb. Vəkili Vəkil1 verilmiş etibarnaməni o, bu günə kimi ləğv etməmiş, lakin onun fəaliyyəti dayandırılmışdır və işə başqa vəkil cəlb edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3454/2023 saylı qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Cavabdeh Havryenko Tetiananın nümayəndəsi və vəkili Vəkil3 tərəfindən etiraz daxil olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olduğunu və iddiaçının şikayətinin dəlillərinin əsassız olduğunu nəzərə alaraq birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3454/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023cü il tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilmiş, iddiaçı tərəfindən verilmiş ilkin apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Apellyasiya şikayəti İddiaçı adından Nümayəndə tərəfindən verilmiş, lakin apellyasiya şikayətinə Nümayəndə səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilməmiş, apellyasiya şikayətində şikayət verən şəxsin nümayəndəsi qismində X5 göstərilməklə, şikayət onun tərəfindən imzalanmış, lakin X2 apellyasiya şikayəti vermək səlahiyyətini təsdiq edən vəkil orderi əlavə edilməmişdir. Bu səbəbdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3454/2023 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış, qətnamədən verilmiş təkrar apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə prosessual müddətin bərpasına dair ərizə ilə elektron qaydada məhkəməyə daxil olmuşdur. İddiaçının ilkin apellyasiya şikayəti məhkəmənin xx.xx.2023- cü il tarixli qərardadı ilə geri qaytarılmış, qərardad xx.xx.2023-cü il tarixdə iddiaçının vəkili olmuş L.Mansırovanın elektron kabinetinə yerləşdirilmişdir, yəni şikayətçi, həmin tarixdən şikayətinin qanunvericiliyin tələblərinə uyğun olaraq verilməməsi səbəbindən geri qaytarılmasından məlumatlı olmuşdur, bununla belə, hazırki ərizə, son qərardadın ona çatmasından 44 gün, mübahisələndirilən qətnamədən isə 2 ay 17 gün sonra məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, cavabdeh qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddəti uzun müddət ötürmüş, prosessual müddətin bərpasına dair verdiyi ərizədə isə bunun üzrlü səbəblərini göstərməmiş və məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin ərizəçinin "İddiaçı Bakı şəhərində olmaması səbəbindən etibarnamə verməsinin mümkün olmaması və hazırda AR X1 konsulu Qocayev N.M. tərəfindən Nümayəndəun səlahiyyətini təsdiq edən etibarnamənin tərtib edilməsi” barədə dəlilləri prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olduğundan, iddiaçının özü tərəfindən onların dəf edilməsi imkanları mümkün olduğundan qeyd edilən hallar apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasının üzrlü səbəbləri kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3454/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 3454/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3454/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar