Məhkəmə qərarları › İş №2(103)-1334/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1334/2025

14.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1334/2025 14.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Razim qızına qarşı “kirayə müqaviləsinin ləğv edilməsi və başqa yaşayış sahəsi verilmədən yaşayış sahəsindən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-4617/2024 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə Səbail rayonu, Mətbuat prospekti, bina № 4-də yerləşən 177 №-li mənzillə bağldır (bundan sonra – mənzil). Mənzil AR Müdafiə Nazirliyinin balansındadır, xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna aiddir. 2.Mənzil Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin mənzil komissiyasının sədri (kirayəyə verən) ilə Cavabdeh1 (kirayəçinin) arasında bağlanmış xx.xx.2012-ci il tarixli 177 №li kirayə müqaviləsinə əsasən, xidməti mənzil kimi Cavabdeh1 kirayəyə verilib (iş v. 8). Belə ki, Cavabdeh1 xx.xx.1994-cü ildən xx.xx.2014-cü ilədək AR Silahlı Qüvvələrində xidmət edib, AR Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) Silahlı Qüvvələrdən ehtiyata buraxılıb. 3.Müdafiə Nazirliyi Cavabdeh1 xx.xx.2024-cü il tarixli yazılı xəbərdarlıq göndərərək mənzili təhvil verməsini tələb edib (iş v. 7).Cavabdeh1 mənzili boşaltmadığına görə Müdafiə Nazirliyi məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsində tələb olunub ki, kirayə müqaviləsi ləğv edilsin, cavabdehlər Cavabdeh1 (kirayəçi), Cavabdeh2 (kirayəçinin arvadı) və Cavabdeh3 (kirayəçinin qızı) mənzildən başqa yaşayış sahəsi verilmədən çıxarılsınlar. 5.Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin edilsin, cavabdehlər mənzildən başqa yaşayış sahəsi verilmədən çıxarılsınlar, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 7.Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Nümayəndə isə apellyasiya şikətinin əsassız olduğunu bildirdi. 8.Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.Qətnamə iddianın təmin edilməsinə aid hissədə mübahisələndirildiyinə görə, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 10.Belə ki, AR Mənzil Məcəlləsinin 103.3-cü maddəsində qeyd olunub: “Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır”. Cavabdeh1 AR Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) Silahlı Qüvvələrdən ehtiyata buraxılıb. Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə görə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verildikdə, vətəndaş həmin müqavilə əsasında kirayəyə götürdüyü yaşayış sahəsini boşaltmalıdır. 11.Bundan başqa, Cavabdeh1 mülkiyyətində başqa yaşayış sahəsi var. Belə ki, Cavabdeh1 hərbi qulluqçu kimi 20 il qüsursuz xidmət etdiyinə görə, AR Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmana əsasən, xx.xx.2023-cü il tarixli müqavilə ilə (iş v. 9) dövlət hesabına onun mülkiyyətinə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Atəşgah küçəsi, ev № 30-da yerləşən, sahəsi 76,71 kv.m olan 3 №-li mənzil verilib və həmin mənzil hazırda Cavabdeh1 mülkiyyətindədir. 12.Beləliklə, birinci instansiya məhkəməsi cavabdehlərin mənzildən çıxarılmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 13.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-4617/2024 nömrəli qətnaməsi iddianın təmin edilməsinə aid olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar