Məhkəmə qərarları › İş №2(103)-1323/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1323/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1323/2023 06.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“avadanlıqların çıxarılması və pul”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “avadanlıqların çıxarılması və pul” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2406/2022 saylı işi üzrə 19 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında quraşdırılmış anten ötürücü qurğusunun çıxarılması və xx.xx.2021-ci il tarixdən hər ay 500 manat icarə haqqının Cavabdeh MMC-dən icra edilən günə kimi hesablanaraq tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İşin icraatı zamanı müəyyən edilmişdir : - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 336/2022 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, cavabdeh X1 artıq ödənilmiş 3867.75 manat pulun alınaraq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 30 manat məbləğində olan hissəsinin iddiaçıya, digər 30 manat məbləğindəki hissəsinin isə cavabdeh X3 aid edilməsi qət edilmişdir; - X5 (Satıcı) və İddiaçı (Alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AZ-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Satıcı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.1633 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsini tam hissədə 646000 manata Alıcıya satır; - X5 və Cavabdeh MMC (İcarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən İcarəyə verən ünvan 3 ünvanında yerləşən sahədə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 20 m2 olan icarə obyektini İcarəçinin istifadəsinə verir, İcarəçi isə bunun müqabilində bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını İcarəyə verənə ödəyir. Müqaviləyə əsasən illik icarə haqqı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq olaraq tətbiq edilən vergilər daxil olmaqla 2784 manat təşkil edir(iş səh.12, 36, 40).

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2406/2022 saylı işi üzrə 19 avqust 2022ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 2660 manat məbləğində pulun və bu qətnamə icra edildiyi günə kimi hər ay 190 manat məbləğində pulun cavabdeh "Azerconnect” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh "Azerconnect” Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilmiş 47 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı, ödənilməmiş 5 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

4. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152, 157, 241, 385, 425, 442, 448, 699, 700, 706, 718, Mülki Prosessual Məcəllənin 14, 77, 88, 107, 119, 185, 217, Torpaq Məcəlləsinin 51, 73, 75, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh MMC-nin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən qanuni əsasla - icarə müqaviləsinə əsasən istifadə etdiyini, həmçinin bu icarədən torpaq sahəsinin yeni mülkiyyətçisi olan iddiaçının torpağı almazdan əvvəl vicdanlı olaraq məlumatlı olduğunu nəzərə alaraq bu torpaq sahəsinin iddiaçıya satılması cavabdehin torpaq sahəsinin bir hissəsi üzərində olan icarə hüququnun xitamına səbəb olmamışdır. Bu vəziyyətdə iddiaçının Cavabdeh MMC tərəfindən torpaq sahəsi üzərində icarə müqaviləsi əsasında quraşdırılmış avadanlıqların çıxarılmasına yönəlmiş tələbi təmin edilə bilməz. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin yuxarıda istinad edilmiş 73-cü maddəsinə əsasən torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Lakin 75-ci maddədən görünür ki, bu hüquqa məhkəmə tərəfindən xitam verilir. Belə olan halda iddiaçı gələcəkdə bu əsasla (torpaq mülkiyyətçisinin onu özgəninkiləşdirməsinə görə icarə müqaviləsinə xitam verilməsi) iddia qaldırmaq hüququnu özündə saxlayır. Lakin hazırda iddiaçının tələbi torpaq sahəsində yerləşdirilmiş avadanlıqların sökülməsi olduğundan və bu avadanlıqlar həmin sahədə icarə müqaviləsinə əsasən qanuni şəkildə yerləşdirilmiş olduğundan iddia bu hissədə təmin edilə bilməz. İddia tələbinin ödənilməmiş icarə haqqı tələbinə dair hissəsinə münasibətdə isə məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, tərəflər arasında icarə müqaviləsi bağlanmasa da nəzərə alınmalıdır ki, İddiaçı icarəyə verildiyini bildiyi torpaq sahəsini alaraq, Cavabdeh MMC isə mülkiyyətçisinin dəyişdiyini bildiyi torpaq sahəsindən icarə müqaviləsinə əsasən istifadə etməyə davam edərək, faktiki icarə münasibətində olmuş, bu münasibətlər çərçivəsində bir-birlərinə qarşı öhdəlik daşımışlar. Lakin işin faktiki hallarından görünür ki, Cavabdeh MMC icarə müqaviləsinə əsasən istifadə etdiyi torpaq sahəsinin yeni mülkiyyətçisi olan iddiaçıya heç bir icarə haqqı ödəməmiş, buna baxmayaraq öz avadanlıqlarını torpaq sahəsində saxlamağa davam etmişdir. Bununla belə məhkəmə iddiaçının cavabdehdən tələb etdiyi pulun məbləği ilə qismən razılaşmır. Belə ki, İddiaçı torpaq sahəsinin ona satıldığı xx.xx.2021-ci il tarixdən hazırkı iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsi icra edilən günə kimi hər ay üçün 500 manat məbləğində pul tutulmasını tələb etmişdir. O, bu tələbini belə əsaslandırmışdır ki, torpaq sahəsinin əvvəlki mülkiyyətçisi və cavabdeh arasında bağlanmış icarə müqaviləsində icarə haqqı məbləği az göstərilsə də əslində cavabdeh tərəfindən iddiaçıya hər ay 450-480 manat məbləğində icarə haqqı ödənilmişdir. O da bu səbəbdən hazırda cavabdehdən hər aya görə 500 manat məbləğində pul tələb etmiş, iddiaçı tərəfindən qeyd edilmiş halla (cavabdeh tərəfindən müqavilədən kənar daha çox icarə haqqı ödənilməsi) bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bunun əksinə, torpaq sahəsinin keçmiş mülkiyyətçisi və cavabdeh arasında bağlanmış icarə müqaviləsi isə iş materiallarında mövcuddur və bu müqavilədən görünür ki, illik icarə haqqının vergilər daxil olmaqla 2784 manat məbləğində olduğu müəyyən edilmişdir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-336/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh MMC torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olan X3 qarşı əvvəlcədən ödənilmiş iki illik icarə haqqının torpağın özgəninkiləşdirilməsindən sonrakı aylar üçün ödənilmiş hissəsinin qaytarılmasına dair tələblə məhkəməyə müraciət etmiş, iddia ərizəsində əvvəlki mülkiyyətçiyə ödənilmiş iki illik icarə haqqının 4788.48 manat məbləğində olduğunu bildirmiş, əvvəlki mülkiyyətçidən də müvafiq çıxılmalar (vergi, torpağın həmin mülkiyyətçinin mülkiyyətində olduğu aylar üçün icarə haqqı) edildikdən sonra 3867.75 manat məbləğində pul tələb etmişdir. Halbuki, əgər iddiaçının dediyi kimi Cavabdeh MMC tərəfindən torpağın əvvəlki mülkiyyətçisinə ayda 450-480 manat məbləğində icarə haqqı ödənilsə idi, iki illik icarə haqqını əvvəlcədən ödəyən Cavabdeh MMC əvvəlki mülkiyyətçidən 10000 manata yaxın pul tələb etməli olardı. Müvafiq torpaq sahəsinin xx.xx.2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında iddiaçıya satıldığı və iddiaçının məhz bu tarixdən torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun yarandığı tarixdən etibarən bu qətnamə elan edildiyi günə kimi keçən 14 aya görə hər ay üçün 190 manat olmaqla, cəmi 2660 manat məbləğində pul və bu qətnamə icra edildiyi günə kimi hər ayın 16-sı 190 manat məbləğində pul üzərinə gəlinməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.Torpaq sahəsinin əvvəlki mülkiyyətçisi ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsindən görünən illik icarə haqqı 2784 manat məbləğindədir və bunu 12 aya böldükdə aylıq 232 manat icarə haqqı ödənildiyi müəyyən edilir. Buna baxmayaraq, müqavilədə xüsusi qeyd edilmişdir ki, bu məbləğə vergilər də daxildir. Bu isə o deməkdir ki, icarəçi tərəfindən icarəyə verənə ödənilən aylıq icarə haqqı məbləği 232 manatdan az olmuşdur. Elə məhkəmə iclasında iştirak edən hər iki tərəf də təsdiq etmişdir ki, torpaq sahəsinin əvvəlki mülkiyyətçisinə bu müqaviləyə əsasən ödənilən aylıq icarə haqqı 190 manat məbləğində olmuşdur. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2406/2022 saylı, 19 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 6, 152.1, 157.4, 390.1, 424.2, Mülki Prosessual Məcəllənin 217.3-cü maddələrinə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına əlavənin 1 saylı Protokolunun 1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmə qeyd edilən normaların tələblərini kobud şəkildə pozmaqla cavabdehə məxsus avadanlıqların onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılmamasına şərait yaratmaqla onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuş, mülkiyyətindən sərbəst surətdə istifadə etmək hüququnu məhdudlaşdırmışdır, o, özünə məxsus əmlakdan istdədiyi kimi istifadə edə, onun üzərində sərəncam verə bilmir. Ona görə də hesab edir ki, həmin avadanlıqlar ona məxsus sözügedən torpaq sahəsindən çıxarılmaldır. O, torpaq sahəsinin ona satıldığı xx.xx.2021-ci il tarixdən hazırkı iş üzrə qəbul ediləcək məhkəmə qətnaməsi icra edilən günə kimi hər ay üçün 500 manat məbləğində pul tutulmasını tələb etmişdir. Suraxanı Rayon Məhkəməsi, iddia tələbinin bu hissəsinə qiymət verərək iddiasınıı qismən təmin etməklə səhvə yol vermişdir. Belə ki, məhkəmə Azerconnect” MMC-dən mənim mülkiyyətimdə olan torpaq sahəsindən istifadə etdiyi hər aya görə tutulacaq pul bu torpaq sahəsinin keçmiş mülkiyyətçisi və cavabdeh arasında bağlanmış icarə müqaviləsinə uyğun hesablanmalı olduğu qənaətinə gəlmişdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmır, ona görə ki, mülki qanunvericilikdə “müqavilə azadlığı” hüququ vardır. O, öz mülkiyyətində olan torpaq sahəsi ilə bağlı istənilən şəxs ilə istənilən qiymətə uyğun (təbii ki kontragentin razılığı ilə) icarə müqaviləsi bağlaya və yaxud bağlamaya bilər. Qanunverici ona bu hüququ vermişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehin 21 aydır cavabdehin onun torpaq sahəsindən istifadə etdiyini, heç bir pul ödəmədiyini, anten qurğunun çıxarılmasını tələb etdiyini, torpağı əldə edəndə qurğunu gördüyünü, cavabdehin əməkdaşının 3-5 gün ərzində qurğunu çıxaracaqlarına söz verdiyini, onun köhnə mülkiyyətçiyə qarşı iddiasının olmadığını,cavabdehin əvvəlki mülkiyyətçi X4 qarşı artıq ödənilmiş pulun ödənilməsi ilə bağlı iddiasının olduğunu və həmin pulun məhkəmə qərarı ilə cavabdehə ödənildiyini, əvvəlki mülkiyyətçi ilə cavabdeh arasında olan icarə müqaviləsinin müddətinin yanvar ayında bitdiyini və qurğunun çıxarılması barədə əvvəlki mülkiyyətçinin ərizə yazdığını, cavabdehlə özünün arasında hər hansı müqavilə olmadığını bildirmişdir.

7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 6, 16, 139-166, 324, 385-390, 560, 706-722; Azərbaycan Respublikasında mülkiyyət haqqında Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Qanununa; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il tarixli Protokolun 1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 106, 217.4, 385-390-ci maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə (tələbin quraşdırılmış anten ötürücü qurğusunun çıxarılması hissəsində) qismən səhv nəticəyə gəldiyindən və bu hissədə mühüm əhəmiyyəti olan və qətnamədə göstərilmiş nəticələr işin faktiki hallarına uyğun gəlmədiyindən qətnamə bu hissədə ləğv edilməli, müəyyən edilmiş hallar əsasında həmin hissədə yeni qətnamə qəbul edilməlidir.

11. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 12.Azərbaycan Respublikası Konstitusiyasının Konstitusiyanın 29-cu maddəsinə əsasən İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır;157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

14. Məcəllənin 699-cu maddəsinə əsasən 699.1. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur; 699.2. Kirayəlik əşya kirayəçiyə verilənədək ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə, əgər əldə edən kirayə müqaviləsindən irəli gələn öhdəliklərin icrasını öz üzərinə götürürsə, bu Məcəllənin 699.1-ci maddəsi müvafiq surətdə tətbiq edilir; 699.4. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə, əgər bunların həyata keçirilməsi nəticəsində kirayəçi müqaviləyə uyğun istifadədən məhrum olarsa, bu Məcəllənin 699.1-ci maddəsi müvafiq surətdə tətbiq edilir. Əgər üçüncü şəxslərin hüquqları və iddiaları müqaviləyə uyğun istifadəyə mane olursa, kirayəçi bu hüquqların və iddiaların həyata keçirilməsinin qadağan olunmasını tələb etmək hüququna malikdir.

15. Məcəllənin 718-ci maddəsinə əsasən İcarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir.

16. Məcəllənin 722-ci maddəsinə əsasən 722.1. Müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmağa borcludur. İcarəçinin icarəyə verənə qarşı tələbləri əsasında torpaq sahəsini saxlamaq hüququ yoxdur. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsin istifadəsinə vermişsə, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəyə verən torpağın qaytarılmasını həmin üçüncü şəxsdən də tələb edə bilər; 722.2. Əgər torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə icarənin hər hansı ili ərzində xitam verilirsə, icarəyə verən hələ yaranmamış, lakin təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarə ilinin sonunadək əldə edilə bilən bəhərlərin dəyərini icarəçiyə ödəməlidir. Bu zaman məhsulla bağlı risk ağlabatan şəkildə nəzərə alınmalıdır. Əgər bəhərlərin dəyərini müəyyənləşdirmək mövsüm səbəblərinə görə mümkün deyildirsə, icarəyə verən icarəçinin bu bəhərlər üzrə xərclərinin əvəzini təsərrüfatın lazımınca aparılması qaydalarına uyğun gələn dərəcədə ödəməlidir. Bu qayda qırılmaq üçün nəzərdə tutulan, lakin hələ qırılmamış ağaclara da tətbiq edilir. Əgər icarəçi lazımi istifadə qaydalarının yol verdiyindən artıq ağac qırmışsa, artıq qırdığı ağacların dəyərini icarəyə verənə ödəməlidir. Digər zərərin əvəzinin ödənilməsinə dair pretenziya verilməsi istisna edilmir; 722.3. hüquq münasibətlərinə xitam verildikdən sonra qalan kənd təsərrüfatı məhsullarından icarəçi növbəti məhsuladək təsərrüfatçılığın davam etdirilməsi üçün zəruri olan miqdarda məhsulu, hətta o, həmin hüquq münasibətlərinə girərkən belə məhsulu qəbul etmiş olmasa da, verməlidir. Əgər bununla əlaqədar olaraq icarəçi icarəlik torpaq verilərkən aldığı məhsula nisbətən daha çox miqdarda və ya daha yaxşı keyfiyyətli məhsulu verməlidirsə, icarəyə verəndən dəyəri ödəməyi tələb edə bilər; 722.4. Əgər müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı qaytarmırsa, icarəyə verən saxlama müddəti üçün icarə haqqı verilməsini kompensasiya kimi tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə pretenziyalar verilməsi istisna edilmir.

17. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4 8 . 5.-ci maddəsinə əsasən Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar.

18. Məcəllənin 53-cü maddəsinə əsasən 1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri istifadəyə və icarəyə verilərkən (satılarkən), onlara dair aşağıdakı öhdəliklər və məhdudiyyətlər qoyula bilər:torpaq sahəsi istifadəyə verildikdə, onun icarəyə (və ya subicarəyə) verilməsinin qadağan edilməsi; torpaq sahəsində müəyyən edilmiş qaydada razılaşdırılmış layihələr üzrə tikinti işlərinin və ya torpaq sahəsinin mənimsənilməsinin müəyyən edilmiş müddətlərdə başlanması və qurtarması; təbiətqoruyucu tələblərə əməl edilməsi, torpaq sahəsində heyvanlar aləminin qorunması, torpağın münbit qatının, nadir bitkilərin, təbiət, geoloji, tarix-mədəniyyət abidələrinin, arxeoloji obyektlərin saxlanması; verilmiş (satılmış) torpaq sahəsindən ovçuluq, balıqçılıq və ya cır meyvələrin toplanması məqsədləri üçün müəyyən edilmiş qaydada və müddətdə istifadəsinə icazə verilməsi; vəhşi heyvanların təbii məskunlaşma mühitinin və miqrasiya yollarının saxlanması; qanunvericiliyə zidd olmayan digər öhdəliklər və məhdudiyyətlər. 2. İstifadəyə və icarəyə verilmiş, habelə xüsusi mülkiyyətə satılmış torpaq sahəsinə dair qoyulan öhdəliklər və məhdudiyyətlər müvafiq müqavilə və ya məhkəmənin qərarı ilə müəyyən edilir. 3. Torpaq sahəsinə qoyulan öhdəliklər və məhdudiyyətlər onun hüquqi statusuna daxil edilməklə, dövlət qeydiyyatından keçirilir. Torpaq sahəsi üzərində mülkiyyət, istifadə və icarə hüquqları başqa şəxsə keçdikdə həmin öhdəliklər və məhdudiyyətlər saxlanılır.

19. Məcəllənin 66-cı maddəsinə əsasən 1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

20. Məcəllənin 67-ci maddəsinə əsasən 1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

21. Məcəllənin 73-cü maddəsinə əsasən 1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir:torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə;torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə;torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə:əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə;istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə;torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə;dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. 2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. 3. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). 4. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər.

22. Məcəllənin 75-ci maddəsinə əsasən 1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir; 2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir. 3. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. 4. Məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi barədə qərar qəbul edərkən, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqların keyfiyyətinin yaxşılaşdırılmasına çəkdikləri xərclərin ödənilməsi və ya onların torpaqdan səmərəsiz istifadə etməsi nəticəsində vurduqları zərərin ödənilməsi barədə göstərişlər də verə bilərlər. 5. Torpaq sahələri üzərində istifadə və ya icarə hüququna xitam verilməsi barədə məhkəmənin, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə şikayət vermək olar. 6. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir.

23. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iddianın təmin edilməyən “quraşdırılmış anten ötürücü qurğusunun çıxarılması” hissəsində - qismən təmin, qətnamə həmin hissədə ləğv və iddia həmin hissədə təmin edilməlklə iş üzrə yeni qətnamə qəbul edilməli, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərin özlərinə aid edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin yuxarıda istinad edilmiş 73 və 75-ci maddələrinə istinadən bu hissəyə münasibətdə qeyd etmişdir ki, Cavabdeh MMC-nin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən qanuni əsasla - icarə müqaviləsinə əsasən istifadə etdiyini, həmçinin bu icarədən torpaq sahəsinin yeni mülkiyyətçisi olan iddiaçının torpağı almazdan əvvəl vicdanlı olaraq məlumatlı olduğunu nəzərə alaraq, bu torpaq sahəsinin iddiaçıya satılması cavabdehin torpaq sahəsinin bir hissəsi üzərində olan icarə hüququnun xitamına səbəb olmamış, iddiaçı gələcəkdə bu əsasla (torpaq mülkiyyətçisinin onu özgəninkiləşdirməsinə görə icarə müqaviləsinə xitam verilməsi) iddia qaldırmaq hüququnu özündə saxlayır. Lakin hazırda iddiaçının tələbi torpaq sahəsində yerləşdirilmiş avadanlıqların sökülməsi olduğundan və bu avadanlıqlar həmin sahədə icarə müqaviləsinə əsasən qanuni şəkildə yerləşdirilmiş olduğundan iddia bu hissədə təmin edilə bilməz. Məhkəmə istinad edilən müddəaları yaranmış mülki münasibətlərə aid səhv təfsir etməklə, düzgün olmayan nəticəni hasil etmişdir. Belə ki, köhnə mülkiyyətçi (alğı-satqı müqaviləsinə əsasən) üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlakı yeni mülkiyyətçiyə təhvil verməyi öhdəsinə götürmüş, köhnə mülkiyyətçi ilə bağlanılan icarə müqaviləsi dövlət qeydiyyatından keçməmiş, mülkiyyətçi dəyişmiş, icarəyə götürən yeni mülkiyyətçiyə münasibətdə vəzifələrin həyata keçirməmiş (artıq ödənilmiş icarə haqqını köhnə mülkiyyətçidən tələb etmiş), yeni mülkiyyətçi isə icarəyə götürənlə yeni icarə münasibətlərinə daxil olmaq istəməyərək mülkiyyətində olan torpaq sahəsindən istifadəyə son qoymağı tələb etmiş, bununla da, qanunla müəyyən edilmiş əsaslarla icarə münasibətlərinə xitam verilməsi kimi iradə ifadəsini bəyan etmiş və müqavilə tərəfi olmadığından xitamla bağlı məhkəmədə əlavə tələblərin irəli sürülməsinə zərurət qalmamışdır.

25. Məhkəmə kollegiyası iddia tələbinin digər - təmin edilməyən hissəsinə münasibətdə, yəni tutulan məbləğ hissəsinə aid diqqətə çatdırır ki, cavabdeh bu hissədə razılaşaraq şikayət verməmiş, iddiaçı isə öz mülkiyyətində olan torpaq sahəsi ilə bağlı istənilən şəxs ilə, istənilən qiymətə uyğun (təbii ki kontragentin razılığı ilə) icarə müqaviləsi bağlaya və yaxud bağlamaya bilməsi isə əsaslandırmaqla ziddiyyətli mövqe nümayiş etdirmişdir. Belə ki, cavabdehə aid qurğunun çıxarılması tələbi irəli sürməklə iddiaçı artıq onunla icarə münasibətlərinin davam etdirilməməsi kimi mövqe nümayiş etdirmişdir. Məhkəmədə bu münasibətlərə son qoyulanadək icarə müqaviləsinə müvafiq məbləğləri cavabdehdən tutulmasını təmin etmiş, iddiaçı isə apellyasiya şikayətinin bu dəlillərinə münasibətdə birinci instansiya məhkəməsində icraat zamanı digər – fərqli sübutlar müzakirəyə təqdim etməmişdir.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2406/2022 saylı işi üzrə 19 avqust 2022-ci il tarixli qətnaməsi qismən – tələbin təmin edilməyən “quraşdırılmış anten ötürücü qurğusunun çıxarılması” hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməklə yeni qətnamə qəbul edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında quraşdırılmış anten ötürücü qurğusunun Cavabdeh tərəfindən çıxarılması təmin edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar