Məhkəmə qərarları › İş №2(103)-1339/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1339/2025

19.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1339/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1nə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh1nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və s.” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3693/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Şərqi Zəngəzur Təhsil İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Laçın rayonu 42 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimliyinə işə qəbul edilmişdir.

2. İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, 1993-cü ildən pedoqoji fəaliyyətlə məşğuldur. Əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir; xx.xx.2024-cü il tarixində keçirilən təkrar sertifikatlaşmadan keşməyən təhsilverənlərin siyahısından görünür ki, İddiaçı sertifikatlaşmadan keçə bilməmişdir.

3. İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2024-cü il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.

4. İşdən azad edilmə barədə xx.xx.2024-cü il tarixli, 11 nömrəli əmrin surətindən görünür ki, Laçın rayonu 42 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xx.xx.2024-cü il tarixində xitam verilmişdir.

5. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xitam bildirişi Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi əsasında xx.xx.2024-cü il tarixində imzalanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad edilməsi barədə Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 11 saylı əmrin etibarsız hesab edilməsi, işəgötürən tərəfindən işə buraxılmadığı günlər hesablanmaqla əmək haqqının Cavabdeh1ndən tutulması və işə bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1993-cü il tarixdən Binəqədi rayon M.Ə.Rəsulzadə qəsəbəsində təşkil olunmuş 42 nömrəli Laçın natamam orta məktəbin Uşaq Təşkilatçılığının rəhbəri vəzifəsinə təyin olunmuşdur. xx.xx.1993-cü il tarixdən Uşaq təşkilatının rəhbəri-məktəbdə aşağı siniflərdə dərs aparmasına icazə verilmiş və buna dair əmr imzalanmışdır. xx.xx.2012-ci il tarixdən etibarən müvəqqəti olaraq Laçın Rayon Təhsil Şöbəsinin tapşırığı əsasında əmək müqaviləsi ilə işə çıxması dayandırılmış və xx.xx.2012ci il tarixindən etibarən əmək haqqının (işləmədiyi müddət) ərzində tam 100 % ödənilmək şərtilə işə qaytarılması, əvvəl tədris etdiyi dərsləri özünə qaytarılmaq şərti ilə ixtisas üzrə işlə təmin edilməsi (əsas: Binəqədi rayon Məhkəməsinin çıxardığı Qətnamə) 124 № əmrlə təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixdə Bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 28 iyun 2024-cü il tarixdə xitam verilməsinə dair) 11№ ilə qeyd edilmiş əmr verilmişdir. Belə ki, səhhətiylə bağlı işəgötürənə işdən azad olunmasına dair yazılı müraciət etmişdi. Lakin sonradan düşündüyü xəstəlik, onda aşkar olunmadığına görə yenidən işinə bərpa olunmaq istəyib. Lakin qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmədən yenidən öz işinə qayıtmaq arzusunda olaraq ərizə ilə müraciətini bildirsə də, onu öz işinə bərpa olunmasına icazə vermədilər və 1 gün ərzində əmrlə onu işdən azad etdilər. Halbuki məktəb yaranandan o, uşaqlara təlim tərbiyə verərək onların maariflənməsi istiqamətində uzun illərdir ki, əziyyət çəkərək uşaqları öz balaları kimi sevərək, canla başla onların hər bir əziyyətlərinə qatlanmışdır. Buna dair ona dəfələrlə təşəkkürnamələr verilərək fəxri fərmanla təltiflər edilmişdir. Bütün kollektivin də rəğbətini qazanmışdır. Hazırda da təlimtədris etdiyi uşaqlar onun məktəbdən çıxmasına dair yazdığı ərizəni geri götürməsini xahiş edərək yenidən dərs deməyini arzulayırlar. Onunla əmək müqaviləsinə xitam verilərkən yuxarıda qeyd edilən hallar araşdırılmalıdır və 1 ay müddətində öz işinə qayıtmaq arzusunu bildirməsinə baxmayaraq qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, peşəkarlıq səviyyəsi yüksək olanı işdə saxlanılmalı idi. Bu səbəbdən cavabdehin əmri qanunsuz və əsassızdır. Bu baxımdan cavabdehin onu kobud qanun pozuntuları ilə işdən çıxararaq verdiyi əmr qanunsuz və əsassızdır.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3693/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim X3).

9. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, iş materiallarından, eləcə də tərəflərin izahatlarından görünür ki, iddiaçı attestasiyadan müvəffəqiyyətlə keçə bilməmişdir. Bu isə öz növbəsində işdən çıxma barədə ərizənin iddiaçı tərəfindən verilmə motivasiyasının nədən ibarət olmasını göstərir. İddiaçı cavabdeh təşkilat tərəfindən işdən çıxma barədə ərizəni yazmağa məcbur edildiyini bildirsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə vurğulamışdır ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməyən halı isə məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsi prosesində işəgötürən tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməsi iş materialları ilə təsdiq edilmir. İşəgötürən iddiaçının ərizəsində qeyd etdiyi tələbi sadəcə olaraq rəsmiləşdirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı əmək müqaviləsi ləğv edilərkən cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilmədiyindən və iddiaçının irəli sürdüyü hallar sübuta yetirilmədiyindən iddianın təmin edilməsi mümkün deyildir. Həmçinin məhkəmənin qənaətinə görə, iddiaçının işə bərpa edilmə ilə bağlı iddia tələbi əsassız sayıldığı üçün məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələbi də əlavə hüquqi qiymət verilmədən təmin edilməməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, 71-ci maddələri, Əmək Məcəlləsinin 68-ci, 69-cu maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbini rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, onun işdən çıxmağı ilə bağlı ərizəsi səhvən və məcburi şəkildə yazılmışdır və ailənin yeganə gəlir gətirən üzvü odur və bu vəziyyət maddi cəhətdən ailəsinə ciddi zərbə vurmuşdur. Tərəfindən məcburi şəkildə ərizənin sübutu odur ki, həmin vaxtı onlar yay tətilində olmuşlar və planlı şəkildə o, çıxarılmışdır. Sertfikasiyadan keçməmiyinin səbəbi planlaşdırılmayan vaxtda təşkil olunduğundan keçə bilməmişdir. Sertfikasiya imtahanını 3 dəfə vermək imkanı ola-ola hazırda imtahanı əsas gətirmişlər işdən çıxma səbəbi kimi. Digər tərəfdən ona məcburi şəkildə yazdırılan ərizədə imtahandan 20 gün sonra çıxmağa göstəriş verilmişdir. Niyə imtahandan əvvəl onun əmək müqaviləsinə xitam vermirdilər. Həmçinin o, işdən çıxmağını pedaqoji fəaliyyətdən tamamilə uzaqlaşdığını anlayandan sonra bərpa olunmaq istəmişdir və həmin vaxtı yeni işçi götürməmişlər və ya kiminləsə müqavilə bağlamamışlar. İşə bərpa olunmağı üçün 1 aylıq müddət də tamam olmamışdır. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Məhkəmə ərizədə işdən çıxma barədə ərizədə işdən çıxma barədə tarixi ərizədə dəqiq göstərilməsini əsas gətirməsi qanunsuzdur. Yəni yazılan ərizə ilə işinə xitam verilən ərizə arasında bircə gün olmuşdur. Ərizədə 2 həftə və ya 1 ay sonra çıxacağı barədə dəqiq vaxt göstərilməmişdir. 1 gündən sonra işçinin işdən çıxması üçün dəqiq vaxt hesab edilməməlidir. Açıq aşkar görünür ki, ona qarşı cavabdeh orqan qərəzçilik etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir; 69-cü maddəsinin:

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 3-1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləyən arvadının (ərinin) ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

22. Belə ki, İddiaçı 1993-cü il tarixdən pedoqoji fəaliyyətlə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixindən Laçın rayonu 42 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi kimi çalışmışdır. Əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində, öz ərizəsi əsasında xitam verilmişdir. Hazırda iddiaçı 1 ay xəbərdarlıq müddəti gözləmədən əmək müqaviləsinə xitam verildiyini əsas gətirərək, işə bərpa edilməsini xahiş edir.

23. Qanunvericiliklə müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür.

24. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, işçi 1 ay qabaqcadan xəbərdarlıq etməklə, yazılı ərizə yazaraq əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam vermək hüququna malikdir. Həmçinin, əmək qanunvericiliyində hansı hallarda işəgötürən tərəfindən, əmək müqaviləsinə xəbərdarlıq müddəti gözləmədən xitam verilməsinin mümkünlüyü dəqiq şəkildə qeyd edilmiş və bu halın yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkünlüyü imperativ norma kimi nəzərdə tutulmuşdur. Belə ki, qeyd edilən əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. Yəni, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir. İşəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir. Əgər işçi əmək münasibətini dayandırmaq istədiyi günü ərizəsində göstərmişdirsə, həmin gün də əmək müqaviləsinə xitam verilir.

25. Hazırki iş üzrə iddiaçının işdən çıxma barədə ərizəsindən görünür ki, o, məhz işdən çıxmaq istədiyi tarixi, yəni xx.xx.2024-cü il tarixi qeyd etmiş və həmin tarixdən etibarən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Belə olan təqdirdə həmin hal işçinin işdən çıxmaq təşəbbüsü üzrə subyektiv hüququnun reallaşdırılması olaraq qiymətləndirilməlidir. Belə ki, iddiaçı bir ay ərzində işə geri qayıtma tələbini cavabdeh qarşısında irəli sürdüyünü bildirsə də, o, ərizəsində əmək münasibətlərinə xitam verilməsini istədiyi tarixi qeyd etdiyindən, işəgötürən də məhz həmin tarixdən əmək müqaviləsinə xitam verilməsini rəsmiləşdirmişdir. Bununla da iddiaçı, 1 ay müddətində xəbərdarlıq müddəti gözlənilməklə əmək müqaviləsinə xitam verilməsini tələb etmək hüququnu itirmişdir.

26. Bundan əlavə, iddiaçı attestasiyadan müvəffəqiyyətlə keçə bilməmişdir. Bu isə öz növbəsində işdən çıxma barədə ərizənin iddiaçı tərəfindən verilmə motivasiyasının nədən ibarət olmasını göstərir. İddiaçı cavabdeh təşkilat tərəfindən işdən çıxma barədə ərizəni yazmağa məcbur edildiyini bildirsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərini rəhbər tutub qeyd etməyi zəruri hesab edir ki, qanunverici tərəflərin istinad etdiyi halları sübut etmə vəzifəsini tərəfin üzərinə qoyur. Başqa sözlə, iddiaçı nə birinci nə də apellyasiya instansiya məhkəməsində bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir.

27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3693/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar