Məhkəmə qərarları › İş №2(103)-1307/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1307/2020

24.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1307/2020 24.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: MMC iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin əvəzində onun tərəfindən “xxxx” İKB ASC-yə ödənilmiş pulun əvəzi olaraq 5.321 manat, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona (MMC-yə) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” İKB ASC (bundan sonra – Bank) ilə (hazırki iş üzrə cavabdeh) Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 17-AZ-1- 0-5943-13 nömrəli “xxxxyə” əsasən Bank tərəfindən Cavabdeh avtomobilin alınması məqsədilə, 36 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 6.700 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş kreditin ödənilməsinin təminatı olaraq (hazırki iş üzrə iddiaçı) “xxxx” MMC yuxarıda qeyd edilən xxxxnin şərtlərinə əsasən borcalan Cavabdeh Bank qarşısında olan öhdəliklərinin icrasına zamin durmuşdur. Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq Cavabdeh özünə məxsus avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə onunla Bank arasında müvafiq “İpoteka xxxxsi” də bağlanmışdır. Qeyd olunanlara baxmayaraq, Cavabdeh Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, kredit və ona hesablanmış faizləri ödəməmişdir. MMC də, zamin olaraq borclu Cavabdeh Banka olan 5.321 manat məbləğində borcunun Banka ödəmişdir. Hazırda MMC, xx.xx.2013-cü il tarixli “xxxxnin” 2.5.5-ci bəndinə əsaslanaraq həmin məbləğin ödənilməsini cavabdehdən tələb edir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixli “xxxx” üzrə verilmiş kredit borcunun təyinatı avtomobilin alınması olmuşdur. Alınmış avtomobil isə Bank tərəfindən cavabdehin razılığı ilə vəkalət əsasında, sonuncunun tanımadığı şəxsə verilmişdir. Həmin şəxs isə kredit borcunun Banka qaytarılmasını öhdəsinə götürmüşdür. Sonradan ödənişlərdə problemlərin yaranması barədə Bank cavabdehə müraciət etmiş, cavabdeh də borcun müqabilində avtomobildən Bankın xeyrinə imtina etmişdir. Cavabdehdə olan məlumata görə, avtomobil Bank tərəfindən alınaraq hərracda satılmışdır. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş apellyasiya şikayəti vermiş cavabdeh və iş üzrə üçüncü şəxs olan Bankın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, (kreditor) “xxxx” İKB ASC ilə (borcalan) Cavabdeh və (zamin) iddiaçı MMC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış “xxxxyə” əsasən, Bank tərəfindən cavabdehə, kreditdən istifadəyə görə illik 16 faiz dərəcəsi ilə 36 ay müddətinə 6.700 manat məbləğində kredit verilmiş, MMC isə cavabdehin kreditor Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. İşdə olan “Ödəniş tapşırıqlarından” görünür ki, 2014-cü ilin fevral ayından 2015-ci ilin dekabr ayınadək MMC tərəfindən Cavabdeh Banka olan borcuna görə cəmi 5.457 manat məbləğində ödəniş edilmişdir. İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli 3245 nömrəli “Arayışından” görünür ki, xx.xx.2013-cü il tarixli “xxxx” üzrə MMC tərəfindən Cavabdeh hesabına cəmi 5.457 manat məbləğində vəsait ödənilmiş, sonradan cavabdeh həmin məbləğdən 136 manatını MMCyə qaytarmışdır. Hazırda cavabdehin MMC-yə borcu 5.321 manat təşkil edir. Göründüyü kimi, MMC, “xxxxnin” şərtlərinə uyğun olaraq Cavabdeh Banka olan borcunu ödəməklə cavabdehə qarşı reqress hüquq əldə etmişdir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik xxxxsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1.). Əgər zaminlik xxxxsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (maddə 472.2.). Birgə zamin olmuş şəxslər, əgər zaminlik xxxxsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar(maddə 472.3.). Məcəllənin 474-cü maddəsinə görə, zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur (maddə 474.2.). Zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər (maddə 474.3.). Məcəllənin 475-ci maddəsinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər (maddə 475.1.). Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur (maddə 475.2.). Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə xxxxsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir (maddə 474.3.). Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və xxxx ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş üzrə tərəflər və Bank arasında bağlanmış “xxxxnin” 2.5.5-ci bəndinə görə, zaminliklə təmin edilmiş öhdəliyi yerinə yetirdikdən sonra bu öhdəlik üzrə kreditoru borcalana qarşı olan hüquqlarını tələbin təmin edildiyi həcmdə əldə etmək zaminin hüququdur. Qeyd olunan maddi hüquq normalarının tələbindən, habelə tərəflər arasında bağlanmış “xxxxnin” şərtlərindən çıxış edən Məhkəmə hesab edir ki, hazırda 5.321 manat məbləğində pulun ödənilməsi barədə cavabdehə qarşı irəli sürülmüş iddia əsaslıdır və Rayon Məhkəməsi bu tələbi təmin etməklə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində bildirir ki, kredit borcu hesabına alınmış avtomobil onun razılığı ilə vəkalət əsasında Bank tərəfindən başqa şəxsə verilmiş və həmin şəxs kredit borcunu ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Sonradan ödənişlərdə problemlərin yaranması barədə Bank cavabdehə müraciət etmiş, cavabdeh də borcun müqabilində avtomobildən Bankın xeyrinə imtina etmişdir. Cavabdehdə olan məlumata görə, avtomobil Bank tərəfindən alınaraq hərracda satılmışdır. Bununla bağlı Məhkəmə bildirir ki, cavabdehin göstərdiyi hal, onu, Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasından azad etməmişdir, çünki Bank ilə cavabdehin arasında bağlanmış xx.xx.2013-cü il tarixli “xxxx” ləğv edilməmiş, nə də ki, avtomobilin cavabdeh tərəfindən hər hansı bir şəxsə etibarnamə əsasında verməsi həmin şəxsi Bank qarşısında borcluya çevirməmişdir. Məhkəmə, həmçinin onu da qeyd edir ki, avtomobilin borcun müqabilində Banka qaytarılmasını və bununla da cavabdehin öhdəliklərinə xitam verilməsini təsdiq edən sübutları cavabdeh məhkəmələrə təqdim etməmişdir. Belə olan halda, hesab edilir ki, borclunun Bank qarşısında icra edilməmiş öhdəliyi mövcud olmuş və bu öhdəlik MMC tərəfindən yerinə yetirilmişdir. Odur ki, Məhkəmə apellyasiya şikayətinin müzakirə edilən dəlilini əsaslı saymır və hesab edir ki, cavabdehin göstərdiyi hal, onu MMC qarşısında yaranmış öhdəlikdən azad etmir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar