Məhkəmə qərarları › İş №2(103)-1312/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1312/2022

08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1312/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC və İsmail Çağlayana qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: podrat müqaviləsi üzrə pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh İsmail Çağlayanın iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC və İsmail Çağlayana qarşı ”pul” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)- 460/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı və cavabdeh Çağlayan İsmail ilə aralarındakı razılığa əsasən iddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildə təmir işlərinin görülməsi üçün cavabdehə 9400 manat pul ödəmişdir.

2. Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2021-ci il tarixli ekspert rəyi ilə mənzildə aparılmış təmir işlərinin dəyəri 9456.0 manat, qüsurlu görülmüş işlərin dəyəri isə 1335 manat müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" MMC və İsmail Çağlayana qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Çağlayan İsmaildən 9400 manat pul vəsaitinin, 30 manat dövlət rüsumunun, hüquqi xidmət üçün ödənilmiş 110 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, yeni aldığı ünvan 1 ünvanda yerləşən mənzildə təmir işlərinin aparılması məqsədilə usta kimi Türkiyə vətəndaşı olan Çağlayan İsmail ilə razılaşmışdır. Təmir materiallarının və işçilik haqqının ödənilməsi qismində cavabdehə 9400 AZN məbləğində vəsaiti ödəmişdir. Ödənilmiş vəsaitin müqabilində Çağlayan İsmail oboyların dəyişdirilməsi, asma tavan, hamamda kafel, metlax, mətbəxdə mebel arası kafel işləri, otaqda 1 ədəd qapının əlavə edilməsi, eyvandan qaz borusunun mətbəxə çəkilməsi işlərinin görülməsini həyata keçirməli idi. Lakin qeyd edilən məbləği aldıqdan sonra Cavabdeh1 ümumiyyətlə təmir üçün Mahmudovaya məxsus, təmir həyata keçirilən mənzilə gəlməmiş, günlər keçdikdə hər gün bir bəhanə ilə gəlib təmirə başlamasını ləngitmişdir. Beləliklə, iddiaçı cavabdehdən ya təmiri həyata keçirməsi üçün təmir materiallarını alaraq mənzilə gətirməsini, ya da ona ödənilmiş vəsaitin geri qaytarılmasını tələb etdikdə, Çağlayan pulu qaytarmaq fikrində olmadığını bildirmişdir.

5. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-460/2021 nömrəli qətnaməsi ilə (hakim Ş. Süleymanova) iddia qismən təmin edilmiş, cavabdeh İsmail Çağlayandan 2835 manat əsas, hüquqi yardıma görə 110 manat və 20 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərcinin iddiaçıdan 30 manat, cavabdehdən 70 manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

6. Məhkəmə hesab etmişdir ki, yerinə yetirilməli işlərin ümumi dəyərinin tərəflər arasında 10000 manat razılaşdırıldığı sübuta yetirildiyi, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 9400 manat ödənildiyi və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyi nəzərə alınmaqla iddia qismən təmin edilməli, qüsursuz görülən işlərin dəyəri çıxılmaqla, cavabdehdən görülməmiş işlərin yerinə yetirilməsi üçün 1500 manat və qüsurlu görülmüş işlər üçün 1335 manat, cəmi 2835 manat tutulub iddiaçıya verilməlidir.

7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 725.1, 406.1, 753.1, 762.3, 765, 425.1, 21, 1096.1, 1096.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, Səbail rayon məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya dəymiş zərərin məbləği ekspert tərəfindən düzgün qiymətləndirilməmişdir. Tərəflər arasında razılaşma olmuş və işin faktiki halları bölməsində sadalanan işlərin görülməsi nəzərdə tutulmuşdur. Lakin, görülmüş işlər qüsurlarla icra edilmiş, mənzilin bəzi yerlərində isə tamamilə yarımçıq saxlanılmışdır. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən tələb etmə hüququ meydana gəlir. Cavabdeh tərəfindən üzərinə götürdüyü təmirin gedişinə laqeyd yanaşma onun tərəfindən hərəkətsizliklə ifadə olunursa, icra etmiş olduğu təmirin keyfiyyətsiz və qüsurlarla icra etməsi, müəyyən işləri isə ümumiyyətlə etməməsi onun təqsirli hərəkəti ilə ifadə olunur ki, bu zaman istər hərəkəti, istərsə də hərəkətsizliyi ilə cavabdeh iddiaçıya zərər vurmuş olur. Cavabdeh əməllərinə görə mülki hüquq məsuliyyəti daşımalı, cavabdeh tərəfindən iddiaçının əmlakına vurulmuş zərər tam həcmdə ödənilməlidir. Məhkəmə tərəfindən işin mahiyyəti ümumən düzgün araşdırılsa da, detallı araşdırma aparılmamışdır. Yəni, ekspert rəyində görülmüş işlərlə tərəflər arasında razılaşdırılmış qaimələrdə nəzərdə tutulan işlər arasında uyğunsuzluqlar olmuşdur ki, məhkəmə bu xırda fərqləri nəzərə almamışdır və tərəflərindən bu hallar ekspertin məhkəmə iclasında dindirilməsi ilə əlaqədar vermiş olduqları yazılı vəsatətdə və həmin vəsatətin zərurətinin izahı zamanı məhkəmənin nəzərinə çatdırılmış olsa da, vəsatətlərinin rədd edilməsi ilə faktlara düzgün qiymət verilmədiyi qənaətindədirlər. Məhkəmə iddiaçı tərəfindən iddia ərizəsinin birgə cavabdehlərə qarşı qaldırılması halına diqqət yetirməmişdir. Halbuki, istər ilkin iddia ərizəsində, istərsə də iddiaya əlavədə iddiaçı tərəfindən iddia tələbi birgə cavabdehlərə qarşı yönəldilmişdir. İddiaçı tərəfindən həmçinin ərizələrdə nə üçün hüquqi şəxsin də cəlb edilməsi izah edilmişdir. İddia tələbində də dəymiş zərər məbləğinin “Caglayan İsmail və "xxxx" MMC-dən müştərək qaydada tutulması” xahiş edilmişdir. Belə ki, Çaglayan özünü cavabdehə Azərbaycan Respublikası ərazisində qanuni fəaliyyət göstərən bir şirkət kimi göstərmiş, əlavə olaraq özünün "xxxx" MMC-nin 50% təsisçici kimi göstərmiş və bunu təsdiq edən vergi sənədlərini də təqdim etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İsmail Çağlayan apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

13. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam həcmdə təmin edilməsinə yönəlsə də, tələb bölünməz olduğundan apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

19. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulmuş hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

20. Maddə 725.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişci isə podratçıya razılaşdırlmış muzd ödəməyi öhdəsinə götürür.

21. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir.Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırlmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

22. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

23. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxta və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

25. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və yahərəkətsizlikdir).

27. Maddə1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

30. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, görülmüş işlərə görə şərtləşdirilmiş muzd 10000 manat razılaşdırılmış, buna baxmayaraq, cəmi 9400 manat məbləğində pul alınmış, ekspert rəyinə əsasən işlərin bəziləri qüsurla yerinə yetirilmişdir. Məhkəmə qüsursuz görülən işlərin dəyəri çıxılmaqla, cavabdehdən görülməmiş işlərin yerinə yetirilməsi üçün 1500 manat və qüsurlu görülmüş işlər üçün 1335 manat, cəmi 2835 manat tutulub iddiaçıya verilməsi barədə nəticəyə gəlmişdir.

31. Kollegiya nəzərə alır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə muzdun 10000 manat şərtləşdirilməsi və iddiaçı tərəfindən cavabdehə mənzildə görüləcək təmir işləri üçün ümumilikdə 9400 manat vəsait ödədiyi müəyyən olunmuş, qətnamədən cavabdeh apellyasiya şikayəti verməmiş, iddiaçı isə həmin hissədə qətnaməni mübahisələndirməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi ilə muzdun 10000 manat müəyyən olunması və iddiaçı tərəfindən cavabdehə 9400 manat pul ödənilməsi işin mübahisəsiz halıdır.

32. Bununla yanaşı, Məhkəmə cavabdehdən mənzildə görülməmiş işlərin yerinə yetirilməsi üçün 1500 manat və qüsurlu görülmüş işlər üçün 1335 manat dəyərində vəsaitin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qənaətə gələrkən həmin hal üzrə ətraflı araşdırma aparmamış, iş üzrə keçirilmiş ekspert rəyləri qarşılıqlı tədqiq edilməmiş və bununla bağlı mübahisəli məqamlara aydınlıq gətirməmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından qətnamə qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

34. Mübahisənin mahiyyəti ilə bağlı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (maddə 16.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1).

35. Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

36. Kollegiya ilk növbədə nəzərə alır ki, iddiaçı iddia ərizəsində cavabdehə mənzilinin təmiri üçün 9400 manat vəsait ödəsə də, sonuncunun mənzilə gəlmədiyini, təmirə başlamağı ləngitdiyini bildirərək ona ödənilmiş vəsaitin geri qaytarılmasını tələb etmişdir. İşin birinci instansiya məhkəməsində araşdırılması zamanı iddiaçının izahatından məlum olur ki, iddiaçı mənzildə müəyyən təmir işlərinin aparıldığını, lakin təmir işlərinin qüsurlu icra olunduğunu, cavabdehin podratı kəmiyyətcə yerinə yetirmədiyinə əsaslanaraq hazırkı iddianı irəli sürmüşdür.

37. Cavabdeh isə iddiaçının 2600 manat ödəmədiyi üçün işin bitmədiyini, işini qüsurlu icra etmədiyini bildirərək iddiaya etiraz etmişdir.

38. Birinci instansiya məhkəməsində işə baxılarkən iki dəfə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmişdir.

39. Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyun 2021-ci il tarixli, 10/1106 saylı rəyi ilə mənzildə əlavə təmir işləri aparıldığı və aparılmış təmir işlərinin 1 saylı yaşayış otağının divar və tavanına alçipandan fiqurlar yığılaraq üzərinə şpaklyovka çəkilməsindən, boya ilə rənglənməsindən, 2 saylı yaşayış otağının divar və tavanına şpaklyovka çəkilməsindən, 3 saylı yaşayış otağının divarlarının divar kağızı ilə üzlənməsindən, tavanına alçipandan fiqurlar yığılaraq üzərinə şpaklyovka çəkildiyi, mətbəx tikilisinin divarlarına şpaklyovka çəkilməsindən, tavanına dartma tavan yığıldığı, döşəməsinə metlax vurulmasından, sanitar qovşaq tikilisinin divarlarına kafel vurulmasından, döşəməsinin isə sement qum məhlulu ilə hamarlanmasından ibarət olduğu müəyyən edilmişdir. Mənzildə təmir işləri faktiki olaraq yekunlaşmadığından nəticədə aparılmış təmir işlərindən sonra yaranmış qüsurların və bu qüsurların aradan qaldırılması üçün hansı məbləğdə pul vəsaitinin tələb olunmasını müəyyən etmək mümkün olmamışdır.

40. Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyun 2021-ci il tarixli, 10/1106 saylı rəyi ilə 28 iyun 2021-ci il tarixli, 10/4097 saylı rəyi ilə mənzildə aparılmış təmir işlərinin dəyəri 9456.0 manat, qüsurlu görülmüş işlərin dəyəri isə 1335 manat müəyyən edilmiş, rəyə mənzildə aparılmış qüsurlu təmir işlərinin nələrdən ibarət olduğunu əks etdirən smeta əlavə olunmuşdur.

41. Birinci instansiya məhkəməsi sonuncu ekspert rəyini nəzərə alaraq rəylə müəyyən edilmiş məbləğdə qüsurlu təmir işlərinə görə 1335 manat, görülməmiş işlərin yerinə yetirilməsi üçün cavabdehin izahatında bildirdiyi məbləğdə, yəni 1500 manat olmaqla cəmi 2835 manat pulun tutulub iddiaçıya verilməsi barədə nəticəyə gəlmişdir.

42. İddiaçı apellyasiya şikayətində ekspert rəyində görülmüş işlərlə tərəflər arasında razılaşdırılmış qaimələrdə nəzərdə tutulan işlər arasında uyğunsuzluqlar olduğu, məhkəmənin isə bu xırda fərqləri nəzərə almadığı barədə dəlillərlə çıxış etmişdir.

43. Apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 10/1170 saylı rəyi ilə mənzildə aparılmış işlərin bütün hallar nəzərə alınmaqla (mənzilin sanitar qovşağında görülmüş işlər, elektrik işlərində rozetkaların dəyişdirilib-dəyişdirilmədiyi və s.) yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 9456,0 manat məbləğində müəyyən edilmişdir. İkinci sual üzrə- mənzilin yaşayış otağının iki divarına vurulmuş divar kağızlarının, yəni divar kağızlarının üzərində olan naxışların birbirilə üst-üstə düşmədiyi, həmçinin mənzilin tavanına vurulmuş künclüyün (paduqa) qüsurlu vurulduğu müşahidə edildiyi, bu səbəbdən də mənzildə görülmüş təmir işlərinin keyfiyyətli aparılmadığı; üçüncü sual üzrə laminat materialdan olan plintusun 1 metrinin bu günkü gündə orta bazar qiyməti 3 manat təşkil etdiyi, belə olan halda sözügedən mənzilin perimetrinin 90 metr olduğunu (sanitar qovşağı və balkon tikililəri istisna olmaqla) nəzərə aldıqda ümumi otaqlar və mətbəx üçün plintusların alınmasının maliyyə dəyəri bu günkü gündə ümumi dəyəri təqribən 270,0 (90 x 3) manat məbləğində təşkil etdiyi; dördüncü sual üzrə mənzildə ümumi otaqlar üçün rozetkaların alınması və vurulmasının maliyyə dəyəri təqribən 1000,0 manat təşkil etdiyi; beşinci sual üzrə - aparılan hesablamalar nəticəsində sadalanan işlərin ümumi material və işçilik xərcinin dəyərinin təqribən 3204,0 manat təşkil etdiyi müəyyən olunmuşdur.

44. Məhkəmə kollegiyası mənzilin təmirinə çəkilmiş xərclərlə bağlı sonuncu ekspert rəyini daha mötəbər sübut hesab edir. Belə ki, sonuncu ekspert qarşısında qoyulmuş suallar kifayət qədər dəqiq, ətraflı olmaqla, apellyasiya şikayətində göstərilən, əvvəlki ekspert rəyləri üzrə tədqiqat aparılan zaman nəzərə alınmayan işləri də əhatə etmişdir.

45. Mülki Məcəlləyə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. (maddələr 762.3, 765).

46. Göründüyü kimi, ekspert rəyi ilə mənzildə görülmüş təmir işlərinin keyfiyyətli aparılmadığı müəyyən edilmiş, iddiaçının cavabdehdən müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödənilməsini tələb etmək hüququ yaranmışdır.

47. İddiaçı ona dəymiş zərəri 9400 manat qiymətləndirmiş, ekspert rəyi ilə mənzildə görülmüş qüsurlu işlərin aradan qaldırılması, həmçinin tərəflərin razılaşması ilə görülməli olan, lakin ümumiyyətlə icra olunmamış, yarımçıq saxlanılmış işlərin tamamlanması üçün ümumilikdə 3204 manat pul tələb olunduğu müəyyən edilmişdir.

48. Ona görə də Kollegiya belə qənaətə gəlir ki, ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə 3204 manat zərər cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

49. İddia tələbinin "xxxx" MMC-dən pulun tutulmasına dair hissəsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə MMC arasında mənzilin təmiri ilə bağlı hər hansı razılaşmanın olması iş materialları ilə müəyyən edilmir. Cavabdeh1 həmin MMC-nin qanuni təmsilçisi olması və bu barədə iddiaçıya bildirməsi özü-özlüyündə qeyd edilən MMC-nin hazırkı iddia üzrə məsuliyyət daşıması anlamına gəlmir. Belə ki, hazırkı iş materialları ilə cavabdeh İsmail Çağlayanın iddiaçı ilə öz adından deyil, qanuni təmsilçisi olduğu MMC-nin adından çıxış edib razılaşaraq müqavilə bağlaması və təmir işlərinin aparılması zamanı MMC-nin adından fəaliyyət göstərməsi iş materialları ilə sübuta yetmir.

50. Belə olan halda, həmin cavabdehə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

51. Apellyasiya şikayətinin dəlilərindən biri də iddiaçı tərəfindən təqdim edilmiş qaimələrə birinci instansiya məhkəməsi tərəfindən münasibət bildirilməməsi ilə bağlı olmuşdur.

52. Bununla bağlı kollegiya qeyd edir ki, qeyd edilən qaimələrin hazırkı işə hər hansı aidiyyatının olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə bir aidiyyatın olduğu təqdirdə isə qaimələrdə olan məlumatlarla ekspert rəyi ilə müəyyən edilmiş hallar arasında hansı ziddiyyətin olması barədə də iddiaçı məhkəməyə heç bir məlumat verməmişdir.

53. Bu səbəbdən kollegiya qaimələri mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, görülmüş və görülməli olan işlərin dəyəri ilə bağlı nəticəyə gəlinərkən həmin qaimələrə deyil, ekspert rəyi ilə müəyyən edilmiş hallara istinad edilməlidir.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

55. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

56. Kollegiya qeyd edir ki, iddianın qiyməti 9400 manat, təmin edilən hissədə isə iddianın qiyməti 3204,00 manat (5000 manatdan az) təşkil etdiyindən, MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən iddiaçının şikayət vermək hüququ olsa da, cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-460/2021 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh İsmail Çağlayandan 3204 manat əsas, hüquqi yardıma görə 110 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərcinin (ümumilikdə 200 manat) İddiaçı 60 manat, İsmail Çağlayandan 140 manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar