Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1299/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçının vəkili-nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(001)- 547/2021 saylı qətnaməsindən cavabdehlər X1 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının və onunla birlikdə yetkinlik yaşına çatmayan uşaqlarının ünvan 1 ünvanına köçürülməsi, həmin yaşayış sahəsindən istifadə hüquqlarının tanınması, sanitar qovşaqlardan və mətbəxdən ümumi istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, 1975-ci ildə anadan olmuş və həmin müddətdən indiyə qədər ünvan 1-də qeydiyyatdadır. O, 2002-ci ildə nikah bağladıqdan sonra həmin mənzildən köçmüş, 2013-cü ildə boşanmışdır və həmin vaxtdan azyaşlı uşağı ilə qeydiyyatda olduğu evə dəfələrlə gedib orada yaşamağa cəhd etsə də, maneələrlə üzləşmişdir. Çünki cavabdehlər olan anası X2 və qardaşı Cavabdeh1 onu azyaşlı qızı ilə birlikdə həmin evdə yaşamağa icazə vermirlər. Onun isə yaşamağa başqa yaşayış yeri olmadığından kirayədə yaşayır. Kirayə yaşadığı mənzildə yaşamaq üçün şərait yoxdur. Bu isə özlüyündə uşağın sağlam böyüməsinə və inkişafına mənfi təsir edir. İddiaçının uşaqları yetkinlik yaşına çatmayan olduğundan və maddi ehtiyacları artdığından, eyni zamanda aşağı əmək haqqı olan işdə işlədiyindən kirayədə yaşamağa maddi imkanı yoxdur. Ona görə də iddiaçının mərhum atasının vəsaitləri hesabına tikilən ünvan 1 ünvanında yerləşən mənzilə köçmək zərurəti meydana gəlmişdir. Yuxarıda göstərilənlərdən əlavə iddiaçı mərhum atasından qalan evdə onun vərəsələrindən biridir və iddiaçının həmin mənzildə məcburi payı vardır. İddiaçı hesab edir ki, mübahisəli mənzildə istifadə hüquqları olduğu üçün orada yaşamaq hüququ vardır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(001)-547/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı yetkinlik yaşına çatmayan övladları 10.04.2008-ci il təvəllüdlü X8 və 31.12.2002-ci il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 93 kv. m olan yaşayış sahəsinin hüdudları daxilinə (9.x-400212,9166 y- 4480559,1339; 10.x-400211,8436 y-4480552,7783; 11.x-400210,0735 y-4480553,0888; 12.x- 400208,6233 y- 4480545,6134; 13.x-400203,0840 y-4480546,5346; 14.400203,9752 y-4480551,7193; 15.x- 400205,1397 y-4480560,2193 koordinatları daxilində) köçürülmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 20 (iyirmi) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil 50 (əlli) manat ekspertiza xərcinin müştərək qaydada cavabdehlər X1, Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X3, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli 2(001)-547/2021 saylı qətnaməsinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə iddiaçının ünvan 1 ünvanında iki fərdi yaşayış evinin hansına sahiblik hüququnun olmaması və digər şəxslər tərəfindən bu hüququnun pozulmasının tələb edilməsinin mexanizmini müəyyən etməmişdir. Belə ki, iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evləri üzərində sahibliyi şəxsin qeydiyyatı ilə müəyyən edilməməlidir. Çünki, şəxs bir evə qeydiyyatda ola bilər. Hazırki işdə isə iddiaçının iddia tələbində qeyd etdiyi ünvanda iki fərdi yaşayış evi mövcuddur. İddiaçının konkret olaraq hansı fərdi yaşayış evində qeydiyyatda olmasının məhkəmə icraatı dövründə müəyyən edilməməsinə baxmayaraq, məhkəmə iddiaçının iddia tələbini təmin etmişdir. Bundan əlavə, iddiaçı fərdi yaşayış evini 2002-ci ildə tərk etmişdir və həmin fərdi yaşayış evini tərk edərkən ünvan 1 ünvanında ata evi olmaqla bir fərdi yaşayış evi mövcud olmuşdur. Lakin həmin fərdi yaşayış evi isə 2004-cü ildə sökülmüş, həmin ünvanda isə iki fərdi yaşayış evi tikilmişdir. Bundan başqa, məhkəmə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərindən birinə (köçürülmə təmin olunan hissə) sahiblik hüququnun olubolmamasını, fərdi yaşayış evinə çəkdiyi xərclərin olub-olmamasını, qeydiyyatda olduğu fərdi yaşayış evinin konkret hansı ev olduğunu sübutları məhkəməyə təqdim etmədiyi halda məhkəmə iddia tələbini qismən edərək, iddiaçının həmin ünvanda 93 kv.m olan fərdi yaşayış evinə köçürülmə qətnamə qəbul etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 və apellyatorların vəkilinümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı və sonuncu iclasda iştirak edə iddiaçının vəkili-nümayəndəsi Vəkil3 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etmişdirlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının iddianın təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı onun X10 ilə nikahlarından 10.04.2008-ci il təvəllüdlü X6 və 31.12.2002-ci il təvəllüdlü X9 anadan olmuşlar. Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbəsi üzrə Nümayəndəliyinin 430 nömrəli, 06.10.2020-ci il tarixli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışlarına əsasən İddiaçı azyaşlı övladları ilə ünvan 1-də daimi pasport qeydiyyatındadırlar. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidməti tərəfindən verilmiş 04.05.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında iddiaçı tərəfindən göstərilərək, koordinatları ölçülmüş 2 bitişik fərdi yaşayış evi mövcuddur və sxemdə göstərilmişdir. Eyni zamanda həmin yaşayış evlərinə dair hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. Mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsi tərəflərin qanuni istifadəsində olmayıb və həmin torpaq sahəsində mövcud olan yaşayış evlərinin tikintisi üçün müvafiq icra hakimiyəti orqanının icazəsi yoxdur. İddia tələbinə əsasən İddiaçının mərhum atasının vəsaitləri hesabına tikilən ünvan 1 ünvanında yerləşən mənzilə köçmək zərurəti olduğundan hazırki iddianı qaldırmış, cavabdeh tərəf isə iddianı etiraf etməyərək iddiaçının fərdi yaşayış evini 2002-ci ildə tərk etməsini və həmin fərdi yaşayış evini tərk edərkən ünvan 1 ünvanında ata evi olmaqla bir fərdi yaşayış evi mövcud olmasını, hazırda həmin fərdi yaşayış evinin 2004-cü ildə sökülərək, həmin ünvanda isə iki fərdi yaşayış evinin tikilməsini göstərmişlər. Başqa sözlə, cavabdeh tərəf iddiaçının həmin evlərə köçürülməsinə etiraz edirlər. Məhkəmə Ekspertiza Mərkəzinin 25.08.2021-ci il tarixli, 10/4181 nömrəli ekspert rəyinə əsasən, ünvan 1 ünvanında iddiaçı tərəfindən göstərilərək, koordinatları ölçülmüş 2 bitişik fərdi yaşayış evi mövcuddur və mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Eyni zamanda həmin yaşayış evlərinə dair hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinin hansı tarixdə (ildə) inşa edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyil. ünvan 1 ünvanında iddiaçı tərəfindən göstərilərək, 2 bitişik fərdi yaşayış evinin koordinatları ölçülmüş və mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə əsasən, mübahisəli mənzil özbaşına tikilidir, iddiaçı həmin evdə ailə qurmamışdan əvvəl yaşamış və qeydiyyatdadır. İddiaçı həmin evdə digər ailə üzvləri ilə birlikdə təsərrüfat aparmışdır. İddiaçının və onun övladlarının hal-hazırda başqa yaşayış yeri olmadığından, iddiaçı onun övladları ilə birlikdə mübahisəli mənzilə köçürülmələrini tələb etməkdə haqlı olmuşdur. Həmçinin, özbaşına inşa edilmə nəticəsində yaranmış əmlak olan mübahisəli ev (yaşayış sahəsi) daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehlərin adına qeydə alındığından, iddiaçının və onun övladlarının mübahisəli evə istifadə hüququ əmələ gəlməmiş, habelə özbaşına tikiliyə istifadə hüququnun tanınması yolverilməzdir. Mübahisəli yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi isə hal-hazırda məqsədə uyğun deyildir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Qeyd olunan Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Kollegiya qeyd edir ki, bu konstitusiyon norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insan yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın əsası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanuni iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Birinci instansiya məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi hazırkı işdə iddiaçının köçmək istədiyi yerdə əvvəl yaşaması və yaşadığı yerdən məhrum edilməsi halları mövcuddur, ona görə də 3-cü hal olan, iddiaçının köçmək istədiyi, əvvəllər yaşadığı evdən məhrum edilmənin qanuniliyinə verilən hüquqi qiymətlə apellyasiya instansiyası məhkəməsi razılaşır. Belə ki, qanunvericiliyin mənasına görə məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əkd təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. İşin materiallarından görünür ki, mübahisəli tikili özbaşına tikili statusuna malik olmaqla onun üzərində heç kimin mülkiyyət hüququ qeydə alınmamışdır. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsi göstərişinin xarakterinə görə səlahiyyətverici norma olmamaqla, yuxarıda qeyd edildiyi kimi qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı yəni, mənzildə yaşamaq səlahiyyəti verilsə idi, bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunması normanın istifadə hüququnun olub-olmadığına aslı olmayaraq, mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Çünki, obyektiv hüququnun normalarından biri də mühafizə funksiyasıdır. Qeyd edilən məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, mübahisəli evin özbaşına tikili sayılmasının Konstitusiyanın 43-cü maddəsinin İ hissəsində ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın həmçinin tətbiq edilməsinə də maneə deyildir. Belə ki, qeyd olunan normada istifadə olunan “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edil bilməz” məzmunlu obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına inşa olunmuş tikili və s.) asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin olduğu yer-onun yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Şəxsin yaşayış yeri tam həcmdə qabiliyyətli şəxsin mülkiyyətçisi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Kollegiya qeyd edir ki, əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın (Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi) məqsədi baxımından həmin obyekt mənzil sayılır. Kollegiya həmçinin qeyd edir ki, Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4). İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən, özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. Kollegiya daha sonra qeyd edir ki, tikilinin özbaşına tikili statusunda olmasının ondan uzun illər ərzində yaşayış sahəsi kimi istifadə etmiş şəxsin həmin sahəyə köçürülməsinin qarşısını ala bilməz. Özbaşına tikililərdə yaşayan şəxsin orada yaşamaqdan məhrum edilməsi müəyyən hüquqi nəticələr doğurur və göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola bilər. Belə ki, bu halın mövcudluğu artıq qanunu pozmaqla özbaşına tikintini aparmış şəxsə növbəti qanunsuzluqlar etməyə, yəni, özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxartmağa və digər bu kimi hərəkətlər etməyə şərait yarada bilər. Ona görə də bu kateqoriya mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalıdır, yəni, əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Məhkəmə kollegiya qeyd edir ki, tərəflərin izahatlarından da göründüyü kimi mübahisəli ev bir damın altında iki evdən ibarətdir. Bu tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikililər faktiki olaraq mövcuddur və eyni ünvandadırlar. İddiaçının orada əvvəllər yaşamasını, cavabdehlərin isə daimi yaşayış sahəsi kimi istifadə etmələrini tərəflərin heç biri mübahisələndirməmişdir. Bundan başqa, məhkəmə kollegiyasının iclasında tərəflərin izahatlarından məlum olmuşdur ki, iddiaçı 2002-ci ildə mübahisəli evdən gəlin köçərək mübahisəli evi tərk etmiş, 2013-cü ilə qədər ailəsi ilə birgə başqa evdə yaşamış, 2013-cü ildə nikahı pozulduqdan sonra mübahisəli evə qayıtmış və bir neçə il yaşadıqdan sonra aralarında yaranmış mübahisə nəticəsində evdən çıxıb getmişdir. İddiaçının izahatlarından isə məlum olur ki, həmin vaxtdan mübahisəli evdə yaşaya bilmir, lakin yaşamaq üçün başqa yaşayış yeri də yoxdur. Özü ilə birlikdə köçürülməsini tələb etdiyi uşaqları mübahisəli evdə xeyli müddətdir ki, cavabdeh tərəfin icazəsi ilə mübahisəsiz olaraq yaşayırlar. İddiaçının uşaqlarının hazırda mübahisəli evdə yaşamalarını cavabdeh tərəf də ayrıayrılıqda izahatları ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir; Belə olan halda, kollegiya qeyd edilənləri işin mübahisəsiz halı kimi qiymətləndirir və qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının və uşaqlarının mübahisəli evə istifadə hüququ yaranmasa da, orada faktiki olaraq yaşayan uşaqlarına münasibətdə bağlılığı (əlaqəsi) vardır və işin araşdırılmış halları ilə onun mübahisəli evə köçürülməməsinə əsas verən hər hansı halların olması müəyyən edilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsinə əsas ola bilməz. Belə ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Konstitusiyanın hər bir normasının birbaşa hüquqi qüvvəyə malik olmasının nəzərə alınmaqla, qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçının məhrum edildiyi evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər X1 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(001)-547/2021 saylı qətnaməsi “iddianın təmin edilmiş hissəsində” dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1299/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1299/2022
03.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver