Məhkəmə qərarları › İş №2(103)-1294/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1294/2021

28.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1294/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” məzmunlu ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixdə qəbul etdiyi qətnamədən ərizəçinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən 13 saylı fərdi yaşayış evinin 4/5 hissədə onun, 1/5 hissədə bacısı X1 mülkiyyətində olduğunu, ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evində yaşamaqla evdən və evə məxsus həyətyanı torpaq sahəsindən istifadə etdiklərini, evə dair çıxarış alsa da, həyətyanı sahəyə dair texniki pasport və çıxarış ala bilmədiyini, həyətyanı sahənin texniki pasportunun surətini almaq üçün Maraqlı şəxsnə etdiyi müraciətə cavab olaraq fərdi yaşayış evinə dair torpaq sahəsinin ayrılması barədə məlumatın İdarənin arxivində aşkar olunmadığının bildirildiyini, halbuki, yaşayış evinə dair verilmiş ilkin texniki pasportda fərdi yaşayış evinin və həyətyanı sahəsinin ölçülərinin qeyd olunduğunu bildirmiş, buna görə də həmin fərdi yaşayış evinə məxsus 0,061 ha torpaq sahəsinə istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin olunmamışdır. Qətnamədən ərizəçinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ərizənin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarını hərtərəfli araşdırmadığını, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, müəyyən edilmiş faktlarla əlaqədar səhv nəticəyə gəldiyini irəli sürmüşdür. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılmasına qərar verilmişdir (ərizəçinin nümayəndəsi vəkil orderini təqdim etmədiyi üçün prosesə buraxılmamışdır). Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. İşin müəyyən edilən halına görə, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evi 4/5 hissədə Ərizəçi mülkiyyətindədir və bununla bağlı ona verilmiş müvafiq çıxarışda evin yerləşdiyi torpaq sahəsinin Dövlət mülkiyyətində olduğu göstərilmişdir. İş materiallarında olan, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Maraqlı şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli cavab məkrubunda da, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi 13 saylı fərdi yaşayış evinə dair torpaq sahəsinin ayrılması haqqında məlumatın İdarənin arxivində aşkar edilmədiyi bildirilmişdir. Göründüyü kimi ərizəçinin təsdiq edilməsini istədiyi faktla bağlı müvafiq dövlət orqanında müvafiq sənədlər mövcuddur və bu sənədlərin ərizəçiyə təqdim olunmasından imtina edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, ərizəçinin ərizəsinin təmin edilməsi üçün Mülki Prosessual Məcəllənin 308-ci maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər mövcud olmamışdır; müvafiq sənəddəki məlumatın ərizəçini qane etməməsi isə həmin məlumatların faktın təsdiqi institutu vasitəsilə təkzib edilməsinə yol aça bilməz. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı Qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Şərh olunanla əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2188/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar