Məhkəmə qərarları › İş №2(103)-1321/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1321/2025

19.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1321/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-1321/2025 (Açar sözlər: mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi (qızı) Qanuni nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 «yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 2256/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 19 mart 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 oğluna «yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, Abdulla Şaiq küçəsi 5 saylı evin 7 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Abdulla Şaiq küçəsi 5 saylı evin 7 saylı mənzili iddiaçının faktiki mülkiyyətindədir. Həmin mənzilə dair dövlət reyestrindən çıxarış ala bilmir. Belə ki, bunun üçün mənzildə yaşayan şəxslərin ərizəsi tələb olunur. Cavabdehlər qeyd olunan mənzildə yaşamırlar. Buna baxmayaraq pasport qeydiyyatından da çıxmamışlar.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 2256/2024 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia tələbi təmin edilməmişdir. .

4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 180.1, 180.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 14.2, 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. İddiaçı apellyasiya şikayəti və ona əlavə verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti və ona əlavə iddianın dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 22 noyabr 2000-ci il tarixli, 1019 nömrəli Sərəncamından göründüyü kimi, Bakı şəhəri, Səbail rayonu, Abdulla Şaiq küçəsi, 5 saylı evin 7 saylı mənzilin icarəçisi hesab edilib. Eyni zamanda bu fakt məhkəmənin mübahisəli mənzilin özbaşına tikili olmasına dair gəldiyi nəticənin yalnış olmasını təsdiq edir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 həmin evdə evlənməmişdən qabaq müvəqqəti yaşayıb. Subay olanda bibisigilə köçüb və ordan da evlənərək gedib.

9. Apellyasiya baxışında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, atası 1968-ci ildə ailə qurmuş, anası mübahisəli evə gəlin köçmüş, burada o da daxil olmaqla 3 uşağı dünyaya gəlmişdir. Anası onları atmış, atası rəhmətə getmiş, həmin evdən bibisigilə getmişlər və oradan 1994-cü ildə ailə həyatı quraraq Razin adlanan əraziyə köçmüşdür. 30 ildir ki, həmin evdə yaşamırlar.

10. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Balaxanı ərazisində kirayədə yaşayırlar, kirayə müqavilələri yoxdur. Adına Zabratda torpaq sahəsi olsa da, üzərində ev yoxdur.

11. Apellyasiya baxışında iştirak edən Cavabdeh4 apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Rеspublikası Kоnstitusiyası.

13. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

14. Maddə 29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi

17. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

18. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

19. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

20. Maddə 87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

24. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

25. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

26. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir.

31. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.

32. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymət verməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində də yanlışlığa yol vermişdir.

33. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.1984-cü il tarixli, 89/10331 saylı qərarı ilə Səbail rayonu, Abdulla Şaiq küçəsi 5 saylı evin kirayəçisi Səriyyə Mirdadaş qızının sahibliyində olan 1 otaqlı, 7 saylı 14 kv.metrlik mənzildə 13 nəfər ailə üzvü (o cümlədən 1991-ci ildən etibarən Cavabdeh2, 1998-ci ildən onun əri və digər Cavabdeh1, sonradan isə onların övladları) qeydiyyatda olmaqla yaşamışlar və həmin qərarla boşalmış 9 və 10 kv.metrlik yaşayış sahələri də sonuncuya ayrılmışdır. Daha sonra Səbail rayon İHB-nin xx.xx.2000-ci il tarixli, 1019 saylı sərəncamı ilə mənzilin kirayə müqaviləsi mərhum Səriyyə Mirdadaş qızının 3 oğlu arasında 3 hissəyə bölünmüş, 7 saylı mənzil iddiaçıya onun mərhum həyat yoldaşı Dəmirov Aydının əvəzinə, yeni sıra nömrəsi 4 olan Cavabdeh2 qardaşı Dəmirzadə Pərvizə onun atası Dəmirov Adil əvəzinə, yeni sıra nömrəsi 6 olan mənzil isə Dəmirov Rəcəbə atası Dəmirov Salman əvəzinə verilmişdir. Lakin hazırki iş üzrə Cavabdeh2 və onun ailə üzvləri öz atasına və sonradan qardaşına verilmiş mənzilə qeydiyyata düşməmiş, sonradan iddiaçıya keçmiş mənzildə qeydiyyatda qalmağa davam etmişlər.

34. Kollegiya qeyd edir ki, ilk növbədə işə tətbiq olunmalı mülki hüquq normasının müəyyənləşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirilməlidir.

35. Belə ki, Cavabdeh2 və onun ailə üzvləri 2000-ci ilin 01 sentyabrdan əvvəl qeyd edilən mübahisəli mənzilə qeydiyyata düşmüşlər və həmin tarixdən də istifadə hüquqları yaranmışdır. Ona görə də qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırki iddia üzrə mübahisəyə köhnə Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) müddəaları tətbiq edilməlidir və birinci instansiya məhkəməsi bu halları nəzərə almamışdır.

36. Həmin Məcəllənin 53 və 54-cü maddələrinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

37. İcarədar ilə birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə etmək hüququna malik olması qanunda təsbit edilməklə yanaşı, bu hüququn aradan qalxma əsasları da nəzərdə tutulmuşdur.

38. Həmin Məcəllənin 60-cı maddəsinə görə, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”.

39. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.

40. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir.

41. Kollegiya yuxarıda qeyd olunan qanunvericilik normalarını əsas tuturaq qeyd edir ki, iş materiallarından, o cümlədən cavabdehlərin izahatlarından göründüyü kimi, Cavabdeh2 mübahisəli mənzilə 1991-ci ildə qeydiyyata düşsə də, öz iradəsi ilə həmin mənzili tərk etmiş, 1994-cü ildə isə ailə həyatı quraraq yaşamaq üçün başqa yerə köçmüşdür. Həmçinin onun əri Cavabdeh1 da 1998-ci ildə həmin evə qeydiyyata düşməsinə baxmayaraq orada yaşamamış, Cavabdeh2 və övladları, yəni digər cavabdehlər ilə Sabunçu rayonu ərazisində məskunlaşmışdır.

42. O cümlədən iş materiallarında olan xx.xx.2024-cü il tarixli qonşular tərəfindən tərtib edilmiş aktda qeyd olunur ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 oğlu Bakı şəhəri, Səbail rayonu, Abdulla Şaiq küçəsi 5 saylı evin 7 saylı mənzilində heç vaxt yaşamamışlar və hal-hazırda da yaşamırlar.

43. Həmçinin iş materiallarında olan sübutların tədqiqi zamanı məlum olmuşdur ki, Cavabdeh1 mülkiyyətində ünvan ünvanında 0.0383 ha torpaq sahəsi qeydə alınmış, həmin ünvana xx.xx.2022-ci il tarixdə qaz sayğacı da quraşdırılmışdır.

44. Beləliklə, iş materiallarından və tərəflərin izahatlarından da göründüyü kimi cavabdehlər və onların ailə üzvləri mübahisəli mənzildə nəinki 6 ay, ümumiyyətlə, yaşamadığından (Cavabdeh2 isə 1994-cü ildən etibarən yaşamadığından) və hazırki mənzilə ehtiyaclarının müəyyən olunmaması səbəbindən onların həmin mənzilə istifadə hüququ itirilmiş hesab olunmalıdır. Həmçinin qeyd edilənlər hazırki halda mübahisəli mənzilə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğunu təsdiq edir.

45. Azərbaycan Respublikası Konstitusiyasının “Dövlətin əsasları” fəsilində (13-cü maddə) mülkiyyətə ayrıca yer ayrılması ölkə qanunvericiliyinin bu seqmentə olan əhəmiyyətli yanaşmasının təzahürüdür. Həmçinin ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) mülkiyyət hüququ nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur.

46. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində qeyd olunmuşdur ki, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

47. Bu halda Mülki Prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə işə mövcud sübutlar əsasında baxaraq hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququnun saxlanmasına dair hər hansı qanuni əsas müəyyən edilmədiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

49. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

51. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

52. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti tam təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumlarının əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 2256/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mübahisə olunan Bakı şəhəri, Səbail rayonu, Abdulla Şaiq küçəsi 5 saylı evin 7 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumlarının əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar