Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1312/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Aslan oğlunun cavabdeh LPO "xxxx" Kommersiya Bankı QSC və Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1312/2025 (Açar sözlər: əmanət müqaviləsi üzrə kompensassiyanın və bununla bağlı maddi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh Fondun nümayəndəsi X5 iştirakı ilə, İddiaçı1 Aslan oğlunun cavabdeh Ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət müqaviləsi üzrə kompensassiyanın və bununla bağlı maddi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-406/2024 nömrəli 04 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" KB QSC ilə əmanətçi İddiaçı2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, LD********** saylı uşaq əmanəti müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 1000 ABŞ dolları) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 1.4-cü bəndinə əsasən əmanət xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 13% qoyulmasına bank öhdəlik götürüb.
2. xx.xx.2016-cı il tarixli, reyestr nömrəsi 0107 olan “Kreditor tələblərinin qeydiyyatı barədə” Qəbzə əsasən müəyyən edilir ki, bank tələbin məbləği 10.707 ABŞ dolları olan məbləğdə kredit tələbi qeydə alınmışdır.
3. Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********897 saylı məktubda bildirilmişdir ki, QSC "xxxx" Kommersiya Bankının lisenziyası xx.xx.2016-cı il tarixdən etibarən ləğv edilmiş, iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu QSC "xxxx" KB-nın ləğvedicisi təyin olunmuşdur. Həmçinin bildirilmişdir ki, xx.xx.2016-cı il tarixli, 0107 qeydiyyat nömrəli “Kreditor tələblərinin qeydiyyatı barədə” qəbzin və depozit (əmanət) müqaviləsinin surəti məktuba əlavə olunmuşdur.
4. Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı1 banka qarşı 10707 ABŞ dolları məbləğində kreditor tələbi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq xx.xx.2016-cı il tarixdə 0107 qeydiyyat nömrəsi ilə kreditorların reyetrində qeydə alınmış, həmin Qanunun 82.1.8-cı maddəsinə uyğun olaraq müvafiq qaydada təsnifləşdirilmiş və təminatsız kreditor tələblərinə aid edilməklə növbəlilik əsasında ödənilməsi nəzərdə tutulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar X6 və X4 cavabdehlər ləğv prosesində olan "xxxx" X9 Səhmdar Cəmiyyəti və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onlara 10.707,58 USD məbləğində əmanət üçün kompensasiyanın və bu kompensasiyanın ödənilməsinin gecikdirilməsi ilə bağlı 2017-2023-cü illər üçün hesablanmış 5.488,13 ABŞ dolları məbləğində gecikmə faizləri ilə birgə, cəmi 16.195,71 ABŞ dolları məbləğində kompensasiyanın dərhal və birdəfəlik şəkildə ödənilməsi vəzifəsinin cavabdeh ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının və onun ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsinin təmin edilməsi, pozulmuş hüquqların bərpa edilməsi ilə bağlı vəkilə, nümayəndəyə ödənilmiş 1.534,5 manat pul vəsaitinin və məhkəməyə ödənilmiş 207 manat dövlət rüsumunun, cəmi 1.741,5 manat məbləğində çəkilmiş xərclərin dərhal və birdəfəlik şəkildə ödənilməsi vəzifəsinin cavabdeh ləğv prosesində olan QSC “Bank Standart” Kommersiya Bankının və onun ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı2 və QSC “Bank Standart” arasında doğma nəvəsi İddiaçı1 xeyrinə 29 noyabr 2011-ci il tarixdə LD ********** №-li Uşaq əmanət müqaviləsi bağlanılıb. Həmin vaxtı İddiaçı2 nəvəsi iddiaçı xx.xx.2001-ci il təvəllüdlü İddiaçı1 yetkinlik yaşına çatmayan şəxs olduğundan iddiaçı baba İddiaçı2 əmanətçi kimi müqavilənin preambulasında bank tərəfindən qəbul edilib. Müqavilənin 1.1-ci bəndinə əsasən bank əmanətçidən 1000 ABŞ (min dollar) məbləğində pul vəsaitini xx.xx.2001-ci il təvəllüdlü İddiaçı1 xeyrinə qəbul edir və müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürülməsi şərtləşdirilib. Buna əsasən müqavilə bağlandığı vaxtdan əmanətçi ilin hər ayında müxtəlif məbləğdə əmanət hesabına pul əlabə edirdi. Buna görə əmanətçi hesab edir və ümid edirdi ki, hesabda vəsaitin məbləği hər il artır və faizlər buna görə hesablanırdı. Müqavilənin 1.3-cü bəndinə əsasən xeyrinə əmanət qoyulmuş şəxs 18 yaşına çatdıqdan sonra əmanət üzrə sərəncam hüququ qazanır və bu müqavilə üzrə əmanətçiyə aid bütün hüquq və azadlıqlar ona aid edilir. Yəni, uşaq yetkinlik yaşına çatdığı gündən etibarən bank onu bank əmanəti müqaviləsi üzrə tərəf kimi tanıyır. Bu halda ilkin əmanətçinin müqavilə üzrə kreditor tələbi nəvəyə keçir. Müqavilənin 1.4-cü bəndinə əsasən əmanət 29 noyabr 2011-ci il tarixindən 30 mart 2019-cü il tarixinədək illik 13% (on üç faizlə) qoyulmasına bank öhdəlik götürüb. Müqavilənin məzmunundan aydın olur ki, müqavilə müddətlidir və gələcəkdə uşağın 18 yaşının tamam olması şərtilə müqavilə ilkin olaraq 8 (səkkiz) il müddətinə bağlanılıb. Müqavilənin 2.8-2.9-cu bəndlərinə əsasən əgər əmanətçi depozitin qüvvədə olma müddəti bitdikdə öz əmanətini tələb etməyibsə, onda müqavilə 18 (on səkkiz) ay müddətinə illik 2 % (iki faiz) dərəcəsi ilə uzadılmış hesab edilir. Əgər müqavilənin uzadılmış müddəti qurtaran zaman əmanətçi depazit hesabından vəsaiti tələb etməyibsə, onda müqavilə eyni qaydada bank tərəfindən uzadılmış hesab edilir. Müqavilənin 8.1-ci bəndində müqavilənin qarantiyası kimi bank qeyd edib ki, bankın cəlb etdiyi əmanətlər Azərbaycan Respublikası qanunvericiliyi və bankın reqlamentinin tələblərinə müvafiq olaraq sığortalanır. Sığorta haqları və kompensasiyalar Azərbaycan Respublikası qanunvericiliyi və Bankın reqlamentinə müvafiq olaraq həyata keçirilir. Bu məqsədlə Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmış əmanət kompensasiya edilir. Qeyd edilənlərdən aydın olur ki, bank faktiki ləğv prosesində olsa da, müqavilə müddəti eyni qaydada uzadılmış hesab edilir və buna əsasən illik faizlər hər il üçün topalanmış əmanətin üstünə artır. Səbəb odur ki, cavabdehlər müqavilənin ləğv edilməsi, bununla əlaqədar öhdəliyin icra edilməsi üçün heç bir tədbir görməyiblər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-4498/2016 saylı qərarı ilə QSC "xxxx" KB müflis elan olunmuş, barəsində iflas proseduruna başlanmış və onun ləğvedicisi rəsmi olaraq Əmanətlərin Sığortalanması Fondu təyin edilib. Hazırda da bank tam ləğv edilməyib, onun öhdəliklərinin icra edilməsi ilə bağlı tədbirləri Fond icra edir. Lakin, 2016-cı ildə bankın ləğv edilməsi ilə bağlı, əmanət müqaviləsi üzrə hesablanmış faizlərin məbləği barədə, müqavilənin ləğv edilməsi, bundan sonra əmanət və faizlərin hesablanması, birgə geri qaytarılması ilə bağlı, müqavilənin icra edilməsi proseduru barədə və ya müqavilə üzrə bankın öz öhdəliyini icra edilməsinə mane olan hallar barədə iddiaçılara heç bir rəsmi məlumat verilməyib. İddiaçı2 2017-2019-cu illərdə bir neçə dəfə bankın və Fondun əməkdaşlarına şifahi müraciət edib, onların qəbullarında olub. Əməkdaşlar, bank tərəfindən əmanətin siğortalanmasını bildiriblər, müxtəlif maliyyə problemlərini əsas və bəhanə kimi bildiriblər sonra müxtəlif vədləri verərək iddiaçını ələ alıb geri qaytarıblar. Ona görə uzun müddət gözləmək məcburiyyətində olublar. Xeyrinə əmanət qoyulmuş İddiaçı1 2016-cı il tarixində 15 yaşı tamam olduğundan yetkinlik yaşına çatmamış hesab edilirdi. İddiaçı1 18 yaşının 2019-cu ildə tamam olması, iş təcrübəsinin olmaması və bank əmanəti münasibəti ilə bağlı təcrübəsi olmaması səbəbindən əmanətçi İddiaçı2 bank və fond əməkdaşları ilə əlaqə saxlayırdı. Müqavilə üzrə ilkin kreditor İddiaçı2 hesab edilir. Lakin, müqavilənin 1.3-cü, 2.7-ci bəndlərinə əsasən xx.xx.2019-cu il tarixindən əmanəti tələb etmək hüququ avtomatik olaraq yetkinlik yaşına çatmış İddiaçı1 keçib. Buna baxmayaraq, ilk dəfə İddiaçı1 adından 2022-ci il tarixində rəsmi sorğular ilə Fonda və banka müraciət olunanda Fond və bank əməkaşları tərəfindən bildirildi ki, bankın 2016-cı il tarixində ləğv prosesinə keçməsi səbəbindən əmanət üzrə toplanmış vəsait əmanətçi-babanın hesabına keçirilib. Hesablarla bağlı məlumat yalnız əmanətçi-babanın özünə və ya onun rəsmi nümayəndəsinə verilə bilər. Yəni, bank və Fond 2016-cı il hadisəsi ilə bağlı hərdən babanı, hərdən nəvəni müqavilə və hesab üzrə iddiaçı kimi qəbul edir. Ona görə cavabdehlərin müqaviləyə zidd hərəkətləri səbəbindən baba və nəvə iddiaçılar qismində cavabdehlərə qarşı iddia qaldırmaq məcburiyyətində qalıblar. İddiaçıların şikayəti odur ki, İddiaçı2 yazılı olaraq banka və Fonda müraciət etsə də, müraciətinə tam baxılıb heç bir qərar və tədbir görülməyib. Müqavilənin 5.-ci bəndinə əsasən müqavilə şərtlərinə əməl edilməsinə və cavabdehlərin əməkdaşlarının vədlərini icra edəcəklərinə etibar etdiklərindən iddiaçı hesab edib ki, fors-major halı ilə bağlı müqavilə öhdəliklərinin icrası təxirə salınıb. Çünki, fors-major halında müqavilədə xitam verilməsi şərti nəzərdə tutulmayıb. İddiaçı1 əmanət və müqavilə üzrə toplanmış faizləri tələb etsə də, onun verilməsindən əsassız şəkildə müqavilə ziddinə imtina edilib. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə öhdəliyini yerinə yetirə bilməyən tərəf bu öhdəliklərinin yetirilməsinə maneə olan halların başlanması və qurtarması haqqında digər tərəfi yazılı surətdə xəbərdar edir. Müqavilənin 7.1-7.3-cü bəndlərinə əsasən müqaviləyə əlavə və dəyişiklər tərəfərin qarşılıqlı razılığı ilə yol verilir. Müqaviləyə əlavə və dəyişikliklər tərəflərin hər ikisi bu barədə müvafiq sənədi imzaladıqdan sonra hüquqi qüvvəyə minir və bu sənəd müqavilənin ayrılmaz hissəsi sayılır. Bu bəndlərə əsasən nə bank, nə də Fond müqavilə üzrə öhdəliklərinin yerinə yeritirilməsinə mane olan halların qurtarması, öhdəliyin hər hansı formada, üsulda yerinə yetirilməsi ilə bağlı heç bir rəsmi təklif və ya xəbərdarlığı qəsdən etməyiblər. Digər əmanətçi kreditorların hüquqları hissəvi olsa da təmin edildiyi halda, onlara qarşı əsassız olaraq ayrı seçkilik edilir. Hüquqları müxtəlif sui-istifadə halları ilə heç bir halda təmin edilmir. Belə ki, Müqavilənin 2.4- 2.5-ci bəndlərinə əsasən əmanət üzrə faiz dərəcəsinə müqavilənin bağlandığı tarixdən başlayaraq qüvvədə olma müddətinədək ildə 1 (bir) dəfə yenidən baxılır və həmin müddətdə bankda bu əmanət üzrə qüvvədə olan faizlər müvafiq hesablanır. Hər 1 aylıq dövrün bitməsindən sonra bu dövr ərzində hesablanmış faizlər hesablanan əmanət məbləğinin üstünə gələrək onu artırır. Müqavilənin 2.7-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətdə əmanətin və ya bir hissəsinin və faizlərin tələb olunduğu halda əmanət üzrə faizlər müqavilənin qüvvədə olduğu müddət 1 ildən 5 ilədək olduqda faiz gəlirlərinin 50%-ni (əlli faizini), 5 il və ondan çox olduğu halda müqavilə üzrə faiz dərəcəsi tam ödənilir. Bununla əlaqədar İddiaçı2 bank və Fonda müraciət edib. Rəsmi olaraq ona “Kreditor tələblərinin qeydiyyatı barədə” 19 oktyabr 2016-cı il tarixli Reyestr nömrəsi 0107 olan Qəbz nüsxəsi imzası alınmaqla verilib. Həm də, Fond tərəfindən 23 oktyabr 2018-ci il tarixli müraciətə cavab qısa verilib. Yəni, Fond etiraf edir ki, kreditor tələbinə əsasən 2016cı il tarixində 10.707 USD (on min yeddi yüz yeddi dollar) kompensasiya ödənilməlidir. Lakin, İddiaçı1 tərəfindən bank və Fonda rəsmi müraciət edilsə də, tam olmayan imtina xarakterli 25 yanvar 2023-cü il tarixli məktub göndərilib. Həmçinin kompensasiya ödənilməsi barədə rəsmi ərizə 29 sentyabr 2022-ci il tarixində göndərilsə də, bununla bağlı heç bir rəsmi cavab verilməyib. Həmçinin cavabdehlərin hər birinə ayrılıqda yazılı pretenziya ilə müraciət edilsə də, hazırki günədək ona rəsmi cavab verilməyib və müvafiq tədbir görülməyib. Buna əsasən nəzərə alınmalıdır ki, müqavilə müddəti artıq 12 ildir ki davam edir, bu halda müqavilənin 4.1-4.2-ci bəndlərinə əsasən bank müqavilə üzrə öhdəliklərini pozması səbəbindən qanunvericiliyə əsasən məsuliyyət daşıyır. Buna əsasən bank “Əmanətçi”yə vurulan zərərə görə məsuliyyət daşıyır. Belə ki, əgər 2016-cı il tarixində bankın vəziyyətində problemlər olubsa, hətta, 2016-cı ildə bankın iflas proseduru başlasa da, Fond bankın rəsmi inzibatçısı və ləğvedicisi kimi tanındığından həm də əmanət müqavilələri üzrə hesabların siğortalanması ilə bağlı bankın fəaliyyətini, əmanətçi kreditorlarla olan bütün halları hər il yoxladığından əmanətçi ilə müqavilə münasibətlərindən xəbərdar olub. Müqavilənin bağlandığı vaxtdan 5 ilin tamamında bankın iflas proseduru başladığından toplanmış əmanəti və ona görə 50%-in (əlli faizin) ödənilməsi ilə bağlı nə bank, nə də Fond heç bir rəsmi təklif etməyib, müqavilənin icra edilməsi üçün heç bir tədbir görməyib. Bu bəs deyil kimi, ümumiyyətlə əmanəti və ona görə toplanmış faizlərdən ibarət kompensasiyanı ödəməkdən imtina edir. Yəni, görülən tədbirlər yalnız iddiaçının zərərinə edilir. Buna əsasən müqavilənin həm 2.7-ci, həm də 8.1-bəndlərində əsasən bank və Fond tərəfindən kompensasiyanın və onun ödənilməsinin gecikdirilməsi ilə bağlı mülki sanksiya kimi əlavə edilməli faizlər (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş bank uçot dərəcəsini əsas götürməklə) Azərbaycan Respublikası qanunvericiliyi və Bankın reqlamentinə müvafiq ödənilməlidir. Bu məqsədlə bank və onun inzibatçısı və ləğvedicisi olan X1 tərəfindən hər bir halda əmanət 100% (yüz faiz) həcmində, yəni 2011-2016 illər üçün 10.771.49 USD, 2017- 2023-cü illər üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş bank uçot dərəcəsi əsas götürməklə ödənilməli faizlər əmanət ilə birgə hesablanıb kompensasiya kimi ödənilməlidir. Belə ki, əmanət bank hesabı cədvəlində dəqiq müəyyən edilib ki, iddiaçıların hesabında 2016-cı il üçün 10.771.49 USD əmanət toplanıb. Bu əsas ödənilməli məbləğdir. Lakin, 2016 və 2017-ci ildə həmin vəsaitin ödənilməsi mümkün olduğu halda, vəsaitin ödənilməsindən əsassız imtina edilib. Ona görə 2017-2023-cü illər üçün gecikmə faizləri bir gün üçün bank uçot dərəcəsi ilə hesablanmalıdır. AR Mərkəzi Bank tərəfindən uçot dərəcəsi (yenidən maliyyələşmə dərəcəsi – Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etmədir.) təyin edilir. Uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Ölkədəki inflasiya səviyyəsinin dəyişkən Dinamik olduğundan bununla bağlı uçot dərəcəsi dəyişir və bu məlumat AR Mərkəzi Bankın rəsmi internet səhifəsində mütəmadi olaraq elan edilir. Qeyd edilməlidir ki, əmanətçi İddiaçı2 yaşlı və ağır dərəcəli dializ xəstəsidir. Sağlamlığı günü-gündən pisləşir, yaddaşı da zəifləyib. Bir neçə dəfə əməliyyat keçirib. Özünə sərbəst qulluq edə bilmədiyindən həyat yoldaşı, övladı ona baxır. Onun həyat yoldaşı Osmanlı Zahidə həmçinin yaşlı əlildir. Hər ikisi yaşlı olduğundan və xəstə olduğundan işləmir. Mütəmadi müalicələr və dərmanlar alınmalıdır, lakin, yaşamaq üçün həyat sağalamlığı təmin etmək üçün qiymətlər qalxdığından iddiaçı maddi cəhətdən əziyyət çəkir. Onlara övladı baxır, lakin, onunda ailəsi var və maddi imkanı aşağıdır. Nəvə İddiaçı1 gəncdir. İşləmir. Özü imtahanlara hazırlaşıb Türkiyədə burs qazanıb. Təhsili pulludur və orda yaşamaq üçün ona ailəsi bir təhər kömək edir. Onun da ailəsi maddi cəhətdən əziyyət çəkir. Əgər cavabdehlər öhdəliyi hər hansı formada icra etsəydi, iddiaçılar həmin vəsaiti səmərəli şəkildə istifadə edib nisbətən rüblük maddi qazanclarını təmin edə bilərdilər. Yəni, bununla iddiaçılar həm də əlavə qazanclarından əsassız şəkildə sui-istifadə halları ilə bağlı məhrum olublar. Bu səbəbdən hesab edirik ki, iddia ərizəsi təmin edilməlidir. Müqavilə rəsmi olaraq ləğv edilməldiyindən və öhdəliyin uzun müddət icra edilməsi əsassız səbəblərdən gecikdirildiyindən iddiaçılara 2016-cı il üçün hesablanmış əmanət və gecikdirillmiş günlər üçün toplanmış faizlər və pozulmuş hüquqların bərpa edilməsi üçün çəkilmiş xərclər kompensasiya kimi ödənilməlidir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-406/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ləğv prosesində olan "xxxx" X9 Səhmdar Cəmiyyəti və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət müqaviləsi üzrə kompensasiyanın və bununla bağlı bütün növ maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə İddiaçı2 aid hissəsində baxılmamış saxlanılmış və həmin hissədə qərardad qanuni qüvvəsini almışdır.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-406/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı1 cavabdeh ləğv prosesində olan "xxxx" X9 Səhmdar Cəmiyyətinə qarşı “əmanət müqaviləsi üzrə kompensasiyanın və bununla bağlı bütün növ maddi zərərin ödənilməsi” tələbinə dair iş üzrə iddianın “kompensasiyanın və bu kompensasiyanın ödənilməsinin gecikdirilməsi ilə bağlı hesablanmış gecikmə faizlərin ödənilməsi” hissəsində tələbə iflas proseduru çərçivəsində baxılmalı olduğundan xitam verilməsi, müvafiq tələblə əlaqədar Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-406/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) İddiaçı1 cavabdeh LPO "xxxx" X9 Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət müqaviləsi üzrə kompensasiyanın və bununla bağlı bütün növ maddi zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 may 2024-cü il tarixli 2(103)- 3311/2024 nömrəli qərardadına əsasən şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş və iş qərardadın əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınmaqla mülki işə mahiyyəti üzrə baxılması məsələsinin yenidən araşdırılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir.
11. Qeyd edilən hissədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli 2(006)-406/2024 nömrəli əlavə qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia rədd edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, sığorta hadisəsi baş vermiş bankın qorunan əmanətçilərə kompensasiya ödənilməsi, əmanətlərin sığortalanması sisteminin fəaliyyətini təmin edən digər funksiyaların həyata keçirilməsi Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətlərinə aid edilmişdir. Bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrinin tərtib edilməsi və kompensasiyaların ödənilməsi, həmçinin kreditorların tələblərinin qeydə alınması və onların ödənilməsi üçün qanuna müvafiq tədbirlər görülməsi kimi səlahiyyətlər də “Banklar haqqında” Qanunla bankın ləğvedicisinə, hazırki halda Əmanətlərin Sığortalanması Fonduna aid edilmişdir. Fond həmçinin kreditorların mübahisəsiz tələblərinin qəbulu, tələblərin ödəniş növbəliliyi və s. bu kimi məslələri həll edir.
13. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının tələbi mülki hüquq münasibətlərindən irəli gələn deliktlə bağlı tələbdir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya qarşı hər hansı bir delikt öhdəliyi yaranmamışdır. Belə ki, iddiaçının tələbi kreditor tələb kimi qeydə alınmışdır. Bu isə onun əmanət kimi yerləşdirmiş olduğu məbləğin verilməməsi kimi deyil, növbəlilik qaydasında ödənilməsini ehtiva edir ki, bu da cavabdehin təqsirinin olmadığını təsdiq edir. Bundan əlavə isə iddianın ödənilməyən kompensasiyanın gecikdirilməsi üçün hesablanmış faiz məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddia tələbi ilk hissəyə münasibətdə təmin edilmədiyindən və iddia birbaşa onunla bağlı olduğundan, yəni cavabdehin təqsiri olmadığından və kompensasiya növbəlilik qaydasında veriləcəyindən burada hər hansı bir faizin ödənilməsindən də söhbət gedə bilməz. Odur ki, hal-hazırda heç bir mülki hüquq pozuntusu, yəni delikt mövcud olmadığından iddiaçının hazırki tələbi əsassız hesab edilməklə rədd edilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni “Əmanətlərin sığortalanması haqqında” Qanuna, “Banklar haqqında” Qanuna, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1, 229.3, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı əlavə qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətində işin faktiki halları göstərilməklə, belə əsaslandırılmışdır ki, məhkəmə tam fərqli olan və sübutlardan kənar əlavə qətnamə qəbul edib. Göründüyü kimi, birinci instansiya məhkəməsinin dəlilləri formal xarakter daşıyır, mülahizələrə əsaslanır. Əfsus qanuni və əsaslı məhkəmə aktı qəbul edilməyib. Ziddiyyət odur ki, əslində məhkəmə iddiaçını dinləsə də, cavabdeh qarşısında qoyulmuş sualların cavablandırılması və həqiqətin müəyyən edilməsində heç bir tədbir görməyib, heç bir araşdırma aparmayıb. İş üzrə mövcud olan sübutlar əsasında işin obyektiv araşdırılmasını təmin etməyib. Mülki işin həqiqi səbəbləri təhrif edilib. Qətnamədə qeyd edilən normalarda olmayan ehtimallarla əsaslandırıb. Real həqiqəti əks edən sübutlar təhrif edilib, ehtimal olanı bəyan edir. cavabdeh bank və onun ləğvedicisi həm müqavilə üzrə öhdəliklər, həm də qanundan irəli gələn öhdəlikləri qərəzli şəkildə pozduğundan əmanət qorunan əmanət statusunu artıq itirib. Lakin, bu o demək deyil ki, banka faizlə birgə qaytarılmaq üçün qoyulmuş əmanət geri qaytarılmır. Bu işdə cavabdehlər kimi ilk növbədə birbaşa bank və onun ləğvedicisi hesab edilir, Fond isə ləğvedici ilə eyni subyekt olsa da, Fond xarici valyutada bank əmanət hesabındakı vəsaitə nəzarət edilməsi ilə bağlı öhdəliklərini icra etməyib və sonra ləğvedici kimi bu işdə öz öhdəliklərini icra etməyib. Cavabdeh bank qoyulmuş xarici valyutada əmanəti siğortalanmadığından və Fond buna nəzarət etmədiyindən və sonra ləğvedici buna dair öhdəliyini pozmağı davam etdiyindən həmin əmanət qorunan əmanət statusunu itirib, ona görə müqavilə üzrə 30.000 AZN kompensasiya alınması hüquqi və faktiki imkanı itirilib. Lakin, cavabdehlər öhdəliyi icra etməkdən azad deyil. Müqavilə tam ləğv edilmədiyindən müqavilə tələbləri hazırda qüvvədədir, ona görə əmanət və onu saxlamaqla gecikdirilməsi üçün hər gün üçün faizlər artmaqda davam edir. Ləğv edilmə və müflis olma prosesləri tam ayrı anlayışlardır. Hazırda bank tam ləğv olunmayıb, hüquqi müflis elan edilsə də onun ləğvi prosesi hələ davam edir, Fond isə ləğvedici statusunu üstünə götürsə də ləğvedici kimi üstünə götürdüyü öhdəlikləri bitirməyib.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c)Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, banka qarşı tələblərinin əsasını təşkil edən hallar ondan ibarətdir ki, bank iddiaçıya qarşı mülki hüquq pzuntusu, yəni delikt törədib, ona görə də tələb edilən məbləğ bankdan da zərər kimi tutulmalıdır.
19. Məhkəmə iclasında iştirak edən cavabdeh Fondun nümayəndəsi işin hallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
20. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onun nümayəndəsi iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 943. Bu Məcəllənin bu fəslinin banklara aid qaydaları hüquqi şəxslərdən əmanətlər (depozitlər) qəbul edən digər kredit təşkilatlarına və poçt rabitəsinin milli operatoruna da tətbiq olunur.
22. Maddə 944. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.
23. Maddə 946.1. Bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin.
24. Maadə 946.2. Bank əmanəti müqaviləsinin yazılı formasına riayət edilməməsi bu müqavilənin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsizdir.
25. Maddə 950.1. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər.
26. Maddə 950.3. Bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir.
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu
27. Maddə 76.1. Bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir.
28. Maddə 82.1. Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 82.1.7. dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər; 82.1.8. təminatsız kreditorların tələbləri.
29. Maddə 87.1. Bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür.
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu
30. Maddə 1. Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.
31. Maddə 2.1.2. Qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir.
32. Maddə 2.1.2.6. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir.
33. Maddə 2.1.9. Sığorta hadisəsi iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən təsdiq edilməsidir.
34. Maddə 2.1.11. Kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir.
35. Maddə 4.1.4. Fond sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir.
36. Maddə 8.1.20. X7 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir.
37. Maddə 26.1. Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20000 manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir.
38. Maddə 28.3. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
39. Maddə 28.4. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.
40. Maddə 31.1. Əmanətçilər kompensasiyaların ödənilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli üçün X3 və/və ya məhkəməyə müraciət edə bilərlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
50. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası apellyasiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. İş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" X9 Səhmdar Cəmiyyəti ilə əmanətçi İddiaçı2 arasında xx.xx.2011- ci il tarixli, LD********** saylı uşaq əmanəti müqaviləsi bağlanılmışdır. İlk qoyulan əmanət 1000 ABŞ Dolları həcmində olmuşdur. Müqavilə 13% gəlirlə bağlanılmışdır. Müqavilədə qeyd edilmişdir ki, müqavilə xeyrinə əmanət yerləşdirilən uşağın – hazırki iş üzrə İddiaçı1 18 yaşı tamam olana kimi, yəni 2019-cu ilə kimi bağlanılır.
53. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(81)-4498/2016 nömrəli xx.xx.2016-cı il tarixli qərarı ilə "xxxx" KB QSC müflis elan olunmuş, barəsində iflas proseduruna başlanmış və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir.
54. İddiaçı1 banka qarşı 10707 ABŞ dolları məbləğində kreditor tələbi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq xx.xx.2016-cı il tarixdə 0107 qeydiyyat nömrəsi ilə kreditorların reyetrində qeydə alınmış, həmin Qanunun 82.1.8-cı maddəsinə uyğun olaraq müvafiq qaydada təsnifləşdirilmiş və təminatsız kreditor tələblərinə aid edilməklə növbəlilik əsasında ödənilməsi nəzərdə tutulmuşdur.
55. Kollegiya qeyd edir ki, sığorta hadisəsinin baş verməsi ilə əlaqədar əmanətçilərə kompensasiyanın ödənilməsi tələbi bankın bilavasitə bank fəaliyyəti ilə əlaqəli olan tələblər sırasına daxil deyildir. Banka qoyulmuş əmanətə görə kompensasiya yalnız sığorta hadisəsinin, yəni bankın müflis elan olunması, məcburi ləğv edilməsi və s. hadisələr və bank öz öhdəliklərini icra edə bilməməsi faktı təsdiq edildikdə ödənilir. Belə olduqda isə qoyulmuş əmanətin əvəzinə ödənilməli olan kompensasiya bank yox, Fond tərəfindən ödənilir.
56. Kollegiya həmçinin qeyd edir ki, bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Hazırki halda isə həmin müddət ötürülmüşdür.
57. Qeyd edilən hal Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-3(103)- 41/2024 nömrəli xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə öz təsdiqini tapmışdır.
58. Bundan əlavə kollegiya qeyd edir ki, kreditorun tələbi 10707 ABŞ dolları məbləğində kreditorların reyestrində təminatsız kreditor tələbi kimi qeydə alınmışdır və növbə ilə ödəniləcək məbləğdir.
59. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının tələbi mülki hüquq münasibətlərindən irəli gələn deliktlə bağlı tələbdir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya qarşı hər hansı bir delikt öhdəliyi yaranmamışdır. Belə ki, iddiaçının tələbi kreditor tələb kimi qeydə alınmışdır. Bu isə onun əmanət kimi yerləşdirmiş olduğu məbləğin verilməməsi kimi deyil, növbəlilik qaydasında ödənilməsini ehtiva edir ki, bu da cavabdehin təqsiri olmadığını təsdiq edir.
60. Bundan əlavə iddianın ödənilməyən kompensasiyanın gecikdirilməsi üçün hesablanmış faiz məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddia tələbi ilk hissəyə münasibətdə təmin edilmədiyindən və iddia bir başa onunla bağlı olduğundan, yəni cavabdehin təqsiri olmadığından və kompensasiya növbəlilik qaydasında veriləcəyindən burada hər hansı bir faizin ödənilməsindən də söhbət gedə bilməz.
61. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqəyini qanuni və əsaslı hesab edir, çünki hazırki apelyasiya icraatında iddiaçının nümayəndəsi iddianın faktiki əsası kimi bankın iddiaçıya qarşı delikt törətməsi halının təşkil etdiyini bildirərək, banka qarşı yönəlmiş tələbin deliktdən törəyən zərərlə bağlı olması ilə əsaslandırdı.
62. Apellyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, şikayətin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Apelyasiya şikayətində qeyd olunanlar qanuni və əsaslı olan qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-406/2024 nömrəli iş üzrə 04 noyabr 2024-cü il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.