Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1321/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “çıxarışın etibarsız hesab edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X11 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-646/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə X6 13 mart 1989-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahda olduqları dövrdə tərəflər Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 103 ünvanında yerləşən 97,9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsini əldə etmiş və həmin əmlak 31 oktyabr 2013-cü il tarixdə cavabdeh X3 adına qeydiyyata alınmışdır. Cavabdeh ilə "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti (yeni adı “YeloBank” X10, bundan sonra-Bank) arasında bağlanmış 24 fevral 2016-cı il tarixli 1-KTKDX-1-0-22-16 saylı əsas kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 120 ay müddətinə 200.000 manat kredit limiti ayrılmışdır. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə tərəflər arasında həmçinin 24 fevral 2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmış, qeyriyaşayış sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2(006)- 1221/2019 saylı qətnaməsi ilə X1 qarşı iddiası qismən təmin edilmiş, X2 əsas borc üzrə 180.000 manat, faiz borcu üzrə 16.435 manat, cərimə borcu üzrə 4.027 manat məbləğində pulun alınaraq Banka verilməsi, tutmanın ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 301.500 manat müəyyən edilməklə açıq hərracda satılması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12526/2019 saylı, 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin 2(102)-1760/2020 saylı, 18 mart 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh ASC-yə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın DRX tərəfindən Cavabdeh ASC-nin adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 ilə xx.xx.1989-cu il tarixdə nikah bağlayaraq ailə həyatı qurmuşlar. Nikahda olduqları müddət ərzində birgə təsərrüfat fəaliyyəti apararaq əmlaklar əldə etmişlər, o cümlədən hazırda mübahisələndirilən Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 103 ünvanda yerləşən ümumi sahəsi 97.9 kv.m olan qeyri-yaşayış sahəsini 2018-ci ilin noyabr ayında ona məlum olmuşdur ki, faktiki nikahda olduğu X6 onun xəbəri olmadan birgə nikah dövründə əldə eldikləri Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m olan qeyriyaşayış sahəsini ipoteka ilə yüklü edərək kredit götürmüş və həmin kredit məbləğini ödəmədiyi üçün bank məhkəmədə iddia qaldıraraq kreditin ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. Bundan xəbər tutan kimi aidiyyəti qurumlara rəsmi qaydada müraciətlər edərək, pozulmuş hüquqlarımın bərpa olunması üçün ona köməklik edilməsini xahiş etmiş, həmçinin Nəsimi Rayon Məhkəməsində Cavabdeh ASC-yə və X5 qarşı iddia qaldıraraq tərəflər arasında bağlanmış İpoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cari ilin noyabr ayında ona məlum olmuşdur ki, qeyd edilən qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixli Çıxarışla Cavabdeh ASC-nin mülkiyyətinə keçmişdir. Hesab edir ki, qeyd edilən əmlak üzərində Cavabdeh ASC-nin mülkiyyət hüqüqunun rəsmiləşdirilməsi barədə xx.xx.2021-ci il tarixli Çıxarış qanunsuz əldə edildiyindən etibarsızdır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-66/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim O.Məmmədli) iddia ərizəsi təmin edilməmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsini 2(006)- 70/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh ASC-yə, X5 və Bakı şəhəri 51 saylı notariat kontoruna qarşı “Bakı şəhəri 51 saylı notariat kontorunda onun adından təsdiq edilmiş xx.xx.2016-cı il tarixli reyestrdə 7E-2292 sayı ilə qeyd edilmiş razılıq ərizəsinin və X6 ilə birgə nikah zamanı əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97,9 kv.m olan qeyri-yaşayış sahəsi barədə X6 ilə "xxxx" İKB ASC arasında bağlanmış 24 fevral 2016-cı il tarixlu 1-KTKDX-1-0-22-16 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv olunması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Daha sonra iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsini 2(006)-70/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1643/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3453/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarına əsasən İddiaçı cavabdehlər Cavabdeh ASC-yə, X5 və Bakı şəhəri 51 saylı notariat kontoruna qarşı iddia tələbinə dair iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 1643/2022 nömrəli mülki iş üzrə 10 fevral 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Buradan da belə bir nəticəyə gəlmək olar ki, X6 ilə "xxxx" İKB ASC arasında bağlanmış 24 fevral 2016-cı il tarixlu 1- KTKDX-1-0-22-16 saylı ipoteka müqaviləsinin etibarsız hesab olunmasına səbəb olacaq hər hansısa bir hal məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunmamış və sözügedən mübahisəli Bakı şəhəri, Nərimanov rayonu X13 küçəsi 103 ünvanında yerləşən, ümumi sahəsi 97,9 m2 olan qeyri-yaşayış sahəsi qanuni olaraq ipoteka müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi səbəbindən əmlakın açıq hərracda satılması yolu ilə cavabdehin mülkiyyətinə keçmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, ev 103 ünvanında yerləşən qeyri-yaşayış qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla Cavabdeh ASC-nin mülkiyyətinə keçərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən çıxarışın etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının MM-nin 139, 140, 152.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-646/2022 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X6 ilə xx.xx.1989-cu il tarixdə nikah bağlayaraq ailə həyatı qurmuşlar. Nikahda olduqları müddət ərzində birgə təsərrüfat fəaliyyəti apararaq əmlaklar əldə etmişlər, o cümlədən hazırda mübahisələndirilən Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 103 ünvanda yerləşən ümumi sahəsi 97.9 kv.m olan qeyri-yaşayış sahəsini 2018-ci ilin noyabr ayında ona məlum olmuşdur ki, faktiki nikahda olduğu X6 onun xəbəri olmadan birgə nikah dövründə əldə eldikləri Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m olan qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü edərək kredit götürmüş və həmin kredit məbləğini ödəmədiyi üçün bank məhkəmədə iddia qaldıraraq kreditin ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. Bundan xəbər tutan kimi aidiyyəti qurumlara rəsmi qaydada müraciətlər edərək, pozulmuş hüquqlarının bərpa olunması üçün ona köməklik edilməsini xahiş etmiş, həmçinin Nəsimi Rayon Məhkəməsində Cavabdeh ASC-yə və X5 qarşı iddia qaldıraraq tərəflər arasında bağlanmış İpoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cari ilin noyabr ayında ona məlum olmuşdur ki, qeyd edilən qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixli Çıxarışla Cavabdeh ASC-nin mülkiyyətinə keçmişdir. Hesab edir ki, qeyd edilən əmlak üzərində Cavabdeh ASC-nin mülkiyyət hüqüqunun rəsmiləşdirilməsi barədə xx.xx.2021-ci il tarixli Çıxarış qanunsuz əldə edildiyindən etibarsızdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
16. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
17. 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
18. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
19. 139-1.1.2-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
20. 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
21. 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
22. 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
23. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, ev 103 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə Cavabdeh ASC-nin adına qeydiyyata alınmışdır.
27. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(006)-70/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh ASC-yə, X5 və Bakı şəhəri 51 saylı notariat kontoruna qarşı “Bakı şəhəri 51 saylı notariat kontorunda onun adından təsdiq edilmiş xx.xx.2016-cı il tarixli reyestrdə 7E-2292 sayı ilə qeyd edilmiş razılıq ərizəsinin və X6 ilə birgə nikah zamanı əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97,9 kv.m olan qeyriyaşayış sahəsi barədə X6 ilə "xxxx" İKB ASC arasında bağlanmış 24 fevral 2016-cı il tarixli 1-KTKDX-1-0-22-16 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv olunması tələbin dair iddiasının rədd edilməsi qət edilmişdir.
28. Qeyd edilməlidir ki, iddiaçı nə iddia ərizəsində, nə də apelyasiya şikayətində, hərracın keçirilməsinin qanuniliyini mübahisələndirməmiş, ümumiyyətlə mübahisə predmeti olan çıxarışın etibarsız hesab edilməsi üçün hər hansı əsasın mövcudluğuna istinad etməmişdir.
29. Buna baxmayaraq məhkəmə kollegiyası qanuni qüvvəsini almış və bu iş üçün preyudisiya əhəmiyyəti daşıyan məhkəmə aktlarına əsasən iddiaçı ilə X3 birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi 103 ünvanında yerləşən, ümumi sahəsi 97,9 kv.m olan qeyri-yaşayış sahəsinin X6 tərəfindən 24 fevral 2016-cı il tarixli 1-KTKDX-1-0-22-16 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" İKB ASCnin (indiki Cavabdeh ASC-nin) xeyrinə yüklü edildiyi zaman iddiaçının qanunla nəzərdə tutulmuş qaydada razılığı alındığını müəyyən etmişdir.
30. Bundan başqa məhkəmə kollegiyası öz xidməti vəzifəsinə əsaslanaraq çıxarışın verilməsinə əsas olmuş hərracın düzgün keçirilib-keçirilmədiyini araşdırmaq üçün apellyasiya baxışı zamanı təqdim edilmiş ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 97,9 kv.m olan qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərracla bağlı sənədlərə baxış keçirərək, hərrac təşkilatı tərəfindən hərracın müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq keçirildiyini, yəni hərracın keçirilməsi barədə iddiaçının qeydiyyatda olduğu ünvana bildirişlər göndərildiyini və qəzetlərdə elanlar verildiyini, ipoteka predmeti olan daşınmaz əmlakın hərrac vasitəsilə Cavabdeh ASC-yə satıldığını və mülkiyyət hüququ ilə ASC-nin adına qeydiyyata alındığını müəyyən etmişdir.
31. Göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, ev 103 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla Cavabdeh ASC-nin mülkiyyətinə keçərkən qanunvericiliyin tələblərinə tam əməl edilmiş, qeyd edilən çıxarışın etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir.
32. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-646/2022 saylı, 24 noyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov