Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1319/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı Səbail Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə daşınmaz əmlak barəsində müqavilə üzrə öhdəliklərin icrası, mənzilin təhvil verilməsi və dəymiş zərərə görə kompensasiyanın tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı Səbail Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilməklə daşınmaz əmlak barəsində müqavilə üzrə öhdəliklərin icrası, mənzilin təhvil verilməsi və dəymiş zərərə görə kompensasiyanın tutulması tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(009)-2651/2024 nömrəli qərardadından İddiaçı1 şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə onunla iddiaçı arasında bağlanılmış 18 fevral 2018-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş sanitariya və təhlükəsizlik normalarına cavab verən mənzilin ərizəçilərə təhvil verilməsi vəzifəsinin qoyulması, 2021-cü ilin mart ayından hesablanmaqla, məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən ərizəçilərin xeyrinə iddia ərizəsi verilən günə qədər yol verilmiş gecikdirilməyə görə 40214,7 manat və iddia ərizəsi verilən gündən məhkəmə qətnaməsi tam icra edilənə qədər 200000 manat məbləğinə illik 5 faizə bərabər kompensasiya, iddia ərizəsi verilən günə qədər əsassız varlanmaya görə 60162,4 manat və iddia ərizəsi verilən gündən 200000 manat məbləğinə məhkəmə qətnaməsi çıxarılan gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər faizlərə uyğun kompensasiya, iddia ərizəsi verilən tarixə ödənilməmiş kirayə haqqı üçün 9054 manat kompensasiya və iddia ərizəsi verilən gündən məhkəmə qətnaməsi tam icra edilənə qədər ödənilməmiş kirayə haqqı kompensasiyası (hər aya görə 524 manat) tutulması, 2-ci ərizəçinin çəkdiyi vəkil xərclərinin cavabdehdən 2-ci ərizəçinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(009)- 2651/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
3. Qərardad onunla əsaslanıdılmışdır ki, vergi ödəyicilərinin məlumatları barədə elektron çıxarışda Cavabdeh MTK-nın hüquqi ünvanı ünvan 1van isə Bakı şəhəri Nəsimi rayonunun inzibati ərazisinə aiddir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdeh tərəfin müqavilə öhdəliklərinin yerinə yetirilməsini tələb edir. Belə olan halda iddiaya hüquqi şəxsin qeydə alındığı ünvan üzrə birinci instansiya məhkəməsində baxılmalıdır. Beləliklə iddiaçı mövcud iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə deyil, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidir.
4. İddiaçı1 qərardaddan şikayət verərək, qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, Mülki-Prosessual Məcəllənin 35.1-35.2cimaddələrinə istinad edərək iddianın hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməli olmasını göstərən məhkəmə nəzərə almır ki, həmin Məcəllənin başqa müddəalarında başqa qaydalar var. Belə ki, həmin Məcəllənin 36.11-cı maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. İşin mübahisəsiz hallarıdır ki, ərizəçilərin sökülmüş evi də, yeni tikilən bina da, habelə müqavilənin icra yeri də Bakı şəhəri Səbail rayonu ərazisidir və bu xüsusata birinci instansiya məhkəməsi diqqət yetirməyib.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(009)- 2651/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): Maddə 426.1. Öhdəliklərin icrası yeri, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Maddə 426.2. Əgər öhdəliyin icrası yeri müəyyənləşdirilməyibsə, icra aşağıda göstərilən yerlərdə həyata keçirilməlidir: 426.2.1. torpaq sahəsinin, binanın, qurğunun və ya digər daşınmaz əmlakın verilməsi öhdəliyi üzrə - əmlakın olduğu yerdə.
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırır ki, MPM-nin 36.11ci maddəsinə əsasən, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Başqa sözlə, qanunun göstərilən norması öhdəliyin faktiki icra yerini deyil, məhz müqavilədə icra yerinin göstərildiyi halı nəzərdə tutur. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilədə isə icra yerini nəzərdə tutan konkret şərt müəyyən edilməmişdir. Odur ki, təhvil verilməsi iddia edilən mənzilin Səbail rayonunun ərazisində yerləşməsi müqavilə öhdəliyindən irəli gələn mübahisəyə MPM-nin 36.11-ci maddəsinə istinad edilməklə baxılmalı olması anlamına gəlmir.
10. 18 fevral 2018-ci il tarixli müqavilənin məzmunundan görünür ki, payçı öz mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən əmlakını Cavabdeh MTK-nın mülkiyyətinə verməyi, sonuncu da Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən mənzili təhvil verilməsini üzərinə götürür. Yəni, hər 2 tərəfin müqavilə ilə müəyyən etdiyi icra yeri Bakı şəhəri Səbail rayonudur.
11. Mülki Məcəllənin 426.2.1-ci maddəsində qeyd olunur ki, əgər öhdəliyin icrası yeri müəyyənləşdirilməyibsə, icra torpaq sahəsinin, binanın, qurğunun və ya digər daşınmaz əmlakın verilməsi öhdəliyi üzrə - əmlakın olduğu yerdə həyata keçirilməlidir.
12. Belə olduğu halda isə MPM-nin 36.11-ci maddəsinə əsasən müqavilənin icra yerinə və ya cavabdehin qeydiyyat ünvanı üzrə məhkəməni seçmək hüququ iddiaçının hüququdur. İddiaçılar da bu normanın tələbinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişlər.
13. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslı deyildir, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Buna görə də qərardad ləğv edilməli, iş qərardadın təsviri hissəsində göstərilən xüsusatlar nəzərə alınmaqla baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
14. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(009)- 2651/2024 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(009)- 2651/2024 nömrəli qərardadı ləğv edilsin və iş materialları baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.