Məhkəmə qərarları › İş №2(103)-1327/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1327/2023

17.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1327/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “işə bərpa və sair tələbləri barədə” iddiasına dair hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X5 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 noyabr 2022-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı özünün, cavabdeh Meşələrin İnkişafı Xidmətinin nümayəndələri X6 və X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh Xidmət ilə onun arasında bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə Xidmət üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 281/Ü nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi, işdən çıxarıldığı tarixdən etibarən məcburi işburaxmaya görə əmək haqqının cavabdeh Xidmət tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, barəsində cavabdeh Xidmət üzrə 281/Ü saylı xx.xx.2022-ci il tarixli əmr verilmiş, həmin əmrə əsasən o əmək funksiyasını və öhdəliyini yerinə yetirmədiyinə görə Bərdə X8 Mərkəzinin “Bük meşəbəyliyinin” meşəbəyi vəzifəsindən azad edilmiş, onunla bağlanmış “Əmək müqaviləsi” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. O, tam əsassız olaraq işdən çıxarılmışdır. Belə ki, əmrdə qeyd edilmişdir ki, onun meşəbəyi olduğu “Qarxun meşəbəyliyinin” 1, 3, 3 “a” və 4 “a” saylı meşə dolaylarının 2, 9, 11, 12, 14 və 16 saylı kvartallarında 2022-ci ildə 1 hektar bostan və 3 hektar tərəvəz, 2021-ci ildə 11,1 hektar yonca, 2018-2020-ci illərdə isə 154,2 hektar yonca əkildiyi müəyyən edilmişdir, ümumilikdə 169,3 hektar qanunsuz olaraq müxtəlif kənd təsərrüfatı bitkiləri əkilmişdir. O, əmrdə qeyd edilən bu hallarla guya 169,3 hektar meşə sahəsində kənd təsərrüfatı bitkilər əkmişdir. Bütün bunlar Nazirliyə düzgün olmayaraq verilmiş məlumat əsasında tənzimlənir. O, xx.xx.2020-ci il tarixdən “Qarxun meşəbəyliyinə” meşəbəyi təyin olmuşdur. Lakin əmrdə onun 2018-2020-ci illər ərzində meşəbəyliyində 154,2 hektar yonca əkdiyi qeyd edilir. Yeni işə qəbul olunmuş bir adam geriyə işləmədiyi illərə yəni 2018-ci ildən, 2020-ci ilə meşə torpaqlarında yonca əkinini təmin edə bilməz. Bu nə dərəcədə real və ağla batandır. İşlədiyi andan işlədiyi iş sahəsinə əmək funksiyasına müvafiq qaydada işləməklə öz vəzifəsini icra etmişdir. Qeyd olunan hallarla tamamilə razı deyil. Bundan başqa əmrdə qeyd edilir ki, o, 2021-ci ildə 11,1 hektar torpaq sahəsində yonca əkmişdir. Bu səhv qeyddir. Həmin yoncanı o əkməmiş, nə də ki, buna icazə verməmişdir. Bu hal İdarə rəhbəri Qalib Həsənov tərəfindən şəhid anası Arzu Mənsimovaya və başqa şəhid ailələrin üzvlərinə həmin sahədə yonca əkilməsinə icazə verdikdən sonra baş vermişdir. Bundan başqa əmrdə ona irad tutulur ki, 2022-ci ildə 1 hektar bostan və 3 hektar tərəvəzin meşə torpaqlarında qanunsuz əkilmişdir. O bu halı rədd edir. Belə ki, 3 ha torpaq sahəsinə şəhid anasının iki övladı şəhid olmuş Nailə Abbasova adlı şəxsin müəssisəyə müraciəti əsasında rəhbər Qalib Həsənovun birbaşa tapşırığı ilə bu xanım tərəvəz əkmişdir. Şəhid balalarını həmin tərəvəzlə saxlamışdır. 3 ha torpaq sahəsinə tərəvəzin əkilməsinə şəhid anasının istifadəsinə verilməsinə və orda əkin əkməsinə müəssisə özü icazə vermişdir. Və nəhayət, əmrdə qeydə edilən 1 ha torpaq sahəsində bostan bitkilərinin əkilməsini Bərdə X8nın direktor müavini Gülşad Əmirov tərəfindən icra edilmişdir. Burada onun heç bir rolu olmamışdır. Bu göstərişidə İdarənin rəhbəri Qalib Həsənov etmişdir. Burada onun qanunazidd və ya hüquqazidd heç bir hərəkəti və əməli olmamışdır. Cavabdeh Xidmət isə onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxarmışdır, hal bu ki, onun heç bir təqsiri olmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, əmrdə heç bir əsaslanma mövcud deyil. b) iddia tələbinə qarşı cavabdeh tərəfin münasibəti barədə məlumat

3. Cavabdeh Xidmətinin səlahiyyətli nümayəndəsi işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman iş üzrə verdiyi izahatda iddia tələbinə etiraz etmiş və verdiyi izahatında bildirmişdir ki, iddia ərizəsi ümumi ifadələrlə yazılmış, iddia ərizəsində heç bir maddi və prosessual normalara istinad edilməmişdir. İddiaçının dediyi ziddiyyətli ifadələrdən də aydın olduğu kimi, Həmkarlar İttifaqının iclası keçirilmiş və iddiaçı da həmin iclasda iştirak etmiş, bununla bağlı fotoşəkillər iş materiallarına əlavə olunmuşdur. İddiaçı, 40.000 ha torpaq sahəsi və 125 işçidən ibarət Bərdə X8 Mərkəzində meşəbəyi kimi fəaliyyət göstərən zaman tabeliyində olan şəxslər onun işə gəlmədiyini, işə məsuliyyətsiz yanaşdığını, meşə ərazisinin suvarılmadığını və həmin meşə sahəsində qeyri-kənd təsərrüfatı bitkilərinin əkildiyini bildirmiş, bu barədə iddiaçının fəaliyyətinə nəzarət edən meşə əkin mühəndisi və meşə mühafizə mühəndisi də bu barədə izahatlar vermişlər. İddiaçı özü də peşə fəaliyyəti üzrə nəzərdə tutulmuş ixtisasa malik olmasa da, bu sahə üzrə uzun müddət ixtisaslaşmış kadr olmadığından onun əməyindən istifadə olunmuşdur. Ancaq dövlətin iddiaçının işlədiyi sahə üzrə üzərinə qoyduğu vəzifələr və görməli olduğu fəaliyyət istiqamətləri var. 2017-2018-ci illərdə iddiaçı əmrlə təsdiq olunmuş qaydada meşəbəyi köməkçisi vəzifəsində çalışmaqla maddi məsul şəxs qismində çıxış edirdi. Meşəbəyi köməkçisi kimi iddiaçının vəzifə funksiyası isə Kollegiya qərarı ilə təsdiq olunmuş növbəti və qəfləti olmaqla dörd növ yoxlama tədbiri həyata keçirməli idi və bu yoxlamalar zamanı aydın olan nöqsanlar barədə xidməti təqdimatla yuxarı vəzifəli orqana müraciət etməli idi. Lakin iddiaçı meşə sahəsində qeyri-kənd təsərrüfatı bitkilərinin əkini barəsində məlumatlı olmasına baxmayaraq, bununla bağlı hər hansı tədbir görməmiş, yaxud bu barədə yuxarı vəzifəli şəxsə müraciət etməmişdir. Odur ki, meşə sahəsində iddiaçının meşəbəyi kimi fəaliyyət göstərdiyi vaxt ərzində qeyri-kənd təsərrüfatı bitkilərinin əkini olduğu üçün onun əmək fəaliyyətinə son verilmişdir. c) üçüncü şəxs barədə məlumat

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işin baxılmasına cəlb edilmişdir.

5. Üçüncü şəxs məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir.

6. Rayon Məhkəməsi işə iş üzrə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

8. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan sübutlardan görünür ki, iddiaçının xidməti meşə ərazisində taxıl, yonca və digər növdə kənd təsərrüfatı bitkiləri əkilmiş, meşə sahələrində olan mədəni meşə əkinləri suvarılmamışdır. Belə ki, “Qarxun meşəbəyliyinin” 1, 3, 3 “a” və 4 “a” saylı meşə dolaylarının 2, 9, 11, 12, 14 və 16 saylı kvartallarında 2022-ci ildə 1 hektar bostan və 3 hektar tərəvəz, 2021-ci ildə 11,1 hektar yonca, 2018-2020-ci illərdə isə 154,2 hektar yonca əkildiyi müəyyən edilmişdir. Ümumilikdə 169,3 hektar qanunsuz olaraq müxtəlif kənd təsərrüfatı bitkiləri əkilmişdir. İddiaçı, 2020-ci ilin sentyabr ayında meşəbəyi vəzifəsinə yeni təyin olanda həmin yonca sahəsinin olmasına istinad etsə də məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamenti xx.xx.2019-cu il tarixli, 27/400 saylı Bütün X8 Mərkəzlərinin və X16 və Toxumçuluğu Mərkəzinə ünvanlanmış məktubla Mərkəzlərin xidməti ərazilərində taxıl, yonca və digər növdə kənd təsərrüfatı bitkilərinini əkildiyi Mərkəzlərdə həmin meşəbəyliyin meşəbəyisi və meşəbəyi köməkçisi, habelə dolayının meşə gözətçisi ilə bağlanmış əmək müqaviləsinə dərhal xitam verilməklə yanaşı, Mərkəzin direktoru, baş meşəbəyi-direktor müavini və digər cavabdeh meşə mühafizə işçiləri barəsində də ciddi intizam tədbirləri görülməsi barədə rəsmi xəbərdarlıq edilmişdir. Həmin vaxt iddiaçı meşəbəyi köməkçisi vəzifəsində işləmiş, yəni sonradan da zəbt və qanunsuz istifadə halları ilə bağlı lazımı tədbirlər görməmişdir. Eyni zamanda 2021 və 2022-ci illərdə də “Qarxun meşəbəyliyinin” iddiaçının nəzarətində olmuş xidməti meşə ərazilərində də yonca əkini olduğu müəyyən edilmişdir. Rayon Məhkəməsi şahidlərin məhkəməyə qədər araşdırma zamanı vermiş olduqları izahatlarla məhkəmə iclasında vermiş olduqları ifadələr arasındakı ziddiyyətlərə münasibətdə bildirmişdir ki, şahidlər X10 və X7 izahatlarının latın əlifbası ilə yazmağı bilmədiklərindən özləri tərəfindən yazılmadığını, lakin oxunaraq imzaladıqlarını nəzərə alır, lakin ziddiyyətlərin mövcudluğu səbəbindən mötəbər sübut kimi qiymətləndirmir. İddianı təmin etməmiş Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları ilə təsdiq olunmur, e) apellyasiya şikayəti barədə məlumat

9. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

10. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. f) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

11. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, apelyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

12. Cavabdeh Xidmətin nümayəndələri apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməsinin əsaslarına uyğun izahat verdilər. Onlar əlavə olaraq bildirdilər ki, iddiaçı baş vermiş və Xidmət üzrə verilmiş 281/Ü saylı xx.xx.2022-ci il tarixli əmrdə göstərilən hadisələrə görə məsuliyyət daşıyır, çünki o, məsul şəxs olub. İddiaçı meşə sahəsində, sahəyə uyğun olmayan bitkilərin əkilməsinə birbaşa icazə verməsə də, həmin hallarla bağlı yuxarı səlahiyyətli şəxslərə məlumat verməli idi.

13. İş üzrə üçüncü şəxs olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir.

15. İddiaçı ilə cavabdeh Xidmət arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Əmək müqaviləsindən” görünür ki, iddiaçı həmin müqaviləyə əsasən Bərdə X8 Mərkəzinin “Bük meşəbəyliyinə” meşəbəyi vəzifəsinə işə qəbul edilmişdir.

16. Cavabdeh Xidmət üzrə xx.xx.2022-ci il tarixdə verilmiş 197/K saylı əmrdən görünür ki, iddiaçı, yuxarıda qeyd edilən “Əmək müqaviləsinə” əsasən xx.xx.2022-ci il tarixdən Bərdə X8 Mərkəzinin “Bük meşəbəyliyinə” meşəbəyi vəzifəsinə təyin edilmişdir.

17. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin xx.xx.2019-cu il tarixli, 27/400 saylı məktubdan görünür ki, Departament tərəfindən aparılmış araşdırmalar nəticəsində Mərkəzlərin xidməti ərazilərində taxıl, yonca və digər növdə kənd təsərrüfatı bitkilərinini əkildiyi müəyyən edildiyindən belə hallara yol verilən Mərkəzlərdə həmin meşəbəyliyin meşəbəyisi və meşəbəyi köməkçisi, habelə dolayının meşə gözətçisi ilə bağlanmış əmək müqaviləsinə dərhal xitam verilməklə yanaşı, Mərkəzin direktoru, baş meşəbəyi-direktor müavini və digər cavabdeh meşə mühafizə işçiləri barəsində də ciddi intizam tədbirləri görüləcəkdir.

18. “Qarxun meşəbəyliyində” tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “Qarxun meşəbəyliyinin” ümumi ərazisi 2.422 hektar olmaqla 5 meşə dolayından və 15 meşə kvartallarından ibarətdir. Meşəbəyliyin meşə dolaylarının qorunub mühafizə olunması vəziyyəti Mərkəzin xx.xx.2022-ci il tarixli 15 saylı əmrinə əsasən növbəti yaz təftişində məlum olacaqdır. “Qarxun meşəbəyliyində” dövriyyədə 234,4 hektar meşə əkinləri mövcuddur. Meşə əkinlərinin vəziyyəti cədvəl şəklində göstərilmişdir. Əl ilə xidmət aparılmayıb, alaqlıdı, mexaniki xidmət aparılır və suvarılmaya ciddi ehtiyac var. Araşdırma aparılarkən əvvəlki illərdə və təzə əkilmiş meşə əkinlərinin arasında 151,7 hektar yonca, 4,35 hektar bostan sahələri aşkarlanmışdır.

19. Hazırki iş üzrə iddiaçının Xidmətə ünvanlandığı xx.xx.2022-ci il tarixli izahatında qeyd olunur ki, təhvil-qəbul zamanı aşkar edilmiş batmış meşə əkinlərini bərpa etmişdir. Bitiş faizi payız inlentarizasiya zamanı qoyulacaqdır. Batmış əkinlərin 13,7 hektarına akt tərtib olunub və keçmiş rəhbərliyə təqdim edilmişdir.

20. İddiaçının xx.xx.2022-ci il tarixli izahatında isə qeyd olunur ki, o, 2020-ci ilin sentyabr ayında meşəbəyi vəzifəsinə yeni təyin olanda həmin yonca sahəsi 40 hektardan çox Qarxun meşə ərazisində 50 hektara yaxın Qaradeyin meşə ərazisində köhnə yonca kimi var idi və 30 hektar BMT-nin kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə əkilmiş yonca sahəsidir, qalan 40-50 hektar isə şəhid ailəsi və qazilərə müdiriyyət tərəfindən razılıq verilib, hamısı ağac arasında əkilib, qanunsuz heç bir iş görməmişdir. Yoncanın pulunu keçən il ödətdirmişdir. Bu il də noyabrın axırına kimi ödətdirəcəkdir. Onun özü meşəbəyi olaraq bir hektar belə yonca əkməmişdir.

21. “Qarxun meşəbəyliyində” tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd olunur ki, çala qazma üsulu ilə 4, 9 sahədə, akasiya, göyruş cinsində qanunsuz əkin sahəsi aşkar olunmuşdur.

22. Bərdə X8 Mərkəzinin işçiləri ilə bağlı xx.xx.2022-ci il tarixdə keçirilmiş Meşələrin İnkişafı Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin iclasının 20 nömrəli protokolundan görünür ki, keçirilmiş iclasın nəticəsi ilə qərara alınmışdır ki, Bərdə “Qarxun meşəbəyliyinin” meşəbəyisi olan İddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi tövsiyə edilsin.

23. X20 X4 əkinləri üzrə baş mühəndisi X3 xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, dövriyyədə olan meşə əkinlərinini vəziyyətini araşdırarkən komissiya üzvləri tərəfindən bir sıra nöqsanlara yol verilmişdir. 2021-ci ilin payız və 2022-ci ilin yaz mövsümündə meşəbəyliklərdə bitiş faizi aşağı olan meşə əkinlərində və meşə-bağlarda doldurma və təmir işləri aparılmışdır.

24. “Bük meşəbəyliyinin” 13 saylı meşə dolayısının meşə gözətçisi X10 izahatında bildirmişdir ki, gözətçisi olduğu bostan bitkiləri və yonca əkilmələri ilə bağlı meşəbəyi olan iddiaçıya məlumat vermişdir. Bu barədə iddiaçıdan soruşduqda sonuncu buna əhəmiyyət verməmişdir.

25. “Bük meşəbəyliyinin” 12 saylı meşə dolayısının meşə gözətçisi X1 xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, gözətçisi olduğu dolay 12, kvartal 23-25-da mövcud olan bostan bitkiləri və yonca əkilməmişdir. Qonşu meşə sahələrində olan mədəni meşə əkinləri suvarılmadığından acınacaqlı vəziyyətdədir və məhv olacaqdır.

26. “Bük meşəbəyliyinin” 11 saylı meşə dolayısının meşə gözətçisi X7 xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, gözətçisi olduğu dolay 11, 22 saylı meşə kvartalında mövcud olan mədəni meşə əkinləri suvarılmadığından acınacaqlı vəziyyətdədir və təcili suvarmaya ehtiyac vardır. Bu barədə “Bük meşəbəyliyinin” meşəbəyisi olan iddiaçıya dəfələrlə şifahi məlumat vermişdir.

27. Cavabdeh Xidmətin Bərdə X8 Mərkəzinin direktorunun Meşələrin İnkişafı Xidmətinin rəisinə ünvanlandığı xx.xx.2022-ci il tarixli təqdimatdan görünür ki, o, “Bük meşəbəyliyinin” meşəbəyisi olan iddiaçının işdən azad edilməsinə münasibət bildirməsini xahiş etmişdir.

28. Cavabdeh Xidmət üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 281/Ü saylı əmrindən görünür ki, əmək funksiyasını və öhdəliklərinin yerinə yetirmədiyinə görə “Bük meşəbəyliyinin” meşəbəyi olan İddiaçı ilə bağlanmış “Əmək müqaviləsi” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilir.

29. İddiaçının adına olan “Əmək kitabçasının” surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə “Qarxun meşəbəyliyinə” meşəbəyi köməkçisi vəzifəsinə, xx.xx.2020-ci il tarixdə isə həmin meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin edilmişdir. Onunla bağlanmış “Əmək müqaviləsinə” xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. O, xx.xx.2022-ci il tarixdə “Bük meşəbəyliyinə” meşəbəyi vəzifəsinə təyin edilmiş və onunla bağlanmış “Əmək müqaviləsinə” xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

30. İddiaçının cavabdeh Xidmətinə yazmış olduğu xx.xx.2022-ci il tarixli izahatında qeyd edilir ki, ərazisində olan kənd təsərrüfatı bitki, yonca əkini ağac arasında əkilib. 15 hektardır. 2020-ci ilin sentyabr ayından meşəbəyi vəzifəsinə yeni təyin olanda həmin yonca sahəsi 40 hektardan çox olmuşdur. Qarxun meşə ərazisində 50 hektara yaxın qaradeyin meşə ərazisində köhnə yonca kimi var idi və 30 hektar X9 kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə əkilmiş yonca sahəsidir, qalan 40-50 hektarı isə şəhid ailəsi və qazilərə müdiriyyət tərəfindən razılıq verilib, hamısı ağac arasında əkilib. Şəxsən özü qanunsuz heç bir iş görməyib. Yoncanın pulunu keçən il ödətdirmiş, cari il də noyabr ayının axırına kimi ödətdirəcəkdir. Özü meşəbəyi olaraq heç bir hektar belə yonca əkməmişdir.

31. Göstərilənlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən olunur ki, İddiaçı, onunla cavabdeh Xidmət arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Əmək müqaviləsinə” və Xidmət üzrə həmin tarixdə verilmiş əmrə əsasən Bərdə X8 Mərkəzinin “Bük meşəbəyliyinə” meşəbəyi vəzifəsinə təyin edilmişdir. Bundan 73 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Xidmət üzrə verilmiş 281/Ü nömrəli əmr ilə onunla bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

32. “Əmək müqaviləsinə” xitam verilməsinin əsası kimi əmrdə qeyd edilmişdir ki, İddiaçı tapşırılmış meşə ərazisində taxıl, yonca və digər növdə kənd təsərrüfatı bitkiləri əkilmiş, meşə sahələrində olan mədəni meşə əkinləri suvarılanmamışdır. “Qarxun meşəbəyliyinin” 1, 3, 3 “a” və 4 “a” saylı meşə dolaylarının 2, 9, 11, 12, 14 və 16 saylı kvartallarında 2022-ci ildə 1 hektar bostan və 3 hektar tərəvəz, 2021-ci ildə 11,1 hektar yonca, 2018-2020-ci illərdə isə 154,2 hektar yonca əkildiyi müəyyən edilmiş, ümumilikdə 169,3 hektar qanunsuz olaraq müxtəlif kənd təsərrüfatı bitkiləri əkilmişdir.

33. İddiaçı bildirir ki, həmin yonca sahəsi xx.xx.2022-ci il tarixdə meşəbəyi vəzifəsinə təyin olunana kimi əkilmişdi və mövcud idi.

34. Cavabdeh Xidmət isə iddiaya etirazda bildirir ki, əmrdə qeyd edilən vaxt iddiaçı meşəbəyi köməkçisi vəzifəsində işləmiş, meşə ərazisindən zəbt və qanunsuz istifadə halları ilə bağlı lazımı tədbirlər görməmişdir, baxmayaraq ki, bununla bağlı Meşələrin İnkişafı Departamentinin xx.xx.2019-cu il tarixli, 27/400 saylı məktubu ilə səlahiyyətli şəxslər xəbərdar edilmişlər (bax: hazırki qətnamənin 16-cı bəndinə).

35. Məhkəmə qeyd edir ki, “Qarxun meşəbəyliyinin” ərazisində əvvəlki illərdə və təzə əkilmiş meşə əkinlərinin arasında 151,7 hektar yonca, 4,35 hektar bostan sahələri aşkarlanmış (bax: hazırki qətnamənin 17-ci bəndinə), “Qarxun meşəbəyliyi” ərazisində çala qazma üsulu ilə 4, 9 sahədə, akasiya, göyruş cinsində qanunsuz əkin sahəsi aşkar olunmuşdur (bax: hazırki qətnamənin 20-ci bəndinə). Lakin nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə “Bük meşəbəyliyinə” meşəbəyi vəzifəsinə təyin olunmuş və təxminən 2 ay sonra da qeyd olunan hallarla onun əmək müqaviləsinə xitam verilmişdir. Bu halda, iddiaçının həmin vəzifəyə təyin olunandan əvvəl baş vermiş və onun xidməti ərazisinə aid olmayan sahədə baş vermiş hallar onun tərəfindən əmək vəzifələrinin pozulması kimi qiymətləndirərək, əmək müqaviləsinin xitamına səbəb ola bilməz.

36. Məhkəmə, cavabdeh Xidmətin istinad etdiyi Meşələrin İnkişafı Departamentinin xx.xx.2019-cu il tarixli, 27/400 saylı məktubu (bax: hazırki qətnamənin 16-cı və 33-cü bəndlərinə) ilə bağlı bildirir ki, həmin məktubla baş vermiş hallarla bağlı meşəbəyi köməkçilərinə də xəbərdarlıq edilsə də, iddiaçı, onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilən zaman həmin müqavilə üzrə meşəbəyi köməkçisi deyil, meşəbəyi vəzifəsində işləyirdi. Belə olan halda müəyyən edilir ki, işçi olan iddiaçı, onunla işəgötürən olan cavabdeh Xidmət arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Əmək müqaviləsi” üzrə Xidmət qarşısında üzərinə götürdüyü öhdəlikləri pozmamışdır. Buna baxmayaraq cavabdeh Xidmət xx.xx.2022-ci il tarixli “Əmək müqaviləsini” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən pozmuşdur. Halbuki, qeyd edilən maddi hüquq normasının mənasına görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda “Əmək müqaviləsi” işəgötürən tərəfindən ləğv edilə bilər.

37. Göstərilənləri nəzərə alındıqda müəyyən edilir ki, iddiaçının müzakirə edilən dəlillərini əsaslı, cavabdeh Xidmətin isə müzakirə edilən dəlillərini əsassızdır. Cavabdeh Xidmət tərəfindən qəbul edilmiş və iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixli, 281/Ü nömrəli əmr əsassızdır. İddianın “əmrin ləğv edilməsi və iddiaçının əvvəlki işinə bərpa edilməsi barədə” hissəsi əsaslıdır.

38. Bundan başqa, Məhkəmə bildirir ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə görə, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir.

39. Qeyd etmək lazımdır ki, istər iddiaçı tərəfindən, istərsə də cavabdeh Xidmət tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli əmrin nüsxələrindən görünür ki, əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı tarixdən ləğv edilməsi barədə məlumat göstərilməmiş, həmin hissə boş saxlanılmışdır (əmrin 3-cü bəndi).

40. Apellyasiya baxışı zamanı Məhkəmə xx.xx.2022-ci il tarixli əmrin rəsmi nüsxəsinin Məhkəməyə təqdim edilməsini cavabdeh tərəfə tapşırmış, lakin Məhkəməyə təqdim edilmiş əmrin nüsxəsindən də görünür ki, həmin nüsxə cavabdeh Xidmətdə saxlanılan əmrdən edilmiş fotosurətdir. Əmrin 3-cü bəndi yuxarıda artıq qeyd edildiyi kimi boşdur, yəni iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı tarixdən ləğv edilməsi barədə məlumat göstərilməmişdir. Həmin məlumat (“22.07.”, yəni 22 iyul) əmrdən surət çıxarıldıqdan sonra diyircəkli qələmlə əlavə edilmişdir.

41. Bununla da müəyyən edilir ki, cavabdeh Xidmət tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması ilə verilmişdir.

42. Qeyd edilən bu halı nəzərə alan Məhkəmə bildirir ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsinə görə, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

43. Göstərilənləri nəzərə alındıqda müəyyən edilir ki, iddianın “əmrin ləğv edilməsi və iddiaçının əvvəlki işinə bərpa edilməsi barədə” hissəsi əsaslıdır. Rayon Məhkəməsi qeyd edilən bu tələbləri təmin etməməklə səhv nəticəyə gəlmişdir.

44. İddiaçı tərəfindən cavabdeh Xidmətə qarşı irəli sürülmüş digər tələb ondan ibarətdir ki, əgər o, işə bərpa olunarsa onda işdən çıxarıldığı tarixdən etibarən məcburi işburaxmaya görə əmək haqqı cavabdeh Xidmət tərəfindən ona ödənilməlidir.

45. Bu tələblə bağlı Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

46. Məhkəmə qeyd edilənləri, o cümlədən iddianın “əmrin ləğv edilməsi və iddiaçının əvvəlki işinə bərpa edilməsi barədə” hissəsi əsaslı olmasını nəzərə alaraq hesab edir ki, müzakirə edilən bu tələb də əsaslı hesab edilməlidir.

47. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, iddia əsaslıdır. Rayon Məhkəməsinin iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır və formal mülahizə xarakteri daşımır.

48. MPM-nin 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

49. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 noyabr 2022-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “işə bərpa və sair tələbləri barədə” iddiası təmin edilsin. İddiaçı ilə bağlanmış 11 may 2022-ci il tarixli “Əmək müqaviləsinin” ləğv edilməsi barədə cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin qəbul etdiyi 22 iyul 2022-ci il tarixli, 281/Ü nömrəli əmri ləğv edilsin. İddiaçı əmək əvvəlki işinə - Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Bərdə X8 Mərkəzinin “Bük meşəbəyliyinə” meşəbəyi vəzifəsinə bərpa edilsin. İddiaçı, o, işdən çıxarıldığı tarixdən etibarən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar