Məhkəmə qərarları › İş №2(103)-1302/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1302/2024

28.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1302/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 13 Saylı Notariat Ofisinə qarşı (X10 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasın qəbul edilməsi üçun qanunla nəzərdə tutulmuş müddətin ötürülməsini üzrlü sayılaraq uzadılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-714/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı (X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzürlü sayılaraq uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış ünvan 1 ünvanda 0.0255 ha torpaq sahəsində yerləşən, 3 ədəd bir mərtəbəli, 6 otaqlı, 97 m2 yaşayış sahəsindən, 65.3 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin 3/12 hissəsini onun yeganə vərəsəsi (əri) olaraq qəbul etməsi üçün qanunla nəzərdə tutulmuş müddətin tərəfindən ötürülməsinin üzürlü sayılaraq uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-714/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Bakı şəhəri 13 saylı Notariat Ofisinə qarşı (X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzürlü sayılaraq uzadılması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmiş cavabdeh ünvan 2 ünvanlanaraq səlahiyyətli nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişlər, məhkəmə kollegiyası işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-714/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 261.0-cı maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 oktyabr Qərarı: “Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 26 dekabr 2023-ci il tarixli Qərarı: “..Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur...” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.” Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, qanuni qüvvəsini almış məhkəmə aktları nəzərə alınmaqla mirasın qəbulu üçün qanunla nəzərdə tutulan müddətin iddiaçı tərəfindən ötürülməsinə əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 26 dekabr 2023-ci il tarixli Qərarı qəbul olunan zaman hazırki mübahisə məhkəmənin icraatında olduğundan bu mübahisəyə tətbiq edilir və həmin qərarda gəlinən nəticə ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilir. Yəni, vərəsə miras payından imtina etmədiyi halda, mirası faktiki qəbul edib – etməməsindən və ya notariat kontoruna ərizə verib – verməməsindən asılı olmayaraq vərəsə hesab olunur. Hazırkı mübahisənin əsasını mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin üzürlü hesab edilməsi təşkil edir. Lakin yuxarıda qeyd olunduğu kimi artıq iddiaçı 1-ci dərəcə vərəsə hesab olunur. Mübahisə predmeti olan əmlaka qanuna uyğun olaraq miras qoyanın hüquqlarının mövcudluğu təsdiqləndiyi təqdirdə, iddiaçının məhkəməyə müraciət etməsinə zərurət qalmır. MPM-nin 4.1 və 5.1-ci maddələrinə əsasən müəyyən olunur ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarlarındakı hüquqi mövqelər nəzərə alınmaqla, hazırki vəziyyətdə istər iddiaçının hazırkı tələbinə məhkəmə qaydasında baxılmasına hər hansı zərurət qalmamışdır. MPM-in 262.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin 261.0.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməli olduğundan həmçinin aşağıdakılar qeyd edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Müvafiq arayışın verilməsi qaydası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 05 oktyabr tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimata (digər əlaqəli normativ hüquqi aktlara əsasən) uyğun həll edilir. Göründüyü kimi qanunverici daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxsin həmin hüququ təsdiq edən çıxarış almadan ölməsi durumunda vərəsəliyin hansı qaydada rəsmiləşdirilməsi imkanını da müəyyən etmişdir. İşdən göründüyü kimi, iddiaçının qaynatası, eləcə də həyat yoldaşı miras qalmış əmlak üzərində mülkiyyət (əşya) hüquqlarını dövlət qeydiyyata aldırmadan (həmin hüququ təsdiq edən çıxarış almadan) vəfat etmişlər. Belə olan halda, iddiaçı qanun üzrə vərəsə kimi müvafiq miras əmlak üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada səlahiyyətli orqanlara müraciət etmək hüquqlarını özündə saxlayır. Göründüyü kimi, yuxarıda qeyd edilənlərlə yanaşı, iddiaçı qeyd edilən imkanlardan istifadə edərək miras əmlak üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada səlahiyyətli orqana müraciət etməli və hazırkı tələblə məhkəmədə baxılmalı deyil. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd edilənlərə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 32-ci, 384-cü, 387-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-714/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri 13 Saylı Notariat Ofisinə qarşı (X10 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasın qəbul edilməsi üçun qanunla nəzərdə tutulmuş müddətin ötürülməsini üzrlü sayılaraq uzadılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. İşdə iştirak edən şəxslərə qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, qanun üzrə vərəsə kimi müvafiq miras əmlak üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada səlahiyyətli orqanlara müraciət etmək hüquqları izah edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar