Məhkəmə qərarları › İş №2(103)-132/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-132/2020

18.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-132/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, X20 oğlunun katibliyi, İddiaçı, Cavabdeh X6, Üçüncü şəxslər Cavabdeh4 və X10 iştirakı ilə, İddiaçı cavabdeh X8, X7, X13, X9 və X4 qarşı «payın naturada bölünməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(004)-842/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X8 və qeyrilərinə qarşı «payın naturada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsində istifadədə olan 12 nömrəli fərdi yaşayış evinin 1/5 hissəsinin pay bölgüsünün aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsində istifadədə olan 12 nömrəli fərdi yaşayış evinin 1/5 hissəsi iddiaçının paylı mülkiyyətindədir. Lakin uzun müddətdir ki, iddiaçı öz həyat yoldaşı və qızı ilə birlikdə həmin evdə məskunlaşa bilmirlər. Buna səbəb isə həmin fərdi yaşayış evinin real pay bölgüsünün olmamasıdır. Yasamal Rayon Məhkəməsinin 16 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə həmin ünvana ailə üzvləri ilə birlikdə köçürülməsi təmin olunmalı idi. Lakin qarşı tərəf, cavabdeh qonşular tərəfindən qeyri-qanuni yolla zəbt etmələrini və Bakı Apellyasiya Məhkəməsinə şikayət verdiklərini nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsi payın real şəkildə ayrılmamasına görə, Yasamal rayon Məhkəməsində bölgü aparılmasına qədər icraatın dayandırılması barədə 16 fevral 2015-ci il tarixli qərardad çıxarmışdır. Məsələ ondadır ki, iddiaçı qismində olmuş X1 vəfatı, həmin mübahisənin həllini mümkünsüz etmişdir. Odur ki, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(004)- 842/2018 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia ərizəsi təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsasən iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini əsassız sayaraq, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən üçüncü şəxslər Cavabdeh4 və X14 apellyasiya şikayətini əsassız sayaraq, təmin olunmamasını xahiş etmiş və izahatlarında göstərmişlər ki, onlar uzun müddətdir ki, mübahisəli fərdi yaşayış evinin “B” literli tikilisində yaşayırlar və qeydyiyyatdadırlar. Qanuni qüvvədə olan məhkəmə qərarları ilə onların həmin tikilidən çıxarılmaları ilə bağlı iddiaçının iddia tələbləri təmin olunmamışdır. Ekspert yerində baxış keçirməmiş, yalnız texniki pasport göstəricilərinə əsasən əsassız rəy vermişdir. Hesab edirlər ki,“B” literli tikilinin iddiaçıya verilməsi qanunsuzdur, onların hüquqlarını məhdudlaşdırır. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası məruzəçi hakiminməruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların (Seriya RX № 0333738, Seriya RX № 0939034) və 24 aprel 2018-ci il tarixdə tərtib edilmiş texniki pasportun surətinə əsasən - Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovalar küçəsində yerləşən ümumi sahəsi 239,6 m2 olan 12 saylı evin 1/5 hissəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. Məhkəmə kollegiyası iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qüvvədə olan mülki qanunvericilik (Mülki Məcəllənin 220-ci maddəsi) ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1)ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2)pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Qeyd edilməlidir ki, ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsinin vacibliyi vurğulanmışdır. İddiaçının hazırki tələbi isə məhz mübahisəli daşınmaz əmlak üzərində mövcud olan paylı mülkiyyətinin naturada ayrılması ilə bağlıdır. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının payının naturada ayrılmasının mümkün olub-olmaması barədə müvafiq ekspertiza təyin olunmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 16 mart 2018-ci il tarixli, 3540 saylı məktubundan görünür ki, tədqiq olan evin texniki pasportda göstərilən ölçülərlə üst-üstə düşmədiyi müəyyən edildiyindən tədqiqatın aparılması mümkün olmamışdır. Göründüyü kimi, ekspert iddiaçının mülkiyyətində olan payın naturada ayrılıbayrılmaması ilə bağlı rəy verməmişdir (əlavə tikili və s. səbəbdən). Bu səbəbdən də, məhkəmə kollegiyası mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların araşdırılması məqsədilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin olunması nəticəsinə gəlmişdir. Daxil olmuş ekspert rəyinə (Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2020-ci il tarixli,1725 nömrəli ekspertiza rəyi) əsasən - Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovalar küçəsində yerləşən, tərəflərin paylı mülkiyyətində olan 12 saylı fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olan 1/5 paya yaxın hissəsinin naturada texniki cəhətdən mümkün hesab edilmişdir. Bunun üçün “B” literli tikili iddiaçıya ayrıla bilər. Əlavə ekspertiza rəyindən göründüyü kimi, ümumi əmlak üzərində iddiaçının payının naturada ayrılması texniki cəhətdən o zaman mümkün ola bilər ki, evin texniki pasportu üzrə sahəsi 61,3 m2 olan “B” literli tikili iddiaçının sərəncamına verilsin. Halbuki, işdə olan hüquqmüəyyənedici sənədlərə (çıxarış, texniki pasport) və ekspertiza rəyinə əsasən mübahisəli yaşayış evinin ümumi sahəsi 263,5 m2 ibarətdir. İddiaçının əmlak üzərində olan mülkiyyət payı isə onun 1/5hissədədir. Göründüyü kimi,əlavə ekspertiza rəyi ilə payın naturada ayrılması zamanı iddiaçıya malik olduğu paydan daha çox (təqribən 10 m2) sahə verilməlidir ki, bu da qanunvericiliyin tələblərinə uyğun olmamaqla, digər paylı mülkiyyətçilərin əmlak paylarının faktiki olaraq əsassız azaldılması ilə nəticələ bilər. Eyni zamanda, ekspertiza rəyindən görünür ki, ekspert rəyi texniki pasportun göstəricilərinə əsasən vermişdir. Halbuki, işdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 mart 2018ci il tarixli, 3540 saylı məktubundan görünür ki, ilkin ekspertiza zamanı evin faktiki sahəsi ilə texniki pasportda göstərilən ölçüləri üst-üstə düşmədiyi müəyyən edildiyindən tədqiqatın aparılması mümkün olmamışdır.Yəni, daşınmaz əmlakın faktiki sahəsi texniki pasportda göstərilən ölçülərlə üst-üstə düşmür (əlavə tikili və ya söküntü işlərinin aparılması mümkündür). Beləliklə, işdə olan və tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, mübahisəli yaşayış evinin iddiaçının payına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. İddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı sübütü məhkəməyə təqdim edə bilməmiş, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Eyni zamanda, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur ki, “B” literli tikilidə digər şəxslər yaşayır. İddiaçı həmin şəxslərin çıxarlıması ilə bağlı iddia verməsini, lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən həmin iş üzrə icraatın dayandırılmasını göstərmişdir. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 21 noyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh4, Cavabdeh2 Əkbər qızına, X11 və Cavabdeh1 qarşı “Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovalar küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinə köçürülmə və cavabdehlərin oradan çıxarılması” tələbinə dair iddiası təmin olunmamışdır. Hazırki iş üzrə apellyasiya baxışı zamanı Cavabdeh4 və X14 izahatlarında göstərmişlər ki, onlar uzun müddətdir ki, mübahisəli fərdi yaşayış evinin “B” literli tikilisində yaşayırlar və qeydyiyyatdadırlar. Qanuni qüvvədə olan məhkəmə qərarları ilə onların həmin tikilidən çıxaılmaları ilə bağlı iddiaçının iddia tələbləri təmin olunmamışdır. Ekspert yerində baxış keçirməmiş, yalnız texniki pasport göstəricilərinə əsasən əsassız rəy vermişdir. Hesab edirlər ki,“B” literli tikilinin iddiaçıya verilməsi qanunsuzdur, onların hüquqlarını məhdudlaşdırır. Beləliklə, məhkəmə kollegiyası işin hallarını, işdə olan sübutları nəzərə alaraq hesab edir ki, iddiaçının payının, payına uyğun naturada ayrılması faktiki olaraq mümkün deyildir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırki nəticəsi tərəfləri Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllığına tam riayət etməklə, sonda mübahisəli mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını istisna etmir. Məhkəmə kollegiyası məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı 100 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh X8, X7, X13, X9 və X4 qarşı «payın naturada bölünməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22may 2018-ci il tarixli, 2(004)-842/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(004)- 842/2018 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı müəyyən olunmuş məhkəmə xərci iddiaçıya aid edilsin. İddiaçıdan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar