Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1295/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “işə bərpa tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 noyabr 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. Cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə X4 Qaz İstismarı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsinə və onun həmin İdarənin (bundan sonra – İdarə) Tovuz Rayonu Təbii qazın qəbulu və satışı Xidmətində (bundan sonra – Xidmət) qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İİ qrup əlil olan iddiaçı, onunla Birlik arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Əmək müqaviləsinə” əsasən Xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləmişdir. Əmək funksiyalarını qanunla müəyyən olunmuş qaydada və vicdanla yerinə yetirmişdir. Buna baxmayaraq onunla bağlanmış “Əmək müqaviləsinə” xx.xx.2023-cü il tarixli əmrlə xitam verilmişdir. Əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə istinadən müqaviləyə xitam verilməsinin əsası kimi qeyd olunmuşdur ki, iddiaçı əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilmir. İddiaçı əmri əsassız sayır. Çünki onun əlil olması əmək funksiyalarının yerinə yetirməsinə mane olmamış, o əmək funksiyalarını tam və lazımi qaydada təkbaşına, yeni digər işçilərin köməyindən istifadə etmədən yerinə yetirmişdir. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində iştirakı və iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
3. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı, iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, o, 2003-cü ildən etibarən əlildir, 2010-cu ildən etibarən isə işləyir və bu haqda iş yeri ondan məlumat tələb etməmişdilər, lakin portal vasitəsi ilə məlumatları olmalıdır, xx.xx.2023-cü il tarixdə onun əlillik dərəcəsi qiymətləndirilmiş və Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə İİ dərəcəli əlilliyi müəyyən olunmuş və yüngül işlərdə işləyə biləcəyi vurğulanmışdır, buna baxmayaraq İdarə onun əlillik dərəcəsinin dəyişməsini və sonuncu yoxlamadan sonra yüngül işlərə yararlı olması barədə məlumatı nəzərə almamış, o, əmək funksiyasını yerinə yetirə bildiyi halda onun əmək müqaviləsinə əsassız olaraq xitam vermişdir. Həmçinin İdarə əmək müqaviləsinə xitam verərkən onun əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi və buna görə də əmək funksiyasını yerinə yetirə bilməməsinə istinad etsə də, o bu müddət ərzində işinin başında olmaqla əmək funksiyasını, onun öhdəsində olan işləri yerinə yetirmişdir. O, ailəsini dolandıran yeganə şəxsdir və onun hüquqları əmək qanunvericiliyi və digər normativ hüquqi aktlarla qorunur. Göstərilənlərə əsasən o hesab edir ki, onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə əmr ləğv edilməli və o, işinə bərpa olunmalıdır.
4. Cavabdeh Birliyin nümayəndəsi X5 iddiaya dair Birliyin yazılı etirazını Rayon Məhkəməsinə təqdim edərək verdiyi izahatda göstərmişdir ki, iddiaçı, onunla İdarə arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Əmək müqaviləsinə” və həmin müqavilə əsasında verilmiş xx.xx.2015-ci il tarixli əmrə əsasən Xidmətdə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə işləmişdir. İşə qəbul olunarkən eləcə də işlədiyi müddətdə iddiaçının İdarəyə təqdim etdiyi tibbi müayinələrinə dair sənədləşmələrdə işlədiyi peşəyə yararlı olduğu göstərilmiş və işinə davam etmişdir. İddiaçı əmək fəaliyyəti müddətində son 3-5 ay müddətində əldə edilməsi mümkün olmuş daxil edilmiş portal məlumatlarına rəhbərlik tərəfindən elektron sistem üzrə baxış keçirilmiş və Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatlarına əsasən digər qeydlərlə yanaşı əmək zəmanəti kimi əmək qabiliyyətsiz olduğu müəyyən edilmişdir. Bununla əlaqədar iddiaçıya dəfələrlə xəbərdarlıq edilərək yenidən müayinədən keçməsi və portal məlumatlarının yenilənməsi istiqamətində tədbirlər görməsi bildirilmişdir. Lakin bu istiqamətdə heç bir iş aparılmadığından portal məlumatları yenilənmədiyindən sonuncu dəfə iddiaçı xx.xx.2023-cü il tarixdə İdarəyə dəvət olunmuş və rəhbərlik tərəfindən iddiaçıya rəsmi xəbərdarlıq edilməklə bildirilmişdir ki, xx.xx.2023-cü il tarixə qədər müvafiq sənədləri İdarəyə təqdim etməlidir. Lakin iddiaçı tərəfindən bu sənədləşməyə də əməl edilmədiyindən heç bir tədbir görülmədiyindən əmək qabiliyyətsiz işçinin hər hansı işə cəlb edilməsinin mümkünsüzlüyü eləcə də işəgötürən tərəfindən işçiyə hesablanan əmək haqqının iş günü ərzində işçinin əmək funksiyasına uyğun gördüyü işlərin məcmusu olması onun işdən azad edilməsini şərtləndirmişdir. Beləliklə iddiaçı tərəfindən problemin aradan qaldırılmasına nə rəsmi nə də praktiki heç bir tədbir görülmədiyindən xx.xx.2023-cü il tarixli əmr ilə iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən xitam verilmişdir. İddiaçı barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəsinə dair məlumata əsasən travmadan sonra sol said əzələlərinin atrofiyası, mil-bilək oynaqlarının kontrakturası, əl barmaqlarının inkişafdan qalması və kontrakturası, sol yuxarı ətraf funksiyasının tam itməsi, keçirilmiş KBT-dan sonra serebral araxnoidit, hipertenzion sindrom, daimi baş ağrıları ilə əlaqədar əlillik səbəbi ilə əmək qabiliyyətsiz hesab edilərək müddətsiz ikinci dərəcəli əlillik təyin olunduğu müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş və iddia ərizəsinə əlavə edilmiş sənədləşmələrlə belə müəyyən edilmişdir ki, iddiaçının işdən azad edilməsindən təxminən 10 gün sonra sistemə daxil edilmiş yeni müayinə məlumatları ilə əmək zəmanəti “əmək qabiliyyətsiz” kimi deyil, “yüngül işlərdə işləyə bilər” kimi qeyd olunmuşdur. Lakin Tibbi- Sosial Ekspert Komissiyasının qeyd olunan sonuncu müayinə məlumatlarına əsasən xəstəlik diaqnozunda heç bir yüngülləşmələr eləcə də xəstənin səhhətində heç bir sağalmalar baş vermədiyi halda əmək zəmanəti dəyişdirilərək xeyli yüngülləşdirilmişdir. Lakin səhhətində yaranmış mövcud problemlərin qalması fonunda iddiaçının nə rəsmi işə bərpası, nə də praktiki iş icrası yenidən mümkün deyildir. Belə ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” əsasən çoxşaxəli əmək funksiyası həm güc fiziki, həm ciddi zehni, həm də çevik praktiki öhdəlikləri ehtiva etdiyindən iddiaçının yenidən işə bərpası və iş icrası mümkünsüzdür, mümkün sayılmamalıdır. Digər tərəfdən 2023-cü ilin əvvəlinə qədər iddiaçı öz əmək funksiyasını təkbaşına yerinə yetirə bilməsə də, əmək funksiyasının icrasına digər işçilər kömək etmiş, onun yaşı, maddi vəziyyəti nəzərə alınaraq ona güzəşt edilmişdir, lakin iddiaçının səhhətində hər hansı problemin olması, əlilliyi və əmək qabiliyyətsizliyi barədə rəsmi qaydada məlumatın əldə edildiyi bir vəziyyətdə onunla əmək müansibətlərinə davam etdirilməsi mümkün deyil. İddiaçı “əmək hüquqlarının mübahisələndirmə” hərəkətlərini gecikdirərək qanunla müəyyən edilmiş prosessual pozuntuya yol vermiş məhkəməyə müraciət müddətini də buraxmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli əmri ilə işdən azad olunmuş iddiaçı həmin tarixdə də əmrlə tanış olaraq müvafiq qaydada imza qeydi etmişdir. Həmçinin işdən azad olunma ilə bağlı bütün sənədləşmələrə imza qeydi apararaq əmək kitabçasının surətini də təhvil almışdır. Lakin sonradan bu və ya digər formada işə bərpa barədə mübahisəsi yaransa da qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülməklə məhkəməyə müraciət etmişdir. Belə olan halda onun mübahisə predmetinin araşdırılmasından əvvəl iddia tələbinin qaldırılması mümkünlüyü araşdırılmalı və hüquqi qiymət verilməli, sonra mahiyyəti üzrə məhkəmə araşdırması aparılmalıdır. Buna görə də o hesab edir ki, iddia rədd edilməlidir.
5. Göstərilənlər və həmçinin iddia tələbinə iddia müddətinin tətbiqi barədə mövqe Birliyin yazılı etirazında öz əksini tapmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsini, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının MMC-də tutduğu əvvəlki vəzifəsinə bərpa edilməsini, 100 manat məbləğində dövlət rüsumunun cavabdeh Birlikdən tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 74-cü maddəsinin 1ci hissəsinin “c” bəndinə (qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) əsasən xitam verilsə də, məhkəmə baxışı zamanı iddiaçının əmək fəaliyyəti dövründə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını yerinə yetirməməsi halları, həmçinin əmək müqaviləsinə xitam verilməsinə əsas olan hallar müəyyən olunmadı. İddiaçı, İİ dərəcəli əlil olaraq eyni müəssisədə 2015-ci il tarixdən çalışmış və əmək funksiyasını lazımınca yerinə yetirmişdir ki, bu da onun eyni işdə və müəssisədə daha aşağı kateqoriyalı əlillik dərəcəsi ilə qanunla məhdudlaşdırılmayan hallar üzrə əmək fəaliyyəti ilə məşğul olmasının mümkünsüzlüyünü istisna edir. İşin halları araşdırılarkən, iddiaçının əmək qabiliyyətinin 6 aydan çox müddətinə tam itirməsi halı müəyyən edilməmiş, əksinə, onun yüngül işlərdə çalışa bilməsi müəyyən edilmiş, iddiaçı işdən çıxarıldığı günə kimi əmək fəaliyyəti ilə məşğul olmuş, gördüyü işə aylıq əmək haqqı almışdır, çalışdığı müddətdə ona qarşı hər hansı intizam tədbirinin tətbiq edilməsi halı müəyyən edilməmiş, cavabdeh tərəfindən də belə sübutlar təqdim edilməmişdir. İşəgötürən tərəfindən tərtib olunmuş AKT-da “əmək zəmanətlərinin əmək qabiliyyətsizdir kimi qeydindən əmək qabiliyyətlidir qeydinə dəyişdirilməsi və bu dəyişikliyin həyata keçirilməsi üçün işçiyə xx.xx.2023-cü il tarixə qədər vaxt verilməsi” nəzərdə tutulmuşdur ki, bu da işəgötürənin işçi ilə əmək münasibətlərinin “əmək qabiliyyətliliyi” şərtinə görə davam etdirilə bilməsini mümkünlüyünü nəzərdə tutur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təkrar müayinədən keçərkən 3-cü dərəcəli əllilik müəyyən edilməklə və “əmək qabiliyyətsiz” statusu “yüngül işlərdə işləyə bilər” statusu ilə əvəzlənməsinə baxmayaraq, cavabdehin birtərəfli qaydada əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə müvafiq olaraq xitam verməsi əsassız və qanunsuz olmuşdur ki, bu da iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilərək işə bərpa edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməsinə hüquqi əsas yaratmışdır. Cavabdehin “işçinin işlədiyi müddət ərzində əmək funksiyasını başqa işçilərin köməyi ilə yerinə yetirməsinə” dair dəlillərinə münasibətdə qeyd edilməlidir ki, cavabdeh bu hallara dair, həmçinin iddiaçının öz əmək funksiyalarını tam və ya lazımi qaydada yerinə yetirməməsi ilə bağlı hər hansı intizam tədbirinin tətbiq olunması hallarına dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Cavabdehin “iddia tələbinə Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini tətbiqi barədə” dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xx.xx.2023-cü il tarixdə xitam vermiş, bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə işəgötürən ilə aralarında yaranmış fərdi əmək mübahisəsini həll etmək məqsədilə mediasiyaya müraciət etmiş, xx.xx.2023-cü il tarixdə mediasiya arayışı tərtib olunmuş, xx.xx.2023-cü il tarixdə isə poçt vasitəsilə məhkəməyə müraciət etmişdir ki, bu da iddia ərizəsinin verilməsi üçün qanunla müəyyən olunmuş müddətə riayət olunmasını göstərir. Buna görə də, iddia tələbinə iddia müddəti tətbiq edilə bilməz. Göstərilənlərə əsasən iddia əsaslı hesab edilərək, təmin olunmalı, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmr ləğv edilməli və iddiaçı vəzifəsinə qaytarılmalıdır. Bu səbəbdən də, xx.xx.2023-cü il tarixdən, iddiaçı vəzifəsinə bərpa edilənə kimi ona Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı hesablanmalı və ödənilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
8. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissələrində ləğv edilməsini xahiş etmişdir.
9. Əsasları iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat
10. Cavabdeh Birliyin nümayəndəsi apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat vermişdir.
11. O, apellyasiya baxışının növbəti iclasının vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
12. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. f) işdə olan sübutlar barədə məlumat
13. Cavabdeh Birlik ilə iddiaçı arasında 1 il müddətinə bağlanmış xx.xx.2015-ci il tarixli “Əmək müqaviləsindən” görünür ki, iddiaçı cavabdeh X4 Qaz İstismarı İdarəsinin Tovuz Rayonu Təbii qazın qəbulu və satışı Xidmətində 4-cü dərəcəli Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə işə qəbul olunmuşdur.
14. İşdə olan xx.xx.2015-ci il tarixli “Tibbi arayışdan” görünür ki, iddiaçı sağlamlıq haqqında obyektiv göstəricilərinə əsasən sağlamdır.
15. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 17 nömrəli Ərazi Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.2011-ci il tarixdən İİ dərəcəli ümumi xəstəlik səbəbi ilə müddətsiz əlildir. O, Qaz avadanlıqları istismarı və təmiri üzrə çilingər peşəsinə qismən yararlıdır.
16. “Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” barədə xx.xx.2023-cü il çıxarışdan görünür ki, xx.xx.2011-ci il tarixli qiymətləndirmə əsasında iddiaçının İİİ dərəcəli əlil olması və əmək zəmanəti “əmək qabiliyyətsizdir” kimi qeyd edilmişdir.
17. “Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” barədə xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli qiymətləndirilmə əsasında iddiaçının İİ dərəcəli əlil olması və əmək zəmanəti “yüngül işlərdə işləyə bilər” kimi qeyd edilmişdir.
18. SER TSE-02 seriyalı 208602 saylı arayışdan görünür ki, 3711 nömrəli, xx.xx.2011-ci il tarixli müayinə aktına əsasən iddiaçıya ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik diaqnozu qoyulmuşdur.
19. İdarənin rəisi, İdarənin bir sıra vəzifəli şəxsləri və iddiaçının özü tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, yuxarıda qeyd edilən İdarədə işləyən işçilərin əlillik məlumatları araşdırılarkən bir sıra işçilərin, o cümlədən hazırki iş üzrə iddiaçının Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlarında əmək zəmanəti bölməsində “əmək qabiliyyətsizdir” qeydi ilə əmək zəmanəti verilməsi aşkarlanmışdır. İddiaçıya Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndində əsasən əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən asılı olmayan hal kimi işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ətraflı izah verilmişdir. İddiaçı xx.xx.2023-cu il tarixdə İdarəyə dəvət olunmuş və ona əmək zəmanətin dəyişdirilərək “əmək qabiliyyətlidir” zəmanəti alması və bunun üçün 1 təqvim ayı vaxtın verildiyi bildirilmişdir. Lakin 1 ay keçməsinə baxmayaraq onun portalda əmək zəmanətləri kimi yenə də “əmək qabiliyyətsiz” qeyd olunduğu aşkarlanmışdır. Bundan sonra iddiaçıya bir daha əmək zəmanətinin “əmək qabiliyyətsizdir” kimi qeydindən “əmək qabiliyyətlidir” qeydinə dəyişdirilməsi və bu dəyişikliyin həyata keçirilməsi üçün xx.xx.2023-cü il tarixinə kimi vaxt verilmiş və ona izah olunmuşdur ki, əgər verilən vaxt ərzində zəmanətini dəyişdirə bilməzsə onunla bağlanmış “Əmək müqaviləsinin” Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən xitam veriləcək.
20. İddiaçı tərəfindən ləğv edilməsi xahiş edilən xx.xx.2023-cü il tarixli, 14-2-2-13/3- 1K-87/2023 nömrəli əmrdən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatı əsasında Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.
21. İş materiallarından görünür ki, iddiaçı həmin əmrlə xx.xx.2023-cü il tarixdə tanış olmuşdur.
22. Tovuz 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞT/MT024/2023-0781 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan” görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə mediasiya tətbiqi barədə təklif vermiş və xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh Birlik mediasiya sessiyasında iştirak etməmişdir.
23. Göstərilənlərə əsasən işin mübahisəsiz halı kimi müəyyən edilir ki, xx.xx.2011-ci il tarixdə İİ dərəcəli ümumi xəstəlik səbəbi ilə müddətsiz əlillik statusu almış iddiaçı ilə cavabdeh Birlik arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Əmək müqaviləsinə” əsasən o, Tovuz Rayonu Təbii qazın qəbulu və satışı Xidmətində 4-cü dərəcəli Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə işə qəbul olunmuşdur. Bundan sonra iddiaçı bir neçə dəfə Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə olunmuş və keçirilmiş müayinələr nəticəsində Komissiya tərəfindən təsdiq edilmişdir ki, İİ dərəcəli ümumi xəstəlik səbəbi ilə müddətsiz əlildir. “Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” barədə xx.xx.2023-cü il çıxarışdan görünür ki, xx.xx.2011-ci il tarixli qiymətləndirmə əsasında Komissiyanın nəticəsi – “iddiaçı əmək qabiliyyətsizdir” olsa da, “Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” barədə xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli qiymətləndirilmə əsasında Komissiyanın nəticəsi – “iddiaçı yüngül işlərdə işləyə bilər” kimi olmuşdur. Buna baxmayaraq işəgötürən tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatı əsasında Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən xitam verilmişdir.
24. İddiaçı həmin əmri və əmrin əsaslanmasını əsassız, cavabdeh isə əmri və əmrin əsaslanmasını əsaslı hesab edirlər ki, elə bu hal da işin mübahisəli halını təşkil edir.
25. İşin iş üzrə tərəflər arasında mübahisə doğuran və doğurmayan hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-cü hissəsinin “c” bəndinin tələbinə görə, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir.
26. Lakin yuxarıda qeyd edilənlər araşdırılarkən müəyyən edilir ki, işəgötürən tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli əmrdə göstərilən əsas təsdiqlənmir. Belə ki, iddiaçının sağlamlıq vəziyyəti işə götürülən, işləyən və işdən azad olunan zaman (mübahisə doğuran amillərə nisbətdə) təxminən eyni olmuş, onun səhhətində ağırlaşmaya doğru dəyişmə olmamış, o, işdən azad olunma ərəfəsində Tibbi-Sosial Ekspertiza Komissiyasının onun müayinəsi ilə bağlı nəticəsi (xx.xx.2023-cü il tarixli qiymətləndirilmə əsasında) ondan ibarət olmuşdur ki, iddiaçı İİ dərəcəli əlildir və o, “yüngül işlərdə işləyə bilər”.
27. Buna baxmayaraq Məhkəmə işin spesifikasını, cavabdeh Birlik tərəfindən iddiaya qarşı verilmiş etirazın və qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərini, habelə apellyasiya baxışı zamanı “iş üzrə məhkəmə-tibb ekspertizasının təyin edilməsi barədə” vəsatət verməsini nəzərə alaraq iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla Birliyinin vəsatətinin təmin edilməsini və məhkəmə-tibbi ekspertizasının təyin edilməsini, ekspertizanın keçirilməsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssislərini cəlb edilməklə ekspertizanın keçirlməsini Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X7 tapşırılmasını qərara almışdır.
28. Cavab verilməsi üçün ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: - İddiaçı sağlamlıq vəziyyəti onun əmək müqaviləsinin 3.1-ci bəndində (Əmək Müqaviləsinə 09 saylı Dəyişiklik nəzərə alınmaqla) nəzərdə tutulmuş əmək funksiyasının icrasına imkan verirmi?
29. “Məhkəmə Tibbi Ekspertiza və X2” X6 məhkəmə tibbi eksperti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Reabilitasiya Agentliyinin tibbi-sosial eksperti tərəfindən birgə verilmiş xx.xx.2024-cü il tarixli, T284/2024 saylı rəydən görünür ki, iddiaçının sağlamlıq vəziyyəti onunla bağlanmış “Əmək müqaviləsinin” 3.1-ci bəndində (“Əmək müqaviləsinə” edilmiş 09 saylı dəyişiklik nəzərə alınmaqla) nəzərdə tutulmuş əmək funksiyalarının icrasına imkan verir.
30. Beləliklə ekspertiza tərəfindən verilmiş rəy ilə təsdiq olunur ki, iddiaçı onun üzərinə qoyulmuş əmək funksiyalarını yerinə yetirə bilir. Başqa sözlə: Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-cü hissəsinin “c” bəndinin dispozisiyasında nəzərdə tutulmuş hal mövcud deyil; işə götürən iddiaçı ilə onun arasında bağlanmış “Əmək müqaviləsinə” həmin normaya istinadən xitam verməkdə haqlı olmamışdır.
31. Əmək Məcəlləsinin tələblərinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər (maddə 68; hissə 1.). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır (maddə 300; hissə 1.).
32. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, işə baxmış Rayon Məhkəməsi iddianı əsaslı hesab edərək, təmin etməkdə haqlı olmuşdur.
33. Məhkəmə, “iddia tələbinə Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini tətbiqi barədə” cavabdeh tərəfin dəlilini əsassız hesab edir.
34. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinə görə, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər (hissə 1.). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər (hissə 2.).
35. İş materiallarından görünür ki, iddiaçı, onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə əmrdən, əmrin qəbul edildiyi xx.xx.2023-cü il tarixdən xəbərdar olmuşdur. O, işəgötürən ilə aralarında yaranmış fərdi əmək mübahisəsini həll etmək məqsədilə xx.xx.2023-cü il tarixdə mediasiyaya təşkilatına müraciət etmiş, xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatı tərəfindən “İlkin mediasiya sessiyasında iştirak edilməsi barədə” arayış tərtib olunmuş və iddiaçıya təqdim olnumuşdur.
36. İşə baxmış Rayon Məhkəməsi bunu nəzərə almasa da, iddia ərizəsinə əlavə edilmiş qərardaddan – Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 2952/2023 saylı qərardadından görünür ki, hazırki iş üzrə iddiaçı eyni iddia ərizəsi (iş v. 6) ilə əvvəlcə Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş, lakin Şəmkir Rayon Məhkəməsi iddiaya ərazi aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən baxılmalı olması əsası ilə iddia ərizəsinin qaytarılmasını qərara almışdır (iş v. 11-12).
37. Poçt zərfindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı, iddiaçının iddia ərizəsi və iddiaya əlavə edilmiş sənədlər poçt xidməti tərəfindən iddiaçının yaşadığı ünvana xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir (iş v. 15).
38. Hazırki işin materiallarından isə görünür ki, iddiaçının cavabdeh Birliyə qarşı irəli sürdüyü “işə bərpa tələbi barədə” iddia ərizəsi hazırki işə baxmış Xətai Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur.
39. Göstərilənlərə əsasən müəyyən edilir: iddiaçı iddia müddətini ötürməmişdir; “iddia tələbinə iddia müddətini tətbiqi barədə” cavabdeh Birliyin ərizəsinin təmin edilməsi üçün əsas yoxdur; Rayon Məhkəməsi eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. g) apellyasiya baxışının nəticəsi
40. Qeyd edilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
41. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
42. Odur ki, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
44. Beləliklə də göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 noyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.