Məhkəmə qərarları › İş №2(103)-1338/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1338/2022

07.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1338/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı1 nümayəndəsi X3 və qətnamə ilə hüquq və vəzifələrinə toxunan İddiaçı2 vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4981/2019 saylı, 20 sentyabr 2019-cu il tarixli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunan İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.İddiaçı1 ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanmış, bu nikahdan 17 iyun 2013-cü il təvəllüdlü Sevda və 07 iyul 2014-cü il təvəllüdlü Nicat adlı uşaqları vardır. 2.Neftçala Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli 2(053)-1090-1/2017 nömrəli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, 17 iyun 2013-cü il təvəllüdlü Sevda və 07 iyul 2014-cü il təvəllüdlü Nicatın atalarının yanında qalması qət edilmişdir.

3. Şirvan Apellyasiya Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli, 2(106)-3187/2017 nömrəli qətnaməsi ilə Neftçala Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli 2(053)-1090/2017 nömrəli qətnaməsi dəyişdirilərək 17 iyun 2013-cü il təvəllüdlü Sevda və 07 iyul 2014-cü il təvəllüdlü Nicatın analarının yanında qalması və uşaqlar üçün aliment tutulması qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı1 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və himayəsinə verilmiş azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 ünvan 4anında yerləşən evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Tələbdə göstərir ki, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşdur. Həmin tarixdən 2017-ci ilin sentyabr ayınadək bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü qızı X9 və xx.xx.2014-cü il təvəllüdlü X10 dünyaya gəlmişdir. Onlar 2013-cü il tarixdə birgə nikah dövündə qazanılmış maddi vəsait hesabına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivi, ev 1 ünvanda Cavabdeh adına torpaq sahəsi alaraq 19B nömrəli evi tikmişlər. ünvan 4anda yerləşən evi tikdikdən sonra yoldaşı ilə həmin evə köçmüş və orada yaşamağa başlamışlar. Cavabdeh həmin dövrdə Quba rayonunda işlədiyindən, eləcə də maddi imkanları yaxşı olmadığından 2016-cı il tarixdə Quba rayonundan da torpaq sahəsi alaraq orada da bağ evi tikmiş və həmin evdən bağ evi kimi istifadə etmişlər. Lakin mütəmadi davam edən ailədaxili münaqişələrdən sonra təxminən 2017-ci ilin sentyabr ayının əvvəllərində cavabdeh onu evdən qovaraq hər iki evin kilidini dəyişdirmiş və orada yaşamağına icazə verməmişlər. Həmin dövrdən etibarən qohum evlərinə sığınmaq məcburiyyətində qalmışdır. Artıq qohum evlərində qalmaqdan utanır və 5 il müddətində yaşadığı nikah dövründə tikdirdikləri evə köçmək istəyir. Yaşayış yerinin olmaması və qohum evlərində yaşamağı səbəbindən normal yaşayışını təmin edə bilmir. Ona görə də hesab edir ki, əvvəl yaşadığı evə köçürülməlidir. Mübahisə predmeti olan evin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmadığından özbaşına tikili hesab olunur. Həmin evin ünvanını isə "xxxx" ASC-yə verdiyi sorğu ilə əldə etmişdir. Belə ki, həmin özbaşına tikiliyə su verilməsi üçün Cavabdehla müqavilə bağlanmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivi ev 1, 19B-də yerləşən ev uzun müddət ərzində daimi yaşayış yeri olmuşdur. Həmin evdən məcburi çıxmağı yaşayış hüququnu itirməyinə səbəb ola bilməz.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4981/2019 saylı, 20 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Savalan massivi, ev 1, mənzil 19B ünvanına köçürülməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmiş və ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, hüquqi statusuna görə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dair olduğundan və özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir.

8. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunununn 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edlir.

9. Məhkəmə hesab etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və işdə iştirak edən digər şəxslər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı istisna olmaqla cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da cavabdehlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə o, da bu evə köçürülməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

10. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan İddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı2 apellyasiya şikayətində göstərir ki, DƏDRX tərəfindən xx.xx.2020-ci ildə verilmiş Çıxarışa əsasən 0.02 ha torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 70.2 kv.m olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Savalan yaşayış massivi, 2-ci kvartal, ev 615 onun xüsusi mülkiyyətindədir. Bir neçə gün əvvəl Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru evinə gələrək İddiaçı1 onun mülkiyyətində olan evə köçürülməsinə dair qətnaməni icra etmək istəmişdir. Mülkiyyət hüququnu təsdiq edən çıxarışı icra məmuruna təqdim etsə də, icra məmuru Sabunçu Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qətnaməsini ona göstərib tanımadığı bir qadını onun evinə köçürəcəyini bildirmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən prosessual hüquq normaları:

15. Azərbaycan Respublikasının Konstitusiyası və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya:

Maddə 13, hissə 1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ, İİ, İV hissə; Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (30 mart 2009-cu il tarixli Qanunla “və ya ictimai ehtiyaclar” sözləri çıxarılıb). Maddə 33. İ hissə; Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 5.1.Hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri:

19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.

20. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

23. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

24. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

25. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

26. Belə ki, apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərardadına əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən mübahisə predmeti olan evlə bağlı müvafiq sənədlər və məlumatların, yəni: - Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Savalan yaşayış massivi, 2-ci kvartal, ev 615(70.2 kv.m) və onun yerləşdiyi 0.02 ha torpaq sahəsinə İddiaçı2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində nəyə əsasən qeydə alınmışdır? -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4981/2019 saylı, 20 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 köçürüldüyü ünvan 1ünvan şərtidir, özbaşına tikili) ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Savalan yaşayış massivi, 2-ci kvartal, ev 615 və onun yerləşdiyi 0.02 ha torpaq sahəsi eyni ünvandırmı, yəni eyni ev və eyni torpaq sahəsidirmi? - Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Savalan yaşayış massivi, 2-ci kvartal, ev 615 və onun yerləşdiyi 0.02 ha torpaq sahəsinə dair mövcud olduğu vaxtdan halhazıradək olan bütün hüquq müəyyənedici sənədlərin Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi qərara alınmışdır.

27. Məhkəmə qərardadının icrası ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********52 saylı, xx.xx.2022-ci il tarixli məlumat və sənədlərdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartal, 615 saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhər 38 saylı notariat kontorunun 4Ə-461 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, sözügedən torpaq sahəsinin 0.03 ha hissəsi (sahə 615C) xx.xx.2019-cu il tarixdə X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhər 15 saylı notariat ofisinin 4Ə-49 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsinin 0.02 ha hissəsi (sahə 615) xx.xx.2020-ci il tarixdə, üzərində yerləşən 615 saylı fərdi yaşayış evi ilkin olaraq xx.xx.2020- ci il tarixdə İddiaçı2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Yerdə qalan 0.01 ha torpaq sahəsi (sahə 615K) xx.xx.2020-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin bildirirlər ki, Bakı şəhəri, ünvan 3 ünvanı ilə ünvan 4anının eyni olması ilə bağlı məlumat aşkar edilməmişdir.

28. Beləliklə, apellyasiya baxışı zamanı müəyyən edildi ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartal, 615 saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsinin 0.02 ha hissəsi üzərində yerləşən 615 saylı fərdi yaşayış evi ilə birlikdə Bakı şəhər 15 saylı notariat ofisində bağlanan 4Ə-49 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, X4 tərəfindən İddiaçı2 satılmış və hazırda ev və onun yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında sonuncuya məxsusdur.

29. Qeyd olunan məlumatlardan o da məlum oldu ki, mübahisələndirilən evin yerləşdiyi torpaq sahəsi(0.06 ha) hazırkı iddia ərizəsi məhkəməyə daxil olmamışdan da əvvəl, yəni 13 iyun 2019-cu ildə Ələkbər Ələkbərov adlı şəxsin adına mülkiyyət hüququ əsasında ilkin qeydiyyata alınmışdır.

30. Apellyasiya baxışı zamanı həm iddiaçının nümayəndəsinin, həm də İddiaçı2 vəkilinin izahatları ilə təsdiq olundu ki, mübahisə predmeti olan ev və onun yerləşdiyi torpaq sahəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartal, 615 saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsinin 0.02 ha hissəsi üzərində yerləşən 615 saylı fərdi yaşayış evi ilə, yəni İddiaçı2 mülkiyyətində olan evlə eynidir. Başqa sözlə, bu fakt işin mübahisəsiz halına çevrildi. Ona görə də, bu xüsusat üzrə əlavə araşdırma aparılmasına ehtiyac və zərurət qalmadı.

31. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartal, 615 saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsinin 0.02 ha hissəsi üzərində yerləşən 615 saylı fərdi yaşayış evinin X4 tərəfindən İddiaçı2 satılmasının və hazırda ev və onun yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında sonuncuya məxsus olmasının qanuniliyinin yoxlanılması hazırki işin və apellyasiya icraatının predmeti olmasa da bu bir fakt olaraq qalır.Ona görə də, qətnamənin yoxlanılması məhz hazırki mövcud vəziyyətə uyğun həyata keçirilməlidir.

32. Deməli, hazırki iddianın təmin olunması və qətnamənin qüvvədə qalması Mülki Məcəllənin 140, 148.2 və 149.2-ci maddələrinin tələblərinə açıq-aşkar zidd sayılır. Çünki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə , həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir(MM.m.140). Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir(MM.m.148.2.). Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır(MM.m.149.2). 33.Göründüyü kimi, qeyd olunan normaların tələbləri də qətnamənin qanuniliyini və əsaslılığını istisna edir. Lakin bu qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi o demək deyil ki, iddiaçının cavabdehə qarşı, yeni əsasla, ayrıca məhkəmə icraatında məhkəmə müdafiəsindən istifadə etmək hüququ mövcud deyil.

34. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı2 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4981/2019 saylı, 20 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Qətnamə ilə hüquq və vəzifələrinə toxunan İddiaçı2 apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4981/2019 saylı, 20 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı1 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar