Məhkəmə qərarları › İş №2(103)-1335/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1335/2022

28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1335/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və pul” tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 İddiaçı qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-210/2021 saylı, 27.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı, Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 160.500 manat məbləğində pulun dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İlk iddia üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 2014-cü ilin yanvar ayında tanış olmuşdur və həmin vaxt o, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 72-ci məhəllədə yerləşən 64B saylı fərdi yaşayış evində yaşayırdı. O zamanlar, Yasmənin dediyinə görə ailə daxili mübahisələrdən bezdiyini və evi satıb, oğlu Gündüz ilə ayrı yaşamaq qərarına gəlmiş idi. Bu səbəbdən də, Sumqayıt şəhəri, 9-ci mkrn., 84A ünvanında yerləşən kafesini satıb, Corat qəsəbəsində torpaq sahəsi alıb, həmin sahədə yaşayış evləri tikmək niyyətində idi. Bu niyyətini həyata keçirdmək üçün ondan dəstək olmağını istədi. Belə ki, onun mühəndis-texnoloq olduğunu və tikinti-təmir işlərində təcrübəyə sahib olduğunu bilirdi. Bundan sonra cavabdeh Sumqayıt şəhəri, 9-ci mkr., 84A ünvanında yerləşən kafesini 2014-cü ilin mart ayında satıb, Corat qəsəbəsində iki ayrı torpaq sahəsi alaraq, həmin sahədə yaşayış evləri tikməyə başladı. Tikintilər başa çatdıqdan sonra cavabdeh iddiaçıya bildirmişdir ki, yaşayış sahələrinin təmirlərinə vəsaiti qalmamış, başa çatdırılması üçün iddiaçıdan 30.000 (otuz min) manat borc istəyərək bildirmişdir ki, yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 72-ci məhəllədə yerləşən 64B saylı fərdi yaşayış evini sataraq, əldə olunan vəsaitdən ona olan borcunu ödəyəcək. Cavabdehə lazım olan məbləğ onda olmadığı üçün o da, dostu və birlikdə iş gördüyü X2, 20.000 (iyirmi min) manat borc alıb, özündə olan 10.000 (on min) manat ilə birlikdə Yasəmənin səmimiyyətinə inanaraq 30.000 (otuz min) manat məbləğində borc verdi. Bir müddətdən sonra tikdirdiyi evlərdən birinin təmirinə pul çatmadığı üçün, yəni evin kombi-isitmə, kafel-metlaq, polun döşəməsi, tavanın yığılması, divar kağızının alınması üçün ondan borc istədi. O da ona inanaraq, 12.000 (on iki min) manat məbləğində kombi-isitmə, kafel-metlax, döşəmə üçün lazım taxta, tavanın yığılması üçün alçıpan və divar kağızlarını almış və ustalara ödyəcək pulunun olmadığını bildiyi üçün öz bilik bacarığından istifadə edərək, kombi-isitmə sisteminin montajı, tavan dizaynı və divar kağızlarının vurulması öz fiziki gücü hesabına etməyi təklif etmiş və oğlu Gündüzün köməkliyi ilə həmin işləri başa çatdırmışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh, Sumqayıt şəhəri, Corat qəsəbəsində tikdirdiyi evləri sataraq, 2014cü ilin noyabr ayında Sumqayıt şəhəri, H..Əliyev prospekti, "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 1-ci blokunun 16-cı saylı 3 otaq mənzilini və Sumqayıt şəhəri, 4-cü mkrn., ev 19/27, mənzil 70 saylı, 2 otaqlı mənzili almışdır. O isə, cavabdehdən ona olan borcunu istədikdə, aralarında narazılıq oldu və bildirdi ki, oğlu Gündüz ilə əri Əhmədə borcu olduğuna görə, evlərin satışından əldə olan vəsaitdən, borcları qaytarıb, qalan pul ilə həmin mənzilləri almışdır. Ona olan borcunu qısa müddətə ödəyəcəkdir. Sonradan ona o da məlum oldu ki, cavabdeh, Sumqayıt şəhəri, Corat qəsəbəsi, M.Hüseynzadə küçəsində torpaq sahəsi almış və tikinti işləri aparır. Bundan məlumatı olduğunu cavabdehə bildirdikdə, ona dedi ki, artıq oğluna olan borcunu qaytarıb, evini ayırmış, özünə də "xxxx" MTK-dən yeni mənzil almışdır. Corat qəsəbəsi, M.Hüseynzadə küçəsində almış olduğu torpaq sahəsindəki tikilini bitirdikdən sonra həmin yaşayış sahəsini satıb, satışdan əldə olunan vəsait ilə ona olan borcunu ödəyəcəkdir. 2015-ci ilin sentyabr-oktyabr aylarında Corat qəsəbəsi, M.Hüseynzadə küçəsində almış olduğu torpaq sahəsindəki tikinti işlərinin bitirilməsi üçün az bir məbləğdə borc pul istədi. O da, özündə olmadığı üçün və ona olan borclarını qısa zamanda qaytarması üçün məcbur qalıb yenidən Elyara müraciət edib, ondan 20.000 (iyirmi min) manat borc alıb cavabdehə verdi. 2016-cı ildə o borcunu istədikdə cavabdeh dedi ki, Corat qəsəbəsi, M.Hüseynzadə küçəsində olan 110 saylı evinin satılması üçün alıcı tapmağını, satıldıqdan sonra ona olan borcunu qaytaracağını qəzəbli şəkildə bildirdi. O da evin qısa zamanda satılıb, borclarını almaq üçün özünə yaxın bildiyi şəxslərə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən 110 saylı evin məsləhətli ev olduğunu bildirdi. Bu zaman dostu Elyar, Natiq adlı şəxsin həyət evi almaq istədiyini bildirdi. Natiq ilə əlaqə saxlayaraq yanına gəlməyini xahiş etdi. Natiq adlı şəxs gələrək, evdə maraqlı olduğunu bildirdi və birlikdə evə baxmağa getdilər. Natiq evə baxdıqdan sonra evi bəyəndi və almaq üçün zaman istədi. Elyar Natiqdən nə üçün vaxt istədiyini soruşduqda, Natiq, hazırda alacaqlarının olduğunu, yaxın zamanda alacaqlarını toplayıb evi ala biləcəyini bildirdi. Bu zaman o, borclarını cavabdehdən ala bilmək üçün Natiqə, dostu Elyar ilə birlikdə 50.000 (əlli min) borc verdi ki, cavabdeh evin behini versin. Natiq, ev üçün Yasəmənə 50.000 (əlli min) beh verdi. O, cavabdehdən əlində pul olduğunu bilib, borcu istədi. Cavabdeh həmin puldan iddiaçıya olan borcundan 25.000 (iyirmi beş) manatı geri qaytardı və 87.000 (səksən yeddi min) manat borcunu qısa zamanda ödəyəcəyini bildirdi. Bundan sonra cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində torpaq sahəsi alıb və tikintisinə başladı. Bu zaman cavadeh ona, həmin evin tikintisində ortaq olmağını və həmin evin satışından əldə olunan vəsait ilə ona olan borcunu tam olaraq bağladıqdan sonra qalan pula şərik olmağını təklif etdi. O da bilik və bacarağına əsaslanaraq gördü ki, tikintinin başa çatması üçün yenidən vəsait tələb olunacaq. Bu səbəbdən də bu təklif ilə razılaşmayaraq, ondan olan borcunu istədi. Bir müddətdən sonra xəbər tutdu ki, evin tikintisi başa çatmayıb, ailə daxilində mübahisə baş verib və cavabdeh, avtomobilini sataraq, evin tamamlanmasına xərcləmişdir. Bundan sonra cavabdeh, 2017-ci ilin oktyabr 21-də yaşadığı ünvana gələrək, onun ad gününü təbrik edib, ona olan hörmətinin sonsuz olduğunu, ona qarşı etdiyi əməllərindən peşman olduğunu, ona, ailəsinə və ətrafına zərər verməyəcəyinə and içib, qarşısında xəcalətli olduğunu, pis vəziyyətdə olduğunu, göz yaşı tökərək bildirdi ki, oğlunun təhsil haqqını ödəməkdə çətinlik çəkir, avtomobilini satdığına görə işləri yolunda getmir, son dəfə bir yaxşılıq edərək, ondan idarə etmək üçün avtomobil almağa köməklik göstərməyimi xahiş etdi. O da, aralarındakı münasibətin xatirinə, baş vermiş mübahisələrin üzərindən xətt çəkərək səhəri gün işlədiyi müəssisədə oğlu Gündüzü yanına çağırıb, (X7, AZPİM MMC-də mühəndis vəzifəsində işləmişdir) qardaşı Saminin təhsil haqqı olan 4000 (dörd min) manat pulun ödənilməsi üçün Gündüzə verdi. Bundan sonra “TURBO.AZ” internet saytında axtarış edib, 2013-cü il buraxılışlı Ford Kuga markalı avtomobili bəyənib, sahibi Elçin adlı şəxs ilə əlaqə yaradaraq avtomobili almaq istədiyini bildirdi. Avtomobilin dəyəri 27.000 (iyirmi yeddi min) manat idi. Avtomobilə baxdıqdan sonra əmin oldu ki, avtomobil sağlamdır və qiymətdə razılığa gələrək 26.500 (iyirmi altı min beş yüz) manat məbləğində pulu avtomobilin sahibinə ödəyərək aldı. 29.12.2017-ci ildə ban nömrəsi WF0AXXWPMADU04894 olan DU04894 motor nömrəli, 2013-cü il buraxılışlı Ford Kuga markalı avtomobil, cavadehin istəyi ilə 99- MJ-525 d.q.n və ADİ35264 serialı qeydiyyat vəsiqəsi ilə cavabdehin adına rəsmiləşdirdi. Bundan əlavə 22 iyul 2016-cı ildən etibarən 14 sentyabr 2018-ci ilədək geri qaytarmaq şərti ilə "xxxx"dakı kart hesabından Cavabdeh1 "xxxx"dakı 4127-2112-8880- 0348 saylı kart hesabına 18.000 (on səkkiz min) manat məbləğində pul borc olaraq köçürmələr olmuşdur. Son olaraq 2018-ci ilin mart ayında cavabdeh ondan xahiş edərək, kosmetoloq ixtisasına yiyələnmək üçün tələb olunan 800 (səkkiz yüz) manat, sertifikat almaq üçün 2000 (iki min) manat və bəzi kosmetoloji prosedurların aparılması üçün avadanlıq və ləvazimatlara təxminən 15.000 (on beş min) manat məbləğində pul lazım olduğunu bildirib, ondan borc istədi. O da 25 mart 2018-ci il tarixdə yenidən Elyardan 25.000 (iyirmi beş min) manat borc alaraq cavabdehin oğluna zəng edərək, yaşadığı ünvanda əri Əhməd və oğlu Gündüzün gözü önündə həmin pulu cavabdehə verərək, bildirdi ki, ona olan borclarını qısa müddət ərzində ödəməsini istədi. Bundan sonra cavabdeh ilə aramızda olan münasibət pisləşdi. Bu zaman cavabdehlə görüşüb, mənə olan borclarını nə zaman və nə şəkildə ödəmək istədiyini soruşduqda cavabdeh ilə aramızda mübahisə başladı. Bu zaman o, bildirdi ki, Sumqayıt şəhər, Corat qəsəbəsi, Sülh küçəsi, ev 210C saylı mənzili satışa çıxardığını, satışdan gələn vəsait hesabına ona olan bütün borclarını ödəyəcəkdir. Lakin, hal-hazırda cavabdeh ona olan borcunu ödəməkdən imtina edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Həmçinin, ilkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1, məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbləri daxilində iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh1 mövcud borca görə 163,500 manat, borc öhdəliyinin vaxtında yerinə yetirilmədiyinə görə həmin məbləğin 7,5%-i kimi hesablanmış 12,262 manat, hüquqi xidmət göstərilməsinə görə 300 manat və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində yerlən 210C saylı evin, ünvan 3 ünvanında yerləşən 70 saylı mənzilin və **-MJ-*** saylı dövlət qeydiyyat nişanlı, mühərrik DU04894, Ban nömrəsi WF0AXXWPMADU04894 olan, 2013-cü il buraxılışlı, “Ford Kuga” minik markalı, avtomobilin Cavabdeh1 tərəfindən qızı Cavabdeh2 adına özgəninkiləşdirilməsinə dair müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Eyni zamanda Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan 455000 manat, 390000 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulub xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı 2012ci ilin oktyabr ayında ailəsi ilə birlikdə Bakı şəhərindən gəlib Sumqayıt şəhərində yaşamağa başlamışdır. Həmin ərəfələrdə o, Bakı şəhərində özüməməxsus mənzili və obyekti satdığı üçün onda 650.000 ABŞ dolları var idi. Qarşılıqlı iddiaçı həmin pula daşınmaz əmlak almaq qərarına gəldi və bu barədə əmlakçılara dedi. Həmin məbləğə evlər, obyektlər sənədli, sənədsiz aldı. Təmir edib sənədləşdirib onlardan aldığı qiymətdən əlavə vəsait əldə edirdi. Beləliklə, o ailə biznesini genişləndirmişdir. O, 2014-cü ilin yanvar ayının 6-da İddiaçı ilə tanış olmuşdur. Onunla tanış olduqdan sonra o, Elmirin "xxxx" MMC-nin İstehsalat zavodunun tikintisi ilə məşğul olduğunu və hər ay 600 manat maaş aldığını bildi. O, bundan əlavə Elmirin 2013-cü il tarixdə işsiz və yoxsul olduğu üçün bezərək Naxçıvan MR-da ailəsini atıb Bakı şəhərinə gəldiyini də özündən eşitmişdir. O, tanış olduqdan sonra Elmir onunla iş birliyi yaratmaq istədiyini bildirən zaman ona və ailəsinə yaxınlıq etməyə başladı. Belə ki, Elmir bir neçə dəfə onu işlədiyi zavoda apararaq onu zavodla tanış edib gələcəkdə zavodun böyük gəlirlər gətirə biləcəyinə inandırmağa çalışdı. Həmin zavod 2014-cü ilin yanvar ayında tikildikdən sonra Elmir həmin zavodda istehsalçı kimi qaldı. Elmir onunla tanış olduqdan sonra ona Sumqayıt şəhər ərazisində mənə məxsus bir neçə evlərin, obyektlərin olması məlum oldu və zavodun tam işə düşməsi üçün həmin evlərin, obyektlərin satılmasını ona təklif etdi. Onunla razı olmayan zaman Elmir ona zavodun gəlirindən qalan gəlirdən ona də verəcəyini söylədi, o və ailəsi də evlərin və obyektlərin satılıb ona kömək etməyə razı oldu. Elmir 2014-cü ilin fevral ayında mənə zavodda avadanlıq almaq üçün Türkiyə Respublikasından sifariş verdiyini, buna görə ona təxminən 200.000 ABŞ dollarıma yaxın pul lazım olduğunu, lakin işlədiyi MMC avadanlıq almaq üçün hal-hazırda pulu vermədiyini, avadanlıq alındıqdan sonra MMC pulu verəcəyini söylədi. MMC-dən pul alanadək ona həmin məbləği verməyini ondan xahiş etdi. Buna görə yuxarıda qeyd etdiyi əmlakların satılması üçün bütün əmlakçılara məlumat verdi. O, 2014-cü ilin mart ayında 2012-ci il tarixində almış olduğu Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən kafeni əmlakçı İlqar vasitəsilə 85.000 ABŞ dollarına Azad adlı şəxsə, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 72-ci məhəllə,ev 64B ünvanında olan 2 mərtəbəli həyət evini əmlakçılar olan İlqar, Zaman və Tehran adlı şəxslərin vasitəsilə Murad adlı şəxsə 125.000 ABŞ dollarına satdı. Pul verdiyi sübutlar sorğuya cavab olaraq Sumqayıt şəhər Polis idarəsinin 4-cü polis bölməsində şahidlərin özlərinin verdiyi izahatlarda bildirilib. Mən ona hissə-hissə 210.000 ABŞ dolları verdi. Elmir 2014-cü ilin iyul ayının 23-də zavodun müsahibi olan Heydər ilə birlikdə Türkiyə Respublikasına gedib zavod üçün avadanlıq aldı. Avadanlığı 2014-cü ilin sentyabrında quraşdırdılar. Xaricdən mütəxəssislər gəlib öyrətdilər. 2014-cü ilin oktyabr ayının axırma zavod istehsala hazır oldu. Zavod istehsala hazır olduqdan sonra xammal olan taxta lazım oldu. Qarşılıqlı iddiaçı zavodda istifadə olunması üçün nəzərdə tutulmuş xammalı almaq üçün qohumu Əlyar ilə onu tanış etdi. Əlyar əvvəlcə Elmiri tanımadığı üçün ona köməklik etməyə razı olmadı, lakin Əlyar həyat yoldaşı olan Əhmədi tanıdığına görə razılaşdı və Əlyar 400.000 ABŞ dolları kredit borcu olduğu üçün Elmirə nisyə mal vermədi. Qarşılıqlı iddiaçı 2014-cü ilin oktyabr ayında Sumqayıt şəhəri, Corat qəsəbəsi, 575 K ünvanını 95.000 ABŞ dollarına əmlakçı olan Zaman və Tehran vasitəsi ilə, onun yanında olan digər evi isə noyabr ayında 85.000 ABŞ dollarına əmlakçı vasitəsi ilə satmış və hissə-hissə ona vermişdir. 2014-cü ilin mart ayında həmin evlərin tikintisini tamamlasa da, sənədlərini 2014-cü ilin oktyabr ayında əldə etmişdir. Elmir hətta satmış olduğu həmin evlərdə divar kağızlarının vurulmasında usta kimi işləmiş və ondan pul almışdır. Elmirin ondan avadanlıq üçün aldığı 210.000 ABŞ dollarını MMC ona geri qaytarsa da, Elmir həmin pulu ona verməmişdir. Belə ki, həmin pul ilə də xammal olan taxta aldı. Elmir pulların əvəzinə ikisinin razılığı ilə Bakı şəhərində yerləşən “Ağ şəhər” adlanan yerdən yuxarısı 116 kvadrat, aşağısı 200 kvadratlıq qeyri-yaşayış sahəsi almışdır. Elmir 116 kvadratlıq qeyri-yaşayış sahəsinin yarısını Əlyar adlı şəxsin, yarısını isə öz adına sənədləşdirdi. O, həmin vaxt buna etiraz edən zaman Elmir ilə ikisinin razılığı ilə paylarına düşən 256 kvadratlıq qeyri- yaşayış sahəsini onun atasının yəni, X4 adına sənədləşdirdi. O, həmin qeyri-yaşayış sahəsini təmir elətdirib, adını “ELSEV” qoymuş və gözəllik salonu kimi gələcəkdə onun işlədəcəyini planlaşdırmışdır. Elmir 2016-cı ilin əvvələrində işlədiyi zavodda müəyyən problemlər olduğunu və pul lazım olduğunu söylədi. Elmir ona məxsus Corat qəsəbəsində olan 2 mərtəbəli evi dostu Natiqə 95.000 ABŞ dollarına 2016-cı ilin fevral ayında satıb pulunu götürdü. Elmir həmin ilin may ayında ona məxsus Sumqayıt şəhəri, 19cu məhəllə ərazisində yerləşən 3 otaqlı mənzili 85.000 AZN-ə əmlakçılar olan Zaman və Tehrana satdı. Belə ki, ilkin olaraq Elmirə 40.000 AZN verildi, qalan 45.000 manat pul 2016ci ilin avqust ayının əvvəllərində verildi. Elmir pulu götürüb yenə Heydər ilə ailələri ilə birlikdə həm istirahət, həm də ordan avadanlıq almaq üçün Türkiyə Respublikasına getdi. 2017-ci ilin aprel ayında Elmirə 180.000 manat pul lazım olduğu üçün ona müraciət etdi. O, artıq pul olmadığı üçün ona pul verməkdən imtina etdi. Lakin həmin ayda Sumqayıt şəhərində yerləşən “Kapital bank”dakı hesabından 25.000 manat ona verdi. Lakin aralarında mübahisə olduğu üçün Elmir gətirib pulu həyat yoldaşının və oğlunun yanında ona qaytardı və 3 gün sonra yenə də ondan üzr istəyərək oğlu və yoldaşının yanında pulu ondan geri götürdü. Lakin bu pul avadanlıq almaq üçün yetərli olmadığına görə ona məxsus mənzili Sumqayıt şəhərində yerləşən "xxxx"da girov qoyub 83.000 ABŞ dolları pul götürdü. Bunlardan başqa 2016-cı ildən 2019-cu ilə qədər özünün və oğlu Gündüzün adından Elmirin "xxxx"da olan hesablarına ümumi 250.000 manat pul köçürmüşdür. Beləliklə o, Elmirə 2014-cü ilin mart ayında 85.000 ABŞ dolları, mart və may aylarında hissə-hissə 125.000 ABŞ dolları, noyabr ayında 85.000 ABŞ dolları, dekabr ayında 95.000 ABŞ dolları; 2016-ci ilin fevral ayında 95.000 manat, avqust ayında 85.000 manat; 2017-ci aprel ayında 25.000 manat pul vermişdir. O, 2019-cu ilin avqust ayının 21-nə qədər Elmirin pulunu qaytaracağına inanmışdır. Təəssüflər olsun ki, Elmir bu tarixdə məni SŞPİ-nin 4-cü polis bölməsinə şikayət etmişdir və bundan sonra ona aydın olmuşdur ki, onu bu vaxtacan aldadıbmış. Zavoda, direktorun yanma gedən zaman onunla söhbət zamanı o bildirdi ki, Elmirin zavodda heç bir payı yoxdur, o burada yalnız maaşa işləyən fəhlədir. Direktor söhbət zamanı onuda bildirmişdir ki, müəssisənin ona heç bir borcu yoxdur, alınan pulların hamısı geri qaytarılmışdır. Bilmişdir ki, Elmir onun pulu ilə özünə Ağ şəhərdə ondan xəbərsiz iki mənzil alaraq təmir etdirmiş, bundan başqa Bakı şəhəri Yasamal rayonunda təmirli bir mənzil və 2-3 bahalı maşın almışdır. Onu da qeyd etmək istəyir ki, aldıqlarından onun xəbəri olmasın deyə, Naxçıvan MR-dan gəldiyi vaxtdan 2019-cu ilə qədər kirayə evdə qalmışdır. Onun kirayədə qaldığını gördüyü üçün ona 2018-ci ilin iyun ayında Sumqayıt şəhərində 1 otaqlı ev təşkil etmiş və 2019-cu ilə kimi birlikdə həmin evi təmir elətdirmişlər. Bundan başqa o, bu neçə ildə onun xəbəri olmadan avtomobillərinə izləyici cihaz, evinə və teləfonuna isə trek qoyaraq onun hərəkətlərindən xəbərdar olmuş, ailədə hər hansı bir pul söhbəti olduğu zaman bundan xəbərdar olmuş və müdaxilə etmişdir. Bunu da özü vəkili Yunis Məmmədovun yanında etiraf etmişdir. Bununla bağlı səs yazması da vardır. Beləliklə hazırda İddiaçı ona 455000 manat, 390000 ABŞ dolları məbləğində borcu vardır. Daha doğrusu o, həmin məbləğdə pulu dələduzluq yolu ələ keçirmiş, əsassız varlanmışdır.

6. Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Elmir Kamil oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncudan 250000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. X7, ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə tələb olunan məbləğlərin əksəriyyəti onun tərəfindən ödənildiyi üçün hazırkı iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi iddia qaldırmışdır. O, cavabdeh İddiaçı məxsus "xxxx"da yerləşən bank hesabına 250000 manat məbləğində pul köçürmüşdür. Həmin qəbzlərin bir qismi ondadır və qarşılıqlı iddia ərizəsində anası tərəfindən məhkəməyə təqdim edilmişdir. Digər qəbzləri isə itirmişdir, lakin onun hesablarına görə bu məbləğ 250000 manat təşkil edir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-210/2021 saylı, 27.07.2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Zaur Hacıyev).

9. Həmin qətnamədən narazı qalan İddiaçı, Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayətləri və dəlilləri:

10. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamənin səkkizinci səhifəsinin, birinci abzasında qeyd edir ki, tərəflərin birinin digərinə pul verilməsi təsdiq olunmur. Lakin növbəti cümləsində qarşılıqlı iddia üzrə iddiaçı ad gününə kart açılmasının və hesabına müəyyən məbləğdə iddiaçı tərəfindən pul köçürüldüyü inkar etmədiyini qeyd edir. Bu da cavabdeh tərəfindən ona bank hesabının açılmasına və həmin hesaba pul köçürülməsinə dəlalət edir. Həmçinin məhkəmə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etmək vəzifəsini qoyduğunu bildirərək, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin mülki qanunvericiliklə ümumi qaydalanmn müəyyən olunduğunu qeyd edərək, Mülki Prosessual Məcəllənin 77.1-ci, 14.2ci və 88-ci maddəsinə istinad etmişdir. Lakin cavabdeh Yasamən Məmmədovanın dolayısı ilə iddiaçı tərəfindən ona bank hesabının açılmasını və iddiaçı tərəfindən həmin hesaba pulun köçürülməsinə qiymət verməmişdir. Bundan başqa məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dindirilmiş şahid X8 ifadəsində bildirmişdir ki, Cavabdeh1 isə qiyabi tanıyır, belə ki, Elmir işlədiyi bankda Yasəmənin adına kart açdırmış və ora mütəmadi olaraq yalnız iddiaçı tərəfindən pulun köçürüldüyünü, lakin pulun məbləği yadında olmadığını qeyd etmişdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən “sübutların məhkəmə qaydasında tələb edilməsinə” dair vəsatətlə məhkəməyə müraciət edərək, Cavabdeh1 "xxxx" ASC-də olan AZ25İBAZ******************** saylı bank hesabına 01.01.2016-cı ildən - 01.01.2020-ci ilə qədər olan müddət ərzində daxil olmuş pul vəsaitlərini ödəmiş şəxslər barədə məlumatların Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilməsini tələb edilməsini xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7578/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qərardadı ilə vəsatət təmin edilərək, Cavabdeh1 Azərbaycan Beynəlxalq Bankında olan AZ25İBAZ******************** saylı bank hesabına 01.01.2016-cı ildən - 01.01.2020-ci il tarixədək köçürülmüş vəsaitlər barədə məlumatın "xxxx" ASC-ti tərəfindən məhkəməyə göndərilməsi qərara alınaraq, qərardadı icra olunması üçün 24.12.2019-cu il tarixli məktubla "xxxx" ASC-yə göndərilmişdir. Lakim bank qərardadı icra etməmişdir və məhkəmə qərardadın icra olunması istiqamətində təşəbbüs göstərməyərək, cavabdehin bank hesabına pul vəsaitlərinin köçürülməsi ilə bağlı "xxxx" ASC-yə heç bir əlavə sorğu və ya məlumatla müraciət etməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi, işə formal, geyir obyektiv, qərəzli və birtərəfli baxaraq, ilkin iddia tələbinin əsaslandıran mötəbər sübutların olmasına hüquqi qiymət yerməmişdir və müvafiq məlumatın əldə olunmasına zərurətin yaranmasına baxmayaraq, həmin sübutlar məhkəmə tərəfindən tələb olunmamışdır.

11. Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs G.Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsası kimi istinad edilən halları təsdiq edən sübutlar məhkəməyə təqdim olunsa da hakim həmin sübutların heç birinə hüquqı qiymət verməmiş, ümumiyyətlə təqdim edilən və məhkəmə qaydasında müvafiq bankdan əldə olunmuş sübutlara məhkəmə istinad etməmişdir. Belə ki, qəbzlər məhkəməyə təqdim olunmuş, olmayan qəbzlərin kötüyü isə, vəsatət əsasında qismən də olsa məhkəmə sorğusu ilə əldə edilmişdir, məhkəmə bizim məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməsi barədə vəsatəti təmin etməsə də müstəqil qaydada ekspertiza təşkilatına müraciət olunmaq ekspert rəyi alınmış və təqdim edilmiş qəbzlərdə ödəyici qismində ilkin iddiaçının adının yazılmasına baxmayaraq, X3 imzasının olduğu, bununla da məbləğlərin Cavabdeh1 tapşırığı əsasında X7 tərəfindən İddiaçı adına olan hesablara köçürüldüyü tam sübuta yetirilmişdir. Məhkəmə isə heç bir sübut olmadan qərəzli şəkildə bu qənaətə gəlmişdir ki, guya müstəqil tələb irəli sürən şəxs iddiaçının yanında işlədiyindən onun tapşırığı əsasında həmin pulları iddiaçının hesabına köçürmüşdür. Yəni şəxs tapşırıq müqaviləsinin şərtlərinə əməl etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsini rəhbər tutaraq 3-cu şəxs kimi iddia edən X7 zavodun işçisi olaraq İddiaçı ilə arasında olan heç hər hansı müqavilə (vəkalətnamə) əsasında banka zavodun pullarını öz hesabına köçürüb. X7 "xxxx" zavodunda mühəndis vəzifəsində işləyib, zavodun heç bir hesabat pul işləri görməyib. Zavodun 3 mühasibatçısı var və bütün pul mədaxil və məxariclən köçürmə bank yolu ilə həyata keçirilir. X7 anası Cavabdeh1 tapşırığı ilə pul vəsaitləri zavodun hesabına yox qəbzlərdə göründüyü kimi İddiaçı şəxsi cari hesabına köçürmüşdür. Məhkəmənin bu qənaətinin qərəzli və əsassız olması onunla sübut olunur ki, əgər həqiqətən də müstəqil tələb irəli sürən şəxs iddiaçının yanında işlədiyindən onun tapşırığı əsasında həmin pulları iddiaçının hesabına köçürmüşdürsə,həmin ödəmə qəbzləri nə üçün iddiaçıda deyil, cavabdehdədir. Nə üçün iddiaçı məhkəməyə ən azından cavabdehin itirmiş olduğu digər qəbzləri təqdim elməmişdir. Əlbəttə o belə bir qəbz təqdim edə bilməzdi, çünki həmin qəbzlər onda ola bilməzdi. Tərəflərin izahatları:

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qarşı tərəfin şikayətinin təmin edilməməsini, qətnamənin ləğv edilərək ilkin iddianın təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qarşı tərəfin şikayətinin təmin edilməməsini, qətnamənin ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə digər cavabdehə və müstəqil tələb irəli sürən üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

16. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, İddiaçı, Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

17. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə iddia tərəfinin təşəbbüsü ilə dindirilmiş şahid X8 ifadəsində bildirmişdir ki, o, 2013-cü ildən 2020-ci ilədək Beynəlxalq Bankın Sumqayıt filialında müdir müavini işləmişdir. İddiaçı bankda işlədiyi vaxtdan bir müştəri kimi tanımışdır. O, VİP müştəri kimi hesab açdırmış, habelə “Gold” və “Platium” kartlar da verilmişdir. Bəzən Elmirin işinin çoxluğu ilə əlaqədar banka gələ bilmədiyindən xahişini nəzərə alıaraq göndərdiyi işçi vasitəsilə hesabına pul qoydururdu, dəfələrlə işçisini özü qarşılaşmışdır. Bəzən isə Elmir pulu ona göndərir və buna səlahiyyəti çatdığından pulu hesaba birbaşa özü mədaxil edirdi. Ümumiyyətlə hesaba pul mədaxil edilən zaman qəbzdə bunu icra edən şəxsin adı qeyd edilir. Cavabdeh1 isə qiyabi tanıyır. Çünki, Elmir işlədiyi bankda Yasəmənin adına kart açdırmış və ora mütəmadi olaraq yalnız Elmir pul köçürürdü, lakin pulun məbləği yadında deyil. Hüquqi dəyərləndirmə:

18. Kollegiya iş materiallarına, apellyasiya şikayətlərinin dəlillərinə əsasən birinci instansiya məhkəməsinin övqeyi ilə razılaşaraq hesab edir ki, tərəflərdən birinin digərinə pul verməsi faktı müəyyən olunmadığından tərəflər arasında borc münasibtlərinin olması öz təsdiqini tapmır.

19. Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, ilkin və qarşılqlı iddiaçının münasibətləri yaxın olmuş, ilkin iddiaçı tərəfindən qarşılıqlı iddiaçının ad gününə "xxxx" ASC-dən kart hədiyyə edildiyi və həmin hesaba 18000 manat pul köçürüldüyü, qalan pulları isə sənədsiz verildiyi iddia edilmiş, qarşılqlı iddiaçı ad gününə kart açılmasının və hesabına müəyyən məbləğdə iddiaçı tərəfindən pul köçürüldüyü inkar etməsə də, kartı öz vəsaiti hesabına açdığını və iddia olunan 18000 manatın onun hesabına iddiaçı tərəfindən köçürülməsi iddiasını qəbul etməmişdir. Əksinə onun tərəfindən əmlakları sataraq iddiaçıya iş qurulması üçün pul verdiyini və sonradan iddiaçı həmin pulların mənimsədiyini qeyd etmişdir.

20. Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC-dən pul vəsaitinin mədaxil edilməsi barədə qəbzlərin kötüyünün əsillərinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Həmin sorğuya cavab olaraq bildirilmişdir ki, daxil olan vəsait mobilbank vasitəsilə ABB ASC-nin digər filiallarından nəğd mədaxil edilmişdir. Köçürmələrin təyinatında ödənişin İddiaçı tərəfindən mədaxil edilməsi barədə hər hansı məlumat qeyd edilməmişdir. Bu səbəbdən vəsaitlərin məhz onun tərəfindən ödənilməsini müəyyən etmək mümkün deyildir.

21. Kollegiya qeyd edir ki, bankda hesabın açılması və həmin hesaba pulun köçürülməsi özlüyündə tərəflər arasında borc münasibətinin olmasına dəlalət etmir. Çünki, sözgedən bank hesabına mədaxil edilən məbləğin iddiaçı tərəfindən yerinə yetirilməsi iş materialları ilə, eyni zamanda bankın məhkəmənin soğusuna verdiyi cavab məktubu ilə öz təsdiqini tapmır.

22. İddiaçı apellyasiya şikayətində məhkəmə tərəfindən bankdan müvafiq sənədlərin alınması ilə bağlı qərardadın icrası ilə bağlı hər hansı hərəkətin edilməməsi bildirilmişdir.

23. Kollegiya bununla bağlı qeyd edir ki, məhkəmənin qərardadı bank tərəfindən icra olunmuş və cavab məktubunda daxil olan vəsaitin mobilbank vasitəsilə ABB ASC-nin digər filiallarından nəğd daxil mədaxil edilməsi, köçürmələrin təyinatında ödənişin İddiaçı tərəfindən mədaxil edilməsi barədə hər hansı məlumatın qeyd edilməməsi, bu səbəbdən vəsaitlərin məhz onun tərəfindən ödənilməsini müəyyən etməyin mümkün olmaması bildirilmişdir.

24. İddiaçı apellyasiya şikayətində vurğulayır ki, məhkəmə qətnamənin səkkizinci səhifəsinin, birinci abzasında qeyd edir ki, tərəflərin birinin digərinə pul verilməsi təsdiq olunmur. Lakin, növbəti cümləsində qarşılıqlı iddia üzrə iddiaçı ad gününə kart açılmasının və hesabına müəyyən məbləğdə iddiaçı tərəfindən pul köçürüldüyü inkar etmədiyini qeyd edir.

25. Kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, kollegiya iclasında həmin məsələyə aydınlıq gətirilən zaman Cavabdeh1 bank hesabına iddiaçı tərəfindən 18000 manat pul vəsaiti mədaxil edilməsini inkar etdiyini, kartına pulun mədaxil edildiyini, lakin iddiaçı tərəfindən mədaxil edilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatı ilə yanaşı karta mədaxilin iddiaçı tərəfindən edilməsinin iş materialları və bankın sorğuya cavab məktubu ilə öz təsdiqini tapmaması hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə qətnaməsində ziddiyyət mövcud deyildir.

26. Müstəqil iddia tələbi ilə qarşılıqlı iddiaçının oğlu çıxış etmiş və iddianın əsası kimi qarşılıqlı iddiaçının ilkin iddiaçıya oğlu vasitəsi ilə pul verməsinə istinad edilmişdir. Müstəqil tələb irəli sürən iddiaçı ilkin iddiaçının vasitəsi ilə işə düzləməsi işin mübahisəssiz halıdır.

27. İlkin iddiaçının bankı hesabı üzrə alınmış çıxarışdan görünür ki, mütəmadi olaraq müxtəlif miqdarda pul vəsaiti ilkin iddiaçının hesabına mədaxil və məxaric olunur. Həmin pul vəsaitini mədaxil edən şəxslər sırasında müstəqil tələb irəli sürən şəxsin adı vardır. Bununla bağlı kollegiyanın gəldiyi qənaətə görə, müstəqil tələb irəli sürməyən şəxs iddiaçının yanında işlədiyindən onun tapşırığı əsasında həmin pulları iddiaçının hesabına köçürmüşdür. Yəni şəxs tapşırıq müqaviləsinin şərtlərini əməl etmişdir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

29. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

30. Kollegiya sadalanan xüsusatlara əsasən qeyd edir ki, ilkin və qarşılıqlı iddia tələbləri üzrə tərəflər arasında borc münasibətlərinin olması öz təsdiqini tapmadığından iddia tələblərinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə müvafiq olmuşdur.

31. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

34. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Beləliklə, kollegiya hesab edir ki, iş materialları ilə tərəflər arasında borc münasibətlərinin olması iş materialları ilə sübuta yetirilmədiyindən, bank hesabına köçürülmüş vəsaitin iddiaçı tərəfindən mədaxil edilməsi öz təsdiqini tapmadığından ilkin və qarşılıqlı iddia tələblərinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

38. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı, Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı, Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-210/2021 saylı, 27.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar