Məhkəmə qərarları › İş №2(103)-13290/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13290/2019

31.10.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13290/2019 31.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçı nümayəndəsi, fərdi fəaliyyət göstərən vəkil X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı onun azyaşlı övladları ilə birlikdə yaşayış sahəsindən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu tarixli, 2(010)- 4208/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh və onun azyaşlı övladlarına qarşı ünvan 2 saylı fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi barədə iddia ərizəsinin təmin olunamaması qət edilmişdir. İddiaçı iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh və onun azyaşlı övladları xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X3 ünvan 2 saylı fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, ünvan 2 saylı fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun qızıdır. Lakin o uzun müddətdir ki, yəni 2005-ci ildə X4 ilə ailə quraraq evi tərk etmiş və yaşamaq üçün başqa ünvan seçmişdir. Halhazırda cavabdeh azyaşlı övladları ilə birlikdə öz həyat yoldaşına məxsus evdə yaşayırlar. Cavabdeh və onun azyaşlı övladları hal-hazırda ona məxsus olan ünvanda yaşamır. O, sözü gedən mənzillə bağlı hər hansı əqdləri, müəyyən hərəkətləri sərbəst həyata keçirə bilmir və hesab edir ki, mübahisənin yeganə yolu cavabdehin və onun azyaşlı övladlarının istifadə hüquqlarına kompensasiya ödənilmədən məhkəmə qaydasında xitam verilməsidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Onun qızı olan cavabdeh 2005-ci ildə ailə həyatı qurmuş və ata evindən köçərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamışdır və halı-hazırda da orada yaşayır. Cavadehin onun evində qeydiyyatda qalması onun mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını maneçilik törədir. Qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) X6 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, qətnamənin ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat göndərilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu halın işin baxılmasına mane olmadığını nəzərə alan Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəfin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddianın qismən təmin olunmaqla cavabdehin və onun himayəsində olan iki azyaşlı uşaqlarının Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü mədən küçəsi, 135 saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iş üzrə əsaslandırılmış yeni qətnamə qəbul edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş Suraxanı RİHB-nın Bülbülə qəsəbəsi inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.1989-cu ildə anadan olmaqla ünvan 2 saylı fərdi yaşayış evində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən və Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxxxx 2002-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin fərdi yaşayış evi xx.xx.2004-cü il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. Həmin ünvanda qeydiyyatda olan digər şəxslər: X5, X3 və digərləridir. İşdə olan arayışdan və tərələrin izahatlarından görünür ki, 2005-ci ildən faktiki ərarvad münasibətlərində olan Cavabdeh və X4 arasında nikah xx xxxxxx 2011-ci ildə rəsmi qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. Atası X7, anası Cavabdeh qızıdır. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. Atası X7, anası Cavabdeh qızıdır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh ünvan 2 saylı ünvanda qeydiyyatdadır. Cavabdeh qızı birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, o doğulandan ünvan 2 saylı fərdi yaşayış evində yaşamış və həmin yaşayış evi onun atası İddiaçı məxsusdur. O 2005-ci ildə ailə qurmuş və Maştağa qəsəbəsi Savalan yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşasa da, həmin ünvan qanunsuz tikintidir və onun həmin yaşayış evinə qeydiyyata alınması mümkün deyildir. Onun və azyaşlı övladlarının mübahisəli fərdi yaşayış evinə istifadə hüququ yarandığından iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh və onun azyaşlı övladları iddiaçının ailə üzvləri olduğundan onların həmin mənzilə istifadə hüququ yaranmışdır və məhkəmə işin faktiki hallarını və tərəflər arasında olan qohumluq münasibətini və hazırkı mövcud qarşılıqlı münasibəti nəzərə alaraq hesab etmişdir ki, iddia təmin oluna bilməz. Halbuki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 53-cü maddsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 60-cı maddəsində qeyd edilir ki, icarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Kollegiya birinci instansiya məhkəməsinin nəticəsi və əsaslandırması ilə razılaşmır və qeyd edir ki, apellyasiya baxışı zamanı müəyyən edilən işin faktiki və mübahisəsiz hallarından göründüyü kimi, iddiaçı mübahisəli fərdi yaşayış evi üzrə 2002-ci ildə qeydiyyata alınmaqla 2004-cü ildən ev onun xüsusi mülkiyyətindədir. Cavabdeh isə atasına məxsus mübahisəli evdə yaşamış, lakin 2005-cü ildə ailə quraraq daimi yaşamaq üçün başqa ünvana, yəni ərinin yaşadığı Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən fərdi yaşayış evinə köçmüş, ərinin evində 2008-ci ildə Muxtar və 2011-ci ildə Ərhan adlı uşaqları anadan olmuş və hal-hazırda orada yaşayırlar. Göründüyü kimi, Cavabdeh artıq 14 ildir mübahisəli evdə yaşamır, onun uşaqları X5 və X8 isə azyaşlı olmaqla daim anasının və atasının himayəsində olmaqla onlar da mübahisəli mənzildə yaşamamışlar. Cavabdeh özü də birinci instansiya məhkəməsində verdiyi izahatında uşaqları ilə birlikdə 2005-ci ildən mübahisəli evdə yaşamadığını göstərmişdir. Cavabdeh mübahisəli evdən istifadə hüququnun olmasını hal-hazırda əri ilə birlikdə yaşadığı fərdi yaşayış evinin özbaşına tikili olması ilə əlaqədar həmin ünvan üzrə pasport qeydiyyatına alınmasının mümkün olmaması ilə izah etmiş, lakin Kollegiya hesab edir ki, bu hal istifadə hüququnun əsası kimi qəbul edilə bilməz. Beləliklə, Kollegiya xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinin və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında göstərilənləri nəzərə alaraq belə yekun nəticəyə gəlir ki, Cavabdeh ailə quranadək mübahisəli evdən istifadə hüququ olsa da, sonradan ailə qurub daimi yaşamaq üçün ərinin evinə köçməsi və həmin vaxtdan hal-hazıradək ailəsi, o cümlədən azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşamaları ilə əlaqədar, həmin hüququnu itirdiyindən, cavabdehin azyaşlı uşaqları ilə birlikdə mübahisəli evdən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Kollegiya bu nəticəyə gələrkən həmçinin qeyd edir ki, Cavabdeh və onun azyaşlı uşaqlarının hal-hazırda mübahisəli evdən istifadə hüquqları olmadığı halda, həmin evdə formal olaraq qeydiyyatda qalmaları, iddiaçının həm də mülkiyyət hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən prosessual və maddi pozuntulara yol verərək təqdim olunmuş sübutları təmin etməmiş, hüququn tətbiqində səhv buraxmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd edilən prosessual hüquq normalarının tələbindən çıxış edən Kollegiya, yuxarıda qeyd edilənləri nəzərə alaraq və MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə qəbul olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu tarixli, 2(010)-4208/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iddia ərizəsi qismən təmin olunsun. Cavabdeh və onun uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X3 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü mədən küçəsi, 135 saylı fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar