Məhkəmə qərarları › İş №2(103)-1311/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1311/2020

27.01.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1311/2020 27.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: Xəyalə Adil qızı Cəmilova və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı, Cavabdeh X9nin nümayəndələri X8 və X6 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh 6 saylı X1rşı «əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6 saylı X2 xx xxxx 2019-cu il tarixli əmrinin etibarsız hesab edilməsi və işə bərpa olunmağı barədə, xx xxxx 2019-cu il tarixdən işə bərpa olunan günədək məcburi iş buraxmaya görə orta əmək haqqının ödənilməsi barədə, maddi və mənəvi ziyanın əvəzi kimi cavabdehdən 450 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra cavabdehin nümayəndəsi cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair vəsatət təqdim edərək, Cavabdeh 6 saylı X2 əsl cavabdeh olan X9 ilə əvəz edilməsini xahiş etmiş və iddiaçının razılığı əsasında məhkəmə tərəfindən cavabdehin əsl cavabdehlə əvəz edilməsi qərara alınmışdır. İddia tələbi belə əsaslandırılmışdır: xx.xx.2009-cu il tarixdə əmək müqaviləsi bağlamaqla cavabdehin varisi olan 4 saylı Nəqliyyat Departamentinə 211-K No-li əmrlə sürücü işinə qəbul olunmuşdur. 2013-cü ilin oktyabr ayından 2015-ci ilin aprel ayna kimi hərbi xidmətdə olmuş, hərbi xidməti başa vurduqdan sonra 665/K saylı əmrlə işə bərpa olunmuşdur. xx xxxx 2019-cu il tarixli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndini əsas tutaraq işdən azad olunaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdən qanunsuz çıxarılmağı ilə əlaqədar Dövlət Əmək Müfəttişliyinə şikayət etdiyi üçün cavabdehdən əmək kitabçasını xx xxxxxx 2019-cu il tarixdə imza edərək almışdır. Əmrdə göstərilib ki, guya heç bir üzürlü səbəb olmadan işə gəlməmişdir. Üzürsüz səbəbdən heç vaxt iş buraxmamışdır. 2019-cu ilin aprel ayının 21-dən xx xxx 2019-cu il tarixə kimi xəstəliyi ilə bağlı bülletendə olmuşdur. Buna görə müvafiq arayışı cavabdehə də təqdim etmişdir. Lakin əmək hüquqlarının pozulması barədə ölkə rəhbərliyinə kömək üçün müraciət etdikdən sonra cavabdeh qurumun rəhbərliyi qisas alamaq məqsədi ilə qərəzli şəkildə bülleteninin guya saxta olduğunu əsas gətirərək işdən azad etmişdir. Halbuki təqdim etdiyi sənəddə heç bir saxtalıq olmayıb. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehin Cavabdeh 6 saylı X3 Avtonəqliyyat və Xüsusi Texnika sahəsində 3-cü dərəcəli avtomobil sürücüsü peşəsində işləyən İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə xx.xx.2019-cu il tarixli 810/K nömrəli əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh 6 saylı X3 Avtonəqliyyat və Xüsusi Texnika sahəsində 3-cü dərəcəli avtomobil sürücüsü peşəsinə bərpa edilməsi və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə qətnaməni müvafiq xəstəxana rəhbərliyinin xx.xx.2019-cu il tarixli məktubu ilə əsaslandırmışdır. Lakin məhkəmə onu nəzərə almamışdır ki, işəgötürən bu məktubun varlığından xəbərsiz olmuş və ümumiyyətlə belə bir məktubun olmadığını iddia edir. Ona görə ki, məktub heçbir dövlət orqanına, o cümlədən də Nəqliyyat İdarəsinə ünvanlanmamışdır. Həmin məktubun əsli müvafiq xəstəxana tərəfindən İddiaçı məhkəmə baxışı zamanı verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X9nin nümayəndələri X8 apellyasiya şikayətini müdafiə etmiş və bildirmişdir ki, Səhiyyə Nazirliyi və ya poliklinika tərəfindən belə bir məktub daxil olmamışdır. İddiaçı xx.xx.2019-xx.xx.2019 il tarixlərdə əsassız işburaxmaya yol vermişdir. Xəstəliyi barədə rəsmi məlumat verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, ciyərində problem olmuş, uzun müddəğ pnevmaniya xəstəliyindən müalicə almışdır. 3 ay xəstə olmuşdur. Arayışı Qobustan filialına təqdim etmişdir. Cavabdeh təşkilat onun sağlamlığı ilə maraqlanmamış, əksinə onu əsassız olaraq işdən azad etmişdir. Ayda 380-400 AZN maaş alırdı. Maddi vəziyyəti aşağıdır. Ailəsinin saxlanması üçün həmin işə ehtiyyacı var. 11 ildir ki, orada işləyir. Ailədə qazanc gətirən yeganə şəxsdir. İşin faktiki halları ilə bağlı aşağıdakılar tədqiq olunur: Əmək kitabçasının surətindən görünür ki, İddiaçı 2015-ci il tarixdən Qaradağ rayon Sukanal idarəsində işləməyə başlamış, habelə onun xx.xx.2017-ci il tarixdə 3759 nömrəli əmrlə avtomobil sürücüsü peşəsinə təyin edilməsi və 810/K nömrəli əmri ilə xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi ilə əlaqədar olaraq tutduğu peşədən azad edilməsi qeyd olunmuşdur. 339900 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin məzmunundan görünür ki, Salyan rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş həkim rəyinə əsasən İddiaçı xx xxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək, xx xxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixdədək işdən azad edildiyi qeyd olunmaqla, xx xxxx 2019-cu il tarixdən işə başlamalı olduğu yazılmışdır. xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərilmiş məktubun məzmunundan görünür ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinin 02\19-5329 saylı xx.xx.2019-cu il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, məktubda qaldırılan məsələ araşdırılmış, İddiaçı ambulator tibbi kartaları, əmək qabiliyyətinin olmaması vərəqələri jurnalları və HMK jurnalları yoxlanılmış, laborator və rentgenoloji müayinələrə əsasən əmək qabiliyyəti olmaması vərəqələrinin əsaslı şəkildə verildiyi aşkar olunmuşdur. Salyan RAACXX-nın HMK jurnalında xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət qeyd olunduğu, lakin 339900 №-li vərəqdə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətin Salyan RAACXX-nin tibb bacısının diqqətsizliyi nəticəsində qeyd olunmadığı, buna görə də Salyan RAACXX-nin tibb bacısı X7 töhmət verildiyi qeyd olunmuşdur. xx.xx.2017-ci il tarixli təqdimatın surətindən görünür ki, avtonəqliyyat və Xüsusi Texnika sahəsinin Salyan XS-nə xidmət göstərən Ford Transit markalı ** JS *** d.n.n avtomobilin sürücüsü İddiaçı xx.xx.2019-cu il tarixində xəstəlik vərəqəsi açdırması barədə məlumat vermiş, lakin xx.xx.2019-cu il tarixə qədər 6 saylı departamentə heç bir sənəd təqdim etməmiş və bununla əlaqədar olaraq iş vaxtının uçotu tabeliyində İddiaçı naməlum səbəb göstərildiyi qeyd olunmuşdur. xx.xx.2019-cu il tarixli təqdimatın məzmunundan aydın olur ki, 6 saylı X2 rəhbərliyi tərəfindən SOCAR Nəqliyyat sürücü X5 xx xxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək heç bir üzrlü səbəb göstərmədən işə gəlmədiyi, bununla bağlı heç bir sənəd təqdim etmədiyi, iş vaxtının uçot tabeliyində ona naməlum səbəb göstərildiyi, ona görə də bu halın nəzərə alınaraq X5 Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad olunmasına münasibət bildirilməsi xahiş olunmuşdur. X9 Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyyətinin iclasının 24 saylı protokolundan xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, 6 saylı X2 sifariş əsasında Salyan RQİİ-nə xidmət göstərən Avtonəqliyyat və Xüsusi Texnika sahəsinə məxsus Ford Transit markalı, ** JS *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəllləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır. Mübahisə ilə bağlı dəyərləndirmə: xx.xx.2019-cu il tarixli əmrlə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi ilə əlaqədar olaraq tutduğu peşədən azad edilərək, əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə səbəb işçinin xx xxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək heç bir üzrlü səbəb olmadan işə gəlməməsi olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı xx xxxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək əmək qabiliyyətli olmamışdır. Lakin əmək qabiliyyətinin olmaması barədə vərəqədə xx xxx 2019-cu il-xx xxx 2019-cu il tarixlər yanlışlıqla qeyd olunmamışdır. Bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayon Mərkəzi Xəstəxanası xx.xx.2019-cu il tarixli məktub göndərərək, bildirmişdir ki, vərəqədə həmin tarixlərin qeyd olunmamasına səbəb tibb bacısının səhlənkarlığı olmuşdur. Həmin məktubdan görünür ki, onun sürətinin cavabdehə ünvanlandığı da qeyd olunmuşdur. Lakin cavabdeh xx.xx.2019-cu il tarixli əmrlə əmək müqaviləsinə xitam vermişdir. Cavabdeh həmin məktubdan məlumatlı olmadığını bildirir. Lakin məhkəmə araşdırması zamanı həmin sübutlar tədqiq olunmuş, işçinin üzrlü səbəbdən iş buraxması, onun əmək qabiliyyətli olmadığı tarixlərin tibb bacısının səhlənkarlığı nəticəsində qeyd olunmadığı öz təsdiqini tapmasına baxmayaraq, cavabdeh indiyədək əmri ləğv etməmiş, işçini işə bərpa etməmiş, etirazlarını məhkəmədə müdafiə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işçinin üzrsüz səbəbdən iş buraxmaması təsdiq olunduğu üçün cavabdehin dəlilləri əsassızdır və əmək müqaviləsinə xitam verilməsi barədə əmr onun hüquqlarını pozduğu üçün ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır, məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Ona görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar