Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1323/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Həsənova (Haşumova) Yelena Rəşidovnanın Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “mənzilə köçürülmə və yaradılan maneələrin aradan qaldırılması tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 noyabr 2023-cü il tarixli qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat
1. İlk iddia üzrə iddiaçı cavabdehə qarşı ilk iddia ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin özünün və cavabdehin azyaşlı övladlarının Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsi, bina № 3-də yerləşən 2 otaqlı, 145 № mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun və yetkinlik yaşına çatmayan uşaqlarının – X18 və X15 mübahisəli mənzilə köçürülmələri və iddiaçı tərəfindən buna yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir. b) tələblərin əsasları barədə məlumat
3. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh doğma bacıdırlar. Mübahisəli mənzil Bakı Şəhəri 26 Bakı Komissarı Rayon X9 İcraiyyə Komitəsinin 1/108 saylı, xx.xx.1980-ci il tarixli orderi əsasında tərəflərin atası X20 verilmişdir. Tərəflər valideynləri ilə birgə həmin mənzildə yaşamışlar. Onların anaları xx.xx.1983-cü il tarixdə, ataları isə xx.xx.2004-cü il tarixdə vəfat etmişlər. Cavabdeh və cavabdehin övladları xx.xx.2002-ci il tarixdən mənzildə qeydiyyatdadır. Mənzil heç kimin mülkiyyətində deyil, “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmamışdır. Cavabdeh mübahisəli mənzilə dair miras pay hüququnu tanınmaq üçün məhkəməyə müraciət etmiş. Lakin mübahisəli mənzilin miras kütləsinə daxil olmaması əsası ilə onun iddiası rədd edilmişdir. Cavabdeh heç vaxt daimi olaraq mənzildə yaşamamışdır. Cavabdeh nikaha daxil olmamışdan əvvəl mübahisəli mənzilin yaxınlığında yerləşən və nənələrinə məxsus olmuş mənzildə, yəni Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi, ev № 14-də yerləşən 8 №-li mənzildə yaşamış, nikaha daxil olandan sonra oradan köçmüş və uzun müddətdir ki, başqa yerdə yaşayır. Cavabdeh və onun övladları formal olaraq mübahisəli mənzildə qeydiyyatdadır.
4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil tərəflərin ataları Rəşid Haşumova 1/108 saylı, xx.xx.1980-ci il tarixli orderi əsasında verilmişdir. Rəşid Haşumovun ailə üzvləri kimi orderdə iş üzrə tərəflər və onların anası göstərilmişlər. Mənzil ailəyə verilən gündən etibarın cavabdeh həmin mənzildə yaşamış və hazırda da qeydiyyatdadır. Mənzilə verilmiş order ailə üzvü kimi cavabdehin də yaşayış sahəsindən istifadə etmək hüququnu yaratmışdır. İlki iddia üzrə iddiaçı ilkin olaraq nənəsinin evini adına keçirtdikdən sonra cavabdehi aldadaraq atasının mənzilinə köçərək, açarları dəyişmiş və cavabdehin mübahisəli mənzilə daxil olmasına və mənzil sahəsindən istifadəsinə maneələr yaratmışdır. Cavabdehin mübahisəli mənzildən başqa yaşayır yeri yoxdur və o, uşaqları ilə həmin mənzildə uzun müddət yaşamışdır. İddiaçı cavabdehin mənzildən istifadə etməsinə maneə yaradır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini qət etmişdir.
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə, cavabdehin mübahisəli mənzilə dair orderdə adının olması ilə orada yaşamaqla istifadə hüququnun yaranmasını qeyd etməklə yanaşı hesab edir ki, onun 2014-cü ildən mübahisəli mənzildə yaşamaması faktından əlavə, 2008-ci ilə qədər də orada yaşamaması faktı özlüyündə cavabdehin həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinin təsiri altına düşməsinə əsasdır. Rayon Məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdeh, uşaqlarının atası olan Viktor Reznik ilə 2008-ci ildən 2014-cü ilə qədər mübahisəli mənzildə yaşaması xx.xx.2009-ci il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələbləri baxımından həmin mənzildə hazırda istifadə hüququnun qalması kimi qiymətlədirilə bilməz və onun 2014-cü ildən sonra həmin mənzildə yaşamaması faktı özünün (nümayəndəsinin) etirafı və iş materialları ilə təsdiq edildiyindən ona qarşı qaldırılmış ilkin iddianın dəlillərinin əsaslı olmasına dəlalət edir. Ötən 9 il ərzində ilk iddia üzrə cavabdehin qeydiyatda olduğu və istifadə hüququ olan mənzilində ailəsi ilə birlikdə yaşamaması artıq işin mübahisəsiz halıdır və belə olan halda ötən müddət onun ailəsi ilə birlikdə digər ünvanda müvəqqəti deyil, daimi yaşaması qənaətinə gəlməyə kifayət edir. İlkin iddia üzrə iddiaçı cavabdehin istifadə hüquqlarına xitam verilməsini xahiş etsə də, xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş mənzil qanunvericiliyinə əsasən mənzildə yaşamayan şəxsin istifadə hüququnun itirilmiş hesab edilməli olması təsbit edilmişdir. İddiaçı tələbində qeyd edilən qanunvericilik normasına istinad edərək cavabdehin istifadə hüquqlarınna xitam verilməsini xahiş etsə də, məhkəmə iddia ərizəsinin məzmununa əsasən iddiaçının həqiqi niyyətinin cavabdehin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməli olması nəzərdə tutulduğu üçün iddianın da bu qaydada təmin edilməsini məqsədə müvafiq hesab edir. Rayon Məhkəməsi həmçinin qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, məhkəmə hesab edir ki, cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçıya) münasibətdə ilkin iddia üzrə mübahisəli mənzilə istifadə hüquqununun itirilmiş hesab edilməsi nəticəsinə gəlindiyi üçün, həm də məhkəmə tərəfindən qarşılıqlı iddia üzrə iddiaçının bildirdiyi faktiki halların həmin qarşılıqlı iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmaması müəyyən edildiyindən qarşılıqlı iddia əsaslı sayıla bilməz. d) apellyasiya şikayəti barədə məlumat
7. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, qarşılıqlı isə təmin edilərək yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi qətnamə qəbul edərkən iş materiallarını və faktları tam sadalamamış, sübutları düzgün qiymətləndirməmişdir. Bu səbəbdən qətnamə əsaslı deyil, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
9. Apellyatorun – ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) vəkili (nümayəndəsi) Vəkil3 apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətinin, habelə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
10. İlk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) vəkili (nümayəndəsi) Vəkil1, apellyasiya baxışının əvvəlki iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin, habelə ilk iddianın əsaslarına uyğun izahat vermişdir.
11. İlk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışının sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da iclasa gəlməmişdir. O, ərizə ilə Məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar iclasda iştirak edə bilməəyəcəyini bildirmiş və məhkəmə baxışı iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Ərizədə göstərilən halı təsdiq edə biləcək sənəd ərizəyə əlavə edilmədiyindən Məhkəmə ərizəni təmin etməmiş, işə Vəkil1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
12. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) da apellyasiya baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə baxışı iclaslarına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Onun gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
14. Belə ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)- 1995/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X10 cavabdehlər X6 və 28 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması, mirasın qəbulu müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, 1/2 paya dair vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilməsi vəzifəsinin 28 saylı Notariat Ofisinə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-1149/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Artıq qanuni qüvvəyə minmiş həmin məhkəmə aktları ilə aşağıdakı faktlar müəyyən edilmişdir: - mübahisəli mənzil Bakı Şəhəri 26 Bakı Komissarı adına Rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin 1/108 nömrəli, xx.xx.1980-ci il tarixli qərarına əsasən verilmiş 184516 nömrəli, xx.xx.1980-ci il tarixli order əsasında iş üzrə tərəflərin ataları X21 yaşayış sahəsi kimi ayrılmışdır; - order Rəşid Həşimovun və onun ailə üzvü olmaqla onunla birgə yaşayan arvadının və iki qızının (iddiaçı və cavabdeh) mübahisəli mənzildən istifadə etmək hüququnu yaratmışdır; - Rəşid Həşimov xx.xx.2004-cü il tarixdə vəfat etmişdir; - Rəşid Həşimov sağlığında mənzilə dair mülkiyyət hüququnu əldə etməmiş və mənzilin mülkiyyətçisinə çevrilməmişdir; - Rəşid Həşimovun mübahisəli mənzilə olan istifadə hüququ mahiyyət etibarilə şəxsi xarakter daşımış (şəxsi servitut) və yalnız ona mənsub ola bilən hüquq olmuşdur. Bu səbəbdən həmin hüquqa, habelə bu hüquqdan irəli gələrək mənzilə dair mülkiyyət hüququnun əldə edilməsinə olan “gözlənti” hüququna onun ölümü ilə xitam verilmişdir; - mübahisəli mənzil daşınmaz əmlak kimi bugünədək dövlət reyestrində qeydə alınmamışdır və hazırda dövlətin mülkiyyətindədir.
17. Məhkəmə bildirir ki, yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmiş faktlar hazırki işin müəyyən edilmiş halları kimi qəbul edilməlidir. Belə ki, MPM-in 82.3-cü maddəsinin tələbinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
18. İşdə olan digər əhəmiyyətli sübutlar aşağıdakılardır: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh xx.xx.2002-ci il tarixdən mübahisəli mənzildə qeydiyyatdadır. Onunla birlikdə həmin mənzildə xx.xx.2010-cu il təvəllüdlü X18 və xx.xx.2017-ci il təvəllüdlü X22 qeydiyyatdadırlar. - Bakı Qarnizonu Mənzil-İstismar Hissəsinin 7 nömrəli Mənzil-İstismar Sahəsinin arayışından görünür ki, ilk iddia üzrə iddiaçı X16 rayonu Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsi, ev 3, mənzil 145-də (hal-hazırda Badamdar qəsəbəsi, İqor Ağayev küçəsi, ev 3, mənzil 145) qeydiyyatdadır. - Mənzil-İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlarından görünür ki, ilk iddia üzrə cavabdeh Anna Həşimova mübahisəli mənzildə yaşamır. - Hüseyn-zadə İsgəndər Əlihüseyn oğlu, X3, X7, X1 və X19 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ilk iddia üzrə cavabdeh mübahisəli mənzildə heç vaxt yaşamamışdır. O, mübahisəli mənzilin yaxınlığında nənəsinin evi olan Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi, ev 14, mənzil 8 ünvanında yaşamışdır. - Hüseyn-zadə İsgəndər Əlihüseyn oğlu, X8, X11, X12, X5, X17 və X4 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ilk iddia üzrə cavabdeh əri və oğlu ilə birlikdə xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixinədək mübahisəli mənzildə yaşamışlar. - Səbail Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli aktından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2262/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurları X23 müvəqqəti olaraq məskunlaşdığı ünvan 1 ünvanına gədiblər. Ünvanda olan zaman mənzilin mülkiyyətçisi X13 mənzil və mənzildə mövcud olan əmlakların onun şəxsi mülkiyyəti olduğunu bildirdi. X23 müvəqqəti olaraq uşaqları ilə birlikdə ona məxsus mənzildə yaşadıqları və mənzildə yalnız onların şəxsi istifadəsi üçün nəzərdə tutulmuş geyim əşyalarının olduğunu bildirdi. Tərəflərindən mənzilə baxış keçirilən zaman tələbin yönələcəyi biləcək əmlak aşkar edilmədi. - Hüseyn-zadə İsgəndər Əlihüseyn oğlunun Səbail Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə qonşusu Yelena Haşumova ona müraciət edərək akta imza etməyini xahiş etdi. O, latın hərflərini bilməsə də həmin akta imza etdi. Lakin sonradan ona məlum oldu ki, həmin aktla o, Yelena Haşumovanın bacısı Cavabdeh onların atalarına məxsus olan (mübahisəli) mənzilində yaşamamasını təsdiq etmişdir. Bildirmək istəyir ki, Cavabdeh əri Viktor ilə 2008-ci ildən etibarən 5 ilə yaxın həmin mənzildə yaşamışdır və onların böyük oğlu həmin evdə doğulmuşdur. Odur ki, qonşular tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli aktda imzasının etibarsız hesab edilməsini xahiş edir.
19. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli akt, ona imza etmiş Hüseyn-zadə İsgəndər Əlihüseyn oğlu tərəfindən sonradan şübhə altına alındığı üçün, habelə notarial qaydada təsdiq edilmədiyindən və aktı tərtib etmiş şəxs məhkəməyə şahid qismində təqdim edilmədiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə olan halda, həmin akt əsasında tərtib edilmiş cavabdehin mənzildə yaşamamasını təsdiq edən Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 7 nömrəli Mənzil-İstismar sahəsinin xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktları da mötəbər sübut kimi qəbul edilə bilməz.
20. Məhkəmə tərəfindən işdə olan digər sübutlar əsasında işin halları kimi həmçinin müəyyən edilir ki, ilk iddia üzrə cavabdeh xx.xx.2002-ci ildən mübahisəli mənzildə qeydiyyatdadır. Onun yetkinlik yaşına çatmamış övladları - xx.xx.2010-cu il təvəllüdlü Danila və xx.xx.2017-ci il təvəllüdlü Roman da mübahisəli mənzildə qeydiyyatdadırlar.
21. Mübahisəli mənzilin ünvanı əvvəl ünvan 3dar qəsəbəsi, 2-ci Neftçilər döngəsi ev 3, mənzil 145 adlandırılmış, hazırda isə Bakı şəhəri, Badamdar qəsəbəsi, İqor Ağayev küçəsi, ev 3, mənzil 145 adlandırılır.
22. Məhkəmə həmçinin işə apellyasiya icraatında baxılan zaman təqdim edilmiş sübutları yeni sübut hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsinin hazırlıq iclası başa çatanadək hər iki tərəf məhkəmə iclaslarında iştirak etmiş və sübutlarını təqdim etmişlər. Onlar tərəfindən işin məhkəmə baxışına təyin edilməsinə etiraz edilməmişdir. Apellyasiya icraatı zamanı təqdim edilmiş sübutların isə birinci instansiya məhkəməsində təqdim edilməməsinin onlardan asılı olmayan səbəblərini əsaslandırmamışlar. MPM-in 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
23. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə qeyd edir ki, hazırki iş üzrə tərəflərin mənzildən istifadə edilməsi ilə əlaqədar münasibətləri xx.xx.2009-cu il tarixədək yarandığından mübahisə, Azərbaycan Respublikasında xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələbləri baxımından həll edilməlidir.
24. Həmin Mənzil Məcəlləsinin tələblərinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər (maddə 53.). İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər (maddə 54.). İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır (maddə 60.). Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (maddə 87.).
25. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarının 2-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Qanunun analogiyasına əsaslanaraq qeyd olunan qaydanı xüsusi mülkiyyətdə olan mənzillərə tətbiq etdikdə, deməli, iddiaçının iddiasının təmin edilməsi üçün Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilməlidir. Həmin əsas isə ondan ibarətdir ki, cavabdeh daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir.
26. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1992-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndinə görə, belə hallarda məhkəmə şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Həmin qərardan görünür ki, bu sübutlara şəxsin yaşayış yerindən qeydiyyatdan çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və sair bu kimi halları təsdiq edən sənədlər aid ola bilər.
27. Hazırkı işdə belə sənədlər yoxdur. İddiaçı cavabdehin daimi yaşamaq üçün başqa ünvana köçdüyünü bildirsə də cavabdehin mülkiyyətində, icarəsində və ya istifadəsində başqa yaşayış sahəsinin olması, yaxud cavabdehin hər hansı bir şəxsin mülkiyyətində və ya icarəsində olan başqa yaşayış sahəsinə onun ailə üzvü kimi və ya digər əsasla istifadə hüququ əldə etməsi barədə sübutlar təqdim etməmişdir. MPM-nin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi barədə iddiaçının tələbi əsassızdır. Cavabdehin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə Rayon Məhkəməsinin mövqeyi də eyni əsasla əsassızdır. Mənzil cavabdehin yeganə və daimi yaşayış yeridir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Cavabdehin yaşayış yerində yalnız uzun müddət olmaması onun mənzilə istifadə hüququnun itirilməsinə əsas ola bilməz. Mütləq sübuta yetməlidir ki, cavabdeh yaşayış yerini daimi əsaslarla dəymişdir.
28. Rayon Məhkəməsi gəlmiş olduğu mövqeyi cavabdehin vəkilinin (nümayəndəsinin) onun 2008-ci ildən 2014-cü ilədək mübahisəli mənzildə yaşaması barədə izahatı ilə əsaslandırmağa çalışmış və belə qənaətə gəlmişdir ki, deməli cavabdeh 2008-ci ilədək və 2014-cü ildən sonra mübahisəli mənzildə yaşamamışdır. Halbuki iş materialları tam araşdırıldıqda müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən cavabdehin vəkili (nümayəndəsi) tərəfindən verilmiş izahatlar tam araşdırılmamış, iş materialları üzrə hərtərəfli araşdırma aparılmamışdır. Belə ki, əvvəla cavabdeh mübahisəli mənzili miras əmlakı faktiki qəbul etməsinə əsaslanaraq, mirasın qəbul edilməsi faktının tanınması barədə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Son nəticədə həmin tələbi rədd edilmiş olsa da, cavabdeh atasının ölümündən sonra da mübahisəli mənzildə yaşamaqda davam etməsi mövqeyindən çıxış etmişdir.
29. Bundan başqa, qarşılıqlı iddia ərizəsində qeyd edilir ki, ilk iddia üzrə iddiaçı nənəsinin evini adına keçirtdikdən sonra cavabdehi aldadaraq mübahisəli mənzilə köçmüş, açarları dəyişmiş və cavabdehin mənzilə daxil olmasına maneə yaratmışdır. İş materiallarından görünür ki, iddiaçının nənəsinə məxsus olduğu bildirilən ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.2003-cü il tarixdən iddiaçının adına qeydə alınmışdır. Bu fakt da onu təsdiq edir ki, cavabdeh tərəf 2008-ci ilədək mübahisəli mənzildə yaşadığı dəlilini irəli sürür.
30. Cavabdehin vəkili (nümayəndəsi) birinci instansiya məhkəməsinin xx.xx.2023cü il tarixli məhkəmə iclasında vermiş olduğu izahatında cavabdehin 2-3 ay əvvəl mənzilə gedərkən, mənzilin açarlarının dəyişdirildiyinin ona məlum olduğunu, iddiaçının onu mənzilə buraxmadığını bildirdiyini qeyd etmişdir.
31. Məhkəmə tərəfindən cavabdehin vəkili (nümayəndəsi) birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdehin mübahisəli mənzildə həmişə yaşadığını, mənzilin açarlarının bir nüsxəsinin cavabdehdə olduğunu, daimi olaraq mənzildən istifadə etdiyini bildirmişdir. İzahatın davamında iddiaçı tərəfin sualına cavabında cavabdehin 2004-2008-ci illərdə mənzildə yaşadığını bildirməsi məsələsinin bir daha dəqiqləşdirilməsi üçün Məhkəmə tərəfindən həmin iclasın audio-video yazısına baxış keçirilmiş və cavabdehin vəkilinin (nümayəndəsinin) izahatında mənzilin açarlarının dəyişdirilməsinə və iddiaçı tərəfindən maneə yaradılmasına qədər cavabdehin mübahisəli mənzildən həmişə istifadə etdiyini, həmçinin 2004-2008-ci illərdə faktiki nikahdan olan əri ilə mübahisəli mənzildə yaşadığını bildirməsi müəyyən olunmuşdur.
32. Apellyasiya baxışı zamanı bu hala münasibəti bir daha cavabdehin vəkilindən (nümayəndəsindən) dəqiqləşdirilmiş və o, cavabdehin 2022-ci il tarixədək mübahisəli mənzildə yaşadığını bildirmişdir.
33. Rayon Məhkəməsi cavabdeh tərəfin təqdim etdiyi dəlilləri iş materialları ilə birgə bütövlükdə dəyərləndirməmiş, yalnız cavabdehin vəkilinin (nümayəndəsinin) etirafı ilə əsaslandırmağa çalışdığı qətnamə əsaslı hesab edilə bilməz. Çünki ortada aydın ifadə edilmiş konkret etiraf yoxdur və cavabdeh tərəfin ümumi mövqeyi və həmin iclasda cavabdehin vəkilinin (nümayəndəsinin) ümumi izahatı ilə uyğun gəlmir.
34. Göründüyü kimi, Rayon Məhkəməsinin cavabdehin 2008-ci ildən 2014-cü ilədək mübahisəli mənzildə yaşaması, 2008-ci ildən əvvəl və 2014-cü ildən sonra mənzildə yaşamaması ilə bağlı gəldiyi qənaət düzgün deyil. Cavabdehin mənzili daimi əsaslarla tərk etməsi, mənzillə əlaqəsini bitirməsi təsdiq edilmir. Yuxarıda da qeyd edildiyi kimi, cavabdehin yaşayış yerində yalnız uzun müddət olmaması onun mənzilə istifadə hüququnun itirilməsinə əsas ola bilməz. Mütləq sübuta yetməlidir ki, cavabdeh yaşayış yerini daimi əsaslarla dəyişmişdir. Lakin belə bir hal iş materialları ilə təsdiq edilmir. g) apellyasiyanın nəticəsi
35. Beləliklə apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi hazırki işin hallarını səhv müəyyən edərək düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli. İlk iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir.
36. Həmin nəticəyə gəlmiş Məhkəmə hesab edir ki, MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri iddiaçıya aid edilməli, bu məqsədlə ilk iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfinən ödənilmiş dövlət rüsumlarının əvəzi – (100 + 50 =) cəmi 150 manat məbləğində pul iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.
37. Məhkəmə həmçinin bildirir ki, ilk iddia rədd, qarşılıqlı iddia isə tam təmin olunduğundan cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. İddia isə MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
38. Odur ki, göstərilənləri, habelə MPM-in 385-ci maddəsinin tələblərini nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 noyabr 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Həsənova (Haşumova) Yelena Rəşidovnanın Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi tələbi barədə” ilk iddiası təmin edilməsin. Cavabdeh iddiaçı Həsənova (Haşumova) Yelena Rəşidovnaya qarşı “mənzilə köçürülmə və yaradılan maneələrin aradan qaldırılması tələbi barədə” qarşılıqlı iddiası təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan övladları X18 və X22 ilə birlikdə Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsi, bina № 3-də yerləşən 145 № mənzilə köçürülsün və iddiaçı Həsənova (Haşumova) Yelena Rəşidovna tərəfindən buna maneələrin yaradılması qadağan edilsin. İlk iddia ərizəsinin verilməsi üçün iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Həsənova (Haşumova) Yelena Rəşidovna tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi – cəmi 150 (bir yüz əlli) manat məbləğində pul iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Həsənova (Haşumova) Yelena Rəşidovnadan tutularaq cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ödənilsin. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Həsənova (Haşumova) Yelena Rəşidovna tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.