Məhkəmə qərarları › İş №2(103)-1306/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1306/2022

02.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1306/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5803/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi, iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş 01 iyun 2021ci il tarixli əmrin ləğv olunması, işə bərpa olunması və məcburi işburaxma ilə bağlı ödənilməmiş əmək haqqının, 01 mart 2019-cu il tarixdən 01 iyun 2021-ci il tarixədək onun adına olan əmək haqqı kartına köçürülmüş, onun tərəfindən alınmamış 11279 manat məbləğin, habelə iş ili üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın hesablanaraq cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5803/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda, həmçinin belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən nəticəyə gəlinərkən nəinki maddi hüquq normaları pozulmuş, hətta maddi hüquq normasının tələblərinə göz yummaqla ümumiyyətlə qanunvericiliyin tələblərini kənara qoyub şəxsi mülahizələrindən çıxış etmiş, prosessual hüquq normasının tələblərindən kənara çıxmışdır. Belə ki, məhz işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı həqiqətən də əmək fəaliyyətinə əvvəl “Kristal Plus” adlı şirkətdə, daha sonra 2019-cu ilin mart ayından etibarən isə Cavabdeh MMC-də davam etdirmişdir. İşlədiyi müddətə həmişə əmək nizam-intizamına məsuliyyətlə yanaşmış, heç vaxt əmək intizamını pozmamış, bunun nəticəsidir ki, işlədjyi bütün təşkilatlarda həmişə yüksək əmək intizamı ilə seçilmişdir. Hazırki cavabdeh təşkilatda isə işlədiyi müddətdə həmişə əmək intizamına əməl etsə də, 2021-ci ilin may ayında MMC-nin bölgə müdiri Çingiz Əkbərov digər işçilərlə bərabər (iddia ərizəsində adlarını qeyd edib)ona 20000(iyirmi min) manat məbləğində borc müqaviləsinə qol çəkib işləməli olduqlarını bildirmişdir.. O və digər işçi X1 bundan imtina etdikdə isə onlar işdən çıxarılmaqla hədələniblər. Bununla bağlı 11 may tarixində bölgə müdiri Çingiz Əkbərova işdən çıxma barədə ərizəsini təqdim etsə də, ərizəsi qəbul edilməmiş, o da məcbur qalıb həmin tarixdə Əmək Müfəttişliyinə müraciət etmişdir. Həmin tarixdən sonra işə getsə də, bölgə müdiri tərəfindən işə buraxılmamış, ona şifahi şəkildə işdən çıxarılmağı bildirilmiş və tələb etməsinə baxmayaraq işən çıxma barədə əmri təqdim edilməmişdir (məhkəmə iclasına kimi). Lakin məhkəmə iddia ərizəsinə əlavə etdiyi 11.05.2021-ci il tarixli elektron müraciətini görməzdən gəlmişdir. Bundan başqa, işlədiyi müdət ərzində hər hansı əmək haqqı almamışdır və cavabdeh tərəfindən ona əmək haqqı kartı təqdim edilməmiş, məzuniyyət hüququ təmin edilməmiş və bununla bağlı hər hansı kompensasiya ödənilməmişdir. İşəgötürən həmin tarixdən işə çıxmadığını görsə də, məhz həmin tarixə kimi işə çıxmasını, həmin tarixdən sonra çıxmamasını, bununla bağlı müvafiq sübutları və davamiyyət kitabını sübut qismində təqdim etməmişdir. O, işə 11.05.2021-ci il tarixdən sonra çıxa bilməmişdir ki, bu da məhz işəgötürənin yerli bölgə müdiri Çingiz Əkbərov tərəfindən olmuşdur. İşdən çıxarılması barədə əmr tam qanunsuz olmuş və qərəzli münasibətin nəticəsidir. İşdən çıxarılması barədə 31/21 saylı əmrin hüquqi əsası əmək kitabçasından görünür ki, ona Əmək Məcəlləsinin 186-cı maddəsinin “ç” bəndində nəzərdə tutulmuş intizam tənbeh tədbiri kimi, yəni əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək növündə əmr vermişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 ayrı-ayrılıqda apellyasiya şikayəti ilə eyni məzmunda olan izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddia tələbinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və məcburi işburaxma ilə əlaqədar əmək haqqının ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, 01 iyun 2021-ci il tarixli, 31/21 nömrəli əmrdə iddiaçının işdən azad edilməsinin 2 səbəbi göstərilmiş, bunlardan biri üzrsüz səbəbdən işə gəlməmə, digəri isə iş fəaliyyəti dövründə yol verdiyi mənimsəmə faktları olmuşdur. İddiaçının mart ayının sonlarından işə çıxmaması həm tibbi vərəqədən, həm də cavabdeh tərəfindən təqdim olunmuş aktdan öz təsdiqini tapır. İddiaçının nümayəndəsi izahatında iddiaçının 11 may 2021-ci il tarixdə işdən azad edilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etməsini bildirmiş, lakin buna dair hər-hansı sübut məhkəməyə təqdim olunmamışdır. Əmrdə göstərilən digər məsələ isə hazırda prokurorluq orqanı tərəfindən araşdırma mərhələsindədir. Beləliklə müəyyən olunur ki, 01 iyun 2021-ci il tarixli əmrdə göstərilən səbəblərdən ən azı birinin mövcud olması işçi ilə işəgötürən arasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsasdır və hazırda bu əsasların mövcud olması sübuta yetirildiyindən məhkəmə hesab edir ki, iddia əmrin ləğv olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində rədd edilməlidir. Digər tərəfdən, məhkəmə iddiaçının əmək haqqı kartına köçürülmüş pulların cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və istifadə olunmamış əmək məzuniyyətinin pulla əvəzi ilə son haqq-hesabın ödənilməsi ilə bağlı məhkəmə hesab edir ki, iddiaçının 2021-ci ilin mart ayının sonundan işə çıxmaması sübuta yetirilmiş, cavabdeh iddiaçıya son haqq-hesab və məzuniyyət pulunun düzgün hesablanmaması ilə bağlı inzibati məsuliyyətə cəlb olunsa da, bank hesabından çıxarış məlumatlarında işə çıxmadığı aprel ayının əmək haqqı qismində iddiaçının hesabına pul köçürülmüşdür. Digər tərəfdən, əmək haqqı kartının iddiaçıya təqdim edilməməsi ilə bağlı da məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia bu hissələrdə də rədd edilməlidir. Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Həmin məcəllənin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin Məcəllənin 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək , hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 135-ci maddəsini 2-ci hissəsinə və 144-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilməməsi hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İdda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iş üzrə iddianı tam rədd etməklə gəldiyi nəticə düzgün olmamışdır. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır. Ona görə də birinci instansiya məhkəməsi bu maddi hüquq normalarının, eləcə də Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 217.3, 217.4 və 387.1-ci maddələrinin tələblərini pozmaqla düzgün olmayan qətnamə qəbul etmişdir. Əvvəla ona görə ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmiş, ancaq Əmək Məcəlləsinin 76-cı maddəsinin tələbləri pozularaq əmrin məzmununda iddiaçının uzun müddət üzrsüz səbəbdən işə gəlmədiyi, işə gəlmədiyi barədə məlumat vermədiyi və iş fəaliyyəti dövründə yol verdiyi mənimsəmə faktlarına görə işdən azad edilməsi göstərilmişdir. İddiaçı ilə üzrlü səbəb olmadan işə gəlməməsi əsası əmək müqaviləsinə xitam verilməsi üçün mötəbər sübutlar olmalıdır. İşdə yalnız cavabdeh tərəfin direktor, baş mühasib və bölgə müdiri kimi göstərilən şəxslərin tərtib etdiyi 15 may 2021-ci il tarixli aktı mövcuddur(bax.i.v37). Bu akt qeyd olunan əsasla iddiaçının işdən azad edilməsi üçün mötəbər sübut və yetərli ola bilməzdi. Çünki, cavabdeh tərəfin işdə bilavasitə maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İşdə olan digər sübutlarla təkzib edilir. Əksinə iddiaçının apellyasiya şikayətində göstərdikləri iş materialları və apellyasiya baxışı zamanı təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ilə tam təsdiq olunur(bax.i.v.6;64). Belə ki, cavabdeh Cəmiyyətin bölgə müdirinin 20000(iyirmi min) manat məbləğində yalan əqd bağlamalı olduğunu tələb etdikdən sonra iddiaçı 11 may 2021-ci tarixdən işdən azad edilməsinə dair ərizə ilə müraciət etsə də əmək müqaviləsinin ləğv edilməsi bu əsasla rəsmiləşdirilməmişdir. Bu fakt əmək müfəttişliyinin iddiaçıya göndərdiyi həmin məktubla da birbaşa təsdiq olunur. Eyni zamanda cavabdehin müraciəti əsasında Gəncə şəhər prokurorluğunda aparılan araşdırma zamanı cavabdeh Cəmiyyətin bölgə müdiri vəzifəsində işləyən Çingiz Əsgərov iddiaçının məhz 2021-ci ilin may ayının əvvəllərində işdən çıxmaq istədiyini ona bildirdiyini təsdiq etmiş, 2021-ci ilin mart ayının axırlarından işə gəlməməsi barədə heç bir məlumat verməmişdir. Demək, cavabdeh tərəf 11 may 2021-ci il tarixdən sonra həm də iddiaçını qəsdən işə buraxmamaqla bu əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün “əsas” yaradaraq bu istəyini 01 iyun 2021-ci ildə reallaşdırmışdır. Əlbətdə ki, bu yolverilməzdir. Qeyd olunduğu kimi, iddiaçının nümayəndəsi və vəkili tərəfindən apellyasiya baxışı zamanı təqdim edilmiş Gəncə şəhər prokurorluğunun 11 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, cavabdehin müraciəti əsasında prokurorluqda aparılan araşdırma zamanı iddiaçının 6057,41 manat borcu olması yaxud mənimsəmə faktı cavabdehin rəhbərliyinin lazımi sənədləri təqdim etməməsi səbəbindən öz təsdiqini tapmamış, cinayət hadisəsinin olması sübuta yetirilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, əksinə həmin qərarla Cavabdeh MMC tərəfindən lazımi sənədlərin təqdim olunmama məsələsinin, həmçinin həmin müəssisə tərəfindən vergidən yayınma hallarının olub-olmaması faktının aydınlaşdırılması üçün müvafiq vergi orqanına məlumat verilməsi qərara alınmışdır. Başqa sözlə cinayət təqibi üzrə araşdırma zamanı işə əlavə edilmiş aktda(bax.i.v.36)olan məlumatların doğruluğu və aktdakı imzanın iddiaçıya məxsus olması yoxlanıla bilərdi, lakin lazımi sənədlərin əsli prokurorluğa təqdim edilmədiyindən bunun yoxlanılması da mümkün olmamışdır. Demək, cavabdehin mübahisələndirilən əmrdə iddiaçının iş fəaliyyəti dövründə yol verdiyi mənimsəmə faktlarına yol verməsi arqumenti də öz təsdiqini tapmamışdır. Göründüyü kimi, iddiaçının bu əsasa görə də əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Lakin cavabdeh tərəfindən iddiaçının ümumiyyətlə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair, eləcə də 72-ci maddədə nəzərdə tutulan şərtləri pozmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Mübahisələndirilən 01.06.2021-ci il tarixli 31/21 saylı əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin 3-cü bəndinin tələbləri pozularaq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Göstərilənlərdən əlavə, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndi xəbərdarlıq müddətini 1 ay müəyyən edib. Bu müddətin axımı işçi tərəfindən əmək müqaviləsinin ləğvi barədə ərizənin verilməsi ilə başlayır. Əgər işçi əmək münasibətini dayandırmaq istədiyi günü ərizədə göstərmək istəyirsə bunu yalnız xəbərdarlıq müddətinin (bir ayın) daxilində göstərə bilər. Əmək Məcəlləsi işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verməyib. Əgər işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verilsə istənilən işçi ərizə yazaraq 2 ay, 3 ay və s. müddətdən sonra əmək müqaviləsinin ləğv edilməsini tələb edə bilər. Əgər işçinin əmək münasibətini dayandırmaq istədiyi gün xəbərdarlıq müddətindən (1 aydan) kənardadırsa ərizə həmin günə aid hissədə etibarsız sayılır və hesab olunur ki, işçi ərizədə əmək münasibətini dayandırmaq istədiyi günü göstərməyib. Bu halda 1 ay bitən kimi əmək müqaviləsi ləğv edilmiş sayılır. Hazırki iş üzrə iddiaçının hansı tarixdə ərizə yazdığı və öz təşəbbüsü ilə hansı tarixdən işdən çıxmaq istəməsinə dair işə əmək müfəttişliyinin ona elektron qaydada ünvanladığı məktubda məlumatlar mövcuddur, cavabdeh tərəf də məhkəməyə hər hansı bir sübut təqdim etməsə də, prorkuroluqda aparılan araşdırma zamanı iddiaçının 2021-ci ilin may ayında belə bir müraciətinin olduğunu təsdiq etmişlər. Demək, mübahisəli hal həm də odur ki, iddiaçının hansı tarixdə ərizə yazdığı, hansı tarixdən əmək müqaviləsinin ləğv edilməsini istədiyi, əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydaları barədə Əmək Məcəlləsinin tələblərinin düzgün yerinə yetirilibyetirilməməsi də aydınlaşdırılmalı idi. Bu halları sübut etmək yükü isə artıq işəgötürən olaraq cavabdeh tərəfin üzərinə düşürdü. Lakin cavabdeh tərəf bu hallara dair heç bir sübut təqdim etməmişdir. Bununla yanaşı, bəzən belə mübahisələrin həlli zamanı "əmək müqaviləsinin ləğv edilməsi" anlayışı ilə "əmək müqaviləsinin ləğv edilməsinin rəsmiləşdirilməsi" anlayışı səhvən eyniləşdirilir. İşçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda müqaviləni işçi ləğv edir, işəgötürən isə ləğvi rəsmiləşdirir (Əmək Məcəlləsi, maddə 83. hissə 1). İşçi əmək müqaviləsinin tərəfi kimi həmin müqaviləni ləğv etmək hüququna malikdir, bu hüququnu həyala keçirmək üçün müqavilənin digər tərəfinin (işəgötürənin) əmrindən asılı deyil, sadəcə xəbərdarlıq müddətinə (1 aya) əməl etməlidir. Ancaq hazırki mübahisənin mahiyyətinə diqqət yetirdikdə aydın olur ki, əmək müqaviləsinin ləğv edilməsini işçi olan iddiaçı öz təşəbbüsü ilə tələb edir, ancaq cavabdeh olan işəgötürən isə nəinki bunu təmin etmir, həm də buna hər vəchlə maneə olmağa çalışaraq(iddiaçının prokurorluqda verdiyi izahata görə Çingiz Əsgərovun onun ərizəsinin cırıb atmış və.s) qanunsuz və əsassız olaraq öz təşəbbüsü ilə, özü də əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə iddiaçı ilə əmək müqaviləsini ləğv edilməsinə çalışmış və buna da nail olmuşdur. Lakin Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndi bunu yəni,... hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməyi qadağan edir. Bu halın özü də iddianın təmin edilməsinin müstəqil əsası kimi çıxış edə bilərdi. Göstərilənlərə baxmayaraq, iddia tələbinin 01 mart 2019-cu il tarixdən 01 iyun 2021-ci il tarixədək onun adına olan əmək haqqı kartına köçürülmüş, onun tərəfindən alınmamış 11279 manat məbləğin ödənilməsi hissəsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən həmin hissədə iddia təmin edilə bilməz. Çünki, iddiaçı əmək müfəttişliyinə müraciət edərk son ayın maaşını vermədiklərini, prokurorluqda verdiyi izahatında isə, son 1 aylıq 1100 manat maaşının, işdən çıxarılmağına görə də 2000 manat təzminatın ödənilmədiyini bildirmişdir. Demək, iddiaçıya işlədiyi dövr üçün 11279 manat yaxud digər hansısa məbləğdə əmək haqqı ödənilməmişdirsə, bu barədə əmək müfəttişliyinə müraciət edərkən yaxud prokurorluqda izahat verərkən də məlumat verə bilərdi, ancaq verməmiş, yalnız son ayın maaşının və son haqq-hesabın verilmədiyini göstərmişdir. Demək, iddiaçının həmin orqanlara verdiyi məlumat və izahatları ilə iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri də ziddiyyət təşkil edir. Birdəki, iddiaçının iki ildən artıq bir müddətdə işləyib əmək haqqı almaması da inandırıcı və ağlabatan deyildir. Yəni, ağlabatan mühakimə də bu dəlilləri istisna edir. Ən azından ona görə ki, iddiaçının iki ildən artıq bu müddətdə əmək haqqı almadığını heç vaxt mübahisələndirməmiş yaxud nəyin müqabilində bu müddət ərzində işlədiyinə dair ciddi arqument göstərməmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1, 385.1.2, və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5803/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməli, Cavabdehn 31/21 saylı, 01 iyun 2021-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə əmri ləğv edilməli, İddiaçı əvvəlki işinə bərpa edilməli, ona məcburi işburaxma müddəti üçün əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5803/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdehn 31/21 saylı, 01 iyun 2021-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə əmri ləğv edilsin, İddiaçı əvvəlki işinə bərpa edilsin, ona məcburi işburaxma müddəti üçün əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar