Məhkəmə qərarları › İş №2(103)-1303/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1303/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1303/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-7494/2022 saylı qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 144.940,18 manat - bundan 99.994,75 manat əsas, 42.042,42 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 2.903,01 manat faiz borcu və iş üzrə ödənilmiş 434.94 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 11 saylı fərdi yaşayış evinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 7494/2022 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş, iddiaçıya hazırki tələblə bağlı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə müvafiq notariat kontoruna müraciət etməli olduğu izah edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-7494/2022 saylı qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisənin mahiyyətini kredit borcu təşkil etdiyi üçün cavabdehin əsas, faiz və digər borc məbləğlərini qəbul edib, məsələnin məhkəmədənkənar həll etməsinə razılıq bildirməsi real və inandırıcı deyil. Hər bir halda iddiaçı tərəfin cavabdehlərə və xüsusilə ipoteka qoyan Cavabdeh1 göndərdiyi və çatımlılığı xəbərnaməli poçt qəbzi ilə təsdiqlənmiş xx.xx.2022-ci il tarixli bildirişə bugünədək heç bir münasibət bildirilməmişdir. Bundan başqa, “İpoteka haqqında” qanunun 37.1-ci və 37.3-cü maddələrində ipoteka qoyanın müvafiq bildirişdən şikayət vermək hüququnun olduğu qeyd edilsə də nə onun prosedur olaraq həll edilməsi üsulu izah olunmuş, nə də blanket norma olaraq, prosessual qanunvericiliyə istinad edilmişdir. Yəni, ilkin olaraq “Bildiriş”in inzibati akt və ya öhdəlik olaraq daşıdığı hüquqi yükün ətraflı izahı verilməli və daha sonra mübahisələndirmənin proseduru aydın şəkildə tərəflərə (vətəndaşlara) izah olunmalıdır. Digər tərəfdən, qanunvericilik kreditor, borclu və ya zaminin deyil, məhz ipoteka qoyanın ipoteka müqaviləsində olan faizlər, dəbbə pulu və sair haqların şikayət əsasında hesablanmasını qeyd edir. Halbuki, kredit borcu üzrə hesablanmış faiz və cərimələr ətraflı şəkildə kredit müqaviləsində göstərilməklə yanaşı, həmin vəsaitlərdən faydalanan şəxsin eyni və yaxud da fərqli tərəflər olduğu müəyyənləşməlidir. Göründüyü kimi, cavabdeh mövcud kredit borcunun məhkəmədən kənar həllinə dair qanunda göstərilmiş müddətdən də artıq vaxt ərzində tam hərəkərsizlik göstərilmişdir ki, bu da onlar tərəfindən haqlı olaraq, işin məhkəməyə göndərilməsinə səbəb olmuşdur. Yəni, qanununvericiliyin məqsədləri baxımından ipoteka saxlayan sözügedən bildirişə müsbət münasibəti varsa, kredit borcunun ipoteka predmetinə yönəldilməsi üçün işin bütün tərəfləri mübahisəni razılıq əsasında notariusun icra qeydi ilə həll edə bilərlər. Lakin, cavabdeh 21 gün ərzində iddiaçı banka bu barədə heç bir mövqeyini bildirmədiyi üçün həm nəzəri, həm də təcrübi olaraq artıq tərəflər arasında mübahisənin olma faktı münasibətlər dövriyyəsinə daxil olaraq, məsələnin məhkəmə müstəvisində həll edilməsini şərtləndirir. Həmçinin, “Notariat hərəkətlərinin aparılması haqqında” təlimatın 162-ci bəndində qeyd edilir ki, icra qeydi əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə aparıla bilər. Göründüyü kimi, tərəflər arasında heç bir uzlaşmanın olmamasının özü artıq icra qeydinin tətbiq edilməsinin qeyrieffektiv olması anlamına gəlir ki, bu da son nəticədə yekun məhkəmə qətnaməsi ilə öz həllini tapmış olur. Göstərilənlərin nəzərə alınması və qeyd edilən qərardadın ləğv edilməsi, iddia ərizəsinin icraata qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.xx.xx.2022-ci il tarixli, e-2(001)- 7494/2022 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-7494/2022 saylı qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır; 36.4-cü maddəsinə əsasən tutmanın yönəldilməsi proseduru tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədiyi halda davam edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka” Haqqında Qanuna 28 dekabr 2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən əsas öhdəlik vaxtında icra edilmədikdə ipoteka saxlayana məhkəməyə müraciət etmədən də ipoteka predmetinə tutma yönəltmək hüququ verilmiş və bu baxımdan ipoteka saxlayana ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə bu hüququnu müəyyən edilmiş prosedura riayət etməklə notariusun icra qeydi əsasında həyata keçirilməsi imkanı yaradılmışdır. Bununla yanaşı, ipoteka predmetinə tutmanın məhkəmənin qərarı əsasında yönəldilməsi imkanları aradan qaldırılmamışdır. Bu səbəbdən qeyd edilən məsələnin yalnız notariusun icra qeydi əsasında həyata keçirilməsinin mümkün olması barədə qənaət yanlışdır. Məhkəmə kollegiyası eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, bu məsələnin məhkəmədən kənar və ya məhkəmə qaydasında həll edilməsindən asılı olmayaraq, “İpoteka Haqqında” Qanunda tutmanın yönəldilməsi prosedurunun davam etdirilməsini qeyri mümkün edən hallar təsbit edilmiş və tutmanın yönəldilməsi haqqında bildirişin bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edilməsindən sonra 3 iş günü ərzində ərizənin ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilməməsi bu hallara aid edilmişdir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı (ipoteka saxlayan) ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişi cavabdehlərə (ipoteka qoyan, borc alan və zamin) xx.xx.2022-ci il tarixdə göndərməsinə baxmayaraq, həmin bildirişin qeydə alınması üçün ərizəni ipotekanın dövlət qeydiyyatı orqanına bu tarixdən bir gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə göndərmişdir. Bununla da həmin qanunun 36-cı maddəsinin tələblərini pozmuşdur. Bu da öz növbəsində tutmanın yönəldilməsi prosedurunun davam etdirilməsini qeyri-mümkün edir. Həmin qanunun tələbləri baxımından da birinci instansiya məhkəməsi tərəfindən ilk növbədə bu prosedura riayət edilib-edilməməsi yoxlanılmalı idi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələri ilə iddianın yolverilməzliyinə görə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsini qəbul edilməsindən imtina etməkdə haqlı olmamışdır. Bu səbəbdən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-7494/2022 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməli, məhkəmə kollegiyasının iddia ərizəsinin icraata götürülməsi səlahiyyətinin olmaması səbəbindən şikayət qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-7494/2022 saylı qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 7494/2022 saylı qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Abdıyev Hakimlər: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar