Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1307/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əmrlərin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), dan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı (Bakı şəhər üzrə Tədris İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-4441/2024 nömrəli qətnaməsindən üçüncü şəxs Bakı şəhər üzrə Tədris İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixindən Bakı şəhəri 310 saylı uşaq bağçasının müdiri vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır.
2. İddiaçı tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoruna ünvanlanmış ərizədə ailə vəziyyəti ilə əlaqədar xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi xahiş edilmişdir.
3. “Bakı Şəhəri Təcili və X4 Stansiyası” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 12/290 nömrəli sahə həkiminin xəbərdarlıq vərəqəsindən görünür ki, İddiaçı ilkin tibbi yardım göstərmişdir.
4. SN00008 seriyalı, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək hipertoniya xəstəliyi ilə əlaqədar olaraq işdən azad edilmişdir.
5. İddiaçı tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə xx.xx.2024-cü il tarixdə işdən çıxmaqla bağlı olan ərizəsinin etibarsız hesab edilməsi xahiş edilmişdir.
6. İddiaçı tərəfindən Elm və Təhsil nazirinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə xx.xx.2024-cü ildə ondan təziq altında alınan ərizənin (işdən çıxış ərizəsinin) etibarsız hesab edilməsi xahiş edilmişdir.
7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavininin xx.xx.2024-cü il tarixli “vəzifədən azad edilmə barədə” əmri ilə Bakı şəhəri 310 saylı uşaq bağçasının müdiri İddiaçı xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
8. "xxxx" MMC tərəfindən verilmiş qəbzlərə və teleqramlara əsasən İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində göndərilmiş məktublar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə xx.xx.2024-cü il tarixində, Elm və Təhsil Nazirliyinə xx.xx.2024-cü il tarixində çatdırılmışdır.
9. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavininin “Əmək müqaviləsinə xitam verilməsi, vəzifənin icrasının müvəqqəti həvalə edilməsi, inventarizasiya komissiyasının yaradılması barədə” Bakı şəhər üzrə Tədris İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-59/3-l- 1095k/2024 nömrəli əmri ilə Bakı şəhəri 310 saylı uşaq bağçasının müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsinin nəzərə alınması, Bakı şəhəri 198 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi X3 xx.xx.2024-cü il tarixdən 3 ay müddətinə Bakı şəhəri 310 saylı uşaq bağçasının müdiri vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrasının həvalə edilməsi və s. əmr edilmişdir. Əmrə əsasən İddiaçı da həmin bağçada təhvil-təslim işlərinin aparılması məqsədilə yaradılmış inventarizasiya komissiyasının üzvüdür.
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Bakı şəhər üzrə Tədris İdarəsinə qarşı "əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə, daha sonra “iddia tələbinin artırılmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin vəzifədən azad edilmə barədə xx.xx.2024-cü il tarixli Əmrinin və xx.xx.2024-cü il tarixli 3- 29-59/3-l-1095k/2024 saylı Əmrinin ləğv edilməsi, iddiaçının vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixindən müddətsiz olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Bakı şəhəri 310 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilmişdir. Lakin xx.xx.2024-cü il tarixində xəstəliyi ilə əlaqədar olaraq işdə olmadığı zaman Bakı şəhəri üzrə Təhsil İdarəsinin işçisi Bakir Məmmədov iddiaçıya təzyiq göstərərək zorla işə çağırmış və ona qanunsuz olaraq işdən azad olmağı barədə ərizə yazdıraraq dərhal ərizəni götürmüşdür. Həmin vaxt iddiaçının qan təzyiqi kəskin dərəcədə yüksəldiyi üçün təcili tibbi yardıma (103) zəng vurmuş və təcili yardım gələrək ona ilkin tibbi yardım göstərmişdir. Bakı şəhəri Təcili və X4 Stansiyasının xx.xx.2024-cü il tarixli 12/290 saylı xəbərdarlıq vərəqəsində onun sağlamlığının ciddi şəkildə pozulması öz əksini tapmışdır. Əlavə olaraq bildirir ki, xx.xx.2024-cü il tarixində iddiaçının övladı X6 burun travması diqnozu ilə “X11”ə aparılmışdır (müvafiq arayış əlavə edilir). Bununla da iddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək xəstəliyi ilə əlaqədar olaraq işdən azad olunmuş və bu barədə müvafiq tibbi arayış əlavə edilir. İddiaçı yüksək qan təzyiqi və eyni zamanda xəstə vəziyyətdə məcburi işə çağırılaraq zorla, işdən çıxarılacağı hədəsi altında yazdığı ərizəni təcili tibbi yardım həkiminin müdaxiləsindən sonra özünə gələn zaman işdən çıxma barədə ərizəsinin etibarsız hesab edilməsi ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinin işçisi Bakir Məmmədova ərizə təqdim etsə də o, qəbul etməkdən imtina etmiş və bundan sonra iddiaçı dərhal xx.xx.2024-cü il tarixində saat 16:18 radələrində Azərbaycan Respublikası Elm və Təhsil naziri E.Əmrullayevə və saat 16:19 radələrində Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyinin direktoru E.Bağırova teleqramla müraciət edərək xx.xx.2024-cü il tarixində təzyiq altında zorla yazdırılmış işdən çıxma ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin elə həmin gün ona qanunsuz olaraq əmrinin verildiyi bildirilmiş və həmin əmrin surəti belə ona təqdim edilməmişdir. Lakin elektron informasiya sistemində xx.xx.2024-cü il tarixinədək onun işdə olduğu görünsə də, həmin elektron informasiya sistemindən çıxarılmış digər sənəddə əmək müqaviləsinin xitam tarixi xx.xx.2024-cü il tarixi göstərilmişdir. Nəhayət xx.xx.2024-cü il tarixində əmrin surəti müraciət edildikdən sonra nümayəndəyə təqdim edilmişdir. Hesab edir ki, əmr əsassız və qanunsuzdur, ləğv edilməlidir. Belə ki, qeyd olunan əmr qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə verilmişdir. Həm də əmrin forma və məzmununa dair qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Cavabdeh hətta nəinki xəbərdarlıq müddətini gözləməmiş, onlarda ərizənin etibarsız sayılmasına dair yeni ərizə olmasına baxmayaraq qanunvericiliyin tələbini kobud şəkildə pozmaqla qanunsuz olaraq əmək müqaviləsinə xitam vermişdir.
12. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 4441/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.E.Heydərova) iddia qismən təmin edilmiş, cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə (vəzifəsinə) - Bakı şəhəri 310 saylı uşaq bağçasının müdiri vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsindən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk olaraq İddiaçı ərizəni yazdığı tarixdə əmək qabiliyyətinin olub-olmamasının yoxlanılması ilə başlanmasını müvafiq hesab etmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, SN00008 seriyalı, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək xəstəliyi ilə əlaqədar olaraq işdən azad edilməsinə baxmayaraq, iddiaçı təcili tibbi yardıma ərizəni yazdıqdan sonra zəng vurmuş, təcili yardım gələrək ona ilkin tibbi yardım göstərmiş və nəticədə o, xx.xx.2024-cü il tarixdən işdən azad edilmişdir. Beləliklə məhkəmə qeyd edir ki, işdən öz təşəbbüsü ilə azad edilmə barədə ərizənin yazıldığı vaxt İddiaçı əmək qabiliyyətini mövcud olmuşdur.
14. Lakin məhkəmə qeyd etmişdir ki, işçinin müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan ərizə yazaraq çıxması və ərizə yazdıqdan sonra halın pisləşməsi, dərhal müvafiq orqanlara həmin ərizənin etibarsız hesab edilməsi barədə ərizələr ünvanlanması şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirmək çətindir. İşçi tərəfindən bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) ərizənin yazılması, ağlabatan bir səbəblə izah olunmadıqda işdən öz təşəbbüsü ilə azad edilmə barədə ərizənin işəgötürənin təzyini altında bağlanması daha inandırıcı görünür.
15. Məhkəmə onu da vurğulamağı zəruri hesab etmişdir ki, İddiaçı işdən azad edilməsinə əsas kimi göstərilmiş ərizənin mahiyyəti (iddiaçının hansı tarixdən işdən azad edilməsini xahiş etdiyi və sair) barədə hər hansı məlumat ərizənin məhkəməyə təqdim edilməməsi səbəbindən mövcud deyildir. Belə ki, məhkəmə tərəfindən cavabdehə sorğu göndərilərək, iddiaçının işdən çıxarılması ilə bağlı bütün prosedurlara əməl olunubolunmaması barədə sənədlərin tələb edilməsinə baxmayaraq, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli ərizə və digər sənədlər məhkəməyə təqdim edilməmiş və cavabdeh hər iclas barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Bakı şəhər üzrə Tədris İdarəsinin iddiaçının öz təşəbbüsü ilə azad edilmə barədə ərizənin təqdim etməkdən yayındığını da nəzərə alaraq, bir daha həmin ərizənin işəgötürənin təzyini altında bağlanması qənaətinə gəlir.
16. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbləri də nəzərə alınmamışdır. Belə ki, həmin maddəyə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Lakin cavabdeh tərəfindən iddiaçının ərizəsi məhkəməyə təqdim edilmədiyindən iddiaçının işdən azad edilməsini istədiyi gün, ümumiyyətlə həmin günün ərizədə göstərilib-göstərilməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Mülki iş materiallarından görünür ki, yeni işçinin götürülməsi barədə İddiaçı rəsmi qaydada yazılı xəbərdarlıq edilməmiş və buna baxmayaraq iddiaçının xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyinin direktoru E.Bağırova və Elm və Təhsil Nazirliyinin naziri Emin Əmrullayevə ünvanlanmış “işdənçıxma barədə ərizəsinin etibarsız hesab edilməsi” barədə ərizələri də nəzərə alınmamışdır.
17. Məhkəmə həmçinin, iddianın iddiaçının Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-59/3-l-1095k/2024 saylı Əmrinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, tələbin əmrin ləğv edilməsi hissəsi təmin edildiyindən, avtomatik olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin vəzifədən azad edilmə barədə xx.xx.2024-cü il tarixli Əmri ləğv edilərkən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-59/3-l-1095k/2024 saylı Əmri ləğv ediləcəyindən, yenidən mübahisə varmış kimi məhkəmə tərəfindən hüquqi qiymət verilməsinə də zərurət qalmamışdır.
18. Məhkəmə iddianın məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi hissəsinə münasibətdə isə qeyd etmişdir ki, əsas tələb təmin edildiyindən, digər tələb olan məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi hissəsi təmin edilməli, İddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Bakı şəhər üzrə Tədris İdarəsindən tutularaq İddiaçı ödənilməlidir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ, Vİİİ hissələrinə, Əmək Məcəlləsinin 3.5, 10-cu maddələrinə, 11-ci maddəsinin 1-ci hissəsinə, 47-ci maddəsinin “f” bəndinə, 68-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, 69, 79, 292.2, 300.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
20. Bakı şəhər üzrə Tədris İdarəsi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 310 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı xx.xx.2024-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ərizə ilə müraciət edərək, ailə vəziyyəti ilə əlaqədar işdən azad olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində göstərmişdir ki, guya işdən çıxma barədə ərizə ona Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tərəfindən məcbur edilərək yazdırılmış, bununla bağlı ona təzyiq göstərilmişdir. Təəssüflər olsun ki, iddiaçı tərəfindən idda ərizəsində göstərdiyi dəlilləri təsdiq edən heç bir sübut və ya əsas məhkəməyə təqdim olunmasa da və iddia ərizəsi başdan ayağa yalnız iddiaçının şəxsi mülahizələrinə əsaslansa da, birinci instansiya məhkəməsi kobud prosessual hüquq pozuntusuna yol verərək iş üzrə yanlış hüquqi nəticəyə gələrək qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmənin hansı sübutlara əsasən, iddiaçıya təzyiq göstərilməsini, onun ərizə yazmağa məcbur edilməsini müəyyən etməsi qeyri-müəyyən olaraq qalır. İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə nəzər saldıqda görünür ki, iddiaçı ərizəsində konkret olaraq xx.xx.2024-cü il tarixdə işdən azad olunmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçının ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi gün göstərilmişdir. Həmin əmr tam qanuni olmaqla, Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla verilmişdir. Sənədlərin məhkəməyə təqdim edilməməsinin səbəbi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməməyi olmuşdur. Bu hal Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ərizəni təqdim etməkdən yayınması və ya iddiaçının ərizəsini işəgötürənin təzyiqi altında yazılması kimi qiymətləndirilə bilməz. Qeyd edilməlidir ki, İddiaçı işəgötürəni Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyidir. Hüseynova X1 xx.xx.2024-cü il tarixli, 3-29-69/3-1-566K/2024 nömrəli əmri ilə işdən azad olunmuşdur. Bakı Şəhəri üzrə Təhsil İdarəsi İddiaçı işə götürəni deyildir və onunla heç bir əmək müqaviləsi üzrə tərəf olmamışdır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-59/3-1-1095K/2024 nömrəli əmri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-566K/2024 nömrəli əmrinin son haqq-hesabın ödənilməsi hissəsinin icrası ilə bağlı olmuşdur. Həmçinin, İddiaçı işdən çıxma barədə ərizəni Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun adına ünvanlamışdır. Göründüyü kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi iş üzrə cavabdeh tərəf ola bilməz. Bundan əlavə, qanunsuz qəbul edilmiş qətnamənin icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin səlahiyyətləri xaricindədir və buna subyektiv hüququ yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, apellyasiya şikayəti tamamilə əsassızdır və formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Qarşı tərəf nəzərə almamışdır ki, işdə olan sübutlara əsasən elə məhz həmin tarixdə də İddiaçı tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyinin direktoru E.Bağırova ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə işdən çıxmaqla bağlı olan ərizəsinin etibarsız hesab edilməsini və Elm və Təhsil Nazirliyinin naziri Emin Əmrullayevə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü ildə ondan təziq altında alınan ərizənin (işdən çıxış ərizəsinin) etibarsız hesab edilməsini xahiş etmişdir. Eyni zamanda, məhkəməyə təqdim edilmiş elektron informasiya sistemindən çıxarışda xx.xx.2024-cü il tarixinədək iddiaçının işdə olduğu görünsə də, həmin elektron informasiya sistemindən çıxarılmış digər sənəddə əmək müqaviləsinin xitam tarixi xx.xx.2024-cü il tarixi göstərilmişdir. İşəgötürən nəinki işçiyə əmək müqaviləsinin xitam olunması barədə məlumatları təqdim etmiş, hətta məhkəmə baxışı zamanı dəfələrlə müraciət edilməsinə baxmayaraq bu məlumatları məhkəməyə belə təqdim etməmişdir. Hətta əmrin surəti belə iddiaçının nümayəndəsi tərəfindən müraciət edildikdən və sorğu göndərildikdən sonra tərəfə təqdim edilmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Lakin nədənsə cavabdeh bu maddənin tələblərini unudaraq məhz işçi əmək qabiliyyətli olmadığı gün onun əmək müqaviləsinə qanunsuz xitam vermişdir. İşdə olan sənədlərdən görünür ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin vəzifədən azad edilmə barədə xx.xx.2024-cü il tarixli Əmri ilə Bakı şəhəri 310 saylı uşaq bağçasının müdiri İddiaçı xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Eyni zamanda bütün elektron sistemlərdə işəgötürən Bakı Şəhəri üzrə Təhsil İdarəsi göstərilsə də, nədənsə cavabdeh birdən-birə Agentlik olur. Əmrin özü qanunsuz olarsa cavabdehin əsl cavabehlə əvəz edilməsi onun ləğv edilməsinə mane olan hal hesab edilməməlidir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Mübahisənin əmək mübahisəsi olması, həmin mübahisəyə mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən qısa müddətdə baxılmalı olması, habelə prosessual qənaət prinsipi nəzərə alınmaqla apellyasiya baxışı zamanı iddiaçı tərəfə məhkəmə kollegiyası tərəfindən cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əvəz edilməsi təklif edilmiş, iddiaçının nümayəndəsi və vəkilinin yazılı razılığı ilə xx.xx.2025-ci il tarixli qərardadla iş üzrə cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əvəz edilmiş və Bakı şəhəri üzrə Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, işə əvvəldən baxılmağa başlanmışdır.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət edərək sorğu nəticəsində əmri əldə etmişdir. İddiaçı həmin vaxt əmək qabiliyyətli olmamışdır. xx.xx.2024-cü il tarixdə ərizə yazdıqdan sonra, iddiaçının həmin gün ərizəsinin etibarsız hesab edilməsi barədə saat 24:00-adək xəbərdarlıq müddəti var idi. Agentlik məktubu götürmədiyi üçün teleqramla ərizənin etibarsız hesab edilməsi barədə müraciət olunmuşdur. İşə əlavə edilən "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli teleqramlarında göstərilir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil naziri E.Əmrullayevə və saat 16:19 radələrində Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyinin direktoru E.Bağırova ünvanlanmış göndəriş müvafiq olaraq xx.xx.2024-cü il tarixində və xx.xx.2024-cü il tarixində təyinatı üzrə çatdırılmışdır.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirdi ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən dolayı sübutlara və ehtimallara əsaslanmışdır. İddiaçıya hər hansı təzyiq göstərilməmişdir. İddiaçının ərizədə tarix göstərək qeyd etməsi onun ərizəni şüurlu surətdə özünün yazdığına dəlalət edir. Bundan başqa, qətnamədə cavabdehin xəbərdarlıq müddətini gözləmədiyi qeyd olunsa da, iddiaçı ərizəsində hansı tarixdən işdən azad olunmasını qeyd etmişdir. Belə olan halda, onlar hər hansı xəbərdarlıq müddətini gözləməyə məcbur deyil və işçini həmin gün işdən azad edə bilərlər. İddiaçı cəmiyyət arasında yaranmış ajiotajla bağlı özü işdən azad olunmasını istəyib. Belə ki, iddiaçının sosisal şəbəkələrdə video görüntüləri yayılmışdı. Orada tərbiyəçilərdən biri uşağı təhqir edərək döyür. Daha sonra valideyn gəldikdə iddiaçı ilə aralarında bağçanın işıq pulunun ödənilməsi ilə bağlı söhbət olur. Bu video mətbuatda ayın 12 yayılmışdır. Toplu şəkildə monitoriq keçirilməmiş, yalnız bir nümayəndə oraya getmiş və iddiaçı öz ərizəni yazmışdır. O, ərizəsini yazmaya bilərdi və monitorinq keçirildikdən sonra aktlaşdırma aparıla bilərdi. İddiaçı ərizəsində işdən çıxarılmasını istədiyi tarixi göstərmişdir və bu cür hallar yalnız bağça deyil, məktəb direktorlarında da baş verir. Şəxsin əmək qabiliyyətli olmaması monitorinqin keçirilməsinə maneə yaratmır. Əsasnaməyə əsasən həyata keçirilə bilər. İş materiallarına baxdıqda iddiaçının işdən çıxarılması üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinin əsasları olduğu görünür. İddiaçı ajiotajla bağlı qorxuya düşmüş və gələcək aqibəti ilə bağlı narahat olduğu üçün işdən çıxarılmasına dair ərizə ilə müraciət etmişdir. İddiaçı tərəfin poçt göndərişlərinə dair qəbzlərdən də görünür ki, qəbzdə qeyd olunan tarix poçtun göndərilməsi üçün poçt şöbəsinə qəbul edildiyi tarixdir. Hər hansı bir teleqramla müraciət olunmamışdır. Əgər onlara teleram həmin gün gəlsəydi, iddiaçının işdən çıxarılmasına dair ərizəni ləğv edərdilər və monitorinq keçirdib, aktlar tərtib olunardı və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması ilə bağlı müvafiq tədbirlər görülərdi. İddiaçının ərizəsinin etibarsız hesab edilməsinə dair ərizəsi xx.xx.2024-cü il tarixdə cavabdeh orqana çatıb. Qeyd olunan əməliyyatları sonradan ƏMAS-da həyata keçirtmək mümkün deyil. Həmin dövrdə prosedur qayda həmin formada olduğu üçün iddiaçı işdən çıxarılma barədə ərizəsini yazdığına görə qəbul edilmiş və bununla bağlı məsələnin üzərinə düşülməmişdir.
26. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
27. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 11.“b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2.”a”. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Maddə 69.4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Maddə 69.7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 187.3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırkı işdə iddia qismən təmin olunsa da apellyasiya şikayətində qətnamə iş üzrə üçüncü şəxs tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.
33. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz olunması təklif olunmamış, cavab verməli olmayan şəxsə qarşı yönəlmiş tələbə baxılaraq iddia qismən təmin edilmişdir.
34. Halbuki, iddiaçının Bakı şəhəri 310 saylı uşaq bağçasının müdiri vəzifəsinə işə götürülməsi barədə xx.xx.2024-cü il tarixli əmək müqaviləsi onunla Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Agentlik) arasında bağlanmış, iddiaçı Agentliyin xx.xx.2024-cü il tarixli 3-29- 69/3-1-566K/2024 nömrəli əmri ilə işdən azad olunmuşdur.
35. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
36. Məhkəmə kollegiyası hazırki mübahisə ilə bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, əmək qanunvericiliyinin imperativ tələblərinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
37. İşdə olan sənədlərdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixində işdən azad olunmasına dair ərizə ilə Agentliyin rəhbərinə müraciəti etmiş, həmin gün onun səhhəti pisləşmiş, təcilli tibbi yardım xidmətinə müraciət etmiş, daha sonra həmin gün ərizəsinin etibarsız hesab edilməsi barədə Agentliyin rəhbərinə və Elm və Təhsil nazirinə ərizələr göndərmiş, sonuncuya ünvanlanmış ərizədə işdən azad olunmasına dair ərizənin təzyiq altında yazıldığını bildirmişdir.
38. Kollegiya hesab edir ki, işçinin müddətsiz əmək müqaviləsi əsasında işlədiyi halda ərizə yazaraq əmək müqaviləsinə xitam verilməsini xahiş etməsi, bundan sonra isə səhhətinin pisləşməsi, dərhal ərizəsinin etibarsız hesab edilməsi barədə işlədiyi qurumun rəhbər şəxslərinə ərizələr göndərməsi, ərizənin birində işdən azad olunmasına dair ərizənin təzyiq altında yazıldığını bildirməsi onu deməyə əsas verir ki, işdən azad olunmasına dair ərizə iddiaçının öz iradəsini əks etdirmir.
39. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının ərizəsinin etibarsız hesab edilməsi barədə ərizələri Agentliyə xx.xx.2024-cü il tarixində, Elm və Təhsil Nazirliyinə isə xx.xx.2024-cü il tarixində çatdırılmasına baxmayaraq, bununla bağlı həmin təşkilatlar tərəfindən hər hansı araşdırma aparılmamış, ərizələr daxil olduğu tarixdən sonra xx.xx.2024-cü il tarixli əmrlə iddiaçının vəzifəsinin icrası başqa şəxsə həvalə edilmişdir.
40. Halbuki, cavabdehin nümayəndəsinin məhkəmə iclasında bildirdiyinə əsasən iddiaçının barəsində sosial şəbəkələrdə hüquqazidd əməlləri ilə bağlı video görüntülər yayılmış, iddiaçının işdən çıxarılması üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslar olmuş, iddiaçı bununla bağlı qorxuya düşərək gələcək aqibəti ilə bağlı narahat olduğu üçün işdən çıxarılmasına dair ərizə ilə müraciət etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, cavabdehin bildirdikləri həqiqəti əks etdirdiyi təqdirdə onun hazırda iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, iddiaçının yol verdiyi nöqsanlarla bağlı araşdırma aparılaraq onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək imkanı olmuşdur. Belə ki, həmin vaxt iddiaçının barəsində intizam tənbehinin tətbiq edilməsi üçün əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddət bitməmiş, onun yerinə başqa şəxs işə qəbul edilməmişdir.
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Agentliyin xx.xx.2024-cü il tarixli əmri ləğv edilməli, İddiaçı Bakı şəhəri 310 saylı uşaq bağçasının müdiri vəzifəsinə bərpa olunmalıdır. Bu tələb təmin olunduğundan iddia tələbinin məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi hissəsi də təmin edilməlidir.
42. Kollegiya iddiaçının “xx.xx.2024-cü il tarixli 3- 29-59/3-l-1095k/2024 saylı əmrin ləğv edilməsi” tələbinə münasibətdə hesab edir ki, bu tələb təmin edilməməlidir. Belə ki, sözügedən əmr iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi başqa işçinin 3 ay müddətinə Bakı şəhəri 310 saylı uşaq bağçasının müdiri vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrasının həvalə edilməsi və inventarizasiya ilə bağlı olmuşdur. Həmin əmrdə göstərilən müddət artıq bitdiyindən onun ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Kollegiya həmçinin nəzərə alır ki, həmin tələb birinci instansiya məhkəməsi tərəfindən də təmin edilməmiş, iddiaçı bununla razılaşaraq qətnamənin həmin hissəsini mübahisələndirməmişdir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Üçüncü şəxs Bakı şəhər üzrə Tədris İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 4441/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli əmri ləğv edilsin, İddiaçı əvvəlki vəzifəsinə - Bakı şəhəri 310 saylı uşaq bağçasının müdiri vəzifəsinə bərpa olunsun, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Hakimlər:
İ