Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1332/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İlham Kərimli və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Ramin Allahverdiyevin iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı cavabdeh təşkilatda əvvəlki vəzifəsinə - Satış Departamentində satış üzrə nümayəndə vəzifəsinə bərpa edilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, iddiaçı ilə olan əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdehin 08.09.2020-ci il tarixli, 430/K saylı əmri ləğv edilsin, iddiaçı cavabdeh təşkilatda əvvəlki vəzifəsinə - Satış Departamentində satış üzrə nümayəndə vəzifəsinə bərpa edilsin və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. İddiaçı məhkəmə iclasında bildirdi ki, satış üçün ona təhkim olunmuş ərazini təhvil verib, təhvil-təslim barədə akt tərtib olunub və məzuniyyətə gedib. Mənzuniyyət 30 gün olub, onun 15 günü öz heabına olub. Məzuniyyət bitəndən sonra işə gəlməyib. Çünki onun konkret iş yeri yoxdur, işinin xüsusiyyəti budur ki, satış üçün təhkim edilmiş ərazidə olmalıdır, ərazini isə təhvil vermişdi. Ərazini təhvil verəndə kadrlar şöbəsinin Yasin adlı əməkdaşı ona “biz çağıranda gələrsən” demişdir. Lakin onu heç kim çağırmamışdır. Sonra isə bilmişdir ki, əmrlə işdən azad olunub. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, iddiaçı satış üçün ona təhkim olunmuş ərazini təhvil verib, buna baxmayaraq işə gəlmək onun vəzifəsi idi. Lakin o, işə gəlməyib, bunun üzrlü səbəbdə olması barədə sənəd isə təqdim etməyib. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdeh təşkilatın Satış Departamentində satış üzrə nümayəndə vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsinə işəgötürənin 08.09.2020-ci il tarixli, 430/K saylı əmr ilə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin göstərişi rəhbər tutulmaqla 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib. Əmrin verilməsinə əsas olan rəsmi sənəd kimi 23.07.2020-ci il tarixli xəbərdarlıq məktubuna istinad olunub. Əmrin məzmununda başqa məlumat qeyd olunmayıb. Əmrdə istinad olunan 23.07.2020-ci il tarixli xəbərdarlıq məktubu cavabdeh tərəfindən iddiaçıya ünvanlanıb. Məktubun məzmununda qeyd olunub ki, iddiaçı 02.07.2020-ci il tarixdən etibarən işə gəlmir, bunun səbəbi barədə 2 iş günü ərzində sənəd təqdim edilməsi təklif olunur. Əmrdə istinad olunan Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə görə işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. 70-ci maddəsinin “ç” bəndinə görə bu hal əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsaslarından biridir. İşçinin işə gəlməməsi öz-özlüyündə əmək müqaviləsinin ləğv edilməsi üçün əsas deyil, işə gəlməmə üzrsüz səbəbdən baş verdikdə əmək müqaviləsi ləğv edilə bilər. Səbəb barədə məlumat vermək işçinin vəzifəsidir, əgər işçi məlumat vermirsə, işəgötürən səbəbin üzrlü və ya üzrsüz olduğunu araşdırmalıdır. Belə ki, birinci, ola bilər ki, işçi səbəb barədə məlumat vermək imkanına malik deyil. İkinci, işəgötürənin “əmək müqaviləsinin ləğvi barədə” əmri əsaslandırmaq vəzifəsi var. Bu vəzifə Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində müəyyənləşdirilib. Həmin maddəyə görə əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Əmrin əsaslandırılması üçün isə əmrin verilməsindən əvvəl işçinin işə gəlməməsinin səbəbi araşdırılmalıdır. Məhkəmə əmək müqaviləsinin ləğvini işəgötürənin əvəzinə əsaslandırmalı deyil. Belə əsaslandırma qətnamədə deyil, əmrdə göstərilir. Yəni işəgötərin əmrdə əmək müqaviləsinin ləğvini əsaslandırır, məhkəmə isə qətnamədə həmin əsası yoxlayır və qanunvericiliyə uyğun olub-olmadığını qiymətləndirir. O cümlədən nəzərə alınmalıdır ki, əmək münasibətlərində işçi üçün ən ağır məhrumiyyət yaradan tədbir əmək müqaviləsinin ləğv edilməsidir, çünki o, işini və qazancını itririr. O cümlədən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sırasında 70-ci maddənin “ç” bəndi işçi üçün ən ağır məhrumiyyət yaradan əsasdır, çünki o, başqa iş tapmaqda çətinlik çəkir. Hazırkı əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməyib. Yəni işçinin hansı tarixdə işə gəlmədiyi, bunun səbəbinin araşdırılması üçün işəgötürənin hansı tədbir görməsi və səbəbin üzrlü və ya üzrsuz olması əmrin məzmunundan aydın deyil. Əmrin verilməsinə əsas olan rəsmi sənəd kimi 23.07.2020-ci il tarixli xəbərdarlıq məktubuna istinad olunsa da, həmin məktub iddiaçıya çatmayıb. Məktubun tarixindən 3 gün sonra - 27.07.2020-ci il tarixdən başlayaraq 11.08.2020-ci il tarixədək iddiaçı koronovirus diaqnozu ilə stasionar şəraitdə müalicə alıb. O cümlədən xəbərdarlıq məktubunun məzmununda iddiaçı ilə telefon əlaqəsinin saxlanıldığı qeyd olunsa da, iddiaçı onunla telefon əlaqəsi saxlanılmadığını bildirib, cavabdeh isə telefon əlaqəsinin saxlanıldığını təsdiq edən sübut təqdim etməyib. Əmr əsaslandırılmadığına görə hesab olunur ki, əmək müqaviləsi əsassız ləğv olunub. Beləliklə, məhkəmə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “a” bəndinə, 84-cü maddəsinin 1-ci hissəsinə və 300-cü maddəsinin 1-ci hissəsinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1332/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1332/2022
21.01.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver