Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1303/2022 05.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 2(001)-8540/2021 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atasından miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(001)- 8540/2021 saylı qərardadına əsasən, iddianın yolverilməzliyinə görə Ərizəçi ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Birinci instansiya məhkəməsi ərizəni geri qaytararkən “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 3 saylı qərarına istinad etmiş, öz qərardadını belə əsaslandırmışdır ki, Ərizəçi vərəsəlik işi açılması üçün notariusa müraciət etmiş, lakin notarius tərəfindən müddətin ötürülməsi səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. İddia ərizəsini qaytaran hakim belə hesab etmişdir ki, mirasın vərəsə tərəfindən faktiki qəbul olunması təsdiq olunmuş, belə olan halda Ərizəçi notariat ofisinin hərəkətlərindən və yaxud miras qəbulunun üzrlü səbəbdən gecikdirilməsi ilə bağlı qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən hakim ərizəni icraata qəbul etməkdən imtina etmiş, eyni zamanda Ərizəçi onun hazırkı ərizədə göstərilənlərlə bağlı notariat ofisinin hərəkətlərindən müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçi həmin qərardaddan şikayət verərək ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 2(001)- 8540/2021 saylı qərardadı ilə şikayət təmin olunmayaraq mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 2(001)-8540/2021 saylı qərаrdаdı ləğv edilməli, ərizə icraata qəbul edilməsi üçün rayon məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Ərizəçi tərəfindən verilən ərizənin məzmunundan görünür ki, ərizəçinin xahişi atasından miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsindən ibarətdir. İş materiallarında olan Ərizəçi 4 saylı Bakı ASAN xidmət Mərkəzində Notariat ofisinə etdiyi müraciətə notariat ofisinin cavab məktubundan görünür ki, notariat orqanı vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etmiş Ərizəçi mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etməli olduğunu izah etmişdir. (i.v. 29) Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Ərizəçi ərizəsini icraata qəbul etməkdən imtina etməkdə haqlı olmamışdır. İş materiallarından da göründüyü kimi notariat orqanı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair vərəsəlik şəhadətnaməsini verməkdən ona görə imtina etmişdir ki, Ərizəçi mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarından da göründüyü kimi məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Ərizədən və ona əlavə olunmuş sənədlərdən Ərizəçi tərəfindən mirasın faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunduğu halda, notariusun vərəsəlik şəhadətnaməsi verməkdən imtina etməsi görünmür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Ərizəçi vərəsəlik şəhadətnaməsini verməkdən imtinaya dair notariusun hərəkətindən şikayət verməli olması əsasına görə ərizəni icraata qəbul etməkdən imtinaya dair səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 2(001)- 8540/2021 saylı qərardadı ləğv edilsin. Ərizəçi mirasın qəbul edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi icraata qəbul edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1303/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1303/2022
05.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver