Məhkəmə qərarları › İş №2(103)-1298/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1298/2022

03.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1298/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdeh – Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (Nazirlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nazirliyin 28.07.2021-ci il tarixli K-904 saylı əmrinin ləğv edilməsi, İmişli rayonunun Qulubəyli kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa olunması və məcburi işə buraxma müddətinə görə ödənilməli olan əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Nazirliyin 28.07.2021-ci il tarixli K- 904 saylı əmri ilə İmişli rayonunun Qulubəyli kənd tam orta məktəbinin direktoru kimi onunla bağlanmış əmək müqaviləsinə guya təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verməsinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirməməsinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 28 iyul 2021-ci il tarixdən xitam verilmiş, həmin əmr 03.08.2021-ci il tarixdə ona təqdim olunmuşdur. Əmri tamamilə qanunsuz və əsassız hesab edir - belə ki, rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik və nəzarətdə heç bir nöqsana, əmək müqaviləsi üzrə öhdəliklərinin və vəzifə funksiyalarının heç bir pozuntusuna və yerinə yetirilməməsi hallarına yol verməmişdir. Əmrdə bu barədə göstərilənləri təsdiq edən heç bir sübut yoxdur. Nazirliyin 08.06.2021-ci il tarixli E-557 saylı əmrinə uyğun olaraq rəhbərlik etdiyi İmişli rayon Qulubəyli kənd tam orta məktəbində keçirilmiş monitorinqin nəticələrinə dair sənəddə göstərilənlər tamamilə yalandır, heç bir həqiqətə uyğun deyildir. Aparılmış monitorinqin nəticələrinə dair sənəddə göstərilir ki, guya işçilərlə yazılı əmək müqavilələri bağlanmamışdır - halbuki işçilərin hamsı ilə əmək müqaviləsi bağlanmışdır. Həmçinin həmin sənəddə göstərilmişdir ki, elektron bildirişlərin sistemə işlənilməsi zamanı təlimatın göstərişlərinə əməl olunmamışdır. Bu tamamilə əsassızdır, belə ki, yalnız bir dəfə elektrik enerjisinin verilişi kəsildiyi üçün texniki səbəbdən işçinin işə qəbulu haqqında məlumat bir həftə gecikmiş və o, həmin hadisə barədə rayon təhsil şöbəsinə məlumat verdikdən sonra nöqsan aradan qaldırılmışdır. Həmçinin şagirdlərin məktəbə qəbulunda, dərnək və dərsdən kənar məşğələlərin təşkilində, dərs bölgüsündə mövcud qaydaların tələblərinin pozulması hallarına yol verilməmişdir və monitorinqin nəticələrinə dair sənəddə bu barədə göstərilənlər əsassız olmuşdur. Monitorinq aparanlar nahar fasiləsi vaxtı, yəni 12:55-də özlərini və monitorinq barədə əmri təqdim etmədən məktəbə daxil olmuşlar. Ümumiyyətlə işdən çıxma barədə əmr verilməzdən əvvəl ondan izahat alınmamış və izahat verməsi barədə ona heç bir təklif olunmamışdır. 01.04.2015-ci il tarixdən İmişli rayon Qulubəyli kənd tam orta məktəbinin direktoru vəifəsində işləmiş və işlədiyi müddətdə heç bir intizam tənbehi almamışdır. Bu qanunsuz əmr ona qarşı qərəzli münasibətin nəticəsidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığını, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, habelə nəticəsinin işin faktiki hallarına uyğun gəlmədiyini irəli sürmüşdür. Məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, monitorinq aktında guya işçilərdən Yeganə Əliyevanın, Yaqut Şahbazovanın və Sənan Rüstəmovun 24.04.2021-ci il tarixdən etibarən davamiyyət kitabına imza atmadıqları göstərilsə də, həmin işçilərin 01.06.2021-ci il tarixindən məzuniyyətdə olduqları nəzərə alınmamış, Yaqut Şahbazovanın 15.09.2006-cı il tarixdən məktəbdə laborant vəzifəsində işlədiyinə, dəyəri 489 manat olan “Kür” markalı komputer dəstinin məktəbi təhvil alarkən ona təhvil verilmədiyinə, sinif jurnallarının tərtibatında nöqsanlar olmadığına əhəmiyyət verilməmişdir. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, onun işdən çıxarılmasına razılıq verilməsinə dair təqdimata baxan Həmkarlar Təşkilatı ona “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi”ni uyğun hesab etmiş, lakin Təhsil Nazirliyinin tələbi ilə məsələyə ikinci dəfə baxaraq işdən çıxarılmasına qanunsuz olaraq razılıq vermişdir. Məhkəmə ona da əhəmiyyət verməmişdir ki, son haqqhesabını alarkən ondan heç bir tutulma aparılmamış, işlədiyi təhsil müəssisəsinə borcu qalmadığı barədə Təhsil Nazirliyinin 12 saylı Ərazi Maliyyə Hesablama Mərkəzi tərəfindən arayış verilmişdir – halbuki, əgər məktəbin inventarlarına ziyan vurmuş olsaydı, həmin ziyan ondan tutulmalı idi. Məhkəmə iclaslarında iştirak edən cavabdeh Nazirliyin nümayəndəsi Rasim Hüseynov apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, vətəndaşların İmişli rayonu Qulubəyli kənd orta məktəbinin rəhbərliyinin hüquqa zidd əməlləri və korrupsiya hallarına yol vermələri barədə şikayətlərin araşdırılması məqsədilə həmin məktəbdə monitorinq aparılmış, monitorinq nəticəsində, işçilərlə əmək müqaviləsi bağlanılmadığı və elektron bildirişin sistemə vaxtından gec vurulduğu; texniki işçilərdən Yeganə Əliyevanın, Yaqut Şahbazovanın, Sənan Rüstəmovun 24.04.2021-ci il tarixdən etibarən texniki işçilərin davamiyyət kitabına imza atmadıqları, məktəbdə laboratoriya olmadığı halda Yaqut Şahbazovanın 15.09.2006-cı il tarixdən laborant vəzifəsində işlədiyi, işçilərin əmək müqaviləsinə xitam verilərkən əmək müqaviləsinin maddəsinə istinad edilmədiyi, dəyəri 489 manat olan iki ədəd “Kür” markalı komputer dəstinin faktiki olaraq yerində olmadığı, əsas vəsaitlərin uçotu kitabının və materialların anbar uçotu kitabının köhnə və istifadəyə yararsız olduğu, sinif jurnallarının yazılmasında nöqsan və çatışmazlıqların olduğu, məktəbin 7-ci sinfində 4 nəfər şagirdin dərslərdə iştirak etmədikləri halda onlara fənlər üzrə müəllimlər tərəfindən dərsdə iştirak etmələri barədə qeyd aparıldığı, koronavirus (Covid-19) pandemiyası dövründə ümumi təhsil müəssisələrində məktəbdaxili qiymətləndirilmənin aparılmasına dair qaydalara zidd olaraq 2-ci yarımil üzrə 1-ci siniflər istisna olmaqla bütün siniflər və fənlər üzrə müxtəlif sayda kiçik summativ qiymətləndirmələrin keçirildiyi və nəticələri sinif jurnallarına yazıldığı, fizika fənni üzrə 7-ci sinif şagirdlərinin qiymətləndirmə materiallarında olan balları ilə jurnala yazılan ballar arasında fərqlərin və qiymət dəyişikliklərinin olduğu, direktor və direktor müavinlərinin dərs dinləmə jurnallarının olmadığı, məktəbdə olan 1 stavka (18saat) dərnək məşğələsinin hərəsində 9 saat olmaqla 2 müəllimə verildiyi, uşaqların dərnəyə qəbulu ilə bağlı ərizələrinin olmadığı, dərnək məşğələləri jurnalında Nailə Qurbanovanın qeydlərinin 2 müxtəlif xətlə yazıldığı, məktəbdə daxil olan sənədlərin qeydiyyatı kitabı mövcud olsa da daxil olan heç bir sənədin qeydiyyata alınmadığı aşkarlanmışdır. Buna görə də iddiaçının barəsində tətbiq edilən tənbeh tədbiri qanunidir və iddia tələbinin təmin olunması üçün əsas mövcud deyildir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, İddiaçı və Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında 01.04.2015-ci il tarixdə əmək müqaviləsi bağlanaraq o, Təhsil Nazirinin eyni tarixli 11/249-1 nömrəli əmri ilə İmişli rayonu Qulubəyli kənd orta məktəbinin direktoru vəzifəsinə təyin edilmiş, Nazirliyin 28.07.2021-ci il tarixli K-904 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında surəti olan həmin əmrdə iddiaçının konkret olaraq hansı pozuntulara yol verdiyi üçün işdən azad edilmiş olduğu göstərilməsə də, əmrin əsası kimi göstərilən və iş materiallarına surətləri əlavə olunmuş sənədlərdən (izahatlarlar, xidməti araşdırma materialı, xidməti məruzə, Həmkarlar İttifaqı Komitəsinin protokolu və digər sənədlər) aydın olur ki, Nazirliyin əməkdaşları tərəfindən İmişli rayonu Qulubəyli kənd orta məktəbində aparılan monitorinq zamanı, işçilərlə əmək müqaviləsi bağlanılmadığı və elektron bildirişin sistemə vaxtından gec vurulduğu; texniki işçilərdən Yeganə Əliyevanın, Yaqut Şahbazovanın, Sənan Rüstəmovun 24.04.2021-ci il tarixdən etibarən texniki işçilərin davamiyyət kitabına imza atmadıqları, məktəbdə laboratoriya olmadığı halda Yaqut Şahbazovanın 15.09.2006-cı il tarixdən laborant vəzifəsində işlədiyi, işçilərin əmək müqaviləsinə xitam verilərkən əmək müqaviləsinin maddəsinə istinad edilmədiyi, dəyəri 489 manat olan iki ədəd “Kür” markalı komputer dəstinin faktiki olaraq yerində olmadığı, əsas vəsaitlərin uçotu kitabının və materialların anbar uçotu kitabının köhnə və istifadəyə yararsız olduğu, sinif jurnallarının yazılmasında nöqsan və çatışmazlıqların olduğu, məktəbin 7-ci sinfində 4 nəfər şagirdin dərslərdə iştirak etmədikləri halda onlara fənlər üzrə müəllimlər tərəfindən dərsdə iştirak etmələri barədə qeyd aparıldığı, koronavirus (Covid- 19) pandemiyası dövründə ümumi təhsil müəssisələrində məktəbdaxili qiymətləndirilmənin aparılmasına dair qaydalara zidd olaraq 2-ci yarımil üzrə 1-ci siniflər istisna olmaqla bütün siniflər və fənlər üzrə müxtəlif sayda kiçik summativ qiymətləndirmələrin keçirildiyi və nəticələri sinif jurnallarına yazıldığı, fizika fənni üzrə 7-ci sinif şagirdlərinin qiymətləndirmə materiallarında olan balları ilə jurnala yazılan ballar arasında fərqlərin və qiymət dəyişikliklərinin olduğu, direktor və direktor müavinlərinin dərs dinləmə jurnallarının olmadığı, məktəbdə olan 1 stavka (18 saat) dərnək məşğələsinin hərəsində 9 saat olmaqla 2 müəllimə verildiyi, uşaqların dərnəyə qəbulu ilə bağlı ərizələrinin olmadığı, dərnək məşğələləri jurnalında Nailə Qurbanovanın qeydlərinin 2 müxtəlif xətlə yazıldığı, məktəbdə daxil olan sənədlərin qeydiyyatı kitabı mövcud olsa da daxil olan heç bir sənədin qeydiyyata alınmadığı aşkarlanmış, məhz qeyd olunan pozuntulara görə iddiaçının əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan, sözügedən monitorinqi həyata keçirmiş Təhsil Nazirliyinin əməkdaşlarının tərtib etdikləri aktlarda göstərilmişdir ki, İddiaçı aparılmış araşdırmanın nəticəsi ilə bağlı aktı imzalamaqdan, həmçinin izahat yazmaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən məhz işin yuxarıda göstərilən müəyyən olunmuş hallarına istinad etmiş, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İmişli rayonu Qulubəyli kənd tam orta məktəbində monitorinq keçirilərkən məktəbin direktorunun təhsil müəssisəsinin ümumi idarə edilməsi və fəaliyyətində nöqsanlara yol verdiyi aşkar edilmiş, nöqsanlarla bağlı Təhsil Nazirliyinin əməkdaşları tərəfindən 09.06.2021-ci il tarixdə akt tərtib olunmuş, aktda İddiaçı tərəfindən yol verilmiş nöqsanlar ayrı-ayrılıqda göstərilmişdir; buna görə də əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olmaması barədə iddiaçının arqumentləri əsaslı hesab edilə bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməməsi səbəbindən gəlməklə, bununla həm də qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi belə halların sırasında göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi işçinin yol verdiyi pozuntuların onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsinə əsas təşkil etməsi üçün, pozuntu(lar) nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Kollegiya hesab edir ki, iddiaçıya istinad olunan pozuntular nəticəsində onun işlədiyi məktəbdə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi sübuta yetirilməmişdir. Belə ki, birincisi, iddiaçının işdən çıxarılmasına əsas təşkil edən monitorinq aktında pozuntu kimi göstərilən hallardan bəzilərinin mövcudluğu məhkəmə araşdırması zamanı təsdiqini tapmamış, aktda faktiki olaraq yerində olmadığı göstərilən 489 manat dəyərindəki iki ədəd “Kür” markalı komputerlərin 01.12.2020-ci il tarixli inventarizasiya aktı əsasında istismara yararsız hesab edildiyi; 1-ci sinif jurnalının üzərinə spirt məhlulu tökülməsi səbəbilə həmin jurnalın yararsız hala düşdüyünə dair 01.06.2021-ci il tarixdə akt tərtib edildiyi; 24.04.2021-ci il tarixdən etibarən texniki işçilərin davamiyyət kitabına imza atmadıqları göstərilən Yaqut Şahbazovanın və Sənan Rüstəmovun 01.06.2021-ci il tarixdən məzuniyyətdə olduqları, Yaqut Şahbazovanın 15.09.2006-cı il tarixdən (iddiaçının məktəbə direktor təyin olunmasından 11 il əvvəldən) məktəbdə laborant vəzifəsində işlədiyi və hazırkı dövrədək də əmək müqaviləsinə xitam verilmədiyi müəyyən olunmuşdur; digər tərəfdən kollegiyanın qənaətinə görə, işçilərlə əmək müqaviləsi bağlanılmadığı və elektron bildirişin sistemə vaxtından gec vurulduğu halının həqiqətən mövcudluğu o halda qəbul edilə bilərdi ki, belə pozuntu səlahiyyətli Dövlət orqanı (Əmək Müfəttişliyi) tərəfindən təsbit edilmiş olardı. Kollegiya həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə iddiaçının yol verdiyi iddia olunan pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların - əgər pozuntu hesab edilsə belə xarakterinə adekvat olmamışdır. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, iş materiallarından, monitorinq əsasında tərtib olunmuş təqdimatın Təhsil Nazirliyi tərəfindən 06.07.2021-ci il tarixli məktubla İmişli RTŞ Həmkarlar Təşkilatına göndərildiyi, Həmkarlar Təşkilatının 08.07.2021-ci il tarixdə iddiaçının iştirakı ilə keçirilən iclasında onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi deyil, ona “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi” barədə qərar qəbul olunduğu, lakin Təhsil Nazirliyi qərara irad bildirdiyi üçün Həmkarlar Təşkilatının 15.07.2021-ci il tarixdə iddiaçının iştirakı olmadan həmin təqdimata yenidən baxdığı və iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verdiyi aydın olur – hansı ki, qanunvericilikdə Həmkarlar Təşkilatının işəgötürənin irad bildirməsi səbəbilə onun təqdimatına yenidən baxması və daha əvvəl verdiyi qərar ləğv olunmadan yeni qərar çıxarması nəzərdə tutulmamışdır. Bu hal həm də belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının bilavasitə iş münasibətlərində olduğu və onun peşəkarlığını daha yaxşı qiymətləndirmə imkanına sahib olan Rayon Təhsil Şöbəsinin əməkdaşları, iddiaçıya istinad olunan pozuntuların onun işdən çıxarılmasına əsas verəcək qədər ciddi olmadığı qənaətində olmuşlar. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan, Azərbaycan Respublikasının Təhsil Nazirinin 28.07.2021-ci il tarixli K-904 saylı əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İmişli rayonunun Qulubəyli kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa olunmalıdır. Azərbaycan Respublikası MPM-nın 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 390 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4501/2021 saylı iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin olunsun. Azərbaycan Respublikasının Təhsil Nazirinin 28.07.2021-ci il tarixli K-904 saylı əmri İddiaçı aid hissədə ləğv edilsin və o, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İmişli rayonunun Qulubəyli kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa edilsin. 28 iyul 2021-ci il tarixindən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar