Məhkəmə qərarları › İş №2(103)-1318/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1318/2023

16.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1318/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4937/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi və mediasiya xərcinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4937/2022 saylı, 20 sentyabr 2022ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti ilə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7595/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4937/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4937/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4937/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4937/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4937/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmiş və apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini və buraxılmış prosessual müddətin üzrsüz hesab edilərək apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı birinci dəfə apellyasıya şikayətini xx.xx.2022-ci il tarixində, yəni apellyasiya şikayəti vermək üçün prosessual müddətin bitməsinə 1 gün qalmış vermişdir. Məhkəmə xx.xx.2022-ci il tarixli, e-2(001)-4937/2022 saylı qərardadında göstərmişdir ki, birinci dəfə apellyasiya şikayəti iddiaçı tərəfindən vaxtında verilmiş, sonrakı məsələlər isə iddiaçının iradəsindən asılı olmamış və apellyasiya instansiyası məhkəməsinin qərardadında göstərilən nöqsanlar onun tərəfindən mümkün qədər tez müddətdə aradan qaldırılmışdır. İddiaçı tərəfindən ilk dəfə apellyasiya şikayəti verilərkən Mülki Prosessual Məcəllənin tələblərinə riayət olunmadığı üçün geri qaytarılmışdır, halbuki bu forma Mülki Prosessual Məcəllədə hər kəsə aydın olacaq şəkildə göstərilmişdir. İddiaçı müddətin son gününə 1 gün qalmış şikayət verərkən prosessual müddətin ötürülməsi ehtimalım nəzərə alaraq bu formaya ciddi yanaşmalı apellyasiya şikayəti və ona əlavə olunan sənədlərini buna uyğun göndərməli idi. Buradan açıq-aşkar görünür ki, İddiaçı qanunvericiliklə müəyyən olunmuş prosessual müddətə ciddi yanaşmamış, üzrlü səbəbdən deyil, etinasızlıqdan prosessual müddətin ötürülməsi kimi bir səhvə yol vermişdir. Müddətin bərpası barədə ərizə o halda verilə bilər ki, əgər belə halların mövcudluğu proses iştirakçısının təqsiri olmadan yaranmışdır, həmçinin iddiaçı ərizəsinə prosessual müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən mötəbər sübutları əlavə etməyib. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4937/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərdən görünür ki, mülki iş hələ apellyasiya instansiyası məhkəməsində olduğu müddətdə (xx.xx.2022-ci il tarixdə) İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-4937/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə daxil olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, işdən göründüyü kimi, iş materiallarındakı Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan (səh: 112) görünür ki, 20 sentyabr 2022-ci il tarixli qətnamə elektron imza ilə təsdiq edilməklə 27 sentyabr 2022-ci il tarixdə, saat 12:04-də iddiaçının nümayəndəsi və vəkili Vəkil məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Bundan sonra, mülki iş hələ apellyasiya instansiyası məhkəməsində olduğu müddətdə, yəni xx.xx.2022-ci il tarixdə İddiaçı qətnamədən verdiyi apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə daxil olmuşdur. Deməli, iddiaçı apellyasiya şikayətini mülki prosessual qanunvericiliklə tələb olunan müddətdə vermiş, lakin Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formada apellyasiya şikayətini vermədiyindən, yəni Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavənin 12-ci bəndinə əsasən, apellyasiya şikayətində tələbini və məhkəmə aktının hansı hissədə mübahisələndirdiyini göstərmədiyindən apellyasiya şikayəti geri qaytarılmış və iddiaçı bu səbəbdən ötürdüyü prosesssual müddətin bərpa edilməsini haqlı olaraq xahiş etmişdir. Buna görə də, məhkəmənin müddətin bərpa etməsinə dair gəldiyi nəticə cavabdehin hüquqlarının pozulması kimi qiymətləndirilməməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin mövqeyi əsassız olmamışdır. Çünki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə əsas ola biləcək sübut kimi ilk dəfə qətnamədən apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verilməsi nəzərə alına bilər. Birinci instansiya məhkəməsi də bu halları nəzərə almışdır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4937/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4937/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar